Xocalı soyqırımı - tarix unudulmur

 

Fevralın 24-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Xocalı soyqırımı - tarix unudulmur" mövzusunda elmi-praktik konfrans keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

BPKİYİ-nin rektoru, professor Asəf Zamanov giriş sözündə Xocalının işğal edilməsi ilə bağlı tarixi faktları xatırlatdı. Qeyd olundu ki, Xocalı çox strateji əhəmiyyətə malik yaşayış məskəni idi. Dağlıq Qarabağda yeganə aeroport məhz burada yerləşirdi. Ermənilər üçün Azərbaycanla əlaqəni kəsmək və istənilən silah-sursatı gətirmək məqsədilə Xocalını işğal etmək çox vacib idi.

Bu proses ona gətirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni yaraqlıları Xankəndində yerləşən 366-cı alayın köməyi ilə Xocalıya  hücum etdilər. Öz hökumətindən kömək görməyən silahsız Xocalı sakinləri vəhşicəsinə öldürüldü, şikəst edildi, əsir götürüldü. Beləliklə, XX əsrin ən dəhşətli faciəsi baş verdi

O dövrdə hakimiyyətdə olanların xalqımızın başına gətirilən müsibətlərə çox laqeyd münasibət bəslədiyini təəssüf hissi ilə xatırladan Asəf Zamanov bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başladıqdan sonra Xocalı faciəsinə siyasi qiymət verilməsinə nail oldu. Bu faciənin dünya ictimaiyyəti tərəfindən soyqırımı kimi tanınması üçün bir sıra mühüm addımlar atıldı və hazırda  ölkə başçısı, Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir.

Sonra məruzələr dinlənildi. Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi Nardanə Yusifova "Tarixin Xocalı imzası" və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Şəmil Sadıqov "Milli mənəvi dəyərlərimiz və gənclik" mövzusunda məruzələrlə çıxış etdilər.

BPKİYİ-nin rektoru Asəf Zamanov məlumat verdi ki, təhsil nazirinin "Xocalı soyqırımının on doqquzuncu ildönümünün təhsil müəssisələrində qeyd olunması haqqında" əmrinə müvafiq olaraq Binəqədi rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında "Müharibə uşaqların gözü ilə" mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş və işlər BPKİYİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən  yoxlanılaraq qiymətləndirilmişdir. Qeyd edək ki, müsabiqədə 45 şagird iştirak etmiş, münsiflər heyəti 8 inşanı fərqləndirmiş və ilk 3 yerin qalibini müəyyənləşdirmişdir.

Qaliblərin adlarını açıqlayan professor Asəf Zamanov onlara hədiyyələr təqdim etdi və gələcəkdə dərslərində daha böyük nailiyyətlər qazanmağı arzuladı.

Sonra Bakıdakı 309 nömrəli məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olundu. Məktəblilər Xocalı faciəsi ilə bağlı statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdılar, vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirdilər.

Sonda dinlənilən məruzələrlə bağlı çıxışlar oldu.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 25 fevral.- S.13.