"Ümid qapısı, mərhəmət ünvanı" adlı kitabın təqdimat mərasimi keçirildi

 

İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, dosent Sevinc Budaqovanın "Ümid qapısı, mərhəmət ünvanı"  (Bakı: "Elm və təhsil", 2011, 260 səh.) kitabının təqdimatı keçirildi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya həsr edilən "Ümid qapısı, mərhəmət ünvanı" kitabının təqdimat mərasimində respublikanın görkəmli alimləri, millət vəkilləri, AMEA Tarix İnstitutunun əməkdaşları və digər şəxslər iştirak edirdilər. Kitabın elmi məsləhətçisi AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, elmi redaktoru isə tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovdur.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov kitabın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyeva fenomeninin öyrənilməsi baxımından olduqca əhəmiyyətli olduğunu söylədi. Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətindən söhbət açan alim onun Heydər Əliyev Fondunun prezidenti, millət vəkili kimi mədəniyyət, incəsənət, təhsil, maarifçilik, eləcə də cəmiyyətimizin digər sahələrində gördüyü işlər, həyata keçirdiyi xeyriyyəçilik əməllərindən danışdı. O, həmçinin Mehriban xanım Əliyevanın təşəbbüsü və təbliği ilə ölkəmizdə və onun hüdudlarından kənarda görülən məqsədyönlü işlərdən də söhbət açdı. Y.Mahmudov bildirdi ki, kitab Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verəcək.

Tədbirdə çıxış edən Azərbaycanın tanınmış elm adamı, akademik Budaq Budaqov kitabın çox aktual bir mövzuya həsr olunduğunu və  əsərin mərkəzində Mehriban xanım Əliyevanın dayandığını bildirdi. Qeyd etdi ki, kitabda Mehriban xanım Əliyevanın fəaliyyəti obyektiv şəkildə işıqlandırılıb. Belə əsərlərin çox olmasını təqdirəlayiq hal hesab edən B.Budaqov Mehriban xanım Əliyevanın gələcəkdə də Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayacağını bildirdi.

Mərasimdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, akademik Bəkir Nəbiyev, millət vəkilləri Gülər Əhmədova və Qənirə Paşayeva, tarix elmləri doktoru Tamilla Musayeva və tarix üzrə fəlsəfə doktoru Sevinc Budaqova çıxış edərək elmimizi, təhsilimizi, mədəniyyətimizi daim qoruyan, xalqımızın rifahı naminə çalışan, milli mənafeyimizi hər şeydən uca tutan Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında məlumat verdilər.

Tədbirdə Mehriban xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş olundu.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2011.- 1 iyul.- S.3.