Azərbaycan məktəbliləri IX Beynəlxalq Türk
Dili
Olimpiadasında
21 medalla birinci oldular
Xəbər
verdiyimiz kimi, bu ilin iyununda Türkiyədə IX ənənəvi
Beynəlxalq Türk Dili Olimpiadası keçirilib. Rəsmi
açılışı iyunun 15-də olsa da, əslində tədbir
tam bir ay
davam edib və iyunun 30-da başa
çatıb. Həmin gün Ankarada olimpiadanın yekun
tədbiri - bağlanış mərasimi olub.
Hər il olduğu kimi, bu il
də Azərbaycan məktəbliləri Türk
Dili Olimpiadasında böyük
uğurla çıxış edərək
bu yarışmanın tarixində ən çox ödülə - 21 medala
sahib olublar.
İyulun
1-də "Çağ" Öyrətim İşlətmələri
Şirkətində IX Beynəlxalq Türk Dili
Olimpiadasının yekunlarına və azərbaycanlı məktəblilərin
bu mötəbər yarışmadakı qələbələrinə
həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransda
olimpiadadan yenicə qayıtmış Azərbaycan nümayəndə
heyətinin üzvləri, qalib şagirdlər və
onların valideynləri iştirak edirdi.
Mətbuat
konfransını Azərbaycan - Türkiyə Özəl Liseyləri Baş
İdarəsinin rəisi Arif Gömleksiz açaraq jurnalistləri
salamladı və ayrı-ayrı tədbirlərində əksər
KİV təmsilçilərinin özlərinin də bilavasitə
iştirak etdikləri olimpiadanın yekunları haqqında məlumat
verdi. Arif bəy bildirdi
ki, olimpiadada
dünyanın 130 ölkəsindən 1000 şagird,
valideyn və müəllim iştirak edirdi. Olimpiadaya seçim 15000-ə
yaxın şagird arasından
aparılmışdı. 2003-cü ildə keçirilmiş
ilk olimpiadaya isə 17
ölkədən nümayəndə qatılmışdı.
Şagirdlər
mahnı, şeir, rəqs və digər 15 müxtəlif
nominasiya üzrə öz qüvvələrini nümayiş
etdirirdilər. Bu olimpiadanın
keçirilməsi təkcə türk dilinin təbliğinə deyil,
eyni zamanda
dünyanın dörd bir
yanında yaşayan insanlar
arasında sevgi, sülh
və dostluğun möhkəmlənməsinə
xidmət edirdi. Builki olimpiada üçün Yunis Əmrənin məşhur bir şeirinin adı - "Gəlin tanış olaq" şüar seçilmişdir. Bu isə
olimpiadanın əsas məramına - türk
dilini sevdirmək, yaxından tanıtmaq məqsədinə
tam uyğun idi.
İyunun
18-də olimpiada çərçivəsində Ankaranın
"Altın Park" məşhur istirahət mərkəzində
nəhəng sərgi təşkil olunmuşdu. Sərgidə olimpiadada
iştirak edən ölkələrin milli stendləri nümayiş
olunurdu. Sərgi 2 gün
davam etdi. Fərəhlə
qeyd etməliyik ki, sərginin
ən böyük stendi
Azərbaycana məxsus idi. Bu
sərgini 370.000 nəfər ziyarət etmişdir.
Milli geyimlərimizin, milli
mətbəximizin nümayiş olunduğu sərgidə həm də adət-ənənələrimiz
və tariximiz barədə ziyarətçilərə
ətraflı məlumat verilirdi. Sərgidə
məktəblilərimiz Azərbaycan mahnılarını ifa edirdilər.
İyunun 19-da "Altın Park"da Azərbaycana həsr olunmuş xüsusi proqram təşkil olundu. Məktəblilərimiz qonaqlara 2 saat ərzində Azərbaycan musiqisini təqdim etdilər. Azərbaycanın Türkiyədəki səfiri cənab Faiq Bağırov da tədbirdə iştirak edirdi. Cənab səfir və Azərbaycandan gəlmiş qonaqlar konsertin yüksək səviyyədə keçdiyini, şagirdlərimizin ölkəmizin mədəniyyətini bacarıqla sərgilədiklərini qeyd etdilər.
A.Gömleksiz
diqqətə çatdırdı
ki, builki olimpiada əvvəlki illərdəkindən daha
geniş coğrafiyada keçirildi. Belə ki, Türkiyənin 33 vilayətində eyni zamanda biri-birindən rəngarəng
tədbirlər təşkil olundu. Yekun tədbirlər Ankara
və İstanbul şəhərlərində
keçirildi. Bununla yanaşı, 25 iyunda Ankaranın nəhəng idman-konsert
kompleksində keçirilən tədbirə 10 minə
yaxın tamaşaçı qatılmışdı. Tədbirdə
Türkiyənin dövlət və hökumət rəhbərləri,
parlament üzvləri, iş
adamları, tanınmış alimlər, yazıçılar
və mətbuat nümayəndələri iştirak edirdilər. Türkiyə Böyük Millət Məclisinin sədri və
Baş nazirin müavini də iştirak
və çıxış etdilər. Azərbaycan da siyasətçi, alim və
mətbuat nümayəndələrindən ibarət böyük bir qrupla tədbirdə təmsil olunurdu.
Sonra Arif bəy Azərbaycan məktəblilərinin qazandığı medallar barədə məlumat verdi. Bildirdi ki, Azərbaycanın müxtəlif təhsil ocaqlarından bir neçə mərhələdə aparılmış seçim nəticəsində 45 şagird seçilərək olimpiadaya qatılmışdı. Şagirdlərimiz 33 tədbirin 20-dən çoxunda iştirak etdilər, 15 nominasiyada qüvvələrini sınadılar. Nəticə fərəhləndirici oldu. Əgər ötənilki 8-ci olimpiadada 5-i qızıl, 9-u gümüş və 4-ü bürünc olmaqla cəmi 18 medal almışdıqsa, bu il 21 medal qazandıq ki, onların da 7-si qızıl, 10-u gümüş, 4-ü bürünc medallardır.
Daha
sonra medal qazanmış şagirdlərin adları
açıqlandı. Məlum oldu ki, şagirdlərdən
Orxan Muradov "Dil bilgisi", Elvina Gülverdiyeva
"Danışma", Qafar Şamilov "Şərqi", Mehparə Zeynalova "Şeir", Burak Koyunçuoğlu
"Anadil yazma", Elif Nur Bölek
"Anadil yazmaaltın"
nominasiyalarında, ölkəmiz isə stend
sərgisində "Ölkəsini ən yaxşı
tanıdan ölkə" nominasiyası üzrə
olimpiadanın qızıl medallarına layiq
görülmüşlər, 10 şagird gümüş, 4 nəfər isə bürünc medal
almışdır. Qızıl medal alanlara 1000, gümüş
medal alanlara 700, bürünc medal alanlara isə 600
ABŞ dolları məbləğində pul
mükafatları verilmişdir.
Bundan
başqa məktəblilərimiz olimpiadanın iyunun 30-da
keçirilən və Türkiyə Respublikasının
baş naziri Rəcəb Tayyib Ərdoğanın da iştirak
etdiyi yekun tədbirində də iki özəl ödülə
sahib olmuşlar.
A.Gömleksiz
qalibləri təbrik edib onlara gələcək
yarışlarda da uğurlar arzuladı.
Mətbuat konfransında çıxış edən "Çağ" Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən IX Beynəlxalq Türk Dili Olimpiadasını analoqu olmayan olimpiada kimi dəyərləndirdi və azərbaycanlı şagirdlərin burada parlaq qələbə qazandıqlarını söylədi. Olimpiada təəssüratlarını KİV təmsilçiləri ilə bölüşən Ənvər bəy ona aparılan hazırlıq işlərində, olimpiadanın keçirilməsində çoxlu insanın əməyi olduğunu qeyd edib bu işə öz töhfəsini vermiş hər kəsə minnətdarlığını bildirdi, qalib şagirdlərə təşəkkür etdi.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.- 8
iyul.- S.7.