AMİ-də "Yaşlıların təhsili metodikasının əsas prinsipləri və tətbiqi" mövzusunda təlim keçirilib

 

Bu günlərdə Almaniya Xalq Universitetləri Birliyi Beynəlxalq Əməkdaşlıq İnstitutunun (DVV İnternational) dəstəyi və Azərbaycan Yaşlıların Təhsili Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Müəllimlər İnstitutunda "Yaşlıların təhsili metodikasının əsas prinsipləri və tətbiqi" mövzusunda dördgünlük təlim keçirilmişdir. Təlimi Rusiyanın Texniki Peşə Təhsili üzrə Tədqiqat Mərkəzinin baş mütəxəssisi, filologiya elmləri namizədi Anna Muravyova aparmışdır. Təşkil olunan bu təlim Prezident İlham Əliyevin 3 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nda nəzərdə tutulan məsələlərin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri kimi qiymətləndirilə bilər.

Təlimin təşkilində başlıca məqsəd respublikamızda peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə nail olmaq üçün bu sahədə çalışan müəllim və ustaların bilik və bacarıq səviyyəsinin, pedaqoji və psixoloji savadının artırılması istiqamətində onlarla təlim keçəcək təlimçilərin hazırlanması idi. Buna görə də təlimə texniki peşə təhsili üzrə mütəxəssislərə ixtisasartırma sahəsində dərs deyən AMİ-nin  müəllim və metodistləri, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun texniki peşə təhsili sahəsində fəaliyyət göstərən əməkdaşları və respublikamızda texniki peşə təhsili müəssisələrində çalışan mütəxəssislər cəlb edilmişdi.

Təlim zamanı dinləyicilər yaşlıların təhsilinin təşkili ilə bağlı həm mühazirələr dinləmiş, həm də praktik tapşırıqların yerinə yetirilməsinə cəlb edilmişlər.

Təlimdə araşdırılan mühüm anlayışlardan biri fasiləsiz (ömürboyu) təhsil anlayışı oldu.

Yaşlıların təhsilinin düzgün təşkili, eyni zamanda motivlərin nəzərə alınması, təlimdə yaşlıların təhsilinin başlıca prinsiplərinin gözlənilməsi və proqramların düzgün tərtibatından asılıdır. Yaşlıların təhsili üçün proqram tərtib edilərkən cəmiyyətin və onların tələbatları, təhsilalanın təcrübəsi, bilik səviyyəsi mütləq nəzərə alınmalıdır.

Təlim prosesində iştirakçılar modulların hazırlanması ilə əlaqədar praktik bilik və bacarıqlar əldə etdilər və müxtəlif sənət sahələri ilə bağlı modul nümunələri hazırladılar.

Peşə təhsilinin keyfiyyətli təşkilində nəzəriyyə ilə təcrübənin əlaqələndirilməsi, təhsilalanların fərdi xüsusiyyətlərinin nəzərə alınması, təlimin düzgün planlaşdırılması, əlverişli təlim mühitinin yaradılması mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.

İstər yaşlıların təhsili, istərsə də texniki peşə təhsili sahəsində çalışan mütəxəssislər daim elmi nailiyyətləri izləməli, pedaqoji və psixoloji sahədə qazanılan, özünü doğrultmuş təcrübələri öz fəaliyyətlərində tətbiq etməlidirlər. Müasir təlim metodları təlimdə tətbiq edilən yeniliklərdəndir ki, təlim prosesində ənənəvi metodlarla bu metodların müqayisəsi və tətbiqi alqoritmi üzərində iş aparıldı. Təlimin daha uğurlu alınması üçün qrup, fərdi və cütlərlə iş kimi təlim formalarından, eləcə də müşahidə, müzakirə, İKT-nin imkanlarından istifadə, layihələr, ekskursiya, hadisələrin araşdırılması və s. metodlardan geniş istifadə olunmalıdır. Qeyd etmək lazımdır ki, 2009-cu ildən respublikamızın üç ali təhsil müəssisəsində eksperiment şəklində tədris olunan "Təhsilin əsasları" fənninin tədrisi prosesində də bu üsul və iş formalarından geniş istifadə olunur.

Təlim mühitinin optimal təşkili bir sıra fiziki və psixoloji amillərlə bağlıdır. Fiziki mühit dedikdə elə bir mühit nəzərdə tutulur ki, burada təhsilalanlar bir-birilə əlverişli şəkildə ünsiyyətə girə bilsin, işləsin. Buna görə də fiziki mühit təşkil edilərkən öyrənənlərin sayı mütləq nəzərə alınmalıdır. Fiziki mühitin təşkilinə rahat mebel avadanlığı, düzgün işıqlanma, hər fəsil üçün normal temperatur və s. amillər daxildir. Psixoloji mühit dedikdə isə öyrədənlə öyrənənlər, eləcə də öyrənənlər arasındakı münasibətlər nəzərdə tutulur. Psixoloji mühitin təşkilinə əqli fəaliyyətdən sonra fasilə, mobillik, stresin azaldılması, psixoloji dəstək və s. amillər daxildir.

Təlimdə toxunulan və praktik şəkildə təlim iştirakçıları tərəfindən araşdırılan mühüm məsələlərdən biri də texniki peşə təhsilində keyfiyyətin müəyyən edilməsi və keyfiyyətin təmin edilməsi problemi oldu. Texniki peşə təhsilində keyfiyyət hazırlanan kadrların əmək bazarının tələblərinə nə dərəcədə cavab verməsi ilə müəyyən olunur.

Təhsildə keyfiyyətin dəyərləndirilməsi qiymətləndirmə meyarlarına və standartlara əsaslanır. Təlim prosesində isə keyfiyyətə nəzarət müxtəlif qiymətləndirmə metodları vasitəsilə həyata keçirilir ki, bura praktik tapşırıqlar, qrup və fərdi layihələrin hazırlanması, tələbələr tərəfindən yazılan jurnal və ya gündəliklər, imtahan, test və s. aiddir. İştirakçılar təlim prosesində qiymətləndirmə cədvəlləri tərtib etmiş və qiymətləndirmə standartlarının tərtibi ilə əlaqədar praktik bacarıqlar əldə etmişlər.

Qısa şərh edilən bu məsələlərin hər biri təlim zamanı geniş şəkildə açıqlanmış və hər problemlə bağlı praktik tapşırıqlar yerinə yetirilmişdir. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

 

 

Alimə HƏŞİMOVA

 

Azərbaycan müəllimi.- 2011.- 8 iyul.- S.11.