Azərbaycan məktəbliləri IX Beynəlxalq Türk
Dili Olimpiadasında 21 medalla birinci oldular
Xəbər verdiyimiz kimi, bu ilin iyununda
Türkiyədə IX ənənəvi Beynəlxalq Türk
Dili Olimpiadası keçirilib. Rəsmi
açılışı iyunun 15-də olsa da, əslində
tədbir tam bir ay davam edib və iyunun 30-da başa
çatıb. Həmin gün Ankarada olimpiadanın yekun tədbiri
- bağlanış mərasimi olub. Hər il olduğu kimi, bu
il də Azərbaycan məktəbliləri Türk Dili
Olimpiadasında böyük uğurla çıxış edərək
bu yarışmanın tarixində ən çox ödülə
- 21 medala sahib olublar.
İyulun 1-də "Çağ"
Öyrətim İşlətmələri Şirkətində
IX Beynəlxalq Türk Dili Olimpiadasının yekunlarına və
azərbaycanlı məktəblilərin bu mötəbər
yarışmadakı qələbələrinə həsr
olunmuş mətbuat konfransı keçirildi. Konfransda olimpiadadan
yenicə qayıtmış Azərbaycan nümayəndə
heyətinin üzvləri, qalib şagirdlər və
onların valideynləri iştirak edirdi.
Mətbuat konfransını Azərbaycan
- Türkiyə Özəl
Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz
açaraq jurnalistləri salamladı və ayrı-ayrı tədbirlərində
əksər KİV təmsilçilərinin özlərinin də
bilavasitə iştirak etdikləri olimpiadanın yekunları
haqqında məlumat verdi. Arif bəy bildirdi ki, olimpiadada
dünyanın 130 ölkəsindən 1000 şagird, valideyn və
müəllim iştirak edirdi. Olimpiadaya seçim 15000-ə
yaxın şagird arasından aparılmışdı.
2003-cü ildə keçirilmiş ilk olimpiadaya isə 17
ölkədən nümayəndə qatılmışdı.
Şagirdlər mahnı, şeir, rəqs
və digər 15 müxtəlif nominasiya üzrə öz
qüvvələrini nümayiş etdirirdilər. Bu
olimpiadanın keçirilməsi təkcə türk dilinin təbliğinə
deyil, eyni zamanda dünyanın dörd bir yanında yaşayan
insanlar arasında sevgi, sülh və dostluğun möhkəmlənməsinə
xidmət edirdi. Builki olimpiada üçün Yunis Əmrənin
məşhur bir şeirinin
adı - "Gəlin
tanış olaq"
şüar seçilmişdir. Bu isə olimpiadanın əsas
məramına - türk dilini sevdirmək, yaxından
tanıtmaq məqsədinə tam uyğun idi.
İyunun 18-də olimpiada çərçivəsində
Ankaranın "Altın Park" məşhur istirahət mərkəzində
nəhəng sərgi təşkil olunmuşdu. Sərgidə olimpiadada iştirak edən
ölkələrin milli stendləri nümayiş olunurdu. Sərgi
2 gün davam etdi. Fərəhlə qeyd etməliyik ki, sərginin
ən böyük stendi Azərbaycana məxsus idi. Bu sərgini
370.000 nəfər ziyarət etmişdir. Milli geyimlərimizin,
milli mətbəximizin nümayiş olunduğu sərgidə
həm də adət-ənənələrimiz və tariximiz
barədə ziyarətçilərə ətraflı məlumat
verilirdi. Sərgidə məktəblilərimiz Azərbaycan
mahnılarını ifa edirdilər.
İyunun 19-da "Altın Park"da Azərbaycana
həsr olunmuş xüsusi proqram təşkil olundu. Məktəblilərimiz
qonaqlara 2 saat ərzində Azərbaycan musiqisini təqdim etdilər.
Azərbaycanın Türkiyədəki səfiri cənab Faiq
Bağırov da tədbirdə iştirak edirdi. Cənab səfir
və Azərbaycandan gəlmiş qonaqlar konsertin yüksək
səviyyədə keçdiyini, şagirdlərimizin ölkəmizin
mədəniyyətini bacarıqla
sərgilədiklərini qeyd etdilər.
A.Gömleksiz diqqətə
çatdırdı ki, builki
olimpiada əvvəlki illərdəkindən daha geniş
coğrafiyada keçirildi. Belə ki, Türkiyənin 33 vilayətində
eyni zamanda biri-birindən rəngarəng tədbirlər təşkil
olundu. Yekun tədbirlər Ankara və İstanbul şəhərlərində
keçirildi. Bununla yanaşı, 25 iyunda Ankaranın nəhəng
idman-konsert kompleksində keçirilən tədbirə 10 minə
yaxın tamaşaçı qatılmışdı. Tədbirdə
Türkiyənin dövlət və hökumət rəhbərləri,
parlament üzvləri, iş adamları, tanınmış alimlər,
yazıçılar və mətbuat nümayəndələri
iştirak edirdilər. Türkiyə Böyük Millət Məclisinin
sədri və Baş nazirin müavini də iştirak və
çıxış etdilər. Azərbaycan da siyasətçi,
alim və mətbuat nümayəndələrindən ibarət
böyük bir qrupla tədbirdə təmsil olunurdu.
Sonra Arif bəy Azərbaycan məktəblilərinin
qazandığı medallar barədə məlumat verdi. Bildirdi
ki, Azərbaycanın müxtəlif təhsil ocaqlarından bir
neçə mərhələdə aparılmış
seçim nəticəsində 45 şagird seçilərək
olimpiadaya qatılmışdı. Şagirdlərimiz 33 tədbirin
20-dən çoxunda iştirak etdilər, 15 nominasiyada qüvvələrini
sınadılar. Nəticə fərəhləndirici oldu. Əgər
ötənilki 8-ci olimpiadada 5-i qızıl, 9-u
gümüş və 4-ü bürünc olmaqla cəmi 18
medal almışdıqsa, bu il 21 medal qazandıq ki, onların
da 7-si qızıl, 10-u gümüş, 4-ü bürünc
medallardır.
Daha sonra medal qazanmış şagirdlərin
adları açıqlandı. Məlum oldu ki, şagirdlərdən
Orxan Muradov "Dil bilgisi", Elvina Gülverdiyeva
"Danışma", Qafar Şamilov "Şərqi",
Mehparə Zeynalova "Şeir", Burak Koyunçuoğlu
"Anadil yazma", Elif Nur Bölek "Anadil
yazmaaltın" nominasiyalarında, ölkəmiz isə stend
sərgisində "Ölkəsini ən yaxşı
tanıdan ölkə" nominasiyası üzrə
olimpiadanın qızıl medallarına layiq
görülmüşlər, 10 şagird gümüş, 4 nəfər
isə bürünc medal almışdır. Qızıl medal
alanlara 1000, gümüş medal alanlara 700, bürünc medal alanlara isə 600 ABŞ
dolları məbləğində pul mükafatları
verilmişdir.
Bundan başqa məktəblilərimiz
olimpiadanın iyunun 30-da keçirilən və Türkiyə
Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğanın
da iştirak etdiyi yekun tədbirində də iki özəl
ödülə sahib olmuşlar.
A.Gömleksiz qalibləri təbrik edib
onlara gələcək yarışlarda da uğurlar
arzuladı.
Mətbuat konfransında
çıxış edən "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin prezidenti Ənvər
Özərən IX Beynəlxalq Türk Dili Olimpiadasını
analoqu olmayan olimpiada kimi dəyərləndirdi və azərbaycanlı
şagirdlərin burada parlaq qələbə
qazandıqlarını söylədi. Olimpiada təəssüratlarını
KİV təmsilçiləri ilə bölüşən Ənvər
bəy ona aparılan hazırlıq işlərində,
olimpiadanın keçirilməsində çoxlu insanın əməyi
olduğunu qeyd edib bu işə öz töhfəsini
vermiş hər kəsə minnətdarlığını
bildirdi, qalib şagirdlərə təşəkkür etdi.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2011.- 8 iyul.- S.7.