Tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot müəssisələrinin müəyyənləşdirilməsi və həmin müəssisələr üçün tədris planlarının təsdiqi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 19.19-cu bəndinə və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 4-cü bölməsinin 4.7-ci bəndinə əsasən, ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili nəzərdə tutulduğundan gələcəkdə bu işin səmərəli həyata keçirilməsinə zəmin yaratmaq və həmin prosesə münasibətdə ictimai rəyi formalaşdırmaq məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili üçün Təhsil Nazirliyi nəzdindəki aşağıda göstərilən ümumi təhsil müəssisələri pilot müəssisələri kimi müəyyən olunsun:

1.1. Bakı Avropa Liseyi

1.2. Fizika-riyaziyyat və informatika təmayüllü lisey

1.3. "Elitar" gimnaziya

1.4. Akademik Zərifə Əliyeva adına məktəb

1.5. 6 nömrəli məktəb-lisey

2. Həmin müəssisələrin X sinifləri üçün müxtəlif təmayüllər üzrə tədris planları və tədris planlarına dair "Qeydlər" təsdiq edilsin (I-IX əlavələr).

3. Göstərilən pilot təhsil müəssisələrinin direktorları (Z.Veysova, T.Talıbov, S.Quliyeva, M.Vəliyeva, G.Orucova) ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrini və şagirdlərin meyil və maraqlarını əsas tutmaqla təmayüllü X siniflərin komplektləşdirilməsini, habelə bu siniflərdə dərs deyəcək müəllimlərin seçimini iyul ayı ərzində başa çatdırsınlar, həmin siniflərə başqa məktəblərdən müəyyən edilmiş təmayüllər üzrə istedadlı şagirdlərin müsabiqə əsasında qəbulu ilə bağlı KİV-lərdə elanlar versinlər və digər müvafiq təşkilati tədbirləri həyata keçirsinlər.

Nəzərə alsınlar ki, tədris planlarında təmayül fənlərinin saatları artırıldığından zəruri hallarda müəssisəyə əvəzçilik qaydasında səriştəli pedaqoq mütəxəssislər qəbul oluna bilər.

4. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) təmayül fənləri üzrə tədris proqramlarının tədris planlarında nəzərdə tutulmuş saatlara uyğun işçi qrupları tərəfindən iyulun 15-dək hazırlanmasını təmin etsin.

5. Dərslik nəşriyyat şöbəsi (F.Şahbazlı) həmin tədris proqramlarına qrif verilməsini təşkil etsin.

6. Strateji təhlil, planlaşdırma kadrların idarəolunması şöbəsi (F.Qədirov) pilot müəssisələrinin rəhbərliyinə pedaqoji kadrlarla təminat sahəsində müvafiq köməklik göstərsin.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

8. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Misir  MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

4 iyul 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 8 iyul.- S.7.