Türk
Dünyası Riyaziyyat Cəmiyyəti və onun konqresləri
Türkdilli
və digər ölkələrin riyaziyyatçı alimlərinin
beynəlxalq birliyi olan Türk Dünyası Riyaziyyat Cəmiyyəti
(Turkic World Mathematical Socıety) 1999-cu ildə Türkiyənin
Elazığ şəhərində təsis olunub. Cəmiyyətin
əsas məqsədi türkdilli alimlərin bütün
dünya üzrə inteqrasiyasına nail olmaq, onların
qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin
qurulmasına və möhkəmlənməsinə
yardım etmək, yeni elmi nəticələri ölkələrimizin
iqtisadiyyatının inkişafına yönəltmək, eyni
zamanda türksoylu alimlərin dünya miqyasında
tanınmasına dəstək verməkdir.
Cəmiyyət
cəmi 12 il əvvəl kiçik bir hərəkat kimi yaransa
da, bu müddət ərzində böyük inkişaf yolu
keçmiş, təşkilatlanmış və nüfuzlu
beynəlxalq təşkilata çevrilmişdir.
Cəmiyyət
öz sıralarında türkdilli ölkələr olan
Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan,
Türkmənistan və Qırğızıstanla
yanaşı, həm də Rusiya, Çin, ABŞ, Fransa,
İsveç və digər
ölkələrdən olan riyaziyyatçı alimləri də
birləşdirir.
I Konqres - Fırat Universiteti (Türkiyə)
1999-cu ildə Türkiyənin
Elazığ şəhərində (Fırat Universitetində)
Osmanlı imperatorluğunun 700 illiyinə həsr olunmuş
konfrans keçirilirdi. Konfransın gedişində Türk
Dünyası Riyaziyyat Cəmiyyətinin yaranması ideyası
meydana çıxdı. Bu təşəbbüsün
reallaşması üçün bir qrup türk vətənpərvər
alimi hərəkətə keçdi.
Həmin il
iyunun 29-dan iyulun 1-dək keçirilən ilk konqresə 10-a qədər
xarici ölkədən 57
nümayəndə - tanınmış elm adamları, riyaziyyat alimləri dəvət
olunmuşdu. Konqresə türkdilli ölkələrlə
yanaşı, Avropa və Amerikada yaşayan və
çalışan türksoylu alimlər də
qatılmışdılar. Bütövlükdə konqresdə
Türkiyədən olan nümayəndələrlə birlikdə
200-ə yaxın elm adamı iştirak edirdi. I Konqresdə
Türk Dünyası Riyaziyyat Cəmiyyəti təsis olunur və
qurumun ilk prezidentinin və digər rəhbər
orqanlarının seçkisi keçirilir. O zaman Ankara
Universiteti fənn fakültəsinin dekanı, professor doktor
Hilmi Hacısalihoğlu qurumun ilk prezidenti seçilir.
Prezidentin yardımçıları olan iki vitse-prezident vəzifəsinə
isə Türkiyə tərəfindən professor Etibar Pənahov,
Qazaxıstan tərəfindən isə akademik M.Otelbayev
seçilirlər. Konqresdə habelə hər dövlətdən
2 elmi işçi olmaq üzrə Cəmiyyətin İdarə
Heyəti də seçilərək
formalaşdırılır. Beləcə bu işin
bünövrəsi qoyulur. İlk dövrlər həvəskar
hərəkat olaraq meydana gələn konqresin keçirilməsinə
heç bir dövlət dəstəyi olmamış, o, sadəcə
olaraq Fırat Universitetinin və
türk dünyasını sevənlərin dəstəyi
ilə baş tutmuşdur. Lakin onu da xüsusi qeyd etmək
lazımdır ki, ilk konqresin keçirilməsinə
Amerikanın Yel Universitetinin professoru, türk
dünyasını çox sevən Oktay Sinanoğlu
böyük maddi dəstək göstərmişdir. O
dövrdə Türkiyənin mədəniyyət naziri işləmiş
Namiq Kamal Zeybək də konqresin keçirilməsinə maddi
dəstək vermişdir.
Türk
Dünyası Riyaziyyat Cəmiyyətinin I Konqresində qərara
alındı ki, qurumun ali orqanı hər 4 ildən bir
növbə ilə türkdilli ölkələrin birində
keçirilsin və bu zaman onların istəyi nəzərə
alınsın.
Lakin o
dövrdə türkdilli ölkələrin iqtisadiyyatı hələ
kifayət qədər inkişaf etmədiyindən bir müddət
bu qərarı həyata keçirmək mümkün
olmadı. Ona görə də arada bir neçə il
durğunluq yaşandı. Qurum rəhbərliyi qardaş
ölkələrin hamısının inkişafını
gözləyənə qədər II Konqresin də Türkiyədə
keçirilməsini, daha sonra vəziyyətə görə məsələyə
baxılmasını qərara aldı.
II Konqres - Sakarya Universiteti (Türkiyə)
Beləliklə,
Türk Dünyası Riyaziyyat Cəmiyyətinin II Konqresi 8 ildən
sonra yenidən Türkiyədə, qardaş ölkənin
Adapazarı şəhərindəki Sakarya Universitetində
keçirildi. 2007-ci il iyunun sonu - iyulun əvvəllərində
çağırılan II Konqresdə artıq 15-ə qədər
xarici ölkədən 100-dən çox elm adamı
iştirak edirdi. İştirakçıların ümumi
sayı isə 300-dən çox idi. Uğurla keçən
konqresdə yenidən rəhbər orqanların seçkisi
keçirildi. Prezident və vitse-prezidentlər olduğu kimi də
qaldılar, yəni təkrar seçildilər.
III Konqres - Əl-Fərabi adına Qazax
Milli Universiteti (Qazaxıstan)
Tədbirdə
növbəti - III Konqresin harada keçirilməsi məsələsi
də müzakirə olundu. Qazaxıstan Respublikasından olan
elm heyəti onun öz ölkələrində keçirilməsini
təklif etdilər və bu barədə konqresin qərarı
qəbul olundu. Növbəti konqresin təşkili və
keçirilməsi ilə bağlı akademiklər B.Cumaqulov,
N.Danayev və M.Otelbayevin rəhbərliyi altında
işçi qrupu yaradıldı. İşçi qrupunun məqsədyönlü
və səmərəli fəaliyyəti nəticəsində
iki ildən sonra - yəni 2009-cu ildə Qazaxıstanın
Almatı şəhərində Əl-Fərabi adına Qazax
Milli Universitetində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin
növbəti III Konqresi keçirildi. 17-dək ölkənin
qatıldığı bu konqresdə artıq 400-ə
yaxın iştirakçı var idi. Onların 200-dən
çoxu xarici ölkələrdən dəvət olunmuş
riyaziyyatçı alimlər idi. Yenə də türkdilli
ölkələrlə yanaşı, xeyli sayda digər ölkələrdən
də elm adamları konqresə qatılmışdılar.
Konqresin
işi çox mütəşəkkil keçdi. Möhtəşəm
bir açılış iclasından sonra təşkil olunan
bölmələrdə elmi müzakirələr
aparıldı. Türkdilli dövlətlərdən olan elm
adamları bir-birləri ilə yaxından tanış oldular,
bir-birlərinin çalışdıqları sahələrlə
maraqlandılar, bir-birlərinə nə dərəcədə
yardımçı olacaqları haqqında fikir mübadiləsi
apardılar. Başqa sözlə, artıq Türk
Dünyası Riyaziyyat Cəmiyyəti Konqresinin gerçək
bir şəkil aldığı, yəni artıq elmi bir hərəkata
çevrildiyi görünməyə başlandı.
III Konqresdə
akademik B.Cumaqulov cəmiyyətin prezidenti, həmin vaxtadək
prezident olmuş professor H.Hacısalihoğlu isə fəxri
prezident seçildilər. Azərbaycandan akademik Fikrət Əliyev,
Türkiyədən isə professor Etibar Pənahov
vitse-prezident oldular.
Əvvəlcədən
danışılıb
razılaşdırılıldığı kimi növbəti
- IV Konqresə Qırğızıstan ev sahibliyi etməli
idi. Lakin o vaxt Qırğızıstanda baş verən məlum
siyasi hadisələr üzündən bu, mümkünsüz
oldu. Onda Azərbaycandan gəlmiş nümayəndə heyətinin
başçısı, akademik Fikrət Əliyev Azərbaycan
dövlətinin rəsmiləri ilə görüşərək,
onlar tərəfindən müsbət cavab alarsa konqresin bizim
ölkədə keçirilməsini təklif etdi. Təklif
razılıqla qarşılandı. Beləliklə, F.Əliyev
Azərbaycan MEA və Təhsil Nazirliyinin rəhbərliyi ilə
əlaqə saxlayıb onlardan müsbət cavab aldıqdan
sonra növbəti - IV Konqresin Azərbaycanda keçirilməsi
qərara alındı. Azərbaycanda bu çox ciddi
qarşılandı və möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən dəstəkləndi. Cənab
Prezident konqresin Azərbaycanda keçirilməsinə çox
müsbət baxaraq bu barədə müvafiq qurumlara lazımi
göstərişlərini verdi.
IV Konqres - "Aqua Park" istirahət mərkəzi
(Azərbaycan)
Türk
Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresinin Bakıda
keçirilməsi haqqında Azərbaycan MEA və Azərbaycan
Respublikası Təhsil Nazirliyi ötən ilin yayında birgə
qərar qəbul etdilər. Həmin qərarla Türk
Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresinin 2011-ci il
1-3 iyul tarixlərində Bakıda keçirilməsi
üçün təhsil naziri Misir Mərdanovun rəhbərliyi
altında Təşkilat Komitəsi yaradıldı. Akademik
Akif Hacıyev Təşkilat Komitəsi sədrinin müavini təyin
olundu. Həmin qərarla Beynəlxalq Proqram Komitəsi də
yaradıldı. Bakı Dövlət Universiteti Tətbiqi
Riyaziyyat İnstitutunun direktoru, akademik Fikrət Əliyev həmin
komitənin sədri, professor Etibar Pənahov sədr
müavini, fizika-riyaziyyat elmləri doktoru Yusif Qasımov isə
konqresin elmi katibi təyin olundular.
Bu komanda BDU
TRİ-dəkı elm xadimlərinin potensialından istifadə
etməklə konqresə böyük hazırlıq işi
gördülər. Belə ki,
konqresin İnternet saytı yaradıldı. Dünyadakı
türksoylu tanınmış alimlərə məlumat verildi.
Tanınmış elmi mərkəzlərə, universitetlərə,
alimlərə informasiya göndərildi. Elmi informasiya
saytlarına konqres haqda məlumat yerləşdirildi. Konqresin
plakatları və bukletləri çap olunaraq dünyanın
40-a qədər ölkəsində yayıldı. Məhz
aparılmış belə geniş, planlı təşkilati
iş nəticəsində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin
IV Konqresi 2011-ci il 1-3 iyul tarixlərində Bakıda - "Aqua
Park" istirahət mərkəzində böyük uğurla
keçdi.
IV Konqres onda
iştirak etmək istəyən riyaziyyatçı alimlərin
sayına görə rekord vurdu: 700-dən artıq alim saytda
qeyd olunaraq konqresdə iştirak üçün müraciət
etmişdi. Müraciət edənlər arasında türkdilli
dövlətlərlə yanaşı, ABŞ, Kanada, İngiltərə,
Fransa, İsveç, İspaniya, Almaniya, Gürcüstan, İran,
Pakistan və digər ölkələrdən olanlar da var idi.
Konqresə
marağın artması təbii ki, həm də son illər
ölkəmizdə gedən güclü inkişaf prosesi,
ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi,
nüfuzunun artması ilə əlaqədar idi.
Konqresin Təşkilat
Komitəsi müraciət edənlər arasında çox
ciddi seçim apararaq 500-ə yaxın elmi məruzənin
tezislərini qəbul etdi və onlar kitab şəklində
çap olundu. Konqresin proqramı hazırlandı.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan
Milli Elmlər Akademiyası və Bakı Dövlət
Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən IV Konqresdə
20-dən çox ölkədən, o cümlədən
Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan,
Qırğızıstan, İran, ABŞ, Fransa, Malayziya,
Ukrayna, Gürcüstan və digər ölkələrdən
olan 300 nəfər riyaziyyatçı alim, Azərbaycandan olan
elm adamları, ali məktəb rektorları və b. ilə
birlikdə isə bütövlükdə 500-dən çox
adam iştirak edirdi. Konqresə xarici ölkələrdən
qatılan elm adamları arasında Qazaxıstan
Respublikasının elm və təhsil naziri Bakhtican Cumaqulov,
Qazaxıstan Respublikasının
Milli Məclisinin deputatı, professor Kılışbay
Bisenov, Qazaxıstan MEA-nın prezidenti Murat Jurinov, İspaniya
Krallığının Riyaziyyat Cəmiyyətinin nümayəndəsi,
professor Pedro A.Guil, Fransadan olan türksoylu tanınmış
riyaziyyatçı alim Süleyman Üstünel, Amerikada
yaşayan Selman Akbulut, İsveçdə yaşayan Məhəmməd
Əsədzadə və başqaları var idi. Təkcə
ilk konqresin keçirildiyi Türkiyənin Fırat
Universitetinin 15 nəfər elm adamı konqresə
qatılmışdı.
Konqresdə
Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor Misir Mərdanov Türk Dünyası
Riyaziyyat Cəmiyyətinin prezidenti seçildi. Akademik Fikrət
Əliyev (Azərbaycan), Narqozi Danayev (Qazaxıstan), doktor Etibar
Pənahov (Türkiyə) vitse-prezidentlər seçildilər.
Hər
ölkədən iki nəfər olmaqla yeni İdarə Heyəti
seçildi. Azərbaycandan fizika-riyaziyyat elmləri doktoru Yusif
Qasımov, fizika riyaziyyat elmləri üzrə fəlsəfə
doktoru Azad Tağızadə İdarə Heyətinin üzvləri
seçildilər.
Akademik Fikrət
Əliyev TDRC-nin yeni yaradılmış Fondunun prezidenti
seçildi. Hər ölkədən 1 nəfər olmaqla
Fondun Nəzarət Şurası seçildi.
TDRC-nin IV
Konqresində aşağıdakı qərarlar qəbul olundu:
1) III konqresdə
müzakirə olunduğu kimi, hər konqresdə onun keçirildiyi
ölkədən olan yeni prezident seçilsin.
2) Konqreslər
3 ildə bir dəfə keçirilsin.
3) Konqreslərarası
dövrdə ildə bir dəfədən az olmayaraq İdarə
Heyəti toplaşsın.
4) Yeni
prezidentə Cəmiyyətin qeydiyyatını həll etmək
tapşırılsın.
5) Konqreslərarası
dövrdə Cəmiyyətin hər dəfə müxtəlif
mövzulara aid konfransları keçirilsin.
6) Cəmiyyətin
Fondu yaradılsın.
7) Bu Fonddan
müxtəlif elmi proqramları maliyyələşdirmək
üçün istifadə olunsun.
8) Fondun Nəzarət
Şurası təşkil olunsun.
9) TDRC-nin iki
mükafatı təsis olunsun. Bu mükafat ildə 1
türksoylu, 1 isə digər alimə verilsin.
Cəmiyyətin nəşri
Elmi jurnallar hər
bir elmi cəmiyyətin simasını müəyyənləşdirən
əsas amillərdən olduğundan Türk Dünyası
Riyaziyyat Cəmiyyətinin Qazaxıstanın Almatı şəhərində
keçirilən III Konqresində "Türkic World Mathematical
Society Journal of Pure and Applied Mathematics" jurnalının təsis
olunması haqqında qərar qəbul olunmuşdu. Həmin
iş bu sahədə təcrübəsi olan azərbaycanlı
alimlərə tapşırılmışdır.
2010-cu ildə
"Türkic World Mathematical Society Journal of Pure and Applied
Mathematics" jurnalının ilk nömrəsi işıq
üzü görmüş, indiyədək jurnalın 3
nömrəsi çapdan çıxmışdır.
Azərbaycan
müəllimi.- 2011.- 8 iyul.- S.3.