Təhsil Nazirliyində
xarici ölkələrə səfərlərlə
bağlı təqdimatlar dinlənildi
İyulun 14-də Təhsil
Nazirliyində Azərbaycan Respublikasının təhsil naziri
Misir Mərdanovun və təhsil işçilərindən
ibarət nümayəndə heyətlərinin son vaxtlar bir
sıra xarici ölkələrə etdikləri səfərlərin
nəticələrinə həsr olunmuş yığıncaq
keçirildi. Təhsil Nazirliyinin rəhbərliyi və şöbə
müdirlərinin, birbaşa Təhsil Nazirliyinə tabe olan
lisey və gimnaziyaların direktorlarının iştirak etdikləri
yığıncaqda üç səfərlə bağlı
təqdimatlar dinlənildi.
Yığıncağı
açaraq zala toplaşanları salamlayan təhsil naziri Misir Mərdanov
özünün rəhbərlik etdiyi nümayəndə heyətinin
bu il iyunun 20-dən 29-dək İsveç
Krallığına və Finlandiyaya həyata keçirdikləri
təlim səfəri barədə məlumat verdi. Öncə
İsveç səfərindən hazırlanan təqdimat
diqqətə çatdırıldı. İsveç
Krallığının dünyanın ən demokratik və
inkişaf etmiş ölkələrdən biri olduğunu deyən
nazir bu ölkə haqqında bəzi statistik rəqəmlərlə
iclas iştirakçılarını tanış etdikdən
sonra İsveçin təhsil sistemi barədə məlumat
verdi.
Qeyd olundu ki, İsveç
Krallığının maraqlı struktura malik olan təhsil
sisteminin ilk pilləsini məktəbəqədər təhsil
təşkil edir. Təhsilin bu pilləsi dörd il davam etməklə
1-5 yaşlı uşaqları əhatə edir. Ölkədə
20732 uşaq bağçası fəaliyyət göstərir
ki, onlarda da 800000-dən artıq uşaq məktəbəqədər
təhsillə əhatə olunub. 6 yaşlı uşaqlar
üçün birillik məktəbəqədər
hazırlıq sinifləri mövcuddur. Ölkə üzrə
3843 məktəbəqədər hazırlıq sinfi fəaliyyət
göstərir. İsveç Krallığında 1-6
yaşlı uşaqların 95 faizi məktəbəqədər
təhsilə cəlb olunub. Bundan başqa, ölkədə məktəbəqədər
yaşlı uşaqlar üçün bağçalarla
yanaşı, gündəlik qayğı və asudə vaxt təşkili
mərkəzləri də fəaliyyət göstərir.
Məktəbəqədər təhsildən
sonra gələn icbari təhsil pilləsi 7-16 yaşlı
uşaqları əhatə edərək 9 il davam edir. Ölkə
üzrə icbari təhsil müəssisələrində
960000 şagird oxuyur. İsveçdə tam orta təhsil 3 il
davam etməklə 16-19 yaşlı uşaqları əhatə
edir. İcbari təhsili başa vuran şagirdlərin demək
olar ki, hamısı orta təhsilin yuxarı pilləsində təhsilini
davam etdirir. Təhsil naziri diqqəti təhsilin bu pilləsindəki
müəssisələrə cəlb edərək
İsveçdə iki cür gimnaziyanın - həm tam orta təhsil,
həm də peşə təhsili verən gimnaziyaların
olduğunu bildirdi. Qeyd etdi ki, İsveçdə tam orta məktəblər
bizdəkindən fərqli olaraq ayrı fəaliyyət
göstərir və hazırda ölkədə 1015 gimnaziya
mövcuddur. Orta təhsilin yuxarı pilləsi 17 milli proqramdan
ibarətdir ki, onların da 13 peşə təhsili (xüsusi
təyinatlı proqramlar), 4-ü isə ali təhsilə
hazırlıq proqramıdır.
Gimnaziyalarda 390 min şagird təhsil
alır. Onlarla 38500 nəfərlik
pedaqoji heyət məşğuldur. Müəllim-şagird
nisbəti 1:10-dur. Bir orta məktəb
şagirdinə düşən illik xərc 9-10 min avrodur.
Sonra təhsil naziri İsveç
Krallığının ali təhsil sistemi
barədə qısa məlumat verərək onun
üçillik bakalavr, ikiillik magistr və dörd il PhD pillələrindən
ibarət olduğunu söylədi, ali təhsil müəssisələrinin
və orada təhsil alan tələbələrin sayı
haqqında rəqəmləri diqqətə
çatdırdı. Qeyd olundu ki, İsveçdə ali təhsil pulsuzdur. Ölkədə 17
dövlət və 3 özəl universitet, 11 dövlət və
8 özəl universitet kolleci, 6 dövlət, 2 özəl incəsənət
kolleci fəaliyyət göstərir. Ali məktəblərdə
433000 tələbə təhsil alır. Doktoranturada
təhsil alanların sayı isə 17200 nəfərdir.
Ölkənin ali məktəblərində təxminən
37-40 min xarici tələbənin təhsil
aldığını, xaricdə oxuyanların isə 24-25 min
nəfər təşkil etdiyini deyən nazir həmin göstəricilərin
əhalisi bizim ölkənin əhalisinin sayına bərabər
olan İsveçdə ölkəmizə nisbətən
çox-çox yüksək olduğunu vurğuladı.
Təqdimatda daha sonra İsveç
Krallığının təhsil sisteminin idarə
olunması, maliyyələşdirilməsi məsələlərindən
söz açıldı, Milli Təhsil Agentliyi, peşə
sahələri, işə qəbul proqramı, təhsildən
sonra işə düzəlmənin vəziyyəti barədə
məlumatlar diqqətə çatdırıldı, ölkəmizin
təhsil sistemi ilə müqayisələr aparıldı.
Daha sonra təhsil naziri Finlandiyaya səfərləri
barədə məlumat verdi. Qeyd etdi ki, təhsil
sistemi və təhsilin strukturuna görə təxminən
İsveç Krallığı ilə eyni olan Finlandiyada təhsil
siyasətini icra edən ali icraedici orqan
Finlandiya Mədəniyyət və Təhsil Nazirliyidir. Ölkədə müəllimlik ən nüfuzlu
peşədir. Ali məktəblərə
qəbulda ən böyük müsabiqə də məhz
müəllimlik ixtisaslarında olur. Yeni
işə başlayan müəllimlərin əməkhaqqı
2000 avro olur. Sonralar dərəcələr
qalxdıqca bu göstərici 4000-4500 avroya çatır.
Ölkədə məktəbəqədər
yaşlı uşaqların 100 faizi məktəbəqədər
təhsillə əhatə olunub.
Səfər zamanı iki məktəbdə
və bir bağçada olduqlarını deyən təhsil
naziri həmin müəssisələrin yüksək
maddi-texniki bazaya malik olduqlarını, məktəblərdə
gündə üç dəfə şagirdlərə isti
yemək verildiyini, hər iki ölkədə bizim ölkəmizlə
əməkdaşlıq etməyə meyil göstərildiyini
diqqətə çatdırdı. Qeyd olundu ki, Finlandiyada da məktəbəqədər
hazırlıq sinifləri pulsuzdur, məktəblərdə
orta sıxlıq 13 nəfərdir, ölkənin ümumtəhsil
məktəblərində 600 minə yaxın şagird təhsil
alır.
Təqdimatda Finlandiyanın peşə təhsili,
ali təhsil sistemləri barədə ətraflı
məlumatlar verildi, bu pillələrdəki təhsil müəssisələrinin,
onlarda təhsil alanların sayını göstərən rəqəmlər
misal gətirildi. Diqqətə çatdırıldı ki, əhalisi
bizim ölkəmizin əhalisindən təxminən iki dəfə
az olan Finlandiyada peşə təhsili
müəssisələrində bizdəkindən təxminən
on dəfə çox - 146 min uşaq təhsil alır.
Təhsil naziri təqdimatının sonunda
hər iki ölkə ilə təhsil sahəsində əməkdaşlıq
imkanlarının mövcud olduğunu söyləyib, bununla
bağlı irəli sürülən təklifləri diqqətə
çatdırdı.
***
İclasda növbəti təqdimatla təhsil
nazirinin müavini, tarix elmləri doktoru, professor İradə Hüseynova çıxış
edərək Böyük Britaniyaya səfəri barədə
məlumat verdi. Nazir müavini bildirdi ki,
2011-ci il iyunun 19-dan 21-dək Avropanın ən məşhur
elm mərkəzlərindən biri olan Oksford Universitetində
(Böyük Britaniya) Avropa "Liderlər sammiti"
keçirilib və o, sammitdə Azərbaycanı təmsil
edib. Nazir müavini İradə Hüseynova öncə sammitin
əhəmiyyətini qeyd edib, onun bizim ölkə
üçün çox əhəmiyyətli olduğunu, Azərbaycan
Respublikasının həyati əhəmiyyətli
bütün sahələrdə öz mötəbərliyi və
nüfuzunu, ilk növbədə, intellektual və elmi
potensialını bütün dünyaya nümayiş etdirmək
imkanı əldə etdiyini bildirdi. Qeyd etdi ki,
sammitin keçirilməsi üçün kifayət qədər
zəngin, maraqlı və çoxsahəli proqram
hazırlanmışdı. İştirakçıların
yüksək təmsilçilik səviyyəsini isə
xüsusi qeyd etmək lazımdır. Belə ki, sammitdə
Oksford şəhərinin meri Ledi Ellis Bencamin, Avropa Parlamentinin
üzvü Derek Klark, Avropa Biznes Assambleyasının baş
direktoru Con Nettin, Avropa Rektorlar Klubunun prezidenti Vil Qudheyer, Beynəlxalq
Liderlər Klubunun prezidenti Pol Briqqs, Samsun (Türkiyə) şəhərinin
meri Yusuf Zif Yılmaz, sammitdə iştirak edən ölkələrin
Böyük Britaniyadakı diplomatik missiyalarının, eyni
zamanda dünyanın 37 ölkəsindən elm-təhsil, biznes
elitasının nümayəndələri iştirak edirdilər.
Avropa rektorlarının bir araya gəldiyi
görüşdə ilk olaraq ona söz verildiyini deyən
nazir müavini elm və təhsildə innovasiya proseslərinin
həyata keçirilməsi vacibliyi problemlərinə, Azərbaycan
Respublikasında elm və təhsilin inkişafına dair məruzə
ilə çıxış etdiyini bildirdi.
Qeyd etdi ki, görüşdə daha sonra Böyük
Britaniyanın İmmiqrasiya xidmətinin rəhbəri Qevin
Cons, Oksforddan olan kollec rektorları Endi Tomson və Salli Diketts,
Kipr, Nigeriya, Makedoniya universitetlərinin rektorları və
başqaları çıxış ediblər. Liderlər sammitinin keçirilməsi proqramına
Oksford Şəhər Şurasında şəhərin meri
ledi Ellis Bencamin ilə işgüzar görüş də
daxil idi. Görüşdə elmin və ali
təhsilin strategiya və siyasəti məsələləri
müzakirə olundu, fikir mübadiləsi aparıldı.
Sammitdə 2011-ci il üçün Beynəlxalq
Sokrat mükafatının 48-ci təqdimolunma mərasiminin
keçirildiyini deyən İ.Hüseynova özünün
"Müasir cəmiyyətin intellektual
inkişafındakı xidmətlərinə görə"
bu mötəbər beynəlxalq mükafata layiq
görüldüyünü söylədi və bunu təkcə
özünün xidmətlərinə deyil,
bütövlükdə Azərbaycan elm və təhsilinə
verilən böyük dəyər olduğunu vurğuladı.
Sonra mükafatın İ.Hüseynovaya təqdim
olunması mərasimindən bəhs edən videoçarx
nümayiş olundu.
Təhsil naziri Misir Mərdanov və iclas
iştirakçıları yüksək mükafata layiq
görülməsi münasibətilə
İ.Hüseynovanı təbrik etdilər.
Təqdimatda daha sonra sammit çərçivəsində
keçirilən görüşlərdən söz
açıldı.
***
2011-ci ilin 9-13 may tarixlərində Intel
ISEF Beynəlxalq Müsabiqəsində iştirak etmək
üçün ABŞ-da səfərdə olmuş təhsil
işçilərindən ibarət nümayəndə heyətinin
rəhbəri, Təhsil Nazirliyi Elm şöbəsinin
müdiri Gültəkin
Hüseynovanın da yığıncaqda təqdimatı
dinlənildi.
G.Hüseynova təqdimatında öncə
müsabiqə haqqında ümumi məlumat verdi.
Bildirdi ki, Intel ISEF (Intel International Science and
Engineerıng Fair) - Beynəlxalq Elm və Mühəndislik Sərgisi
- ildə bir dəfə ABŞ-da keçirilən şagird
elmi-tədqiqat layihələrinin müsabiqəsidir.
60 ildən çoxdur ki, keçirilən
müsabiqənin nüfuzundan danışan G.Hüseynova onun
20-dən çox qalibinin sonralar Nobel mükafatı
laureatı olduğunu, 3 qalibinin isə riyaziyyat sahəsində
ən yüksək mükafat sayılan Filds mükafatı
aldığını diqqətə çatdırdı.
G.Hüseynova bildirdi ki, növbəti 62-ci
müsabiqə bu il mayın 9-dan 13-dək
Kaliforniya ştatının Los-Anceles şəhərində təşkil
olunmuşdur. Finalda 65 ölkədə
keçirilmiş 443 seçim müsabiqəsinin qalibləri
olan 1500-dən çox şagird iştirak edirdi. O, diqqətə
çatdırdı ki, bu mötəbər
yarışmanın açılış mərasiminə
finalçı şagirdlər, Intel-in əməkdaşları,
müxtəlif ölkələrdən gəlmiş alimlərlə
yanaşı, 7 nəfər Nobel mükafatı laureatı da
qatılmışdı.
Sonra G.Hüseynova müsabiqə
proqramına uyğun olaraq mayın 12-də "Los Anceles
Convention Center"də keçirilən "Açıq
qapı" günü haqqında məlumat verdi.
Layihələrin qiymətləndirilməsinin
17 kateqoriya üzrə aparıldığını deyən təqdimatçı
bu işə hakim qismində dünyanın müxtəlif
ölkələrindən dəvət olunmuş 1000-ə
yaxın alimin cəlb edildiyini söylədi.
Təqdimatda müsabiqənin şərtləri,
mükafatları haqqında da ətraflı söz
açıldı.
Sonra G.Hüseynova təqdimatında hər
il müsabiqə zamanı fəaliyyət
göstərən Intel Təlim Akademiyası haqqında
danışıb, akademiyaya ilk dəfə dəvət olunan
ölkələrin nümayəndələrinə milli
müsabiqələrin hazırlanması və keçirilməsinə
dair tövsiyələr verildiyini və həmin tövsiyələrə
istinad olunaraq Azərbaycan üçün fəaliyyət
planının hazırlandığını diqqətə
çatdırdı və həmin planın bəzi maddələri
ilə yığıncaq iştirakçılarını
tanış etdi.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2011.- 15 iyul.- S.3.