"Məhəmmədhüseyn Şəhriyarın sənət dünyası" mövzusunda beynəlxalq elmi konfrans

  

Naxçıvan  Dövlət Universitetində İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun mədəniyyət mərkəzi ilə birlikdə böyük Azərbaycan - İran şairi  Seyid Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş lMəhəmmədhüseyn Şəhriyarın sənət dünyası» mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

Ali məktəbin rektoru, akademik İsa Həbibbəyli  qonaqları salamlayaraq konfransın keçirilməsində məqsədin iki qonşu ölkə arasında mədəni əlaqələrin, dostluq münasibətlərinin möhkəmləndirilməsindən ibarət olduğunu bildirdi. Qeyd olundu ki, şeiri həyatın ən böyük möcüzəsi adlandıran «Şərq dünyasının  hafizi» - Şəhriyar  öz möhtəşəm poeziyası ilə sərhədsiz söz dünyamızın mənəvi bütövlüyünün daha möhkəm, daha əzəmətli olmasına əvəzsiz xidmətlər göstərmiş, Yaxın Şərq ədəbiyyatını təravətli obraz və ifadə vasitələrilə zənginləşdirmiş, dünya poeziyasına «Heydərbabaya salam» kimi yüksək dərəcədə xəlqi və sənətkarlıq baxımından nadir əsərlərdən birini töhfə vermişdir.

İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Məhəmmədtağı Məhəmmədəli konfransın əhəmiyyətini vurğulayaraq Şəhriyarın yazdığı bütün üslublarda yalnız bir mövzunun - Vətənin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş sədasını eşitmək mövzusunun üstünlük təşkil etdiyini və hansı dildə yazmasından asılı olmayaraq həmişə vicdanın səsinə qulaq asan, başından keçən fikirləri səmimiyyətlə əks etdirən dahi bir sənətkar olduğunu dedi.

Sonra məruzələr dinlənildi. Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Hüseyn Həşimlinin «Şəhriyar şeirlərinin janr xüsusiyyətləri», Təbriz Universitetinin Ədəbiyyat kafedrasının müəllimi, filologiya elmləri doktoru, dosent Əbülfəz Əli Mühəmmədinin «Şəhriyarın ədəbi məktəbi», Naxçıvan Dövlət Universitetinin «Qeyrət» nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru Vaqif Məmmədovun «Ustad Şəhriyara ithaf olunan şeir və nəzirələr», Urmiya Universitetinin rektoru, filologiya elmləri doktoru, professor  Məhbub Taleyinin «Ustad Şəhriyarın sözlərində nöqtələr, dəyərlər və irfaniyyə», Naxçıvan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Xanəli Kərimlinin «Azərbaycan poeziyasında Şəhriyar mövzusu» adlı məruzələri dinlənildi. Urmiya Universitetinin Ədəbiyyat kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mənsur Şükrinin, həmin kafedranın müəllimi, filologiya üzrə fəlsəfə doktoru Müzəffər Xudavəndigar Muğanın, Ərdəbil Universitetinin Ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əsgər Şahinin  ifasında Şəhriyara həsr olunmuş şeirlərinin bədii qiraəti səsləndi, İran Mədəniyyət şöbəsinin müdiri Əli Əkbər Talehi Mətinin çıxışı oldu. Sonda xatirə hədiyyələri təqdim olundu.

Konfrans öz işini  İran İslam Respublikasının Poldəşt şəhərində davam etdirdi. Naxçıvan nümayəndə heyəti ustad Şəhriyarın Poldəşt şəhərindəki heykəlini ziyarət edərək əklil qoydu. Sonra şəhərlə  tanışlıq oldu.   

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 22 iyul.- S.5.