"Dəbistan", "Məktəb", "Rəhbər"- pedaqoji jurnalistikamız

 

Azərbaycan milli jurnalistika məktəblərinin hər birində «Əkinçi»nin maarifçilik ənənələri bu və ya başqa şəkildə özünü göstərməkdədir. Uşaq pedaqoji jurnalistikamız isə sahə jurnalistikası olmaqla, birbaşa milli pedaqoji və metodiki məsələlərin, uşaq və yeniyetmələrin təlim-tərbiyəsi ilə bağlı sosial-mədəni problemlərin işıqlandırılmasını qarşıya məqsəd qoymuşdur.

 

İlk milli uşaq jurnalımız olan «Dəbistan» 1906-cı ilin aprelində işıq üzü görmüşdür. Onun oxucu auditoriyası əsasən kiçikyaşlı uşaqlar olduğu üçün burada dərc edilən materiallar - elmi, ədəbi və publisistik əsərlər, folklor nümunələri həcmcə kiçik, yığcam, məzmunca aydın, süjet quruluşuna görə sadə, dil və üslubca anlaşıqlı yazılardan ibarət olurdu.  Həmin əsərlərdə uşaqların yaş və anlaşıq səviyyələri, maraq dairələri nəzərə alınmaqla, əxlaqi-didaktik məsələlərə, uşaqların hər cəhətdən layiqli vətəndaş kimi yetişdirilmələrinə xüsusi diqqət yetirilirdi.  Bu cür əsərləri yazmaq isə xüsusi istedadla  yanaşı, müəllifdən uşaq psixologiyasına,  onun maraq və ətraf aləmlə təmas dünyasına dərindən bələdlik, həmçinin pedaqoji və metodiki səriştə tələb etdiyi üçündür ki, uşaq mətbuat orqanlarının yaradıcı  qüvvələri əsasən pedaqoq ədiblər, müəllim və şagirdlər idilər. Buraya Ə.Cəfərzadə, S.M.Qənizadə, F.Köçərli, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, S.S.Axundov, M.Mahmudbəyov, S.Əbdülrəhmanbəyov, Q.Rəşad, R.Əfəndiyev və b. daxil idilər.  Onların qələmə aldıqları şeir, hekayə, nağıl, məqalə və s. əsərlərdə balaca oxucular təbiətdəki bitki örtüyü və canlılar aləmi, Vətənin gözəllikləri, xalqımızın mədəni-mənəvi sərvəti, etnoqrafiyası, tarixi və ədəbi şəxsiyyətləri, oxumağın, elmli və bilikli olmağın səmərəsi, xeyirxahlıq və qəhrəmanlığın əfsunkarlığı və s. və i.a. haqda məlumatlar, təəssüratlar alır, öz yurd və doğmalarına, müəllim və valideynlərinə qədirşünaslıq və sevgi dolu duyğularla tərbiyələnir, mənən süslənirdilər.

1907-ci ildə nəşrə başlayan «Rəhbər» jurnalının, «Dəbistan»dan fərqli olaraq, valideynlər üçün əlavəsi də var idi.  Bu əlavədə valideynləri öz övladlarının  təhsil almalarına  həvəsləndirmək, bunun üçün onlar arasında izahat və maarifləndirmə işi aparmaq, bununla da xalqda kütləvi savadlanmaya  həvəs oyatmaq   başlıca məqsəd idi.  Beləliklə, «Rəhbər» təkcə kiçikyaşlı oxucuların  deyil, həm də valideynlərin  şüurlarının  xurafat qaranlığından  maarif və məktəbin  nur, ziya dolu tərəqqi yollarına yönəldilməsinə pedaqoji və didaktik  üsulları ilə rəhbərlik etməyə çalışırdı.

«Məktəb» jurnalı 1912-ci ildə nəşrə başladı. Bu mətbu orqanın əsas hədəfi  orta və yuxarı yaşlı məktəblilər olduğu üçün  orada dərc edilən materialların məzmun  və mündəricəsi  də bir qədər tutumlu və mürəkkəb, həcmləri böyük, süjetləri şaxəli idi.  «Məktəb» jurnalı da  pedaqoji jurnalistika ənənələrinə sadiq qalaraq, dərc etdiyi materiallarda öz oxucularının yaş, bilik, qavrayış səviyyələrini, maraq dairələrini maksimum nəzərə alırdı. 

Cümhuriyyət dövründə təlim-tərbiyə məsələlərinə də xüsusi diqqət yetirildiyi üçündür ki,  bu illərdə «Övraqi-məfisə» və  «Əfkari-mütəllimin» adlı uşaq və pedaqoji jurnallar  da nəşr edilmişdir. İstər bu jurnallarda, istərsə sovet dövrü və müstəqillik illərində nəşr edilən  «Azərbaycan məktəbi» jurnalı (və onun ayrı-ayrı sahələr üzrə əlavələri), «Azərbaycan müəllimi», «Azərbaycan pioneri», «Savalan» qəzetləri, «Göyərçin», «Pioner», «Elli», «Bala dili» və s. jurnallar, həmçinin müxtəlif səpgili oxu kitabları, dərslik və antologiyalar pedaqoji jurnalistika məktəbinin elmi-metodiki ənənələrini davam və inkişaf etdirmiş və etdirməkdədirlər.  Onların «Əkinçi» jurnalistika ənənələri ilə  doğmalıqları xalqın maarifləndirilməsinə, tərəqqi, inkişaf və istiqlalına  çalışmaq idisə, fərqli və özgün xüsusiyyətləri də yox deyil.  Belə ki, əgər «Əkinçi» və onun məktəbi  ümumən millətin hər cəhətdən maariflənməsi qayğısına  qalır və bu məqsədlə ən müxtəlif xarakterli, məzmun və səpgili yazılardan, cəmiyyətdə, düşüncə və davranışlarda olan eybəcərliklərin, qüsur və çatışmazlıqların tənqidi və danlaqlardan istifadə edirdisə, Uşaq-pedaqoji jurnalistika məktəbinin oxucu auditoriyası konkret olaraq cəmiyyətin əsasən kiçik və ortayaşlı nümayəndələridir.  Bu mətbu orqanların dərc etdiyi materiallar isə, yuxarıda göstərdiyimiz kimi, ancaq didaktik xarakterli,  pedaqoji mahiyyətli və metodiki  səpgilidir.  Bu hal onların xüsusi sahəyə aid olmalarından irəli gəlməklə, orijinallıqlarını, özgünlüklərini təmin edirdi.

Milli uşaq-pedaqoji jurnalistika ənənələrimizin «Dəbistan» və «Məktəb»lərimizə, xalq maarifinin inkişaf etdirilib günün  tələbləri ilə ayaqlaşmasına «Rəhbər»lik missiyası bu gün də davam edir, sabah da davam edəcək.

 

 

Alxan BAYRAMOĞLU

 

Azərbaycan müəllimi.- 2011.- 22 iyul.- S.5.