Dərslik
- əhəmiyyətli təhsil
vasitəsi
Mükəmməl
hazırlanmış dərslik həm müəllimlərə,
həm də şagirdlərə böyük
faydalı olması ilə bərabər tədris-təlim
prosesinə bələdçilik
edir. Dərslik
hər vaxt əhəmiyyətli bir təhsil vasitəsi olmaqla
yüksək qiymətləndirilmişdir. Sivilizasiyalı bir cəmiyyətin meydana
gəlməsində, müasir, azad və tənqidi düşünmə
gücünə, geniş bir
dünyagörüşünə sahib, cəmiyyətə
qarşı məsuliyyət duyan, insan hüquqlarına hörmət edən, şüurlu, yaradıcı nəsillərin
yetişməsində dərsliklərin rolu
böyükdür.
Çünki dərsliklər təhsilin
məqsədlərini reallaşdırmaq üçün
şagirdin öyrənmə fəaliyyətinə
istiqamət verən, geniş şəkildə
istifadə edilən, hətta bəzi hallarda
tək tədris vasitəsidir.
Öyrətmə
və öyrənmə müddətində şagirdlərin
nələr öyrənə biləcəyini və müəllimlərin
isə nələr öyrədəcəyini müəyyən
edən dərsliklər əhəmiyyətli gücə
malikdir.
Azərbaycanda
da dərsliklər əsas məlumat qaynağıdır.
Dərsliklər
içində "Azərbaycan dili"nin müstəsna
yerinin olduğunu söyləməklə səhv etmərəm.
Çünki ana dilinin öyrənilməsi şagirdlərin
ünsiyyət qabiliyyətlərini genişləndirir, onlarda
nitq fəaliyyətlərinin növləri ilə
yanaşı, düşünmə, öyrənmə və
danışma bacarıqlarını formalaşdırır.
Ana dili
uşağın yaşadığı ətraf aləmin və bağlı olduğu ictimai
mühitin məhsuludur. Uşaq ətrafı, cəmiyyəti və
bu cəmiyyətin qoruyub saxladığı, inkişaf
etdirdiyi mədəni təcrübəsini ana diliylə qəbul
edib qavrayır.
Şagirdlər
bu fənn vasitəsilə milli mədəniyyət nümunəsi
kimi ana dilini öyrənir, onun səs sisteminə, lüğət
ehtiyatına, üslubi-qrammatik xüsusiyyətlərinə
yaxından bələd olur, elmi, bədii, publisistik və diqər
üslublarda yaradılmış ədəbiyyat nümunələri
ilə tanış olmaqla yanaşı, eyni zamanda öyrənəcəkləri
digər fənlərin daha yaxşı mənimsənilməsinə
zəmin yaradır. Bütün bu bacarıqlar isə ibtidai təhsil
pilləsindən etibarən qazandırılmağa
başlanılır.
Müasir
dövrdə təhsildə gedən
islahatlar, Milli Kurikulum və fənn kurikulumunun tətbiqi bu
işi bir daha aktuallaşdırır. Ana dili kurikulumunda nəzərdə
tutulan fənn məqsəd və vəzifələrini müəyyənləşdirən
standartların reallaşması, şagirdlərə ana dilini
sevdirəcək əlifbanın öyrədilməsi, oxu və
yazı texnikasının, hüsnxət qaydalarının,
düzgün, sürətli, şüurlu və ifadəli oxu
üzrə ilkin bacarıqların mənimsənilməsi,
lüğət ehtiyatının tədricən zənginləşdirilməsi,
ən zəruri qrammatik qaydaların və ədəbi tələffüz
normalarının tətbiq olunması, ekspressiv nitq
bacarıqlarının formalaşdırılması, Azərbaycan
xalqının dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri,
mədəniyyəti və adət-ənənələri
haqqında ilkin anlayışların yaradılmasını təmin
edəcək dərsliklərə daha çox
üstünlük verməliyik.
Bu səbəbdən
ibtidai təhsil pilləsindəki uşaqlar üçün
yazılacaq dərsliklərin xüsusiyyətləri ön
plana çıxmalıdır. Ənənəvi proqrama
görə hazırlanan dərsliklərdə şagirdlərə
məlumatlar hazır verilməkdə idi. Müəllim və
şagirdin sinif içində fəaliyyətləri dərslikdəki
məlumatlarla kifayətlənirdi. Bu vəziyyət müəllimin azad və sərbəst hərəkət
etməsini məhdudlaşdırırdı. Şagird təqdim
edilən məlumatları öyrənirdi. Bu isə şagirdləri
əzbərçiliyə sövq etməklə yanaşı
passivliyə aparırdı.
Ana dili kurikulumunda isə hər bir
mövzuda verilən biliklərin həyatda istifadə edə biləcəyimiz
bacarıqlardan ibarət olduğunu bilərək, dərsliklərdə
o bacarıqların əldə olunmasını təmin edəcək
məlumatlar və çalışmalar olmalıdır. Bu
baxımdan, yeni dərsliklər şagirdlərin müxtəlif
fəaliyyətlər yolu ilə
öyrənilməsi lazım olan məlumatları özlərinin
əldə edərək öyrənməsini təmin edir.
Beləcə fəaliyyətlər şagirdləri
araşdırmağa, düşündürməyə yönəldir.
Ayrıca yeni dərsliklər demokratik anlayışın
formalaşmasına xidmət edərək müasir təfəkkürə
malik şəxsiyyətlərin formalaşmasına zəmin
yaradır.
Bu gün
Azərbaycan dili dərsliklərinin ciddi
araşdırılması və qiymətləndirilməsi
onları daha da mükəmməl edir.
Hər
sinif üçün dərsliyin komplekt hazırlanması
müasir təhsil islahatlarının ən əhəmiyyətli
yeniliklərindən biridir.
Dərslik
komplektlərinin əhəmiyyəti çox
böyükdür:
* Təhsil
prosesində müəllim-şagird fəaliyyətinin tam təsəvvür
olunmasını və üzvi şəkildə əlaqələndirilməsini
təmin edir.
* Müəllimin
planlaşdırmadan qiymətləndirməyə qədər bütün fəaliyyətini
istiqamətləndirir.
* Təlim
prosesində şagirdlərin müstəqilliyinin və tətbiq
bacarıqlarının genişlənməsinə imkan
yaradır.
* Təlim
marağını gücləndirir, şagirdləri
axtarışlara, yeni məlumatlar əldə etməyə
sövq edir.
*
Məntiqi və yaradıcı təfəkkürü inkişaf etdirir.
*
Tətbiqi xarakter daşımaqla zəruri
həyati bacarıqların formalaşmasına zəmin
yaradır.
*
Fəndaxili və fənlərarası inteqrasiya imkanlarını genişləndirir.
*
Fəal təlim şəraitinin yaradılmasını tələb
edir.
*
Şagirdlərin fərqli idraki
imkanlarının nəzərə alınmasına şərait
yaradır.
Təhsil
Nazirliyinin Dərslik və nəşriyyat
şöbəsi yeni dərsliklərin
hazırlanması və qiymətləndirilməsində bu kriteriyaları əsas tutur.
Dərsliklərin qiymətləndirilməsində
obyektiv olaraq məzmun
standartlarını özündə cəmləşdirən,
şagirdlərin müstəqilliyini, tətbiq
bacarıqlarını təmin edən və onların məntiqi
və yaradıcı təfəkkürlərini inkişaf etdirən, həyati
bacarıqları formalaşdıran ən mükəmməl
dərslikləri şagird və müəllimlərin
ixtiyarına verir. Elə bu istiqamətdə
aparılan çoxsaylı işlərin məntiqi
ardıcıllığı olaraq 2011-ci ilin 13-19 fevral tarixlərində 16 nəfərdən
ibarət işçi qrupu
Türkiyə Respublikası Təhsil Nazirliyi
Təlim-Tərbiyə Kuruluna ezam olunmuşduq. Mənim də
qatıldığım bu qrupda
müxtəlif fənlər üzrə dərsliklərin qiymətləndirmə
komissiyalarında iştirak etdik.
Biz türkcə qiymətləndirmə
komissiyasında həmkarlarımızın təcrübəsi
ilə yaxından tanış olmağa, fikir mübadiləsi etməyə və
öyrənməyə çalışdıq. Öyrəndiklərimdən
bir qismini qeyd edirəm:
*
Mətnlər gündəlik həyatdan alınmalı;
*
Dərslik komplektinin bir-birinə uyğunluğu;
*
Şəkillərə geniş yer verilməli;
*
Şəkillər mətnin mənasının
başa düşülməsini
asanlaşdırmalı;
*
Öz fikrini ifadə etmə
və mətnqurma fəaliyyətlərinə daha
çox yer verilməli;
*
Çalışmalar şagirdin diqqətini
çəkməli, mövzuya
marağı artırmalı;
*
Mövcud çalışmalar qrammatika terminləri əzbərçilikdən
qurtararaq praktik hala gətirməli;
*
Dərslər əyləncəli və daha
öyrədici hala gəlməli;
*
Mövzuların ardıcıllığı asandan-çətinə
doğru olmalı;
*
Verilən çalışmalar şagirdlərdə məfhumların
daha erkən yaşlarda
müqayisə etmə bacarığı meydana
gəlməsini təmin etməli;
*
Qrammatik qaydaların lazımi miqdarda öyrədilməsini təmin edən
çalışmalar olmalı;
*
Məqsəd ilə qiymətləndirmə meyarları
arasında əlaqə olmalı;
*
Qiymətləndirmə daha sadə və tətbiq oluna
bilən hala gətirilməli;
*
Sinifdənxaric oxunun qiymətləndirilməsi
üçün hekayə, şeir və s. kimi materiallarla təmin
edilməli;
*
Bir dərs saatı boyunca
müəllimin dərsdə verəcəyi bütün
fəaliyyətlər detallarıyla, bir qismi təkliflər şəklində verilməli;
*
Çalışmalar şagirdlərin maraq, tələb və
ehtiyaclarına uyğun verilməli;
* Fənlərarası
inteqrasiyaya yer verilməli;
* Məzmun
şagirdyönümlü və
nəticəyönümlü olmalı;
*
Şagirdləri araşdırmağa və texnologiyadan
faydalanmağa yönləndirməli;
* Digər
dərslərlə əlaqələndirilməlidir.
Araşdırmalar göstərir ki,
respublikamızda dərsliklərin tərtibatı və
hazırlanmasında dünya pedaqoji təcrübəsində
mövcud olan bir çox müasir və mütərəqqi cəhətlər
nəzərə alınır. Yuxarıda göstərilən
kriteriyaların fənn kurikulumu tətbiq olunan siniflər
üçün olan dərsliklərdə
öz əksini tapması, türkcə qiymətləndirmə
komissiyasında bizim təqdim etdiyimiz 3-cü sinif Azərbaycan
dili dərsliklərinə verilən qiymət də bunu təsdiq
edir.
İradə
BAYRAMOVA
Azərbaycan müəllimi.- 2011.- 29
iyul.- S.5.