Vətənpərvərlik
hissi aşılamaq başlıca məqsədimizdir
Xalqımızın
dahi oğlu, böyük dövlət xadimi, ümummilli
liderimiz Heydər Əliyev təhsilin, müəllimlərin ən
mühüm vəzifələrindən birini böyüməkdə
olan nəslin vətənpərvər ruhda yetişdirilməsində
görürdü. Böyük öndər hələ
müstəqil Azərbaycanımızda hakimiyyətə gəldiyi
ilk illərdə paytaxtın təhsil işçiləri ilə
keçirdiyi görüşlərin birində gəncləri
vətənpərvərlik ruhunda tərbiyə etməyi təhsil
işçilərinə, müəllimlərə tövsiyə
edirdi.
Biz müəllimlər ulu öndərimizin
tövsiyəsini, tələbini daim diqqət mərkəzində
saxlayır, gənclərə vətəndaşlıq
şüurunun aşılanması, onların Vətənə
sədaqət ruhunda tərbiyəsi üçün istər
dərslərin, istərsə də dərsdənkənar tədbirlərin
bütün imkanlarından istifadə edirik.
Bu gün gənclərin vətənpərvərlik
tərbiyəsi xüsusilə aktuallıq kəsb edir.
Çünki iyirmi ilə yaxındır əzəli
düşmənimiz olan ermənilər
torpaqlarımızın 20 faizdən çoxunu işğal
etmiş, bir milyondan çox soydaşımız
yurd-yuvasından didərgin düşmüşdür.
Hazırda da nankor düşmənlə üz-üzəyik.
Buna görə də şagirdlərin vətənpərvərlik
ruhunda tərbiyəsi biz müəllimlərin başlıca vəzifəsinə
çevrilmişdir.
Vətənpərvərlik insanda fədakarlıq,
qəhrəmanlıq və məğlubedilməzlik hissi
yaradır, onda inam hissini gücləndirir, onu qələbəyə
ruhlandırır. Xalqımızın qədim və
çağdaş tarixi güclü vətənpərvərlik
hissinin doğurduğu qəhrəmanlıq nümunələri
ilə zəngindir. Biz Cavanşir, Babək, Şah
İsmayıl Xətai, Əliağa Şıxlinski, Cəmşid
Naxçıvanski, Mehdi Hüseynzadə, Həzi Aslanov kimi
igid və cəsur sərkərdələrimizlə həmişə
fəxr etmişik və edirik. Onların şəxsi nümunəsi
bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman
xalqdır.
Mənfur düşmənlə
ölüm-dirim savaşında Vətən uğrunda qəhrəmancasına
həlak olmuş Çingiz Mustafayev, Eldar Tağızadə, Əlif
Hacıyev, Salatın Əsgərova, Mübariz, Fərid,
Rövşən, Ramil kimi yüzlərlə qəhrəman
oğul və qızlarımızın ibrətamiz həyatı
bugünkü nəslə örnəkdir.
Bütün bunları nəzərə
alaraq biz məktəbimizdə vətənpərvərlik tərbiyəsinə
xüsusi diqqət yetirir, bununla bağlı müxtəlif
mövzuda çoxlu tədbirlər keçiririk. Yaxşı
düşünülmüş, məzmunlu, Vətən
eşqi ilə aşıb-daşan tədbirlərdən gənclərimiz
böyük mənəvi fayda götürürlər.
Yola saldığımız dərs ili
bu baxımdan xüsusilə zəngin olmuşdur. Dərs ili
boyu keçirdiyimiz tədbirlər, xüsusən də 31
Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik
günü münasibətilə "Haydı vətən
oğulları", 20 Yanvarla əlaqədar "Qalx ayağa
Azərbaycan", əsrin ən dəhşətli terroru
Xocalı faciəsi ilə bağlı "Haray çəkən
ellər", 31 mart qırğını ilə əlaqədar
"Dur ayağa, məmləkətim", alman faşizmi
üzərində qələbə ilə bağlı
"İgid, cəsur sərkərdələrin nəvələriyik
biz" mövzularında ədəbi-bədii kompozisiyalar,
şairlərlə görüşlər şagirdlərimizin
vətənpərvərlik tərbiyəsində mühüm
rol oynamışdır.
Məktəbimizdə fəaliyyət
göstərən "Kimlik" studiyası da tez-tez vətənpərvərlik
ruhlu tədbirlər hazırlayıb keçirir. Studiyanın
son vaxtlar keçirdiyi "Mən Azərbaycan türküyəm",
"And içirik", "Xatun", "Elmin
açarını bəxş edən məkan", "El
oğlu, hay ver!"E mövzularında tədbirlər
şagirdlərin böyük marağına səbəb
olmuş, onlarda güclü vətənpərvərlik hissi
doğurmuşdur. Məktəbimizin ədəbiyyat müəllimləri
tərəfindən M.Müşfiqin doğum günü ilə
əlaqədar olaraq keçirilən yubiley gecəsi, "Vətən
mənim, vətən sənin, bizlər isə bu vətənin",
"Repressiya qurbanları", "Qadın və bahar",
"Novruz adətləri", "Narkomaniyaya yox" kimi tədbirlər
akt zalımızın bəzəyinə çevrilmişdir.
Bundan başqa, Moldova, Polşa və Belarus səfirlikləri
ilə görüş keçirilmişdir. Bütün bu və
ya digər tədbirlər müəllim və şagirdlərdə,
həm də qonaqlarımızda xoş hisslərin, vətənpərvərlik
duyğularının yaranmasına səbəb olmuşdur.
Həcər
BƏŞİROVA
Azərbaycan
müəllimi.- 2011.- 29 iyul.- S.5.