Məmməd İsmayıl oğlu Cuvarlinski
Məmməd
İsmayıl oğlu Cuvarlinski
1902-ci ildə Qaryagin qəzasının (indiki Füzuli rayonunun) Cuvarlı kəndində anadan olub.
Həyatın
ağrı-acısını çox tez dadıb. 1911-ci ildə ikisinifli
kənd məktəbinə daxil olan Məmməd maddi
çətinliklərlə bağlı təhsilini
yarımçıq qoyaraq atası kimi fərdi təsərrüfat sahələrində
çalışıb, ailəsinə kömək edib. Qəlbində
oxuyub-öyrənməyə böyük
həvəs və istəklə 1916-cı ildə Gəncə
əmək məktəbinə gedib.
Peşə qazanmaq arzusu
da baş tutmayıb. Əvvəl
şəhər idarəsində, sonra isə
quberniya komissarlığında gözətçi
işləyib.
Məmməd
Cuvarlinski sosial-demokratların bolşevik fraksiyasına meyil
edib, inqilabi təbliğat
və təşviqatla məşğul olub,
əhali arasında intibahnamələr yayıb. Bolşeviklərin
ideyalarını öyrənən Cuvarlinski
siyasi dünyagörüşünü
genişləndirib.
Böyük
Oktyabr sosialist
inqilabı, Bakıda baş verən tarixi hadisələr onun ictimai şüuruna güclü təsir göstərir. Gəncə
yerli hökuməti onu
bolşevik olduğuna
görə işdən çıxarır. Məmməd
Cuvarlinski 9 aya qədər
fəhləlik etdikdən sonra doğma kəndinə qayıdıb, Qaryagin qəzasındakı kəndlərdə
kəndliləri yadelli
istismarçılara, yerli zülmkarlara
qarşı mübarizəyə çağıran təbliğat
işi aparıb.
Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan
sonra Məmməd Cuvarlinski
komsomol təşkilatçısı kimi fəallığına görə 1920-ci ilin sentyabrında bolşevik
partiyasına qəbul edilib. Qaryagin Qəza
İnqilab Komitəsinin təlimatçısı
təyin edilən Cuvarlinski bir il sonra
Azərbaycan Kommunist (bolşevik)
Partiyası Mərkəzi Komitəsinin sovet-partiya
məktəbinə göndərilib, oranı bitirdikdən sonra Azərbaycan K(b)P Qaryagin Qəza İnqilab
Komitəsinin təbliğat-təşviqat şöbəsinə
rəhbərlik edib.
Moskvada
ÜİK(b)P MK yanındakı partiya işçiləri hazırlayan kurslarda hazırlıq keçib,
1926-1929-cu illərdə Gəncə, sonra
Quba dairə komitəsində təşkilat
şöbələrində müdir
işləyib, 1930-cu ildə Azərbaycan Maarif
İşçiləri Həmkarlar İttifaqı Mərkəzi
Komitəsinin məsul katibi kimi fəaliyyət göstərib.
Sonralar
Sabirabad Rayon Partiya Komitəsində katib,
Dövlət Plan Komitəsində bölmə
rəisi, Azərbaycan K(b)P MK-nın sovet ticarət şöbəsi müdirinin müavini,
"Partiya işçisi"
jurnalının məsul redaktoru kimi çalışıb. O, eyni
zamanda pedaqoji işlə
məşğul olub, 1932-1934-cü illərdə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun sosialist təsərrüfatı
nəzəriyyəsi kafedrasına rəhbərlik edib. Sosialist təsərrüfatı
və partiya quruculuğu
məsələlərindən dərs deyən Məmməd Cuvarlinski 1933-cü ildə dosent
elmi adına layiq görülüb.
Məmməd
Cuvarlinski həyatı boyu
Azərbaycanda maarifin inkişafına layiqli töhfələr verib.
Belə ki, xalq maarifi komissarının müavini
kimi o, Gəncədə
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun
yaradılmasına böyük əmək
sərf edib.
Azərbaycanda
ictimai mövzuda məqalələrlə
dövri mətbuatda mütəmadi
çıxış edib, məktəb və
maarif haqqında bir kitabça, iyirmiyə qədər məqalə
yazıb. 1934-1935-ci illərdə Azərbaycanın xalq maarifi komissarı
işlədiyi zaman Məmməd Cuvarlinski ümumtəhsil məktəb şəbəkəsinin
yaradılması, pedaqoji kadr
hazırlığının
yaxşılaşdırılması və s.
istiqamətlərdə tədbirlərin həyata keçirilməsində
biliyini, bacarığını, qüvvə
və əməyini əsirgəməyib.
Mədəniyyət
və maarifin inkişafında xalq maarifi komissarı kimi özünəməxsus xidmətləri olan Məmməd Cuvarlinski
"Bakinski raboçi"
qəzetinin 15 yanvar 1931-ci il
tarixli nömrəsində dərc edilən
məqaləsində kənddə mədəni-maarif işlərinin
təşkilində, inkişafında kənd
müəllimlərinin rolunu ayrıca qiymətləndirib.
O yazırdı ki, kənd müəllimi
təbliğatçıdır, mühazirəçidir,
maliyyə işçisidir, sözün geniş mənasında,
kənd ictimaiyyətçisidir. Kənd müəllimi - bizim sovet müəllimi -
kənddə partiya və sovet
hökumətinin fəal bələdçisidir.
Xalq
maarifi komissarı işləyərkən
o, musiqi sənətinin
inkişafı ilə də yaxından maraqlanıb. Bir faktı qeyd etmək yerinə düşərdi ki, böyük Azərbaycan
bəstəkarı Müslüm Maqomayev xalq maarifi komissarı Məmməd Cuvarlinskiyə
yazdığı məktubunda özünün
yeni operası haqqında məlumat verib: "İndi yeni türk (Azərbaycan -
red.) operası üzərində işləyirəm".
Məmməd Cuvarlinski cavab
olaraq bəstəkarın fikrini
alqışlayıb, ona uğurlar
diləyib.
Fövqəladə
enerjili, narahat təbiətli,
prinsipial şəxsiyyət Məmməd Cuvarlinski qısa ömrünü
maarif və mədəniyyətimizin
inkişafına sərf edib.
Onun
təşəbbüskarlığı, xalqına
bağlılığı ağır repressiya
illərində acı nəticələrini verib.
Mir Cəfər Bağırov tərəfindən
millətçi adlandırılan Məmməd Cuvarlinski 1937-ci ildə Azərbaycan Kommunist Partiyası MK-nın bürosundan
və partiya işindən xaric
olunub. Bu
haqsızlığa etiraz edən Məmməd
Cuvarlinski Moskvaya
şikayətə getsə də, onu qabaqlayan Mir Cəfər
Bağırovun göstərişi ilə həbs edilərək
Bakıya qaytarılıb.
Məmməd Cuvarlinski repressiyaya məruz
qalıb, 1937-ci ildə dünyasını dəyişib.
Azərbaycan
müəllimi.- 2011.- 29 iyul.- S.6.