"XIX-XX əsrlərdə
Bakı şəhər əhalisinin
ailə və ailə məişəti"
Müdriklər gələcəyi
görmək üçün tarixi bilməyi vacib sayıblar.
Tarix bir təcrübə örnəyi hesab olunub. Bu mənada
ulu öndər Heydər Əliyev tariximizin doğru,
dürüst öyrənilməsinə, yenidən
yazılıb nəşr olunmasına, gəncliyə öyrədilməsinə
həmişə böyük diqqət yetirməyi alimlərimiz
və müəllimlər üçün vacib vəzifə
bilmişdir.
Bu istiqamətdə müstəqillik
dövründə görülmüş işlər, həqiqətən,
təqdirəlayiqdir. Xalqın tarixi onun etnoqrafiyası, mədəniyyəti,
folkloru və yazılı ədəbiyyatı,
bütövlükdə bədii mədəniyyəti ilə əriş-arğacdır.
Xalqın məişəti onun
psixologiyası, dünyaduyumu, estetik baxışları, etik
prinsip və tələblərini özündə əks
etdirir. Bu təbii-həyati məlumatlar qaynağı, əslində,
xalqın mənəvi dünyasını göstərir. XXI əsrdə
xalqın ötən yüzilliklərdəki etnoqrafik
xüsusiyyətlərini öyrənmək həm yeni siyasi, həm
də sosial-iqtisadi münasibətlər baxımından əhəmiyyətlidir.
Tarix elmləri doktoru, professor Nərgiz Quliyevanın "XIX-XX
əsrlərdə Bakı şəhər əhalisinin ailə
və ailə məişəti" kitabı (Bakı: Elm,
2011, 240 s.) bu sahədə qələmə alınmış
dəyərli əsərlərdəndir.
Azərbaycan MEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunmuş kitabın elmi
redaktoru tarix üzrə fəlsəfə doktoru Emil Kərimov,
rəyçilər tarix elmləri doktoru Fəzail Vəliyevlə
tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazovdur.
Kitaba ön söz yazmış filologiya
elmləri doktoru, professor İsmayıl Məmmədov ölkəmizin paytaxtı ilə bağlı qələmə
alınmış əsərləri xatırlatmaqla, professor
N.Quliyevanın monoqrafiyasını Bakının
etnoqrafiyası barədə dəyərli araşdırma kimi
qiymətləndirmiş, kitabda Bakı əhalisinin XIX-XX əsrlərdəki
ailə məişətinin yeni baxımdan öyrənildiyini
vurğulamışdır.
Etnoqrafiya elmimizi yeni məlumatlarla zənginləşdirən
sanballı monoqrafiyada Bakı qədim şəhər kimi
tarixi mənbələrə əsasən təsvir və təqdim
olunur. Müəllif tarixi qaynaqlar əsasında şəhərin
adının etimologiyasını açıqlayır,
Bakının tarixi-coğrafi məkanı ilə bağlı
fikirləri bir müstəvidə ümumiləşdirməyə
çalışır. Sonrakı səhifələrdə yenə
də mənbələrə istinad edən professor N.M.Quliyeva
Bakı əhalisinin say artımı faktlarını şəhərin
neft sənaye rayonlarının ərazisinin genişləndirilməsi
ilə izah edir. Geniş tarixi dövrlərə nəzər
salan müəllif tarixi tikililər, qədim binalar barədə
zəngin informasiyalarla əhalinin məişət
dünyasına işıq salır.
Kitabın sonrakı bölmələrində
Bakı xörəkləri, bunların hazırlanması məsələlərindən
bəhs olunur. Toy mərasimi ilə bağlı özəl tərəflərin
şərhi, dünyasını dəyişmiş insanın
xatirəsinə ehtiram məsələlərinin təsviri zəngin
faktlar əsasında qələmə
alınmışdır.
Bakı ta qədimdən öz təsərrüfat
həyatı ilə buraya gələnlərin diqqətini cəlb
etmişdir. Türk səyyahı Evliya Çələbinin
fikirlərini sitat gətirən N.Quliyeva Bakının ev təsərrüfatı
ilə bağlı oxuculara geniş məlumat
çatdırmağa nail olub. Bu baxımdan, şəhərin
mənəvi həyatı ilə bağlı səhifələr
də maraqla oxunur.
Kitabın sonunda tədqiqat zamanı
faktları söyləyənlərin ad-soyadları, istifadə
olunmuş ədəbiyyat siyahısı verilib. Monoqrafiyanın
nəşri özlüyündə çox faydalıdır.
Üstün cəhəti budur ki, əsərin həm ingilis, həm
də rus dilinə tərcümə olunmuş variantları da
nəşr olunub. Həmçinin kitabın son səhifələrində
çoxlu sayda ağ-qara və rəngli fotoşəkillər
əksini tapıb. Bunlar oxucuların Bakı əhalisinin məişət tərzi barədə
təsəvvürlərini əyaniləşdirən
materiallar kimi təqdirəlayiqdir.
Ön sözdə də qeyd edildiyi kimi,
"milli elmimizi çağdaş azərbaycançılıq
mövqeyindən təqdim edən sanballı monoqrafiya"
tarix müəllimləri, bakalavr və magistrantlar
üçün dəyərli ədəbiyyat sayıla bilər.
Ş.MƏMMƏDOV
Azərbaycan
müəllimi.- 2011.- 29 iyul.- S.7.