Yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti ilə bağlı Astara, Biləsuvar, Xaçmaz, Qusar, Qazax, Samux, Şəki, Zaqatala rayonlarının ümumtəhsil məktəblərində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin rayonların təhsil şöbələri və ümumtəhsil məktəblərinin rəhbərliyi tərəfindən göstərilən iş sahəsində bir sıra təşkilati - metodik  tədbirlər həyata keçirilmiş, ibtidai sinif müəllimlərinin müasir pedaqoji ideyalar əsasında peşəkarlıq səviyyəsinin artırılmasına diqqət yetirilmişdir. 

RTŞ-lərin fəaliyyət planlarında  Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 30 oktyabr 2006-cı il tarixdə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)", 3 iyun 2010-cu ildə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" sənədlərindən irəli gələn tələblərin izahı və təbliği istiqamətində tədbirlər nəzərdə tutulmuş, təhsilyanı şuralarda fənn  kurikulumları və qiymətləndirmə mexanizmlərinin tətbiqi vəziyyəti müzakirə edilmiş, seçmə yolla  I-III siniflərdə işləyən müəllimlərin nümunəvi dərsləri  təşkil olunmuş, "Öyrədənlərin öyrədəni" kursunu bitirən müəllimlər tərəfindən maarifləndirici seminar  və "dəyirmi masa"lar keçirilmişdir.

Bunlardan əlavə, ibtidai siniflər üzrə fənn metodbirləşmələri tərəfindən perspektiv planlaşma nümunələri hazırlanmış, qabaqcıl müəllimlərin nümunəvi dərsləri videolentə alınaraq əyani vəsait kimi məktəblərə verilmişdir. "Kurikulum" jurnalında dərc olunmuş materiallar məktəblərdə sistematik müzakirə olunmuşdur. İbtidai sinif müəllimlərinin İKT bacarıqlarına yiyələnməsinə, valideynlərlə maarifləndirici tədbirlərin təşkilinə də  diqqət yetirilmişdir.

Astara şəhər 2 nömrəli, Təngərüd, Selekəran kənd tam orta, Qəcimərdə kənd ümumi orta, Biləsuvar şəhər 4 nömrəli, Zəhmətabad kənd, Qusar şəhər 1, 2 və 5 nömrəli, Urva, Çiləgir, Avaran kənd, Xaçmaz şəhər 2, 3, 6, 8, 9 nömrəli, Xudat şəhər 2, 3, 4 nömrəli, Əbilyataq, Müzəffəroba, Müşkür, Yeni Həyat kənd, Qazax rayonu Çaylı, Samux  rayonu Qarayeri qəsəbə 1 nömrəli, Şəki rayonu İnçə-Zunud kənd, Zaqatala rayonu Qandax kənd tam orta məktəblərində fənn  kurikulumlarının  tətbiqi ilə bağlı daha səmərəli aparılmışdır.

Araşdırma zamanı ibtidai sinif müəllimlərindən Mehman Ağayev (Astara, 2 nömrəli məktəb), Səlimə Abdullayeva (Astara, 5 nömrəli məktəb), Sevinc Fətullayeva (Astara, Təngərüd kənd məktəbi), Fatma Hüseynova (Astara, Şahağacı kənd 1 nömrəli məktəb), Sonaxanım Abbasova və Dilrubə Mənsimova (Biləsuvar, 4 nömrəli məktəb), Nəzakət Kərimova (Xaçmaz, Xudat şəhər 2 nömrəli məktəb), Tovuz Quliyeva (Xaçmaz, Aşağı-Zeyid kənd məktəbi), Lətifə Balakişiyeva (Qusar, 1 nömrəli məktəb), Gültac Hüseynova (Qazax, Çaylı kənd məktəbi), Məlahət Məmmədova (Samux, Qarayeri qəsəbə 1 nömrəli məktəb), Fərqanə Abdurrahmanova (Şəki, İnçə-Zunud kənd məktəbi) və Şövkət Məmmədovanın (Zaqatala, 3 nömrəli məktəb) müasir fənn kurikulumları ilə sahəsində müsbət təcrübə topladıqları və məqsədyönlü fəaliyyət göstərdikləri müəyyən edilmişdir.

Bunlarla yanaşı, qeyd olunan rayonların bir sıra məktəblərində ibtidai sinif müəllimlərinin işə qəbulu, dərs bölgüsünün aparılması, təlim keyfiyyətinin təmin edilməsi, məktəbdaxili qiymətləndirmənin aparılması,  məktəb rəhbərləri arasında  maarifləndirici tədbirlərin təşkili sahəsində nöqsan və çatışmazlıqlara yol verildiyi, həmçinin müəyyən problemlərin olduğu da aşkara  çıxarılmışdır.

Belə ki,  əvvəlki illərdə zəruri ehtiyac olmadan müəllimlərin işə qəbulu, sinif komplektlərinin isə ilbəil azalması ibtidai siniflərdə işləyən müəllimlərin sayının  sinif komplektlərinin sayından xeyli artıq olması ilə nəticələnmişdir. Hazırda Astara rayonu üzrə 424 sinif komplektində 808, Biləsuvar rayonu üzrə 294 sinif komplektində 472, Şəki rayonu üzrə 623 sinif komplektində 1118, Zaqatala rayonu üzrə 375 sinif komplektində 827, Qazax rayonu üzrə 258 sinif komplektində 409, Samux rayonu üzrə 253 sinif komplektində 321 nəfər müəllim dərs aparır. Təhlil göstərmişdir ki, bu faktla əlaqədar vəziyyət Biləsuvar rayonu şəhər 2 və 4 nömrəli, Ağalıkənd kənd, Xırmandalı kənd 1 və 2  nömrəli, Astara şəhər 3 nömrəli,  Ərçivan qəsəbə 4 nömrəli, Şiyəkəran  kənd 1 nömrəli, Siyakü kənd, Maşxan kənd,  Təngərüd kənd, Xaçmaz şəhər 3 və 7 nömrəli, Xudat şəhər 3 nömrəli, Qusar şəhər 3 nömrəli, Samux şəhər 1 nömrəli, Qarayeri qəsəbə 1 nömrəli, Sərkar kənd,  Şəki şəhər 20 nömrəli, İnçə-Zunud kənd, Kiş kənd 1 nömrəli, Zaqatala şəhər 3 nömrəli, Əli Bayramlı kənd, Qandax kənd tam orta məktəblərində daha ağırdır. Eyni zamanda araşdırma aparılan rayonların bir sıra məktəblərində qeyri-qanuni olaraq eyni sinifdə iki, bəzən isə daha artıq müəllimin işləməsi halları mövcuddur.

Həmçinin müəyyən edilmişdir ki, müəllimlərin müəyyən hissəsinin fənn kurikulumlarında təsbit olunmuş məzmun standartlarının reallaşdırılması, qiymətləndirmə standartlarının tətbiqi, interaktiv təlim metodlarından səmərəli istifadə sahəsində bacarıqlarının təkmilləşdirilməsinə hələ də ciddi ehtiyac vardır. Aparılmış sorğular nəticəsində məlum olmuşdur ki, müəllimlərin təxminən 30 faizi həmin məsələlərin həyata keçirilməsində çətinlik çəkirlər.

Qeyd olunan rayonlar üzrə fəaliyyəti öyrənilən məktəblərdə I-III sinif şagirdlərindən 20-30 faizinin oxu və yazı bacarıqlarının  indiki tələbləri ödəmədiyi aşkara çıxarılmışdır. "Ana dili", "Riyaziyyat", "Həyat bilgisi" fənlərindən isə təlim nəticələri testlər vasitəsilə yoxlanarkən  keyfiyyət göstəricisi Biləsuvar (31,6 faiz),  Zaqatala (28,2 faiz), Şəki (26,4 faiz) rayonlarında xeyli aşağı  olmuşdur..

Rayon təhsil şöbələrinin məsləhətçilərinin və bütövlükdə metodkabinetlərinin fənn kurikulumlarının tətbiqi istiqamətində məktəb rəhbərlərinə və müəllimlərə metodik köməkliyi lazımi səviyyədə deyildir, bu vacib məsələnin həyata keçirilməsində məqsədyönlü sistem yaradılmamışdır. Aşkara çıxarılan nöqsan və çatışmazlıqların başlıca səbəbi də bilavasitə bu amillə bağlıdır. Acınacaqlı haldır ki, Astara RTŞ metodkabinetinin metodisti T.Əsgərov nəinki kurikulum islahatlarından xəbərsizdir, o hətta latın qrafikalı əlifba ilə yazmağı belə bacarmır.

Həmçinin məlum olmuşdur ki, Astara, XaçmazQusar rayonlarının məktəblərində II-III siniflər üzrə ana dilindən mövzular  illik planlaşdırılarkən  tədris planının tələbləri gözlənilməmiş, azsaylı xalqların dillərinin tədrisinə 2, Azərbaycan dili üçün 8 saat nəzərdə tutulsa da, bu siniflərdə  Azərbaycan dilindən planlaşma 10 saatla aparılmışdır.

Qeyd olunanları nəzərə alaraq

 

ƏMR  EDİRƏM:

 

1. Astara, Biləsuvar, Xaçmaz, Qusar, Qazax, Samux, Şəki və Zaqatala    rayonlarının ümumtəhsil məktəblərinin yeni fənn kurikulumları tətbiq edilən ibtidai siniflərində təlimin təşkili vəziyyəti barədə arayış nəzərə alınsın (əlavə olunur).

2. Astara, Biləsuvar, Xaçmaz, Qusar, Qazax, Samux, Şəki və Zaqatala RTŞ müdirləri (Q.Məmmədova, B.Kazımov, M.Nurməmmədova, N.Fərzəliyev, Ə.Dərgahquliyev, H.Əhmədov, S.İsmayılova, H.Qurbanov): 

2.1. Bu əmrin məzmununu ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə çatdırsınlar, qeyd olunan nöqsan və çatışmazlıqların 2011-2012-ci dərs ilində aradan qaldırılması üzrə aşağıdakı məsələləri əhatə edən fəaliyyət planının hazırlanıb təsdiq olunmasını təmin etsinlər:

2.1.1. Bütün ümumtəhsil məktəblərinin ibtidai siniflərində fənn kurikulumlarının tətbiqi vəziyyətinin ətraflı təhlil olunması və nəticədən asılı olaraq müvafiq tədbirlərin müəyyənləşdirilməsi.

2.1.2. RTŞ aparatı və metodkabinetinin əməkdaşlarının, məktəb rəhbərlərinin kurikulum islahatlarının mahiyyəti və həyata keçirilməsi yolları haqqında zəruri bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi.

2.1.3. İbtidai sinif müəllimlərinin tərkibinin təhlili, hazırlıq səviyyəsi müasir tələbləri ödəyən müəllimlərin müəyyənləşdirilməsi üçün monitorinqlərin təşkili, məktəblərdə müəllim sıxlığının aradan qaldırılması üçün tədbirlərin görülməsi.

2.1.4. İbtidai sinif şagirdlərinin fənlər üzrə bilik və bacarıqlarının ümumi təlim nəticələrinə uyğunluğunu müəyyən etmək məqsədilə yoxlamaların keçirilməsi, nəticələrin ümumiləşdirilib əməli təkliflərin hazırlanması.

2.1.5. Qabaqcıl ibtidai sinif müəllimlərinin təcrübəsinin öyrənilib yayılması, onların nümunə dərslərinin və zəruri məsələlərlə bağlı təqdimatlarının təşkili.

2.1.6. Fənn kurikulumlarının tətbiqi problemlərinə həsr edilmiş seminarların, praktik konfransların, valideynlər üçün maarifləndirici tədbirlərin keçirilməsi.

2.1.7. Fənn kurikulumlarının tətbiqi ilə əlaqədar məktəblərdə görülən işlərin yerli KİV-lərdə işıqlandırılması.

2.1.8. "Kurikulum" jurnalında və digər pedaqoji mətbuat orqanlarında kurikulum islahatları ilə bağlı yazıların öyrənilməsinin və müzakirəsinin təşkili.

2.1.9. Müəllimlərin İKT bacarıqlarına yiyələnməsi və təlimdə İKT-dən geniş istifadə olunması istiqamətində əməli tədbirlərin həyata keçirilməsi.

2.2. Əmrin icrası vəziyyəti barədə 01 oktyabr 2011-ci il tarixədək nazirliyə ətraflı arayış təqdim etsinlər.

3. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Kurikulum Mərkəzi (Ə.Abbasov) fənn kurikulumlarının tətbiqi sahəsində problemlərin  aradan qaldırılması məqsədilə təhsil şöbələrinə lazımi köməklik göstərsinlər. 

4. Nəzərə alınsın ki:

4.1. İbtidai siniflərdə yalnız müvafiq öyrədici təlim kursundan keçmiş müəllimlər dərs deyə bilərlər.

4.2. Xarici dil və qismən də informatika fənləri istisna  edilməklə digər fənlər bilavasitə sinif müəllimlərinin özü tərəfindən tədris olunmalıdır. Fiziki tərbiyə, təsviri incəsənət, musiqi dərsləri yalnız sinif müəlliminin yazılı razılığı ilə müvafiq ixtisas müəlliminə verilə bilər.

5. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) bu əmrin 4-cü bəndindəki müddəalar əsas tutulmaqla 2 həftə müddətinə təlimati məktub hazırlayıb təsdiq üçün rəhbərliyə təqdim etsinlər.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.  

   

 

Misir  MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

Azərbaycan müəllimi.-2011.-15 iyul.- S.2.