Təhsil naziri YUNESKO-nun baş direktor müavinini qəbul edib

 

 İyunun 3-də təhsil naziri Misir Mərdanov YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin Bakıda keçirilmiş XVIII sessiyasında iştirak etmək üçün Azərbaycana gəlmiş YUNESKO-nun baş direktor müavini, Sosial və Humanitar Sektorun rəhbəri xanım Pilar Alvares-Laso ilə görüşüb.

Görüşdə təhsil nazirinin müavini İradə Hüseynova, YUNESKO-nun Bioetika şöbəsinin rəhbəri Dafna Qoldfans, YUNESKO-nun Azərbaycan Respublikasında Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva və həmin institutun elmi işlər üzrə direktor müavini Vüqar Məmmədov iştirak ediblər.

Qeyd edək ki, Beynəlxalq Bioetika Komitəsinin XVIII sessiyası YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 31 may-2 iyun tarixlərində Bakıda keçirilib.

Qonaqları salamlayan təhsil naziri Misir Mərdanov belə bir möhtəşəm tədbirin Bakıda keçirilməsinin əhəmiyyətli olduğunu bildirib. Cari ilin aprelində Bakıda keçirilmiş digər beynəlxalq mədəniyyətlərarası forumda Mehriban xanım Əliyevanın səsləndirdiyi "qlobal etikanın düşünülməsinin vacibliyi" fikrini xatırladan nazir qısa müddət sonra Bakıda YUNESKO-nun sessiyasının keçirilməsini dünyada qlobal bioetik prinsiplərin müzakirəsinə xüsusi önəm verilməsinin təzahürü kimi yüksək dəyərləndirib.

Görüş üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirən xanım Pilar Alvares-Laso Beynəlxalq Bioetika Komitəsinin XVIII sessiyasının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Artıq Azərbaycanda Bioetika və Tibbi Hüquq üzrə elmi ixtisasın, elmi şifrin yaradılması, Bioetika üzrə AMEA-nın İnsan Hüquqları İnstitutunda doktorantura və dissertanturanın fəaliyyətə başlamasını yüksək dəyərləndirən qonaq alimlərin bu sahədə elmi araşdırmalar aparmasından məmnunluğunu nəzərə çatdırıb. YUNESKO-nun baş direktor müavini regionda Bioetikanın inkişafı baxımından ilk təşəbbüsün Azərbaycanda göstərildiyini vurğulayıb, Azərbaycan Televiziyasında yeni açılmış Bioetikaya dair verilişin əhəmiyyəti haqqında fikirlərini bildirib.

Xanım Pilar Alvares-Laso sessiya zamanı akademiklər Urxan Ələkbərov, Adilə Namazova və professor Vüqar Məmmədovun  "Regionda yeni etik çağırışlar" mövzusundakı çıxışlarından bəhs edib. Qonaq nəzərə çatdırıb ki, Azərbaycanda yalnız tibb işçiləri üçün Bioetika üzrə kafedralararası kursun tədrisi aşağı kurslardan aparılsa da, bu, YUNESKO-nun tövsiyə etdiyi tədris proqramlarına uyğun deyil. YUNESKO-nun baş direktor müavini digər ali təhsil müəssisələrində və orta məktəblərdə, xüsusilə sosial-humanitar elmi ixtisaslar üzrə Bioetikanın tədris olunmasının zəruriliyinə toxunub, AMEA-nın İnsan Hüquqları İnstitutunda Bioetika üzrə YUNESKO-nun baza tədris proqramının Azərbaycan dilinə tərcümə olunmasını təqdirəlayiq hal kimi səciyyələndirib.

Son zamanlar İnsan Hüquqları İnstitutunun rəhbərliyi və müvafiq sahə ilə məşğul olan əməkdaşları ilə Azərbaycanda Bioetikanın tədrisinin təşkili məsələləri barədə dəfələrlə müzakirələrin aparıldığını nəzərə çatdıran Misir Mərdanov Bioetikanın Azərbaycan təhsilində geniş yer almasında Təhsil Nazirliyinin maraqlı olduğunu bildirib. Nazir qeyd edib ki, Bioetikanın tibbi və sosial-humanitar elmlərin tədrisində mühüm əhəmiyyətini nəzərə alaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsində Bioetika və Tibbi Hüquq kafedrasının yaradılması nəzərdə tutulur. Təhsil naziri gələcəkdə bu ixtisas üzrə magistratura pilləsinin açılmasının mümkünlüyünü vurğulayıb, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Xanım Pilar Alvares-Laso bu istiqamətdə olan bütün təşəbbüsləri dəstəkləyəcəklərini, AMEA-nın İnsan Hüquqları İnstitutunun dəstəyi ilə YUNESKO-nun Bioetika kafedrasının ekspertləri tərəfindən Bakıda Bioetika kursunu tədris edəcək müəllimlər üçün ilin sonunadək treninq-seminarlar keçiriləcəyini nəzərə çatdırıb. Həmin seminarlara qonşu ölkələrin ali və orta məktəb müəllimlərinin də dəvət oluna biləcəyini söyləyən qonaq Bakı Dövlət Universitetinin hüquq fakültəsində açılacaq yeni kafedraya YUNESKO-nun kafedrası statusu verilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Daha sonra görüşdə əlil uşaqların təhsili problemləri, de-institutonalizasiya problemləri üzrə aparılan işlər, online təhsil məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 2011-ci ilin "Kimya ili" elan olunduğu nəzərə alınaraq ali və orta təhsil müəssisələrində YUNESKO ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə tədbirlər planı müzakirə olunub.

  

 

 Azərbaycan müəllimi.- 2011.- 10 iyun.- S.3.