Təbiətşünaslıq
dərslərində inteqrasiya
Məktəblərdə
təbiətin, onun sərvətlərinin öyrənilməsi
ibtidai siniflərdən başlanır. Təbiətşünaslıq
fənnini tədris edərkən mən ancaq qanun və
anlayışları şagirdlərə öyrətməklə
kifayətlənmirəm, onların diqqətini fənlər
arasında olan əlaqəyə, ekoloji məsələlərə
cəlb etməyə çalışıram. Çünki
şagirdlərin möhkəm və keyfiyyətli biliyə
malik olmalarında fənlərarası əlaqə
böyük rol oynayır.
Təbiətdən
kənar elm yoxdur, bütün fənlər təbiətlə
əlaqədardır. Ümumiyyətlə, təbiətşünaslığın
tədrisində inteqrasiya (fənlərarası əlaqə)
yaratmaq o qədər də asan deyil. Bu əlaqə ya
keçilən mövzu ilə eyni vaxtda, ya da əvvəlcədən
yaranmalıdır. Təbiətşünaslıq fənni
şagirdə ilk anlayışları verir, hələ
şagirdin təsəvvür etmədiyi fənlərə ilk
yolu, cığırı açır. Ona görə də
bu bizim işimizdə olduqca diqqətli
və səbrli olmağı tələb edir. Yeni bir
anlayışla tanış olan şagirdin hər sualına səbrlə
yanaşmaq lazım gəlir.
Təbiətşünaslıq
əsasən fizika, biologiya, kimya, coğrafiya elmləri ilə
daha çıx əlaqədardır, lakin riyaziyyat, ədəbiyyat, əmək, rəsm kimi fənlərdən
də yan keçmək olmur. Odur ki, çalışıram
keçdiyim mövzudan asılı olaraq dərsin gedişində
fənlərarası əlaqə yaradım.
"Yer
və Günəş sistemi" mövzusunu keçərkən
fizika, coğrafiya fənləri ilə sıx əlaqə
yaradıram. Astronomiya ilə bağlı Yerin, Günəşin
forması, ölçüləri, ulduzlar, bürclər
haqqında ilk anlayışları mənimsədirəm. "Materiklər"
mövzusunda şagirdlər gələcəkdə tədris
olunacaq coğrafiya fənni ilə tanış olurlar. "Havanın
tərkibi, xassələri" mövzusunda ekologiya (havanın
mühafizəsi), biologiya (havanın rolu), kimya (tərkibi),
fizika (sıxılması, elastikliyi) fənlərinə aid
bilikləri məişətdə baş verən, şagirdlərin
hər gün rast gəldiyi hadisələrlə əlaqələndirməyə
çalışıram.
"Külək,
küləyin təbiətdə
gördüyü işlər" mövzusunda fizika (külək
enerjisindən istifadə, elektrostansiyalar), coğrafiya
(buludların əmələ gəlməsi,
yağıntıların tənzim edilməsi) fənləri,
"Su-həlledicidir" mövzusunda bir neçə fənlə
əlaqə yaradıram: fizika - suyun 3 halı, kimya - maddə
hissəcikləri, həlledici, həll olan və həll
olmayan maddələr haqqında ilk məlumatlar, faizlə
qatılıq anlayışı, riyazi hesablamalara əsaslanmaqla
- məhlul hazırlama qaydası.
"Dağ
süxurları" mövzusunda coğrafiya fənni ilə əlaqə
yaradılır: faydalı qazıntıların müəyyən
işarələri, xəritə ilə iş qaydası, əraziləri
xəritədə göstərmək və s. haqqında ilkin
məlumatlar verilir.
Ədəbiyyat
fənni ilə əlaqədar yeni terminləri yazı
taxtasına yazaraq yazılış qaydası ilə
tanışlıq aparılır. Əmək dərsində
sinifdə "Küləyin gücü" mövzusuna aid
fırlanğıcın modeli düzəldilir və s.
Təbiətşünaslıq
həyatla, təbiətlə əlaqədar olduğu
üçün otaq ağac bitkiləri, açıq havada
kol üzərində müşahidə aparmağı, onlara
qulluq qaydalarını öyrədirəm.
Təbiətşünaslığın
təbiətlə bağlı olan elmlərin əlifbası
olduğunu nəzərə alaraq, ilk elementar
anlayışların şagirdin yaddaşına nə dərəcədə
həkk olunacağına məsuliyyət
daşıdığımız üçün gərək
biz öz işimizdən səmərəli istifadə edək.
Rəfiqə MƏMMƏDOVA
Azərbaycan müəllimi.- 2011.-
4 mart.- S.24.