"Həmkara dəstək"
proqramı çərçivəsində
təlimlər keçirilir
Azərbaycanda "Həmkara dəstək"
proqramı çərçivəsində müəllimlər
üçün 1-5 mart tarixlərində beynəlxalq ekspert
Les Foltos tərəfindən təlimlər keçirilir.
"Mədəd" təşkilatının
icraçı direktoru Elbrus Zərbaliyevdən
aldığımız məlumata görə, Les Foltos "Həmkara dəstək"
proqramının müəllifi olduğundan təlimlərin
yüksək səviyyədə keçirilməsi gözlənilir.
Microsoft
korporasiyasının təşəbbüsü olan,
dünyanın bir sıra ölkəsində təbliğ edilən
və müəllimlər üçün nəzərdə
tutulmuş "Həmkara dəstək" proqramı Azərbaycanda
"Mədəd" və "Microsoft Azərbaycan" təşkilatlarının
təşəbbüsü və maliyyə dəstəyi ilə
həyata keçirilir.
E.Zərbaliyev
qeyd etdi ki, ölkəmizin bu proqramda iştirakı "Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı (2008-2012-ci illər)"na uyğun olaraq Təhsil
Nazirliyinin "Microsoft Azərbaycan" ilə
imzalanmış "Təhsildə əməkdaşlıq"
Anlaşma Memorandumu çərçivəsində
başlanmışdır. Artıq "Həmkara dəstək"
proqramının tədris materialları Azərbaycan dilinə
tərcümə edilmiş və layihədə iştirak etmək
üçün seçilmiş müəllimlərə
hazırlıq üçün paylanmışdır.
"Həmkara
dəstək" proqramı məktəblərdə fəal
müəllimlərin təlimçi rolunun yerinə yetirilməsinə
və həmkarlarına dəstək
göstərməsi məqsədi ilə yeni bilik və
bacarıqlarının daha da təkmilləşdirilməsinə
yönəlmişdir. Proqram çərçivəsində fəaliyyət
göstərən təlimçi-müəllimlər məktəblərdə
çalışan digər müəllimlərə informasiya
və kommunikasiya texnologiyalarının tədrisdə istifadəsi
üzrə praktiki məsləhətlər verəcəkdir. Hər
bir məktəbdə belə təlimçi-müəllimin
olması pedaqoji heyətə tədrisdə İKT-nin istifadəsini
asanlaşdıracaqdır. Təlimçi-müəllimlərin
seçimi zamanı təhsil müəssisələrində
fəaliyyət göstərən metodistlərə üstünlük
veriləcəkdir. Belə ki, metodistlərin həm tədris
etdikləri fənn üzrə, həm də informasiya
texnologiyalarının tədrisdə istifadəsi üzrə
praktik məsləhətləri tədrisin keyfiyyətinin
artmasına səbəb olacaqdır.
Proqramda
iştirak etmək üçün informasiya-kommunikasiya
texnologiyalarını tədrisdə daha effektiv tətbiq edən
metodist-müəllimlər və təcrübəli müəllimlər
cəlb olunmuşdur.
Azərbaycan müəllimi.- 2011.-
4 mart.- S.24.