"Hərəkət tərkibinin avtomatik əyləcləri"

  

Bu günlərdə gələcək dəmiryolçular üçün yeni dərs vəsaiti - "Hərəkət tərkibinin avtomatik əyləcləri" işıq üzü görüb. Kitabın müəllifləri Azərbaycan Texniki Universitetinin professoru, texnika elmləri doktoru Səyavuş Bağırov və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, respublikanın əməkdar mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Qurban Nəzirovdur.

İlk öncə qeyd edək ki, kitab ali təhsilin bakalavr pilləsi üçün nəzərdə tutulub.

Dərsliyin elmi redaktoru texnika elmləri doktoru, professor Havar Məmmədov, rəyçilər "Azərbaycan Dəmir Yolları" QSC Yük daşımaları Departamentinin lokomotiv şöbəsinin rəisi A. Qasımov və  texnika elmləri doktoru, professor H.Əhmədovdur.

Dərslikdə hərəkət tərkibinin  təhlükəsizliyini təmin edən  əyləclərin təsnifatı, onların avadanlıqlarının konstruktiv xüsusiyyətləri, iş prinsipləri, əyləc sistemlərinin kompressor aqreqatları, təzyiq tənzimləyiciləri, idarəetmə sistemləri və havapaylayıcılar şərh edilmişdir.  Kitabdakı zəngin materiallar imkan verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müxtəlif xidmət sahələrinin mütəxəssisləri və dəmiryolu nəqliyyatı ixtisası üzrə təhsil alan tələbələr ondan dərs vəsaiti kimi dolğun istifadə edə bilsin.

Eyni zamanda dərslikdə əyləc avadanlıqlarının konstruktiv rəngli görüntüləri tələbələrə  bu avadanlıqların iş prinsipini daha asan dərk etmək imkanı yaradır. Qeyd edək ki, hərəkət tərkibinin normal istismarı üçün əyləc sisteminin keyfiyyətli təmirini və xidmətini yerinə yetirən yüksək səviyyədə ixtisaslaşmış mütəxəssislərə böyük ehtiyac var.

 "Elm və təhsil" nəşriyyatında nəfis tərtibatla çap olunan kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06 iyul 2010-cu il tarixli 1005 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.

 

 

Vasif SÜLEYMAN

 

Azərbaycan müəllimi.- 2011.- 4 mart.- S.23.