Lund Universiteti
Yerləşir:
İsveç
Krallığı, Skaniya əyaləti, Lund şəhəri
Yaranma tarixi: 1666-cı il
Tipi:
Dövlət
İllik gəlirləri: 6191573000 İsveç kronu (SEK)
İllik xərcləri: 5744245000 İsveç kronu
İşçi heyətinin sayı: 6000 nəfər
Tələbələrin ümumi sayı: 46000 nəfər
Rəsmi saytı: www.lunduniversity.lu.se
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu
ildə apardığı dünya universitetlərinin reytinqinə
əsasən, Lund Universiteti London İqtisadiyyat və Siyasi
Elmlər Məktəbi ilə birgə 100 ən yaxşı ali məktəb arasında 67-ci yerdə olub.
"Times Higher Education World University Rankings"in 2010-cu il
üzrə dünyanın ən nüfuzlu universitetləri
arasında apardığı araşdırmaya əsasən,
bu ali təhsil müəssisəsi 89-cu, "QS World University
Rankings"in açıqlamasına görə isə 72-ci
yerdə qərarlaşıb.
Tarixi
Lund tarixən
təhsil və dini şəhər olub. Burada yerləşən
qədim kilsə məktəbi 1085-ci ildə yaradılıb və
hazırda İsveçin və Skandinaviyanın ən qədim
ali təhsil ocaqlarındandır. Orta əsrlərdə fəaliyyət
göstərən universitetlər Studium Generale
adlandırılırdı. Belə universitetlərdən biri
də 1425-ci ildə
1658-ci il Danimarka-Norveç və İsveç
Krallığı arasında bağlanmış Roskill
müqaviləsindən sonra Skaniya torpaqları Danimarkanın tərkibindən
çıxaraq İsveçin mülkiyyətinə
keçir. Tezliklə 1666-cı ildə İsveç
Krallığı Lund şəhərində universitet
yaradır. Bu universitet İsveç
Krallığının rəhbərliyi altında olan
beşinci universitet idi (Uppsala Universiteti - 1477, Tartu
Universiteti-1632, Abo Universiteti-1640, Qraysvald-1456).
Yeni yaradılmış universitet İsveç kralı
X Karl Qustavın şərəfinə Karolina Akademiyası
adlandırılır. Universitetdə 4 fakültə - hüquq, ilahiyyat, tibb və
fəlsəfə fakültələri fəaliyyətə
başlayır. Bu sistem ali məktəbdə 200 il davam edir. Fəaliyyətinin
ilk vaxtlarında universitetdə 100-ə yaxın tələbə
oxuyur, burada Samuil Pufendorf, Kanutus Han və Kristian Papk kimi dahi
filosoflar çalışır. 1676-1682-ci illəri əhatə
edən Skaniya müharibəsi ali məktəbdə dərslərin
dayandırılmasına səbəb olur. Karolina
Akademiyası müharibədən sonra fəaliyyətə
başlasa da, o qədər də böyük statusa malik olmur,
mühazirələr zəif olur, müəllimlərin əməkhaqqı
ödənilmir və s.
1713-cü ildə İsveç kralı XII Karl Lund şəhərinə
daxil olur və buranı özünün daimi iqamətgahı
seçir. O,
müharibə ekspedisiyaları zamanı bu şəhərdə
üç il qalır. Məhz bu səbəbdən həmin
dövrlərdə Lund şəhəri diqqət mərkəzində
olur. Universitetin nüfuzunun artmasının digər bir səbəbi də dahi alim Andreas Rideliusun bu
akademiyada çalışması idi. 1718-ci ildə XII
Karlın ölümündən sonra, nəhayət, sülh bərqərar
olur və XVIII əsrdə universitetin inkişafı
üçün vəsait toplanır. Tezliklə tələbələrin
sayı 500 nəfərədək çoxalır. 1760-cı
ildə universitet qazandığı nüfuzunu itirir, tələbələrinin
sayı xeyli azalır. Universitet 1780-ci ildə filologiya sahəsi
üzrə çalışan müəllimlərin,
xüsusilə məşhur İsveç
yazıçısı, yunan dili üzrə professor İsayya
Teqnerin səyi nəticəsində yenidən əvvəlki
nüfuzunu bərpa edir. O, bir çox şəxslərin
universitetə cəlb olunmasına səbəb olur. Onlardan biri
qədim dilləri öyrənən və sonradan yunan dili
üzrə professor olan gənc seminariya tələbəsi
Brunius olur. Brunius sonradan memarlıqla məşğul
olur və
XIX əsrdən Karolina Akademiyası Lund Universiteti
adlandırılır. Bu ali məktəbə qəbul olunan ilk qız tələbə
1880-ci ildə tibb fakültəsinə daxil olmuş Hedda
Anderssondur. Hilma Borelius isə universitetin doktorantura pilləsini
bitirmiş ilk qız tələbədir (1910). Universitetdə professor təyin edilən
ilk qadın tarixçi Birgitta Odendir (1965). 1992-ci ildə biznes
hüququ üzrə professor Boel Flodqren ali məktəbin
rektoru təyin edilir. O, həmin vaxta qədər Avropa
universitetlərinə rəhbərlik edən ilk
qadındır.
Büdcəsi və təhsil
haqqı
2009-2010-cu tədris ilində Lund Universitetinin illik gəlirləri
6191573000 İsveç kronu olub. Həmin məbləğin 3540840000
kronu təsisatlar, 1997354000 kronu müxtəlif qrantlar, 629142000
kronu təhsil haqqı, qalanları isə digər gəlirlər
hesabına əldə olunub. Universitetin xərcləri isə
həmin ildə 5744245000 İsveç kronu olub. Bu vəsaitin 3403869500-ni əməkdaşların əməkhaqqı,
1274058000-ni əməliyyat, 827287000-ni tikinti və təmir xərcləri,
qalanlarını isə digər məsrəflər təşkil
edib.
Lund Universitetində yerli və Avropa
Birliyi, eləcə də Avropa iqtisadi məkanı ölkələrini
təmsil edən tələbələr ödənişsiz təhsil
alır. Əcnəbi
tələbələr isə təhsil haqqı ödəməlidirlər.
Bakalavr pilləsində onların təhsil haqqı ildə
90000 İsveç kronu (9500 avro) təşkil edir. Təhsil
haqqı İsveç kronu ilə ödənilməlidir. Tələbə
qeydiyyatdan keçmək üçün 900 İsveç
kronu (100 avro) verir. Universitetin magistratura və
doktorantura pillələrində təhsil haqqı tələbənin
seçdiyi proqrama görə fərqlənir.
Lund Universitetinin
təqaüd proqramı Avropa Birliyi və Avropa iqtisadi məkanından
kənar ölkələri təmsil edən tələbələr
üçün nəzərdə tutulub. Təqaüd təhsil
haqqının 25-100% dəyərinə qədər müəyyənləşib.
Erasmus Mundus proqramı çərçivəsində
təhsil alanlar üçün xüsusi təqaüdlər
mövcuddur.
İsveçdə yaşamaq insanlara baha başa gəlir,
lakin aylıq büdcəsi 7800 İsveç kronu (təxminən
1140 dollar və ya 866 avro) təşkil edən tələbə
bu ölkədə yaşaya bilər. Göstərilən məbləğin
2300 kronu tələbənin aylıq qidalanması, 2500-3300
kronu yataqxana, 400-1000 kronu kitab ləvazimatları, 1500 kronu
şəxsi xərclərə və s. sərf olunur.
Universitet bu gün
Lund
İsveçin cənubunda, Skandinaviyanın Skaniya (və ya
Skone) bölgəsində yerləşir və ölkənin ən
təhlükəsiz, sağlam, zəngin, əksəriyyəti
gənc əhalidən ibarət olan şəhərdir. Lund
Universitetinin tələbələri şəhər əhalisinin
böyük hissəsini təşkil edir. Avropanın qədim
şəhərlərindən biri olan Lund tarixi abidələri,
memarlıq nümunələri, muzeyləri, kilsələri,
eləcə də müasir binaları, parkları, kafe və
restoranları, mağazaları ilə diqqəti cəlb edir.
Şəhərin ən məşhur hissəsi Lundun mərkəzindəki
qədim Lund kilsəsidir. Burada tez-tez mədəni və əyləncəli
tədbirlər, festivallar təşkil olunur. Şəhərdə
ictimai nəqliyyat çox rahat və əlverişlidir, lakin əhali
nəqliyyat vasitəsi kimi daha çox velosipedə
üstünlük verir. Lund və Malma şəhərlərini,
eləcə də digər əraziləri birləşdirən
dəmiryolu stansiyası şəhərin mərkəzində
yerləşir. Qədim ənənələrin müasir və
fəal tələbə həyatı ilə birləşməsi
bu şəhərin həyatını daha da rəngarəng
edir. Lund Universitetinin binaları şəhərin müxtəlif
rayonlarında yerləşir. Ali məktəbin əsas inzibati
hissəsi Lundun mərkəzindədir. Ali məktəbin
inzibati binası 1882-ci ildə memar Helgo Zettervall tərəfindən
inşa edilib.
Helsinqborq, Malma və Ljunqbihed şəhərlərində
də universitetin kampusları mövcuddur. Helsinqborq şəhəri
Lunddan qatarla 40 dəqiqəlik məsafədə, Eresunn
boğazı sahilində yerləşir. Ali məktəbin Xidmət
idarəetməsi, Kommunikasiya tədqiqatları departamentləri,
İctimai Fəaliyyət Məktəbi və Mühəndislik
fakültəsinin filialları bu şəhərdədir.
Burada universitetin 3000-nə yaxın tələbəsi oxuyur.
Malma İsveçin üçüncü böyük şəhəridir
və onu Lund şəhərindən 15 dəqiqəlik qatar
yolu ayırır. Malmada Lund Universitetinin Təsviri incəsənət
və ifaçılıq sənəti fakültəsi,
İsveçin ən nüfuzlu xəstəxanalarından olan
Skone Universitet Hospitalı yerləşir, ali məktəbin
çoxlu sayda əməkdaşı və tələbələri
yaşayır. Ljunqbihed şəhəri Lunddan şimalda 1 saat
Lund
Universiteti 275 təhsil proqramı, 2000-dən çox
xüsusi fənn kursları, ingilis dilində 80 magistr
proqramı, 500 xüsusi fənn kursu təklif edən 7
fakültə və 2 məktəbdən ibarətdir. Eyni
zamanda ali təhsil müəssisəsinin
çoxlu sayda institut və elmi-tədqiqat mərkəzləri
mövcuddur.
Mühəndislik fakültəsi 1961-ci ildə müstəqil
yaradılıb və 1969-cu ildə universitetə birləşdirilib. Fakültə hazırda Lund
Universitetinin tərkibində fəaliyyət göstərən
böyük institutdur (Lund Texnologiya İnstitutu). Ənənəvi
mühəndislik proqramları (mühəndislik-fizika,
elektrotexnika, maşınqayırma, mülki quruculuq,
memarlıq, kimya maşınqayırması) ilə
yanaşı, fakültə yeni sənaye mühəndisliyi və
idarəolunması, yanğın təhlükəsizliyi texnikası,
biokimya mühəndisliyi, hesablama texnikası, ekologiya mühəndisliyi,
topoqrafiya, informasiya texnologiyaları, mühəndislik
riyaziyyatı, nanomühəndislik, sənaye dizaynı, riskin,
texnologiyaların idarəolunması,
sənaye elektrotexnikası və avtomatlaşdırma
proqramları təklif edir. Fakültə lazer fizikası,
biotexnologiya, nanotexnologiya və s. proqramların tədrisi
üzrə dünya lideridir. Fakültə İsveçin ilk
tədqiqat mərkəzi "İdeon", beynəlxalq
"Alfa Laval", "Ericsson", "Gambro", "Tetra
Pak" şirkətləri ilə əməkdaşlıq
edir.
Dəqiq elmlər fakültəsi 8 bölmədən -
Astronomiya və nəzəri fizika, Biologiya, Kimya, Fizika,
Radiasiya fizikası, Riyaziyyat elmləri mərkəzi, Ekologiya və
iqlim tədqiqatları mərkəzi, Yer və ekosistem elmləri
departamentlərindən ibarətdir. Fakültə Sokrat, TEMPUS,
Avropa Birliyi-Kanada, Avropa Birliyi-ABŞ tələbə
mübadiləsi proqramlarında iştirak edir, Nordplus
proqramı çərçivəsində Kopenhagen Universiteti
ilə ikitərəfli razılaşma əldə edib.
Tibb fakültəsi universitet yarandığı
gündən fəaliyyət göstərir və Avropanın
aparıcı tibb məktəbidir. Tibb fakültəsinə Lund və
Malma şəhərlərində fəaliyyət göstərən
6 bölmə - Eksperimental tibbi elmlər, Sağlamlıq elmləri,
Kliniki elmlər, Lund, Malma Laborator tibb departamentləri aiddir. Hər
bir departament, öz növbəsində, bir neçə
bölməyə ayrılır. Fakültə əsas
eksperimental və tətbiqi elmlərdən başlayaraq kliniki
təcrübə, tibbin bütün sahələrini əhatə
edir və Avropanın ən nüfuzlu tibb məktəblərindən
biridir.
İctimai elmlər
fakültəsi
Humanitar elmlər və
ilahiyyat fakültəsində ingilis və digər dillərdə
bir çox kurs və proqramlar təklif olunur. Fakültənin
Dil və ədəbiyyat, İlahiyyat və
dinşünaslıq, Arxeologiya və qədim tarix,
Kulturologiya, Kommunikasiya və media, Fəlsəfə departamentləri
mövcuddur.
Hüquq fakültəsi Lund Universitetinin
yarandığı gündən fəaliyyət göstərir. Fakültənin təhsili tədqiqatlara
əsaslanıb. Fakültə dünyanın bir çox
universitetləri ilə əməkdaşlıq edir və
burada tələbə mübadiləsi proqramı çərçivəsində
tələbələr qəbul olunur. Hüquq fakültəsinin
binaları Lund şəhərinin tarixi mərkəzində
yerləşir. Fakültənin kitabxanası
Skandinaviyanın bu sahə üzrə ən böyük
kitabxanasıdır.
Təsviri incəsənət
və ifaçılıq sənəti fakültəsi Malma şəhərində
yerləşir. Malma Musiqi, Rəssamlıq, Teatr akademiyaları bu
fakültənin nəzdində fəaliyyət göstərir.
Akademiyalar xüsusi profilə malik olsalar da, Təsviri incəsənət
və ifaçılıq fakültəsi ilə sıx əməkdaşlıq
edirlər. Fakültədə mütəmadi olaraq sərgilər,
konsertlər, tədbirlər və s. təşkil olunur.
İqtisadiyyat və İdarəetmə
Məktəbinin
yaranma tarixi 1750-ci ilə təsadüf edir və məktəbin
8 fakültəsindən biridir. Məktəb daxilində Menecment,
İqtisadiyyat, İqtisadiyyatın tarixi, Biznes hüququ,
İnformasiya sistemləri, Statistika departamentləri, Siyasət,
İqtisadi Tədqiqatlar institutları, İqtisadi demoqrafiya,
Aqrosənaye İqtisadiyyatı mərkəzləri fəaliyyət
göstərir.
Aviasiya Məktəbi bu sahə üzrə
dünyada az sayda ali təhsil
ocaqlarından biridir. Lund Aviasiya Məktəbi təlimatçılarının
əsas məqsədi tələbələri yüksək səviyyəli
uçuşlar həyata keçirmək, bu məqsədlə
ən yeni metodları tətbiq etməyi öyrətməkdir.
Bu məramı həyata keçirmək üçün məktəb
unikal imkanlara malikdir. Məktəbdə uçuş layihələri
üzrə ən yeni tədqiqatlar və işləmələr
həyata keçirilir. Aviasiya Məktəbinin bir çox təlimatçıları
müxtəlif özəl aviaşirkətlərdə
uçuş ekipajı kimi çalışırlar. Məktəb
maraqlı olan bütün tərəflərlə əlaqələr
qurur. Burada aviasiyada insan faktorları və
uçuşların təhlükəsizliyi üzrə Tədqiqat
və inkişaf (R&D) proqramı mövcuddur. 2006-cı
ildən məktəbdə İnsan faktoru magistr proqramı tədris
olunur.
Lund Universitetinin əsas tədris və tədqiqat mərkəzlərindən
biri də Helsinqborq kampusudur. Kampusda tələbə, müəllim,
tədqiqatçı və təşkilatlar üçün
geniş imkanlar yaradan iclas və tədbirlərin təşkili
ənənəsi mövcuddur. Helsinqborq kampusunda
təkcə İsveçdə deyil, bütün Avropada unikal
olan tədris proqramları və müstəqil kurslar təklif
edilir, regional inkişaf layihələri
həyata keçirilir.
Lund Universitetinin kitabxanası 1666-cı ildən fəaliyyət
göstərir və İsveçin ən qədim, eləcə
də böyük tədqiqat kitabxanalarından biridir. İldə 620000-dən
çox istifadəçiyə xidmət edən kitabxana
informasiya resurslarının qorunması və saxlanması,
effektiv emalı, yayılmasında önəmli rola malikdir.
Burada 2000-dən çox yaşı olan, müxtəlif dillərdə
çap edilmiş, bütün sahələri əhatə edən
materiallar qorunur. Ali məktəbin kitabxana sisteminə Lund,
Helsinqborq, Malma və Ljunqbihed şəhərlərində
yerləşən 33 sahə kitabxanası aiddir. Universitetin
kitabxana sisteminin elektron resurslarına 15000 elektron jurnal, minlərlə
elektron kitab, lüğət, ensiklopediya, 500 verilənlər
bazası və s. daxildir. Elektron resurslar Lund Universiteti
kitabxanasının Baş Ofisi tərəfindən idarə
edilir. Kitabxana elmi informasiya resurslarına azad və ödənişsiz
onlayn girişi təmin edir, tələbə
dissertasiyalarının elektron nəşri üçün
müxtəlif xidmətlər təklif edir. Universitetin tədqiqatçılarına
elmi işlərini oxucular tərəfindən rahatlıqla əldə
edilən jurnallarda dərc etdirmək
tövsiyə olunur.
Lund Universitetinin vitse-kansleri professor
Per Erikson, pro-vitse-kansleri isə xanım Eva Akessondur. Ali məktəbdə
ümumilikdə 6000-ə yaxın əməkdaş
çalışır. İşçilərin
1360 nəfərini professor-müəllim, qalanlarını isə
inzibati heyət təşkil edir.
Ali məktəbin tələbələrinin
ümumi sayı 46000-ə qədərdir. Tələbələrin
28000-i əyani, qalanları isə qiyabi təhsil alanlardır.
Universitetdə 2800-dən çox doktorant tədqiqat
aparır. Lund Universiteti dünyanın 50 ölkəsində
yerləşən 680 ali təhsil müəssisəsi ilə əməkdaşlıq
edir. Universitetdə 3000-dən çox əcnəbi,
tələbə mübadiləsi proqramı çərçivəsində
isə 2000 tələbə
oxuyur.
"2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
Lund Universitetinin magistratura pilləsində Səidə
İmdad qızı Ocaqverdiyeva maliyyə ixtisası üzrə
təhsil alır. 2010-2011-ci tədris ilində həmin proqram çərçivəsində
üç azərbaycanlı gənc - İlkin Samir oğlu Məmmədli
Avropa münasibətləri, Abdulla Elmar oğlu Əlixanov
iqtisadiyyat və idarəetmə, Ayxan Ənvər oğlu
Mustafayev isə qlobal elmlər ixtisasları üzrə Lund
Universitetinin magistratura pilləsinə
qəbul olunublar.
Lund
Universiteti yüz illərdir ki, özündə Avropa ənənələrini
qoruyan və dinamik inkişaf edən qədim ali
təhsil ocağıdır. Ali məktəb İsveçin və
Skandinaviyanın ən güclü elmi-tədqiqat universitetlərindən
biridir. Universitet yüksək səviyyəli
ixtisaslaşmış müəllimlərə, təhsilin əhəmiyyətini
anlayan, məntiqli düşünmə və
yaradıcılıq qabiliyyəti olan tələbələrə
malikdir. Bu gün Lund Universiteti belə bir münbit mühitdə
fəaliyyət göstərir və inamla sabaha
addımlayır.
Universitetin məşhur məzunları
Tage
Erlander İsveçin sabiq baş
naziri
İnqvar Karlsson İsveçin sabiq baş naziri
Maykl Treskou "Ericsson" şirkətinin sabiq rəhbəri
Manne Sieqbahn fizika üzrə
Nobel mükafatı laureatı
Bertil Olin iqtisadiyyat üzrə
Nobel mükafatı laureatı
Sune Berqstrem tibb üzrə
Nobel mükafatı laureatı
Ervid Karlsson tibb üzrə Nobel
mükafatı laureatı
Lars Hermander riyaziyyat üzrə
Filds medalı laureatı
Karl Hellmut Herts ultrasəs müayinə
aparatlarının yaradıcılarından
biri
Rune Elmqvist ilk implantlaşdırılmış
kardiostimulyatorun yaradıcısı
Tuve Hasselquist Amerika lüteran
kilsəsinin rəhbəri
Anders Qustav Dalbom etnomoloq
Yakob
Georq Aqard botanik
Nikolay Korneyeviç fon Kreytor rusiyalı politoloq
və jurnalist
Knut Emil Lundmark astronom
İohann Vilhelm Stterştedt
etnomoloq
Pontus Falbek tarixçi-hüquqşünas
Karl Şarlye astronom
Esaias Teqner şair və yepiskop
Knut Viksell iqtisadçı
Yohannes Ridberq fizik
Uolfrid Ekman okeanoqraf
İvar Uikman nevroloq
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.- 4 mart.- S.17.