Aylıq
seminarın növbəti məşğələsi
Fevralın 25-də Qafqaz Universitetində tələbələrin dünyagörüşünün genişləndirilməsi, dünyada və ölkədə baş verən ictimai, siyasi, mədəni hadisələrlə onların dərindən tanışlığı məqsədi ilə təşkil olunan aylıq seminarın növbəti məşğələsi keçirilib. Tanınmış ictimai xadimlərin, dövlət və hökumət rəsmilərinin, elm, təhsil, incəsənət sahəsində çalışan mütəxəssislərin və iş adamlarının məruzəçi qismində dəvət olunduqları seminarın budəfəki qonağı Azercell Telekom MMC-nin prezidenti Əli Ağan olub.
Seminarın aparıcısı öncə
mövzu barədə məlumat verərək qonağın həyat
yolu ilə iştirakçıları tanış edib. Sonra Qafqaz Universitetinin rektoru, professor
Ahmet Saniç giriş sözu söyləyib. Azercell Telekom
MMC prezidentini salamlayan rektor tanınmış iş
adamını rəhbərlik etdiyi ali məktəbdə
görməsindən məmnunluq duyduğunu bildirib və dəvəti
qəbul edərək gəldiyi üçün ona minnətdarlıq
edib.
A.Saniç
universitet-sənaye əməkdaşlığı çərçivəsində
Qafqaz Universiteti ilə Azercell Telekom şirkəti arasında
sıx əməkdaşlıq əlaqələrinin mövcud
olduğunu bildirib. Qeyd edib ki, hazırda bu əməkdaşlıq
bir neçə istiqaməti əhatə edir. Belə ki,
Azercell Telekom şirkətinin təşəbbüsü və
birbaşa iştirakı ilə Qafqaz Universitetində yeni nəsil
şəbəkələr adlı fənn tədris olunur.
4-cü kurs üçün nəzərdə tutulan həmin
fənn üzrə dərslərdə tələbələrə
ən son texnologiyalara aid zəruri biliklər verilir.
İkinci
bir layihə yeni nəsil şəbəkələr üzrə
tələbələrin praktik təcrübə keçmələri
məqsədi ilə Azercell Telekom şirkəti tərəfindən
Qafqaz Universitetində yeni laboratoriyanın
açılmasının planlaşdırılmasıdır.
O, yaxın zamanda gerçəkləşdiriləcək.
Digər
bir layihə çərçivəsində Qafqaz
Universitetinin 10 tələbəsi Azercell Telekomun təşəbbüsü
ilə yaradılmış "Barama" layihəsində
iştirak edib, iqtisadi-analitik tədqiqat
işi aparıb.
Rektor
bildirib ki, Azercell şirkəti habelə Qafqaz Universitetinin təşəbbüsü,
təşkilatçılığı və
iştirakları ilə keçirilən bir sıra beynəlxalq
konfransların təşkilinə sponsorluq köməyi
göstərib. Gələn il isə
Azercellin köməyi ilə Qafqaz Universitetində "Xəbərləmə-elektronika"
bölməsinin açılması nəzərdə tutulub.
Hazırda şirkətlə bu barədə
danışıqlar aparılır.
A.Saniç
bütün bu layihələrin reallaşmasında Azercell
Telekom MMC-nin prezidenti Əli Ağanın böyük rolu olduğunu
bildirib və ona universitetin professor-tələbə heyəti
adından təşəkkür edib.
Sonra
universitetlə şirkətin əməkdaşlığı
çərçivəsində "Barama" layihəsində
iştirak etmiş 10 tələbəyə Azercell Telekom
şirkətinin sertifikatları təqdim olunub.
Mükafat
alanlardan kompüter mühəndisliyi fakültəsinin
4-cü kurs tələbəsi Zaur Əliyev, beynəlxalq
münasibətlər fakültəsinin 4-cü kurs tələbəsi
Anar Məhərrəmov çıxış edərək
layihənin əhəmiyyətindən danışıb,
aldıqları nəzəri biliklərin tətbiqində,
ümumiyyətlə, tələbələrin mütəxəssis
kimi yetişməsində belə layihələrin mühüm rol
oynadığını bildiriblər.
Sonra
Qafqaz Universiteti ilə Azercell Telekom MMC arasında əməkdaşlıq
sazişi imzalanıb.
Seminarda Əli
Ağan liderlik mövzusunda məruzə
edib.
Məruzəsində
Azercell rəhbəri liderliyi necə başa düşməsi,
lider olmaq üçün nə etmək lazım gəlməsi
barədə fikirlərini söyləyib, karyera yüksəlişi
yollarında özünün çalışmalarından
söz açıb. Təhsildə, peşə fəaliyyətində
lider mövqeyinə qalxa bilmək üçün o, tələbələrə
həmişə doğru işlər görməyə səy
etməyi, qəlblərinin arzusuna qarşı
çıxmamağı, ikinciliyi qəbul etməyib həmişə
birinci olmağa can atmağı, ən əsası isə daim
çalışmağı tövsiyə edib, onları
maraqlandıran sualları cavablandırıb.
Seminarın
sonunda qonağa universitet adından plaket və hədiyyə təqdim
olunub.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
4 mart.- S.8.