Azərbaycan Müəllimlər İnstitutunda ATU-nun əməkdaşları təlim kursu keçirlər

 

Martın 1-də  Azərbaycan Müəllimlər İnstitutunda  Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti üçün "Təhsilin əsasları" fənni bazasında hazırlanan biraylıq təlim kursunun  açılışı oldu. Məlumat üçün bildirək ki, Azərbaycan Müəllimlər İnstitutunun və Azərbaycan Tibb Universitetinin rektorları arasında 2010-2011-ci və 2011-2012-ci tədris illərində Tibb Universitetinin əməkdaşları üçün  "Təhsilin əsasları" və yeni təlim texnologiyalarının tətbiqi" mövzusunda ixtisasartırma  təhsilinin təşkilinə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, iki il müddətində AMİ-nin əməkdaşları tərəfindən aparılacaq təlim kursunda ATU-nun professor-müəllim heyəti  pedaqoji, psixoloji və metodik məsələlər haqqında məlumatlandırılmaqla bərabər, "Təhsilin əsasları" fənnini də  öyrənəcək,  təhsil fəlsəfəsi və təlim prosesi, cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı, təhsil sahəsində dövlət siyasəti, təhsilin məzmunu və təlimin təşkilinin elmi-nəzəri əsasları, təhsilin elmi-nəzəri əsasları mövzularında  dərslər keçəcəklər. Kursu müvəffəqiyyətlə bitirən müdavimlərə sertifikatlar təqdim olunacaq.

Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsil üzrə prorektoru, kursun rəhbəri  Rahim Əzizov açılışda  çıxış edərək müdavimləri institutun rəhbərliyi adından salamlayaraq onlara uğurlar arzuladı. Son illər Azərbaycan Müəllimlər İnstitutu və Azərbaycan Tibb Universiteti arasında  işgüzar əməkdaşlığın yarandığını deyən Rahim müəllim  görülən işlərin Azərbaycan təhsilinin inkişafına, kadrların biliyinin artırılmasına,  peşəkarlıq səviyyəsinin yüksəldilməsinə  xidmət etdiyini söylədi. Prorektor  ali təhsil ocağında təlim kursunun aparılması üçün hər cür şəraitin yaradıldığını, ixtisasartırma təhsilinin yüksək elmi-metodik səviyyədə təşkilinin təmin edilməsi üçün müəyyən işlərin görüldüyünü  deyərək məşğələlər zamanı  müasir təlim üsullarından, həmçinin  tədris prosesində İKT-dən istifadə olunacağını bildirdi. O, ilk dəfə olaraq belə bir təlim kursunun qeyri-pedaqoji ali məktəbin-Azərbaycan Tibb Universitetinin əməkdaşları üçün təşkil olunmasını təqdirəlayiq hesab edərək adıçəkilən ali təhsil ocağının rəhbərliyinin pedaqoji və psixoloji məsələlərin öyrənilməsi ilə bağlı onlarla birgə əməkdaşlıq etməsindən məmnunluq duyduğunu dedi. Təlim kursunun məqsədindən ətraflı söz açan Rahim Əzizov daha sonra onlara dərs deyəcək institutun professor-müəllim heyəti ilə müdavimləri  tanış etdi.

Çıxış edən müdavimlər təlim kursu və burada öyrəniləcək mövzuların onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək yaradılan şərait və imkana görə hər iki ali məktəbin rəhbərliyinə minnətdarlıq etdilər.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2011.- 4 mart.- S.9.