Məktəblilər Mübariz İbrahimovun vətənpərvərliyindən örnək götürürlər

 

Martın 1-də Bakıdakı 298  nömrəli orta məktəbdə Azərbaycanın vətənpərvər oğlu,  Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş tədbir keçirildi.

"Mübariz İbrahimov  - milli fəxrimiz" adlı tədbir şagirdlərin ifasında Dövlət himninin oxunması ilə başladı. Torpaqlarımızın azadlığı uğrunda həlak olanların xatirəsi  bir dəqiqəlik sükutla yad edildi. Dövlət bayrağı səhnəyə gətirildi.

Təhsil ocağının direktoru Şaiqə Hüseynova   vətənpərvərlik mövzusuna həsr olunmuş tədbirin mahiyyəti haqqında iştirakçılara  məlumat verərək şagirdlərin hazırladıqları gecəni açıq elan etdi.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Xatirə Rəhimova Milli Qəhrəman Mübariz İbrahimovun həyat yolundan söz açdı.

Tədbirin  aparıcıları Əfsanə, Ümid və Ləman düşmənlə döyüşdə  igidlik göstərmiş xalqımızın fəxri Mübariz İbrahimovun qəhrəmanlığından danışdılar. Bildirdilər ki, bu gün adı dillər əzbəri olan, haqqında kitablar, şeirlər, mahnılar yazılan, filmlər çəkilən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Şagirdlər Mübariz İbrahimova həsr olunan şeirlər söylədilər, vətənpərvərliyə aid səhnəcik nümayiş etdirdilər.

Çıxış edən qonaqlar da belə tədbirlərin təhsil ocaqlarında keçirilməsini təqdirəlayiq hal   kimi qiymətləndirdilər, gecənin yüksək səviyyədə  hazırlanmasından məmnun qaldıqlarını bildirdilər.

Tədbir Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş  filmin nümayişi ilə  başa çatdı.

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2011.- 4 mart.- S.11.