Finlandiyanın təhsil sistemi

 

Finlandiya Respublikası

   

Ərazisi:                                      338,144 min kv.km.  

Əhalisi:                                      5,35 milyon nəfər  

Paytaxtı:                                    Helsinki şəhəri

Dövlət dili:                                 Fin İsveç dilləri 

Pul vahidi:                                 Avro

 

Təhsil sistemi

 

Şimali Avropada, Skandinaviya yarımadasında yerləşən Finlandiya Respublikasının iqtisadiyyatı kifayət qədər inkişaf edib. Ölkədə Ümumi Daxili Məhsulun həcmi 238,4 milyard ABŞ dollarıdır. Adambaşına düşən illik gəlir 44 min ABŞ dollarından çoxdur.

Finlandiyada təhsil sistemi tam şəkildə dövlət tərəfindən maliyyələşdirilir. Praktiki olaraq təhsil siyasəti dövlət və bələdiyyələr tərəfindən həyata keçirilir. Ancaq hər bir məktəb öz işini, təlim-tərbiyə prosesini müstəqil şəkildə planlaşdırmaq hüququna malikdir.

Finlandiyada məktəbəqədər və digər təhsil pillələri Təhsil Nazirliyi, erkən uşaqlıq təhsili (uşağın ümumi inkişafını təmin etmək və onun hərtərəfli yetişməsi üçün əlverişli şərait yaratmaq ) isə Sosial Məsələlər və Səhiyyə Nazirliyi tərəfindən idarə olunur.

Ölkədə tədris rəsmi dövlət dili kimi qəbul edilmiş fin və İsveç dillərində aparılır. Bundan başqa, tədris ancaq İsveç dilində olan məktəblər fəaliyyət göstərir.

Ölkədə tam orta təhsil 12 illikdir. Ölkənin təhsil sistemi 1 illik məktəbəqədər könüllü, 9 illik əsas, 3 illik ümumi və ya peşə təhsilindən ibarət olan orta təhsilin yuxarı pilləsi, universitet və politexnik institutlarda həyata keçirilən ali təhsildən ibarətdir. Onu da qeyd edək ki,  Finlandiyada universitetlərlə yanaşı, müvafiq ixtisaslar verən politexnik institutlarda da ali təhsil almaq mümkündür. Yaşlıların təhsili isə təhsilin bütün pillələri üzrə aparılır.

Finlandiyada daimi yaşayış hüququ olan uşaqların əsas təhsil proqramını tamamlamaq üçün qanundan irəli gələn öhdəlikləri var. Uşaqların təxminən 99,7 faizi ümumi təhsilə cəlb olunur. Əsas təhsilin və orta təhsilin yuxarı pilləsindən ibarət olan ümumi təhsilin əsas prinsipi yaşayış yerindən, dilindən, iqtisadi durumundan asılı olmayaraq hamının təhsil hüququnu təmin etməkdən ibarətdir.

Orta təhsilin yuxarı pilləsində həm ümumi təhsil, həm də peşə təhsili üzrə alınmış sertifikatlar universitet və politexnik təhsil müəssisələrinə daxil olmaq hüququ verir.

Ali təhsil müəssisələrinə qəbul orta təhsil şəhadətnaməsi və ya peşə diplomuna əsasən aparılır. Ali təhsil müəssisələrinin verdiyi diplomlar bir-birindən fərqlidir. Yalnız universitetlər lisensiat (magistratura və doktorantura arasındakı elmi dərəcə) və doktorluq dərəcəsi verir.

Finlandiyada tam muxtariyyət prinsipi ilə işləyən və dövlət tərəfindən maliyyələşdirilən 16 universitet fəaliyyət göstərir. Onlar tədris prosesi ilə bağlı qərar qəbulunda tam müstəqildirlər.

Finlandiya Təhsil Nazirliyinin nəzdindəki 25 politexnik ali təhsil müəssisəsi yerli hökumət tərəfindən və ya özəl əsaslarla idarə olunur. Politexnik müəssisələrinin maliyyələşməsi isə həm dövlət, həm də yerli hökumət tərəfindən həyata keçirilir.

Finlandiyada yaşlıların təhsili bütün pillələr üzrə təmin olunur. Yaşlılar ümumi təhsil və ya peşə ixtisası əldə etmək üçün müvafiq modul əsasında təhsil alırlar.

Ölkədə xüsusi diqqət yetirilən həyatboyu (fasiləsiz) təhsil strategiyası ondan ibarətdir ki, hər kəs istədiyi vaxt müxtəlif təlim mühitində öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün kifayət qədər imkanlara malik olmalıdır. Həyatboyu təhsilin fasiləsizliyi dövlət səviyyəsində təmin edilir və hökumət tərəfindən maliyyələşir.

Təhsilin məzmunu, qiymətləndirilməsi, onun standartlarının hazırlanması məqsədilə Finlandiyada xüsusi komissiya fəaliyyət göstərir. Bu komissiya Təhsil Nazirliyinin büdcəsindən maliyyələşməsinə və sifarişini yerinə yetirməsinə baxmayaraq tam müstəqildir.

Finlandiyada orta ümumtəhsil məktəbləri, gimnaziya və peşə liseyləri zəngin maddi-texniki bazaya malikdir. Tədris prosesində kompüter texnologiyasından geniş istifadə olunur. Məktəblərin büdcə layihəsi pedaqoji kollektiv tərəfindən hazırlanır və müvafiq departamentdə təsdiq olunduqdan sonra reallaşdırılır. Tədris ocaqlarına dövlət büdcəsindən ayrılmış vəsaitdən əlavə, bələdiyyə, hamilər şurası və sponsorlar tərəfindən də maliyyə yardımı verilir. Məktəblər büdcədənkənar qazanclarından gəlir vergisi ödəmirlər. Eyni zamanda, məktəblərə maddi yardım göstərən müəssisələrə də müəyyən vergi güzəştləri edilir.

Finlandiyanın təhsil və elm strategiyası keyfiyyət, səmərəlilik, bərabərlik və beynəlmiləlçilik prinsiplərinə əsaslanır. Təhsilin inkişafındakı mövcud prioritetlər təhsilin səviyyəsini yüksəltmək, əhali və işçi qüvvələri arasında rəqabətliliyi artırmaq, uşaqların və gənclərin təhsildən yayınmasının qarşısını almaq, yaşlıların təlim imkanlarını genişləndirməkdən ibarətdir.

BMT-nin 2008-ci il üzrə müəyyənləşdirdiyi İnsan İnkişafı İndeksində Finlandiya Təhsil İndeksi siyahısında 0,993 balla qiymətləndirilib. Bu göstərici ilə Finlandiya təhsil sahəsində dünyanın ən öncül ölkələri olan Danimarka, Avstraliya və Yeni Zelandiya ilə birlikdə birinci yeri bölüşür.

 

Təhsilin idarə olunması

 

Təhsil və Mədəniyyət Nazirliyi Finlandiyanın ilk fəaliyyətə başlamış dövlət qurumlarından biridir. 1809-cu ildə Böyük Hersoqluq dövründə bu nazirlik Kilsə şöbəsi kimi fəaliyyət göstərib. Finlandiya müstəqillik qazandıqdan sonra bu qurum Kilsə və təhsil məsələləri şöbəsi adlandırılıb, 1918-ci ildə isə Kilsə və Təhsil Məsələləri Nazirliyinə çevrilib.

Təhsil Mədəniyyət Nazirliyi təhsil, elm, mədəniyyət, idman və gənclər siyasəti üzrə strategiyanın hazırlanmasına, bu sahələr üzrə əməkdaşlığın qurulmasına cavabdehdir. Maraqlıdır ki, bu ölkədə bir nazirliyə iki nazir rəhbərlik edir: təhsil və mədəniyyət nazirləri. Təhsil naziri təhsil, elm və tədqiqat məsələlərinə, mədəniyyət naziri isə mədəniyyət, idman, gənclər, müəllif hüquqları, tələbələrə maliyyə yardımı və kilsə məsələlərinə cavabdehlik daşıyır.

Təhsil Nazirliyi Finlandiyada təhsilin idarə edilməsi üzrə ən ali orqandır. Bu qurum orta, peşə, ali (politexnik institutlar və universitetlər), yaşlıların təhsili üzrə dövlətdən maliyyələşən təhsil və təlimin təşkilinə nəzarət edir. Təhsil Nazirliyi təhsil strategiyasının icrasına və mərkəzi hökumət səviyyəsində təhsil sisteminin idarə olunmasına cavabdehlik daşıyır. Təhsilin idarə edilməsində Baş Maarif İdarəsi (Maarif Departamenti), quberniya və bələdiyyə idarələrinin də üzərinə mühüm vəzifələr düşür. Odur ki, bir çox qərarlar yerli hökumət səviyyəsində qəbul edilir.

Baş Maarif İdarəsi Təhsil Nazirliyinə tabe olaraq, əsasən, orta və peşə təhsili məktəblərinə nəzarət edir. Təhsilin bu pilləsinin inkişafına, idarə və keyfiyyətinin təmin olunmasına görə Baş Maarif İdarəsi məsuliyyət daşıyır. Ali məktəblər isə birbaşa Təhsil Nazirliyi tərəfindən idarə olunur.

Quberniya idarələri isə regionlar üzrə idarəetmənin bütün istiqamətləri kimi təhsil sahəsinə də ümumi rəhbərlik edir. Bu idarələrin vəzifəsi quberniya üzrə təhsilin proqramlaşdırılmasını təşkil etmək həyata keçirməkdir.

Quberniya idarəçiliyində yaşlıların təhsilinə, təhsilin fasiləsizliyinə, diplomdan sonrakı təhsilə xüsusi diqqət yetirilir. Maliyyə bölgüsünü, vəsaitin hara xərclənməsini quberniya idarələri müəyyənləşdirir. Bələdiyyələr əsasən müqavilələr vasitəsilə, axşam gimnaziyaları, vətəndaş məktəbləri (yaşlılar üçün) və peşə mərkəzlərində təşkil edilən tədrislə məşğul olur, eləcə də 6 yaşlı uşaqları məktəblərə hazırlamaq məqsədilə 1 illik kurslar təşkil edir.

 

Əsas təhsil

 

Finlandiyada əsas təhsil 7 yaşdan başlayır. Aşağı siniflərdə şagirdlərə sinif müəllimləri, yuxarı siniflərdə isə fənn müəllimləri dərs deyirlər. Yuxarı siniflərdə fakültativ fənlər də tədris edilir.

Bu ölkədə çox az sayda özəl orta məktəb var. Maraqlıdır ki, özəl məktəblər fəaliyyətə başlayarkən onlara dövlət tərəfindən müvafiq bələdiyyə məktəblərinə ayrılan qrant miqdarında əvəzsiz maliyyə yardımı verilir. Odur ki, özəl məktəblərdə heç bir təhsil haqqı tələb olunmur və şagirdlərə müvafiq bələdiyyə məktəbləri ilə eyni əsasda təhsil verilir. Bundan əlavə, özəl məktəblərdə şagirdlər bələdiyyə məktəbləri ilə eyni ictimai hüquqlardan (səhiyyə xidmətindən istifadə və pulsuz yemək) istifadə edirlər. Məhz buna görə də Finlandiyada özəl məktəblər ciddi ictimai etimad qazanıblar.

İbtidai təhsilin ilk illərində qiymətləndirmə formal qiymətlərlə bərabər, şifahi qiymətləndirmə ilə də məhdudlaşa bilər. Rəqəmlə qiymətləndirmədən istifadə olunmasına məktəb səviyyəsində  qərar verilir. Ən çox müşahidə edilən hal ondan ibarətdir ki, şagirdlər üçün ildə iki dəfə - payız və yaz semestrinin sonunda qiymətləndirmə ilə bağlı hesabat kartı hazırlanır.

Finlandiyada qiymətləndirmə 4-10 bal arasında aparılır. Fərdi imtahanlarda qiyməti daha dəqiq ifadə etmək üçün balları 1/2 hissəyə qədər bölmək və "+" və ya "-" işarələri ilə ifadə etmək də mümkündür. Lakin tədris ilinin hesabatında və əsas təhsil haqqında sənəddə belə işarələnməyə icazə verilmir.

Əgər əsas təhsil pilləsində oxuyan şagird payız rübünün sonunda hər hansı bir fəndən 4 alırsa, o, yaz rübünün sonunda həmin fənnə dair biliyini təkmilləşdirdiyini göstərmək üçün əlavə imtahan verməlidir. Şagird çoxlu sayda qeyri-məqbul qiymət alarsa, o, həmin ilin proqramını təkrar oxumalıdır. Belə bir qərar şagird və onun valideynlərinin mövqeyi öyrənildikdən sonra müəllim direktor tərəfindən verilir.

Əsas məktəbdə oxuyan şagirdlər bir çox ictimai hüquqlara malikdir. Buraya məktəbin səhiyyə xidmətindən istifadə və gündəlik qida ehtiyacının üçdə bir hissəsini təşkil edən pulsuz yeməklə qidalanma daxildir. Əlavə olaraq, şagirdlər kitab və tədris materialları, məktəb ekskursiyaları ilə də pulsuz təmin olunurlar. Əgər məktəb ekskursiyaları uzunmüddətli olarsa, şagirdlərin qalması üçün yerin təşkili də tədris ocağının üzərinə düşür.

Finlandiyada əsas təhsil pilləsini bitirmiş məzunların 95,5 faizi öz təhsillərini orta təhsil pilləsində davam etdirirlər.

 

Orta təhsil

 

Finlandiyada orta təhsil sisteminə şagirdləri peşə təhsilinə və ali təhsil müəssisələrinə hazırlayan məktəblər daxildir. Şagirdləri peşə təhsilinə hazırlayan məktəblər uşaqlara müəyyən peşə bacarıqlarına yiyələnmək imkanı verir. Orta təhsilin yuxarı pilləsi isə hərtərəfli təhsil vermək məqsədi daşıyır.

Şagirdləri peşə təhsilinə hazırlayan məktəbləri bitirənlərə də ali təhsil almaq hüququ verilir. Orta təhsilin yuxarı pilləsini bitirənlər də peşə təhsili proqramlarında oxuya bilərlər. Finlandiyada xüsusi proqramlar üzrə həm peşə təhsili almaq, həm də orta təhsilin yuxarı pilləsində oxumaq mümkündür.

Şagirdləri peşə təhsilinə hazırlayan məktəbləri bitirənlərə peşə təhsili üzrə sertifikat verilir. Orta təhsilin yuxarı pilləsini bitirənlərə həm orta təhsilin yuxarı pilləsi, həm də ali məktəbə qəbul imtahanı üzrə sertifikat təqdim olunur. Xüsusi proqramlarda oxuyanlar isə həm peşə təhsili, həm də ali məktəbə qəbul imtahanı üzrə sertifikata sahib olurlar.

Orta təhsilin yuxarı pilləsi üzrə sertifikat politexnik profilli ali təhsil müəssisələrinə, ali məktəbə qəbul imtahanı üzrə sertifikat isə universitetlərə daxil olmaq hüququ verir. Buna baxmayaraq, istisna hal kimi bir sıra ali təhsil müəssisələri əlavə qəbul imtahanları da keçirirlər.

Orta məktəb şagirdləri pulsuz səhiyyə xidmətləri və gündəlik yeməklə təmin olunsalar da, lazımi tədris vasitələrini, materialları və kitabları öz hesablarına alırlar.

 

Peşə təhsili

 

Finlandiyada əsas təhsildən sonrakı pillə ümumi təhsil, ilkin peşə təhsili və təlimi pilləsinə ayrılır. İlkin peşə təhsili müəssisələri bələdiyyələrin, bəzi hallarda isə özəl qurumların nəzdində fəaliyyət göstərir.

Peşə təhsili və təliminin əsas məqsədi müvafiq bacarıqlara malik işçi qüvvəsi hazırlamaq, əmək bazarının ehtiyaclarına olan tələbatı ödəmək həyatboyu təlimi dəstəkləməkdir.

Finlandiyanın ilkin peşə ixtisas təhsili müəssisələrində ümumilikdə 146000 nəfər oxuyur. Onların 4500-ü ilkin peşə təliminə hazırlıq kurslarında təhsil alır.

Tam orta təhsil almış və müvafiq peşələrə yiyələnmiş gənclər (əgər onlar təhsillərini davam etdirmək istəyirlərsə) müvafiq ali məktəblərə qəbul ola bilərlər.

Yaşından asılı olmayaraq bütün vətəndaşların peşə təhsili almalarına dövlət şərait yaradır. Finlandiyada belə hesab edirlər ki, ölkədə işsizliyin qarşısını yalnız bu yolla almaq mümkündür.

 

Ali təhsil

 

Qeyd etdiyimiz kimi, Finlandiya ali təhsil müəssisələri universitetlərə və politexnik təhsil ocaqlarına bölünür. Ali məktəblərə qəbul zamanı tələbələrin seçimi əsasında milli və qəbul imtahanlarından istifadə edilir.

Universitetlərdə əsas diqqət elmi tədqiqatlara ayrılır və tələbələrə hərtərəfli nəzəri biliklər verilir. Politexnik profilli təhsil müəssisələrində isə, əsasən, praktiki bacarıqlar xüsusi əhəmiyyət kəsb edir. Belə ali məktəblər bəzi hallarda tədqiqat məsələlərini gündəmə gətirsə də, əsasən sənayenin inkişaf layihələri ilə məşğul olur. Politexnik profilli təhsil müəssisələri, əsasən bələdiyyələr, bəzi hallarda isə özəl qurumlar tərəfindən idarə olunur.

Finlandiyanın bütün universitetlərində bakalavr dərəcəsi üzrə təhsil müddəti təxminən 3-4 ildir. Proqramdan asılı olaraq, bu pillədə ali təhsil tamamlana bilər. Lakin bəzi hallarda bu pillə magistratura pilləsi üçün aralıq mərhələ hesab edilir.

Politexnik təhsilin tamamlanma müddəti isə 3,5-4,5 il arasında dəyişir. Politexnik təhsil üzrə dərəcə Finlandiyanın təhsil sistemində hüquqi baxımdan aşağı səviyyəli universitet dərəcəsi hesab edilmir. Finlandiyadan kənarda isə politexnik dərəcələr nisbətən aşağı səviyyəli universitet dərəcəsi kimi qəbul olunur.

Politexnik təhsil müəssisələrini bitirən bakalavrlar universitetlərdə magistratura dərəcəsi üzrə proqramlarda təhsillərini davam etdirə bilərlər. Universitetlərdə magistratura proqramının müddəti iki il olsa da, politexnik müəssisələri bitirərək magistraturaya qəbul olanlar daha bir il təhsil almalıdırlar. Boloniya prosesinin tələbləri nəticəsində politexnik müəssisələri bitirənlərdən tələb olunan əlavə təhsilin həcmi tədricən azaldılır. Bununla da politexnik müəssisələri bitirənlərdən bəzi hallarda heç bir əlavə təhsil almaq tələb olunmur.

Onu da qeyd edək ki, politexnik təhsil müəssisələrini bitirənlər öz sahələri üzrə üçillik iş təcrübələrini tamamladıqdan sonra onlara müvafiq ixtisas üzrə magistratura dərəcəsi almaq hüququ verilir. Bu dərəcə yalnız ixtisasyönümlü səciyyə daşıyır.  Politexnik profilli magistratura dərəcəsinin müddəti iki ildir və müntəzəm işdən ayrılmamaqla bu dərəcə üzrə təhsil almaq olar. Bakalavr pilləsindən fərqli olaraq, politexnik profilli magistratura dərəcəsi müvafiq sahə üzrə akademik magistratura dərəcəsinə bərabər tutulur.

Finlandiyada doktorluq dərəcəsinə yalnız universitetlərdə yiyələnmək mümkündür. Politexnik ixtisaslı magistratura dərəcəsi isə tələbələrə doktorantura pilləsi üzrə təhsil almaq hüququ vermir.

Maraqlıdır ki, bütün bu qeyd olunan ekvivalentlik yalnız dövlət sektorunda işə qəbul  zamanı nəzərə alınır.

Universitet politexnik profilli ali təhsil müəssisələrində tələbələrin dərsə davamiyyəti könüllüdür. Finlandiya ali təhsil müəssisələrində tələbələrdən heç bir təhsil haqqı tələb olunmur. Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn tələbələr üçünsə pullu ali təhsil tətbiq olunur.

Universitetlərdə təhsil alan hər kəsin tələbə ittifaqına üzvlüyü məcburidir. Politexnik ali təhsil müəssisələrində isə tələbə ittifaqına üzvlük könüllüdür.

 

Finlandiyada tələbələrə bir sıra maliyyə yardımları da verilir. Belə yardımlar tələbənin təhsilində davamlı geriləmələr və müvəffəqiyyətsizlik olduqda ləğv edilə bilər. Yardımın miqdarı, adətən, o qədər də çox olmur. Buna görə də tələbələrin əksər hissəsi özlərini maliyyələşdirmək üçün işləyirlər. Finlandiyada tələbələr həmçinin dövlət təminatlı tələbə borclarından da yararlana bilərlər.

Xaricdə təhsil üçün də müvafiq tələbə yardımlarının mövcudluğu beynəlxalq tələbə mübadiləsinin yüksəldilməsini təmin edir. Tələbələrin xaricdə təhsili üzrə maliyyə yardımı yalnız Finlandiya hökumətinin maliyyələşdirdiyi prioritet təhsil sahələrinə verilir.

Finlandiya ali məktəblərində oxuyan əcnəbi tələbələrin təhsili, adətən onları göndərən ölkə tərəfindən maliyyələşdirilir. Təhsil almaq məqsədi ilə gələn əcnəbilərin bu ölkədə daimi yaşayış hüququ varsa, onların təhsili Finlandiyanın tələbələrə maliyyə yardımı proqramı çərçivəsində maliyyələşdirilə bilər.

 

Əlavə təhsil

 

Qeyd etdiyimiz kimi, Finlandiyada yaşlıların və işsizlərin peşələrə yiyələnmələri, ixtisaslarının artırılması, dəyişdirilməsi və yeniləşdirilməsi probleminə xüsusi diqqət yetirilir. Bazar iqtisadiyyatının reallığı, işsizliyin aradan qaldırılması probleminin aktuallığı, ənənəvi və yeni peşələrə marağın artması, yeni iş sahələrinin yaranması, təhsil sahəsində təcrübəli müəllimlərin inteqrativ fənlərin tədrisinə hazırlanması, təhsilin idarəçiliyində yeni mexanizmlərin həyata keçirilməsini təmin edəcək təhsil rəhbərlərinə olan ehtiyac bu məsələyə xüsusi önəm verilməsinin başlıca səbəblərindəndir.

Finlandiyanın bu sahədəki təcrübəsi olduqca maraqlıdır. Ölkədə işsizlərin və yaşlıların işlə təmin edilməsi, onların təhsili, müxtəlif peşələrə yiyələnməsi, ixtisaslarının artırılması ilə Təhsil, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirlikləri, eləcə də digər yerli orqanlar məşğul olur. Quberniya mərkəzlərində ixtisasartırma və yenidənhazırlanma mərkəzlərinin maliyyələşdirilməsi Təhsil Nazirliyi, Əmək Nazirliyi tərəfindən və yerli büdcə hesabına yerinə yetirilir. Həmçinin ayrı-ayrı müəssisələr lazım olan kadrların hazırlanması üçün bu mərkəzlərə vəsait ayırırlar. Bu mərkəzlərdə çox zəngin maddi-texniki baza və lazım olan bütün peşələri tədris etmək üçün münasib şərait yaradılıb. Burada ağac, metal emalı və inşaata aid peşələrin öyrədilməsi, xarici dillərin tədrisi, kompüter biliklərinin verilməsi yüksək səviyyədə təşkil edilir. Bütün bunlar həmin mərkəzlərə imkan verir ki, müəyyən istehsal xarakterli işlərdən gəlir əldə etsinlər. Mərkəzlərdə çalışan yüksək səviyyəli mütəxəssislər dövlət və xarici sifarişlər əsasında müəyyən layihələri də yerinə yetirirlər.

 

Beynəlxalq əməkdaşlıq

 

Finlandiya təhsil sahəsində Avropa İttifaqı (Aİ), Avropa Şurası, Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı (AİƏT), YUNESKO və digər nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir.

Avropa İttifaqı ilə əməkdaşlıq Avropada vahid təhsil sisteminin formalaşdırılmasına, Boloniya prosesinin tətbiq olunmasına, müəllim və təhsil müəssisələri arasında əməkdaşlığın yüksəldilməsinə, diplom və dərəcələrin tanınmasına, təqaüd proqramlarının (Comenius, Erasmus, Leonardo da Vinci, Grundtvig) maliyyələşdirilməsinə əsaslanır.

Avropa İttifaqı çərçivə proqramları vasitəsilə üzv dövlətlərdə tədqiqat və elmi inkişaf layihələrini maliyyələşdirir. Aİ-nin Tədqiqat və İnkişaf üzrə çərçivə proqramı Finlandiyanın beynəlxalq elmi əməkdaşlığının mühüm hissəsini təşkil edir. Aİ üzv ölkələrin universitetlərində aparılan elmi tədqiqatların təxminən 5 faizini maliyyələşdirir.

Finlandiya Skandinaviya ölkələri ilə də elm, tədqiqat, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq edir.

 

YUNESKO Finlandiyanın Təhsil Nazirliyi üçün ən vacib təşkilatlardan biridir. YUNESKO ilə əməkdaşlığa tədqiqat proqramlarının həyata keçirilməsi, birgə konfransların təşkili digər məsələlər daxildir.

Təhsil sahəsində qlobal əməkdaşlıq üzrə aparıcı təşkilatlardan biri olan AİƏT-in hesabatlarında Finlandiya təhsilin səviyyəsinə görə ən yüksək yerlərdən birini tutur.

Finlandiya bir çox beynəlxalq elmi-tədqiqat təşkilatları ilə də yaxından əməkdaşlıq edir. Onların sırasına Avropa Nüvə Tədqiqatı Təşkilatı, Avropa Molekulyar Biologiya Laboratoriyası, Avropa Kosmik Agentliyi, Avropa Cənub Rəsədxanası, Avropa Sinxrotron Radiasiya Laboratoriyası, Avropa Elm Fondu, Avropa Elmi və Texnoloji Tədqiqat Sahəsində Əməkdaşlıq Təşkilatı, Tədqiqat İnfrastrukturu üzrə Avropa Strateji Forumu və digər qurumlar daxildir.

 

Yazının hazırlanmasında Finlandiyanın Təhsil Mədəniyyət Nazirliyinin rəsmi məlumatlarından istifadə olunub.

  

 

 Leyla HEYDƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 4 mart.- S.12-13.