Məktəblərdə idman həftəsinə start verilib

 

 "British Council", Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Londonda keçiriləcək 2012-ci il Olimpiya Paralimpiya oyunlarına 500 gün qalır" kampaniyası çərçivəsində məktəblərdə idman həftəsi - idman festivallarının keçiriləcəyini elan edir. Festivallar 5-14 mart tarixində Bakı şəhərində yerləşən 10 məktəbdə keçiriləcək.

Martın 7-də festivalın açılışı ilk olaraq Xətai rayonundakı 27 nömrəli məktəbdən start götürdü. Tədbiri açıq elan edən məktəbin direktoru Cəmilə Ramazanova qeyd edib ki, belə tədbirlər fiziki tərbiyənin inkişafında əhəmiyyətli rol oynayır.

Bu işdə onlara "British Concil"-in "Beynəlxalq İdman Həyəcanı" layihəsi çərçivəsində təlim keçmiş fiziki tərbiyə müəllimi Emil Qaybalıyev dəstək göstərmişdir.

Tədbirdə məktəbin fiziki tərbiyə müəllimləri Adil Məhərrəmov, Zemfira Qorçuyeva, Telman Cəbrayılov, Müşfiq Abdullayev müxtəlif idman növlərini özündə əks etdirən "Şən startlar" estafetinin keçirilməsində fəal iştirak etmişlər.

Komandaların və idmançıların rəngarəng çıxışları musiqinin rəqslərin sədaları altında müşayiət olunurdu.

Tədbirdə çıxış edənlər 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarında Azərbaycan idmançılarını dəstəklədiklərini bildirdilər və onlara uğurlar arzuladılar.

İdman həftəsinin təşkil edilməsində göstərdikləri dəstəyə görə "British Concil", Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyinə və festivallarda iştirak edəcək məktəblərə minnətdarlıq ifadə edildi.

 

 

RƏŞAD

 

Azərbaycan müəllimi.- 2011.- 11 mart.- S.16.