Müasir informasiya texnologiyalarını öyrənənlərə
yeni töhfə
NDU-nun Elmi
Kitabxanasında universitetin
Rabitə və informasiya texnologiyaları
kafedrasının müdiri,
texnika elmləri namizədi,
dosent Cavanşir Zeynalovun "İnformatika
və informasiya texnologiyaları"
kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli
bu elm ocağında
informasiya-kommunikasiya texnologiyalarının
tətbiqinin vacib amilə çevrildiyini
vurğulamışdır. Rektor Naxçıvan Dövlət
Universiteti Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunan dərs vəsaitinin də təhsilin
informasiyalaşdırılması sahəsində əldə olunan nailiyyət kimi dəyərləndirmişdir.
Daha
sonra çıxış üçün söz
Naxçıvan MR rabitə və informasiya texnologiyaları
nazirinin müavini Əli Mikayılova verilmişdir. Natiq bu ali
məktəblə nazirlik arasında yaradılmış əməkdaşlıqdan
bəhs edərək, ali təhsil ocağının mütəxəssis
hazırlığı baxımından imkanlarını
yüksək dəyərləndirmişdir. O, eyni zamanda
C.Zeynalovun ötən il Naxçıvan Dövlət Universitetində
təşkil olunmuş "Elektron Naxçıvan-5: problemlər,
həllər" adlı beynəlxalq konfransdakı fəal
iştirakına görə Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi tərəfindən Fəxri fərmanla
təltif olunduğunu qeyd etmişdir.
Memarlıq
və mühəndislik fakültəsinin dekanı,
fizika-riyaziyyat elmləri namizədi, dosent Mübariz Nuriyev
müəllifin "İnformatika və informasiya
texnologiyaları" kitabının informatikanın əsas
anlayışları, EHM-lərin yaranma tarixi və inkişaf
yolları, fərdi kompüterlərin arxitekturası və tərkib
hissələri, alqoritmləşdirmə, kompüterlərin
proqram təminatı, əməliyyat sistemləri, verilənlər
bazası, kompüter və İnternet şəbəkələri
haqqında məlumatları özündə əks etdirdiyini
bildirmişdir.
NDU-nun
magistratura üzrə dekanı, tarix elmləri namizədi,
dosent Elbrus İsayev Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının proqramına uyğun
hazırlanmış yeni nəşrin ali məktəbin
bakalavr pilləsində təhsil alan tələbələr,
müəllimlər, kompüter istifadəçiləri və
xüsusilə magistraturaya qəbul olmaq istəyənlər
üçün sanballı mənbə olduğunu
vurğulamışdır.
İnformatika
kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi
Elşən Məmmədov isə, öz növbəsində,
informatika və informasiya texnologiyaları sahəsində ana
dilimizdə belə bir vacib vəsaitin yazılmasını təqdirəlayiq
hesab etmişdir. Xatırlatmışdır ki, müəllif
ötənilki məhsuldar elmi fəaliyyətinə görə
universitetin Elmi Şurasının qərarı ilə
"İlin alimi" fəxri adına layiq
görülmüşdür.
Universitetin
Elmi Kitabxanasının Xidmət və biblioqrafiya şöbəsinin
müdiri Səadət Zeynalova da müəllifin bir müəllim
kimi insani məziyyətlərindən danışmış,
onu yeni işıq üzü görən kitabı münasibətilə
təbrik edərək belə ədəbiyyatların hər
zaman arzuolunan olduğunu vurğulamışdır.
Qeyd
edək ki, tədbirdə Cavanşir Zeynalovun həyat və
elmi fəaliyyətini əks etdirən kitab sərgisi və
slayd nümayiş etdirilmişdir.
Sonda
müəllif onun əməyinə göstərilən diqqətdən
məmnunluğunu ifadə etmiş, universitet rəhbərliyinə
və tədbirin təşkilatçılarına minnətdarlığını
bildirmiş, yeni kitabını tədbir
iştirakçılarına hədiyyə etmişdir.
Çinarə MƏMMƏDOVA
Azərbaycan müəllimi.- 2011.-
11 mart.- S.16.