Azərbaycanın
Milli Qəhrəmanları
Şahbazov Fəxrəddin İbrahim
oğlu
1950-ci il yanvarın 22-də
Bakı şəhərində anadan olub. 1967-ci ildə 20 nömrəli orta məktəbi bitirərək, Bakı Neft Texnikumuna daxil olub. Fəxrəddin
1969-cu ildə hərbi xidmətə
çağırılıb. Ordu sıralarından
tərxis olunduqdan sonra
yarımçıq qalan təhsilini başa çatdıraraq, Azərbaycan Teleradio Şirkətində əmək fəaliyyətinə
başlayıb. Operator kimi
tez-tez jurnalistlərlə birlikdə sərhəd
bölgələrinə gedən Fəxrəddin oradan ən
önəmli, ən vacib və aktual xəbərləri
lentə alaraq tamaşaçılara
çatdırıb. O, şirkətdə
çalışdığı müddətdə öz əməksevərliyi,
bacarığı, mehribanlığı ilə rəhbərliyin və iş yoldaşlarının böyük
rəğbətini, məhəbbətini qazanıb.
1990-cı
il noyabrın 20-də Qarakənd kəndi
yaxınlığında
işğalçı erməni ordusunun əsgərləri
tərəfindən atəşə tutulan Mİ-8 vertolyotunun
içərisində olan Azərbaycanın bir çox
tanınmış ziyalıları ilə birlikdə
F.Şahbazov da faciəli surətdə həlak olub.
Ailəli
idi. İki övladı var.
Azərbaycan
Respublikası Prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 nömrəli
Fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim
oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Bakı
şəhərində Şəhidlər xiyabanında dəfn
olunub.
Şahverdiyev İsrafil Şahverdi oğlu
1952-ci il iyunun 11-də Laçın rayonunun
Unannovu kəndində anadan
olub. 1969-cu ildə doğma
kəndlərində orta təhsilini başa çatdıraraq, 1971-1974-cü illərdə
ordu sıralarında qulluq
edib. 1975-ci ildə Laçın Rayon Daxili İşlər
Şöbəsində milis nəfəri kimi fəaliyyətə başlayıb. İsrafil 1991-ci ildə əlinə silah
götürərək Vətəni
Azərbaycanın ayrılmaz bir hissəsi
olan Qarabağın erməni
işğalçılarından müdafiəsinə
qalxıb. 1992-ci il sentyabrın 17-19-da Hocaz qayası və Hocaz kəndi
uğrunda gedən döyüşlərdə
fədakarlıq nümayiş etdirib. O, 1994-cü ildə Füzuli rayonunda erməni
işğalçılarına qarşı gedən
ağır döyüşlərdə dəfələrlə kəşfiyyata
göndərilib və verilən tapşırığı uğurla yerinə yetirərək geri dönüb.
İ.Şahverdiyev
1994-cü il yanvarın 13-də elə həmin bölgədə
gedən ağır döyüşlərdə yaralı yoldaşlarına
kömək edərkən yağı düşmən
gülləsinə tuş gələrək qəhrəmancasına
həlak olub.
Ailəli
idi. Üç övladı var.
Azərbaycan
Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 nömrəli
Fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi
oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Bakı
şəhərində Şəhidlər xiyabanında dəfn
olunub. Laçın rayonundakı məktəblərdən
biri onun adını daşıyır.
Şamoyev Firudin İsa oğlu
1962-ci
il fevralın 7-də Qazax rayonunda anadan olub. Orta təhsilini
doğma rayonlarında alaraq, 1981-ci ildə hərbi xidmətə
çağırılıb. 1983-cü ildə ordudan tərxis
olunaraq Qazax rayonuna qayıdıb və Təmir Tikinti İdarəsində
çilingər işləməyə başlayıb. Firudin
1991-ci il iyulun 8-də könüllülərdən ibarət
dəstəyə yazılıb. Sonra 707 nömrəli hərbi
hissədə minaatan bölüyün komandiri vəzifəsinə
təyin olunub. Qazax rayonunun Bağanıs Ayrım, Məzəm,
Quşçu Ayrım və digər kəndlərinin erməni
faşistlərindən müdafiəsi zamanı xüsusi qəhrəmanlıq
nümayiş etdirib. O,
öz qayğıkeşliyi,
mehribanlığı ilə
komandirlərinin və cəbhə yoldaşlarının
hörmət və məhəbbətini qazanıb.
F.Şamoyev
1992-ci il aprelin 13-də Quşçu Ayrım kəndi ətrafında
gedən agır döyüşlərdə qəhrəmancasına
həlak olub.
Ailəli
idi. Üç övladı var.
Azərbaycan
Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli
Fərmanı ilə Şamoyev Firudin İsa oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Qazax
rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.
Qazax rayonundakı orta məktəblərdən biri onun
adını daşıyır.
Şikarov Şikar Şükür oğlu
1953-cü il dekabrın 3-də Bakı şəhərində anadan olub. 1971-ci ildə 46 nömrəli orta məktəbi bitirərək, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə qəbul olunub. 1975-ci ildə təhsilini başa çatdıraraq, təyinatla Primorsk vilayətindəki hərbi hissələrdən birində rota komandiri kimi fəaliyyətə başlayıb. 1986-cı ildə Moskvada Frunze adına Hərbi Akademiyaya daxil olub. 1989-cu ildə akademiyanı bitirərək polkovnik-leytenant rütbəsi ilə Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin olunub. 1990-cı il 20 Yanvar hadisələrindən sonra Vətənə qayıdaraq, əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini təyin edilib. O, elə həmin il Goranboy rayonunda bir sıra əməliyyatlara bilavasitə rəhbərlik edib və hamısı uğurla nəticələnib.
Ş.Şikarov
1992-ci il iyunun 13-də yenidən Ağdərəyə yola
düşüb və orada erməni
işğalçılarına qarşı gedən
döyüşlərin birində qəhrəmancasına həlak
olub.
Ailəli
idi. İki övladı var.
Azərbaycan
Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 nömrəli
Fərmanı ilə polkovnik Şikarov Şikar
Şükür oğlu ölümündən sonra Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb.
Bakı
şəhərində Şəhidlər xiyabanında dəfn
olunub. Qobustan rayonunun Sündü kənd orta məktəbi
onun adını daşıyır.
Şükürov Şahlar Əvəz
oğlu
1952-ci il mayın 17-də Kəlbəcər
rayonunun Zülfüqarlı kəndində
anadan olub. Orta məktəbi bitirdikdən sonra
Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1972-ci ildə təhsilini başa
çatdıraraq, ordu sıralarına
yollanıb. Ordudan tərxis olunduqdan sonra Bakıda islah-əmək müəssisələrindən
birində çalışıb. Şahlar
daha sonra fəaliyyətini
Ucar Rayon Daxili İşlər
Şöbəsində davam etdirib. 1986-cı ildə Rostov
Ali Polis Akademiyasını
bitirərək, 1987-ci ildə Zərdab Rayon
Daxili İşlər Şöbəsində
əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
O, öz nümunəvi işi,
nizam-intizamı, yüksək bilik və bacarığı sayəsində polis mayoru rütbəsinə
qədər yüksəlib.
Ş.Şükürov
1990-cı ildə Tərtər- Kəlbəcər yolu ilə
hərəkət edən maşın karvanı Ağdərə
ərazisində erməni yaraqlılarının qəfil
hücumuna məruz qalan zaman qeyri-bərabər
döyüşdə qəhrəmanlıq nümayiş etdirərək
həlak olub.
Ailəli
idi. İki övladı var.
Azərbaycan
Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli
Fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz
oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Kəlbəcər
rayonunun Zülfüqarlı kəndində dəfn olunub. Zərdab
rayonunda adına məktəb və küçə var.
Milli Qəhrəmanlar Beynəlxalq
İnformasiya Mərkəzinin materialları əsasında
hazırladı:
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.-
11 mart.- S.14.