55 il
xalq maarifi cəbhəsində
Nəinki şəhərlərdə, həm də uzaq kəndlərdə elə insanlar vardır
ki, onlar sadə xalq müəllimi olub, dünyəvi elmləri tədris etməklə yanaşı, həm də böyük rus xalqının dilini və mütərəqqi rus mədəniyyətini təbliğ
etmişlər. Belə
carçıların sırasında
əmək qəhrəmanı
Vahid Musabəyovun xüsusi yeri var. Musabəyovun xidmətlərindən
biri odur ki, o düz 55 il keçmiş Qutqaşen (indiki Qəbələ) kənd məktəbində pedaqoji
fəaliyyətlə məşğul
olmuşdur. Vahid Musabəyov elə bir nəslə məxsusdur ki, o həm inqilabdan öncəki kəşməkəşli
dövrdə, həm də Azərbaycanda sovet hakimiyyətinin ilk çətin illərində
xalq maarifi uğrunda mübarizə aparmış və ömrünün sonuna kimi öz sevimli
peşəsinə sadiq
qalmışdır.
Uşaqlıqda
müəllim olmağı arzulayan Vahid Musabəyov tanınmış
müəllim oldu və əsl xalq müəllimi kimi də
yaddaşlara həkk olundu.
Vahid
Musabəyov Azərbaycan ziyalısının elə
qabaqcıl dəstəsinə mənsubdur ki, hələ XIX əsrdə
rus dilində təhsil almış və bu dilin
carçısı kimi məşhurlaşmışdır.
Görkəmli Azərbaycan maarifçisi və pedaqoqu Seyid Əzim
Şirvaninin təbirincə desək, "onlara
ehtiyacımız çoxdur, bilməsək dil əlacımız
yoxdur" fikrini o daha dərindən duymuşdur.
Vahid
Musabəyov İrəvan Müəllimlər
Seminariyasının yetirməsi idi. Məlum olduğu kimi, XIX əsrdə
Azərbaycan ərazisində müəllim kadrlarının
hazırlığı ilə məşğul olan bir dənə
də olsun tədris müəssisəsi yox idi. Odur ki, azərbaycanlı
müəllim kadrlarının əsas hissəsi Qori şəhərindəki
Zaqafqaziya Müəllimlər Seminariyasında, bir dəstəsi
isə İrəvan Müəllimlər Seminariyasında təhsil
almışdır.
Vahid
Musabəyov 1864-cü il avqust
ayının 1-də Qutqaşendə kəndli ailəsində
doğulmuşdur. Pedaqoji təhsilini, qeyd etdiyimiz kimi, İrəvan
Müəllimlər Seminariyasında almışdır. Burada
o, rus və Azərbaycan ədəbiyyatının məşhur
nümayəndələri, ilk növbədə, Fonvizin,
U.Şekspir, N.M.Karamzin, A.S.Puşkin, M.Y.Lermontov, N.V.Qoqol,
M.F.Axundov, İ.S.Turgenev, L.N.Tolstoy və digər
tanınmış yazıçı və şairlərin əsərləri
ilə yaxından tanış olur ki, onlar V.Musabəyovun
pedaqoji baxışlarının formalaşmasına
güclü təsir göstərir. Bu sətirlərin müəllifinin
şəxsi arxivində saxlanılan qeydiyyat
kitabçasında ədəbiyyat, tarix və pedaqoji elmlərlə
bağlı çoxsaylı əsərlərin adları
vardır ki, o, onları oxumuş və müəyyən qeydlər
etmişdir.
Sənədləri
vərəqlədikcə Vahid Musabəyovun seminariyanın son
dərəcə istedadlı və səliqəli şagirdlərindən
olması göz önündə canlanır. Musabəyovun
seminariyada oxuduğu zaman çəkdiyi xəritələr və
digər əl işləri böyük maraq doğurur. Bunlar
Rusiyanın, Qafqazın, İspaniyanın, Portuqaliyanın,
İtaliyanın, Norveçin, İsveçin, Danimarkanın,
Amerikanın coğrafi xəritələridir. Xəritələrdə
seminariya müəlliminin qeydləri
vardır. Xəritələr o
qədər yaxşı tərtib edilibdir ki, ilk baxışda
onun seminarist tərəfindən çəkildiyi təəccüb
doğurur. Musabəyov 1889-cu ildə seminariyanı müvəffəqiyyətlə
bitirdikdən sonra ibtidai sinif müəllimi rütbəsi
almışdır. O, Yelizavetpol quberniyasının Nuxa qəzasındakı
doğma Qutqaşen kəndində 1 sinifli məktəbə
müəllim təyin edilir. Qutqaşen kənd məktəbi
12.09.1882-ci ildə açılmışdır və Nuxa qəzasında
ilk xalq məktəbi idi. Bu 3 şöbədən ibarət
olmaqla birsinifli məktəb idi. Tədris Azərbaycan və
rus dillərində aparılırdı. Burada hesab,
coğrafiya, tarix, təbiətşünaslıq və rəsm
fənləri tədris edilirdi. Məktəbin ilk müəllimi
və onun müdiri Zaqafqaziya Müəllimlər
Seminariyasının ilk məzunlarından, K.D.Uşinskinin
pedaqoji ideyalarının davamçısı olan məşhur
Azərbaycan pedaqoqu və maarifçisi Rəşid bəy Əfəndiyev
idi. Rus və Azərbaycan dili dərsləri səs üsulu ilə
K.D.Uşinski və A.O.Çernyayevskinin dərslikləri əsasında
aparılırdı.
Qutqaşen
məktəbi ictimai məktəb idi. O, kənd
icmasının vəsaiti hesabına təsis olunmuşdur. XIX əsrin
80-ci illərində
avamlığın hakim olduğu, savadsızlığın
hökm sürdüyü bir dövrdə dünyəvi məktəblərdə
təlimin rus dilində aparılması son dərəcə
mürəkkəb olmaqla yanaşı, həm də olduqca
mütərəqqi hadisə idi.
Rəşid
bəy Əfəndiyev tərəfindən əsası
qoyulmuş təlim işi Vahid Musabəyov tərəfindən
davam etdirilmişdir. O, yarım əsrdən çox
Qutqaşen kənd məktəbində fasiləsiz olaraq rus
dili müəllimi işləmişdir. R.Əfəndiyevdən
sonra V.Musabəyov 34 il həmin məktəbin müdiri olmuşdur.
Qutqaşen
məktəbi Nuxa qəzasında tədris-tərbiyə
işlərinin mərkəzinə çevrilmişdir. 1893-cü
ildə Nuxa sahəsində müəllimlər qurultayı məhz
Qutqaşen məktəbində keçirilmişdir. Qurultay
iştirakçıları V.Musabəyovun nümunəvi dərslərini
dinlədikdən sonra onu müzakirə etmişdir. Sahə
qurultayının nümayəndələri məktəbdə
tədris-tərbiyə işləri ilə tanış
olmuş, rus dili və hesabın tədrisi ilə bağlı
səmərəli metod və vasitələr müəyyənləşdirmiş,
təlimdə əyaniliyin daha böyük üstünlük
təşkil etdiyini qeyd etmişdilər.
Ümumiyyətlə,
qeyd etmək lazımdır ki, sahələr üzrə
keçirilən müəllim qurultayları müəllimləri
hərəkətə gətirmiş, onları pedaqoji ədəbiyyatda
gedən yenilikləri izləməyə məcbur edirdi. Qurultay
ərəfəsində müəllimlərə müəyyən
referatlar hazırlamaqla bağlı referatlar verilirdi. Məsələn,
"Uşaq psixologiyası", "Şagirdlər üzərində
məktəbdə və məktəbdənkənar şəxsi
müşahidələrin nəticələri",
"Müxtəlif xalqlarda tərbiyənin qoyuluşu",
"Uşinski, Kapterov, Lokk tərbiyə haqqında" və
s.
Qutqaşen
məktəbi yarandığı gündən kənd sakinlərinə
müsbət təsir etdiyinə görə kəndlilərin
rəğbətini qazanmışdır. Burada tədris-tərbiyə
işləri nümunəvi şəkildə idi.
Sankt-Peterburqdakı
Rusiya Mərkəzi Dövlət Tarix Arxivində və Tbilisidəki
Gürcüstan Mərkəzi Dövlət Arxivində bu məktəbin
əhəmiyyətini əks etdirən çoxsaylı sənədlər
saxlanılır. Məsələn, "Kəndlilərin həyatında
elə bir hadisə ilə üz-üzə gəlmisinizmi onlar
məktəbin təsiri ilə izah olunsun" sualına
Sankt-Peterburq Savad Komitəsi 14 yanvar 1895-ci ildə belə cavab
vermişdi: "1882-ci ildən məktəbin əsası
qoyulandan indiyə kimi kəndlilər içində 100 nəfərdən
artıq savadlı vardır ki, bu məhz məktəbin təsiri
ilə izah olunur".
Kənd
ictimaiyyətinin tələbi ilə Qutqaşen məktəbi
1895-ci ildə ikisinifli Zemstvo məktəbinə çevrildi.
V.Musabəyov bu məktəbdə fasiləsiz işləmiş,
bütün çətinliklərə baxmayaraq, məktəbin
fəaliyyətini davam etdirmişdir.
Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra da o, xalq müəllimi kimi Azərbaycanda
yeni məktəb təhsilinin inkişafında fəal
iştirak etmişdir.
V.Musabəyov
1925-ci ildə Nuxa dairəsindən Ümumrusiya müəllimlər
qurultayına nümayəndə seçilmiş, 1931-ci ildə
isə Azərbaycan müəllimlər qurultayının
nümayəndəsi olmuşdur. Qutqaşen pedaqoji ictimaiyyəti
onun pedaqoji fəaliyyətinin 35 illiyini qeyd etmişdir. O, bir
neçə dəfə qiymətli hədiyyə və fəxri
fərmanlarla təltif olunmuşdur. Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 15 oktyabr 1932-ci il tarixli fərmanı ilə
respublika qarşısında böyük xidmətlərinə
görə "Əmək qəhrəmanı" adına
layiq görülmüşdür. 1 yanvar 1935-ci il rayon
"Bolşevik mübarizi" qəzetinə
ünvanladığı məktubunda V.Musabəyov
yazırdı: "Keçmişin qara günlərində mən
qocalırdım, çünki o vaxt müəllimliyə qiymət
verilmirdi. İndi isə mən cavanam...".
O,
"savadsızlıq ləğv olunsun" şüarı
altında çalışmaqla bütün qüvvəsini gənc
nəslin təlim və tərbiyəsinə həsr
etmişdir. Bununla belə o, həm də yaşlı sakinlərin
təhsil almasında yaxından iştirak edir, metodik və
pedaqoji tövsiyələr tərtib edir, rayon müəllimlərinə
kömək edirdi. O, bütün müəllimləri, xalq təhsili
işçilərini yüksək intizama dəvət etməklə
savadsızlığa qarşı mübarizəni ön plana
çəkir və təhsilin keyfiyyətini yüksəltməyə
səy göstərirdi.
Azərbaycan
SSR Xalq Maarif Nazirliyinin 11 sentyabr 1938-ci il tarixli qərarı ilə
Vahid Musabəyova orta məktəb müəllimi rütbəsi
verilmişdir.
V.Musabəyov
olduqca səliqəli müəllim olmuşdur. 1938-1939-cu dərs
ilinə aid olan və bu günümüzə qədər
saxlanılan gündəlikləri onun öz peşəsinə
ürəkdən vurğunluğunu əks etdirir. Ümumiyyətlə,
V.Musabəyov özünün əlli beş illik pedaqoji fəaliyyəti
dövründə bu məktəbdə 5628 nəfərə
rus dilini mənimsətmişdir. Onların sırasında, demək
olar ki, bütün peşə sahibləri olmuşdur: baş
səhiyyə işçisi Cəfər Rüstəmov, ədliyyə
işçisi Həsən Paşayev, Azərbaycan hüquq
kadrlarının ağsaqqalı Vahid Qəhrəmanov - ADU-nun
(indiki BDU) kafedra müdiri, Azərb.SSR Elmlər
Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri
doktoru, professor Ələkbər Kərimov və b.
V.Musabəyov
daim öz yetirmələri ilə fəxr edirdi. Onlar bu gün
də öz sevimli müəllimlərini hörmətlə
xatırlayırlar.
9
yanvar 1940-cı ildə Qutqaşen rayon təşkilatları
xalq müəlliminin pedaqoji fəaliyyətinin 50 illiyini
geniş qeyd etdilər. Rayon və mərkəzi qəzetləri
vərəqləyərkən, arxiv sənədlərinə
baxarkən, biz V.Musabəyovun pedaqoji fəaliyyəti ilə
bağlı çoxsaylı maraqlı rəylər tapa
bilirik. Qəzet səhifələrində onun məqalələri
və fotoportretləri yerləşdirilmişdir. Bakı Şəhər
Partiya Komitəsinin orqanı olan "Vışka" qəzetinin
25 yanvar 1931-ci il sayının birinci səhifəsində Azərbaycan
müəllimlər qurultayına həsr olunmuş "42 il
postda" başlığı altında V.Musabəyovun
böyük portreti yerləşdirilmişdir. Vahid Musabəyov
Azərbaycan kəndində sosialist dəyişikliklərin
aparılmasında partiya və hökumətin
yardımçısı olmuşdur. 1936-cı ildən o,
respublikanın fərdi pensiyaçısı idi.
O, 13
may 1943-cü ildə 79 yaşında dünyasını dəyişmişdir.
Qəbələ ictimaiyyəti
bu gün öz müəllimini hörmətlə yad edir. Rayonun
fəxri vətəndaşları sırasında - tərbiyəçi
və xalq müəllimi, maarif məşəlinin
daşıyıcısı Vahid Musabəyovun adı yüksəkdə
durur.
Qəbələ
sakinləri öz məktəblərinin yubiley tədbirlərini
qeyd etdikləri günlər bu elm məbədinin əsasını
qoyanların xidməti ayrıca qeyd edilmişdir.
Bu
gün Qəbələ kənd məktəbi nəhəng
addımlarla irəliləyir, inkişaf edir. Qəbələ
şəhər 1 nömrəli ümumtəhsil məktəbi
respublikanın ən iri ümumtəhsil məktəblərindən
biridir.
Bu
gün məktəbdə 600-dən artıq şagird
vardır ki, onların da 300 nəfərə qədəri
qızlardır. Məktəbdə 110 nəfər müəllim
işləyir ki, onlardan bir neçəsi məhz V.Musabəyovun
yetirmələridir. Qəbələ 1 nömrəli şəhər
orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi doğma tədris
ocağının təşkilinin 130 illik yubileyinə
böyük hazırlıq işi görür.
Hüseyn ƏHMƏDOV
Azərbaycan müəllimi.- 2011.-
11 mart.- S.13.