Bazar sistemi və iqtisadi tərbiyənin formalaşması məsələləri

 

Hər bir iqtisadi sistem və bütünlükdə cəmiyyət öz üzvlərinin yeni biliklər əldə edilməsini, o cümlədən bu sistemə uyğun iqtisadi təfəkkürün formalaşmasını ön plana çəkir. Belə demək mümkündür ki, əslində bazar sistemi daha çox iqtisadi vasitə və alətlərlə idarə olunur. Buna görə belə şəraitdə əhalinin müxtəlif təbəqələrinin iqtisadi tərbiyəsinin təşkili və iqtisadi təfəkkürünün formalaşması ön plana keçir.  Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, iqtisadi təhlil, əhalinin iqtisadi təfəkkürünün formalaşması üçün ölkəmizdə elmi-kütləvi təhsil sistemi yaradılmışdır. İndi iqtisadi təhsili daha da təkmilləşdirməklə elə təşkil etmək lazımdır ki, həmin təhsil qabaqcıl təcrübənin genişləndirilməsini və tətbiqini, təşkilini, elmi-texniki nailiyyətlərin yayılmasını təmin etsin, ona əlverişli şərait yaratsın.

 

Lakin əhalinin iqtisadi biliklərə yiyələnməsi və onlarda belə təfəkkürün qərarlaşması bütün istehsal üsullarından, sosial-iqtisadi formasiyalardan fərqli olaraq bazar iqtisadiyyatı şəraitində mühüm əhəmiyyət kəsb edir və hər bir subyektin tələbatına çevrilir, iqtisadi maariflənmək imkanı olur. Çünki bütün iqtisadi sistemlərə nisbətən bazar iqtisadi sisteminin səmərəliliyi daha çox istehsalın təşkili, idarə edilməsi və tənzimlənməsində iqtisadi alət və vasitələrdən istifadəyə əsaslanır.

Əslində bazar sistemi daha çox iqtisadi vasitə və alətlərlə idarə edilir. Çünki bazar iqtisadiyyatı şəraitində demək olar ki, hər kəs bu sistemin subyekti və iştirakçısı olur, bu iqtisadiyyat əhalinin hərtərəfli inkişaf etmiş bacarığı olan, istehsalın, cəmiyyətin iqtisadi həyatından baş çıxaran insan olmasını şərtləndirir, tələb edir, buna ciddi ehtiyac və tələbat duyur. Onu bir daha yada salmaq gərək olur ki, əhalinin iqtisadi mədəniyyəti, ictimai şüuru, yetkinlik səviyyəsi yüksək olmasa, nəinki istehsalın, iqtisadiyyatın, hətta bütünlükdə cəmiyyətin normal inkişafı mümkün deyildir. Xüsusilə iqtisadi təfəkkürün formalaşması ağıllı və səriştəli təsərrüfatçılıqda mühüm vasitə, istehsalın idarə edilməsinin zəruri şərti kimi çıxış edir. Cəmiyyətimizin yeni iqtisadi münasibətlərə keçməkdə olduğu bir mərhələdə əhalinin iqtisadi təfəkkürünün formalaşdırılması, təhsil səviyyəsi, ixtisas hazırlığı obyektiv zərurətə çevrilir, iqtisadçılar isə bazar infrastrukturunun zəruri ünsürü və iştirakçısı kimi çıxış edir. Bu həm də müasir elmi-texniki tərəqqi və istehsalın səmərəliliyini yüksəltmək bacarığını və səriştəsini ön plana çəkir. İqtisadi təfəkkür və bilik ağıllı, səriştəli təsərrüfatçılıqda və istehsalın idarə edilməsində mühüm şərt və vasitədir. İctimai istehsalın səmərəliliyini yüksəltmək, bu işdə elmi nailiyyətlərdən işi bilərəkdən istifadə etmək də əhalinin, sahibkar və istehsalçıların iqtisadi biliklərə tələbatını artırır. Onlarda belə təfəkkürün qərarlaşmasını obyektiv zərurətə çevirir.

Rəhbər işçilər, həmçinin mütəxəssislər çalışdığı sahənin iqtisadiyyatını bilməsə, zəruri iqtisadi biliyə malik olmasa, iqtisadi təhlil aparmağı bacarmasa, iqtisadi inkişafın qanunauyğunluqlarını lazımi səviyyədə dərk etməsə istehsala iqtisadi baxımdan təsir edə bilməz, əmək məhsuldarlığının yüksəldilməsi, məhsulun keyfiyyətinin yaxşılaşdırılması, qənaət üsulunun gücləndirilməsi, maddi və əmək ehtiyatlarından faydalı istifadənin mexanizminə yiyələnə bilməz. Bu isə tələb edir ki, hər bir istehsal müəssisəsi, qeyri-istehsal sferaları, ali və orta ixtisas müəssisələri iqtisadi maarif ocağına, belə biliklərə yiyələnmək məbədi və məkanına çevrilmiş olsun. Belə vəzifəni reallaşdırmaq məqsədilə ölkənin bütün müəssisələrində iqtisadi dərnək və daimi fəaliyyət göstərən məktəblərin formalaşması və fəaliyyəti lazımdır. Onların normal fəaliyyətinə müəssisə rəhbərləri ilə yanaşı, ölkənin ali və orta ixtisas məktəblərinin və elmi-tədqiqat institutlarının alimləri də cəlb olunmalıdır. Bunlar sübut edir ki, həmin işçilər konkret iqtisadiyyata və onun tələblərinə bələd olmalıdırlar, onun əsaslarına yiyələnməyə səy göstərməlidirlər. Belə ki, istehsalda rəhbər və mütəxəssislərin gündəlik işi təkcə öz ixtisası ilə deyil, iqtisadi məsələlərlə birbaşa əlaqədardır. Hər bir məsələyə hərtərəfli yanaşmaqla, onun iqtisadi tərəfini dərindən öyrənməklə yüksək son nəticələrə gəlib çatmaq, nail olmaq mümkündür.

İqtisadi məsələlərə bələd olmayan, onun prinsip və tələblərinə əməl etməyən, onlardan səriştəli istifadə etməyənlər əməli fəaliyyətdə çoxlu lazımsız əmək və vəsait sərfinə yol verir, bu isə müəssisənin iqtisadi və təsərrüfat fəaliyyətinə mənfi təsir göstərməyə bilməz.

Bütün bunlar üçün, ölkənin idarə və müəssisələrində hər bir işçinin, mütəxəssis və rəhbərin, şagird və tələbənin iqtisadi təfəkkürünün formalaşdırılması üçün sistemli qayda yaradılmalı və əsaslı tədbirlər həyata keçirilməlidir.

Hər şeydən əvvəl, istehsal müəssisələrində bu işin planlaşdırılması, təşkili və icrasına əlverişli şərait yaradılmalı, iqtisadi məsləhət, dərnək, məktəblərin, büroların fəaliyyəti təmin olunmalı, bu işə müəssisənin imkanları hərəkətə gətirilməlidir. Hər bir mütəxəssisin  və o cümlədən iqtisadçının öz ixtisası üzrə işləməsi təmin olunmalıdır. Rəhbər işçilər həmçinin iqtisad elmlərinə, iqtisadi qanunların fəaliyyəti mexanizminə yiyələnməli, səriştəli fəaliyyət göstərməlidir. Axı istehsal təkcə texnologiya deyildir, həm də iqtisadi prosesdir, istehsal-iqtisadi sistemdir. Bu əsasda iqtisadi bilik istehsal və əmək ehtiyatlarının axtarışları, səmərəlilik yollarının tapılması imkanına çevrilmişdir. Belə imkanlardan iqtisadiyyat üzrə biliyə qidalanan istehsalçı, işçi isə əsas istehsal fondlarından istifadəni yaxşılaşdırmağa, məhsulun keyfiyyətini yüksəltməyə, səmərələşdiriciliyə və ixtiraçılığa aid təkliflər verməyə, istehsalda mövcud olan iqtisadi hadisə və proseslərin mahiyyətini dərindən yiyələnmək qabiliyyətinə malik olur, belə fürsət əldə edir. Ölkənin orta məktəblərində şagirdlərdə ilkin iqtisadi təfəkkür, fikir və biliklərin formalaşmasının birinci mərhələsi olduğu nəzərə alınaraq burada "iqtisadi biliklərin əsasları" fənni mütəxəssis tərəfindən tədris olunmalı və öyrənməlidir. Həmçinin ümumi təhsil orta məktəblərdə respublikanın iqtisadi təmayüllü nazirliklərin (maliyyə, vergilər, əhalinin sosial müdafiə fondu, sosial sığorta və s.) bütün səviyyələrdə otaqları, sinifləri və auditoriyaları təşkil edilməli və fəaliyyət göstərməli, onlar şagirdlərin iqtisadi təfəkkür və düşüncəsinin təşəkkülünə, onların iqtisadi hadisə və proseslərdən anlamağa yardım göstərməlidir. Əhalinin bir qrupunun iqtisadi təfəkkürünün formalaşmasında texniki peşə məktəblərinin mövqeyini, rolunu və əhəmiyyətini görmək və qiymətləndirmək lazımdır. Təhsil sisteminin bu çərçivəsində şagirdlərə elə bilik aşılamaq gərəkdir ki, burada çilingər, tornaçı, tikişçi, mexanizator və s. ixtisası qazanan hər bir şagird həm də lazımi səviyyədə iqtisadi biliklərə yiyələnə bilsin, öz ixtisası və peşəsindən faydalı istifadə edilməsi barədə tələb olunan səviyyədə düşünməyi bacarmış olsun. Buna nail olmaq üçün respublika Təhsil və İqtisadi İnkişaf nazirliklərinin birgə və səmərəli fəaliyyəti tələb olunur. Təhsil ilə bir sırada getməyən iqtisadi, siyasi və sosial tərbiyə ilə bir sırada getməyən əmək tərbiyəsi (o cümlədən iqtisadi tərbiyə) fayda vermir, bitərəf proses olur.

Tələbə-gənclərin iqtisadi təfəkkürünün formalaşmasına ali məktəblərin və onların professor-müəllim heyətinin ümumi fəaliyyətinin tərkib hissəsi kimi baxılmalı, bu işin təşkili, planlaşdırılması və aparılması məqsədyönlü bir proses olmalı, tədris olunan iqtisadi elmləri və tədris fənlərinin imkanları bu mühüm işin təmin olunmasına xidmət göstərməli, onların tədrisinin faydalılığının yüksəldilməsinə səy edilməli və qayğı göstərilməlidir. Tələbə-gənclərin iqtisadi təfəkkürünün formalaşmasında iqtisadi yönümlü dərnək, nəzəri seminarların, istehsalat təcrübələrinin, tələbə elmi işlərinin imkanları ölçülüb biçilməli və bu imkanların gerçəkliyə doğru hərəkəti üçün əsaslı tədbirlər həyata keçirilməli, faydalı surətdə təmin edilməlidir. Bu mühüm işdə bütün səviyyələrdə respublika gənclər, idman və turizm təşkilatları da öz töhfələrini verə bilər və verməlidir. Bazar iqtisadi sisteminə keçid, bu sistemin qəti olaraq qərarlaşdırılması şəraitində əhalinin iqtisadi təfəkkürünün buna uyğun təşəkkülü, həm də iqtisad elmlərin tədrisinin və elmi işlərin yeni qayda, metodologiyaya bələd olmaq əsasında həyata keçirilməlidir. Halbuki açığını desək, iqtisad elmləri üzrə tədqiqat və araşdırmalar təkrar olunur, çoxdan işlənmiş elmi-tədqiqat işləri və dissertasiyalar aktual mövzu və problem kimi yenidən müdafiə şuralarına təqdim edilir və müdafiə olunur. Belə zərərli cəhətlər bütün sahələrdə olduğu kimi əhalinin ağıllı, düzgün iqtisadi təfəkkürünün formalaşmasına, əlbəttə, mənfi təsir göstərməyə bilməz. Ona görə də bu günlər təməli araşdırmalara qayğı, diqqət və nəzarət əsaslı surətdə artırılmalıdır.

Başqa sahələrlə yanaşı, əhalinin də əsaslı iqtisadi təfəkkürünün formalaşmasını təmin etmək məqsədilə iqtisadi elmlər üzrə magistratura, aspirantura qaydası ilə yüksək ixtisaslı kadrlar hazırlanması əsaslı surətdə yenidən qurulmalı və daha da təkmilləşdirilməlidir. Ölkənin müstəqilliyi və onun bazar iqtisadiyyatına keçid mərhələsində səriştəli, bacarıqlı iqtisadçı kadrların hazırlanması və tərbiyə edilməsi məsələsi diqqət mərkəzində saxlanılması gərəkdir. Əhalinin iqtisadi təfəkkürünün formalaşmasını mükəmməl zənginləşdirməkdən ötrü ali məktəblərin iqtisadi yönümü şöbə, fakültə və universitetlərin rolu və əhəmiyyəti xeyli artırılmalı, bu istiqamətdə hazırlanan tələbələr isə müasir dövrdə ölkə üçün zəruri olan iqtisadi problemləri görməli və onu həll etmək bacarığına dərindən bələd olmalıdırlar.

Əhalinin iqtisadi təfəkkürünün formalaşmasında təsərrüfat işçilərinin və sahibkarlıq fəaliyyəti ilə məşğul olanların hazırlanması və yenidən hazırlanması bu gün özünü daha faydalı və gərəkli hesab edir. Buna görə bu sistem daha da təkmilləşdirilməli və bazar iqtisadiyyatının tələbi səviyyəsinə cavab verməli və yüksəldilməlidir.

İndiki şəraitdə ölkəmizdə sosial-iqtisadi inkişafda və digər məsələlərin həllində işçi qüvvəsinin rolu və əhəmiyyətinin artdığını nəzərə alaraq hər bir istehsalçının, yəni bazar iqtisadiyyatının iqtisadi düşüncə və təfəkkürü yeni şəkildə qərarlaşdırılmalıdır. Bundan başqa, işçi qüvvəsinin birbaşa istehsalçının iqtisadi biliklərdən ağıllı, səriştəli istifadə etməsi üçün onlarda peşə və praktiki hazırlıq səviyyəsi artırılmalı, menecerlər hazırlanması yeni sistemin tələbi istiqamətində təkmilləşdirilməlidir. Həmçinin maddi istehsal müəssisələrində adi işçilər üçün iqtisadi təhlil dərnəkləri təşkil edilməlidir.

Bir daha izah etməyə ehtiyac yoxdur ki, bazar iqtisadiyyatının formalaşdırılması, inkişafı və möhkəmləndirilməsi xüsusi sahibkarlığın daim yeni nəslinin əmələ gəlməsi ilə sıx bağlıdır və həmin sahibkarların demək olar ki, əksəriyyəti gənclərdən ibarətdir. Onlarda mülkiyyətçilik, sahibkarlıq hissini aşılamaq, bazarla davranış mühitini formalaşdırmaq məqsədilə gənc sahibkarlar üçün geniş fəaliyyət göstərən seminar və kurslar təşkil etmək və onların tədris proqramlarında və təcrübi məşğələlərində başqa məsələlərlə yanaşı iqtisadi alət, vasitələr, onların mahiyyəti, sahibkarlıq fəaliyyətində onların rolu məsələlərinin öyrənilməsinə üstünlük verilməlidir. Bu isə sahibkarlığın yeni nəslinin iqtisadi təfəkkürünün təşəkkülünə və iqtisadi biliklərin tətbiq edilməsinə köməklik göstərə bilər.

İqtisadi düşüncə və təfəkkür, bütünlükdə iqtisadi tərbiyə əhalinin inkişafında, onların səmərəli istehsal fəaliyyətində iqtisadi hadisə və proseslərdən baş çıxarmaqda və qiymətləndirməkdə, bütünlükdə yeni iqtisadi sistemə çoxcəhətli bələd olmaqda onların köməyinə gəlir. Bu isə əhalinin iqtisadi təfəkkürünün formalaşması prosesinin planlaşdırılması, təşkili və reallaşdırılmasına sistemli və kompleks yanaşmağı ön plana çəkir. Yəni əhalinin iqtisadi fikrinin təşəkkülünü davamlı və dayaqlı etmək üçün ona bütöv şəkildə yanaşılmalı, bu məsələyə dövlətin ümumi fəaliyyətinin tərkib hissəsi kimi baxılmalıdır. Ölkə əhalisinin iqtisadi təfəkkürünün formalaşması və biliyinin möhkəmləndirilməsi məqsədilə bəzi təklif və tövsiyələrimizi bildirməyi zəruri hesab edirik.

Hər şeydən əvvəl, əhalinin iqtisadi təfəkkürə yiyələnməsinə sistemli səciyyə verilməli, bu belə desək, həyat tərzinin, fəaliyyətinin bir anına çevrilməlidir.

- İqtisadi məsələyə dair respublika Milli Məclisinin qəbul etdiyi qanunlar və normativ sənədlər (təlimat, əsasnamə və s.) ayrıca kitab şəklində nəşr edilməli və əhalinin müntəzəm istifadəsinə istiqamətləndirilməlidir.

- Əhalinin iqtisadi təfəkkürünün təşəkkülü ilə bağlı Respublika İqtisadi İnkişaf Nazirliyi və onun bütün səviyyələrdə idarə və təşkilatları əhalinin iqtisadi maariflənməsində daha faydalı iştirak etməli, necə deyərlər, xalis iqtisadi məsələlər üzrə sistemli iş aparılmalı, bu istiqamətdə daim fəaliyyət göstərən seminar və kurslar təşkil olunmalıdır. İqtisadi biliklərin təbliği, yayılmasında və nəticə etibarilə respublika əhalisinin iqtisadi təfəkkürünün qərarlaşmasında ölkənin kütləvi informasiya vasitələrinin yeri və mövqeyi görünür. Ona görə təkcə iqtisadi təmayüllü mətbuat deyil, digər qəzet və jurnallar da, radio və televiziya da malik olduğu imkanları gerçəkləşdirməyə borcludur və onun ana vəzifəsidir.

- Bazar iqtisadiyyatı şəraitində iqtisadçıların peşə və ixtisasına diqqətlə yanaşılmalı, onların tövsiyə, ideya və təkliflərinə diqqət göstərilməli, onlara təşəbbüs etmək, tələbkarlıq və sərbəstlik şəraiti yaradılmalıdır.

- Cəmiyyətin inkişafında sağlam iqtisadi təfəkkürə malik olan insanların formalaşmasında iqtisad elmin rolunu geniş imkan və şərait qərarlaşdırmalıdır.

- Dövlətin sosial-iqtisadi inkişafı proqramının elmi əsasında başlıca olaraq iqtisadi nəzəriyyə və digər iqtisad elmlərinə arxalanır və söykənir. Buna görə də təhsil sisteminin bütün səviyyələrində bu elmlərin tədrisi və öyrənənlər tərəfindən dərindən mənimsənilməsinə, həmin elmlərin təməli (fundamental) məsələlərinin işlənib hazırlanmasına həssaslıq və diqqətlə yanaşılmalıdır.

- Fikrimizcə, əhalinin iqtisadi təfəkkürünün formalaşdırılması sahəsində ümumdünya və beynəlxalq maliyyə təşkilatlarının təcrübəsini də öyrənmək və ondan istifadə etmək faydalı olar.

Bütün bunlar reallaşdırılmalı, həyata keçirilməlidir. Bu, bazar sisteminin, ölkənin sosial-iqtisadi inkişafının hökmü və tələbidir.

 

 

Asif ŞİRƏLİYEV

 

Azərbaycan müəllimi.- 2011.- 11 mart.- S.12.