Fransanın təhsil sistemi
Fransa Respublikası
Ərazisi: 547 min kv.km.
Əhalisi: 64,7 milyon
nəfər
Paytaxtı: Paris şəhəri
Dövlət dili: Fransız dili
Pul vahidi: Avro
Təhsil sistemi
Fransada təhsil pulsuzdur. Ölkənin
müasir təhsil sisteminin əsası 1880-1890-cı illərdə
qoyulub və 6 yaşından 16 yaşınadək uşaqlar
üçün icbari xarakter daşıyır. Dövlət, eləcə də özəl təhsil
müəssisələri mövcud olan Fransada məktəblilərin
təxminən 20 faizi özəl orta təhsil müəssisələrində
oxuyur.
Həm dövlət, həm də özəl təhsil
müəssisələri üçün bütün məktəb
proqramlarını dövlət təsdiq edir. Həmçinin
müsabiqə və imtahanların keçirilməsi də
dövlət tərəfindən təmin olunur. Bakalavriat dərəcəsi səviyyəsinədək
diplomların verilməsi hüququ yalnız dövlətə
məxsusdur.
1959-cu ildən bəri özəl təhsilə dövlət
tərəfindən yardım edilir. Ölkədə hər
9 özəl məktəbdən 8-i bu yardımdan
yararlanır. Özəl sektorda
çalışan müəllimlərin əməkhaqqı və
təhsil xərclərini də dövlət ödəyir.
Fransanın
təhsil sistemi aşağıdakı struktura malikdir:
* məktəbəqədər təhsil (6 yaşınadək);
* ibtidai təhsil (6-11 yaş);
* orta təhsil (11-18 yaş) (orta təhsilin
sonunda bakalavriat diplomu verilir. Bu diplom imtahansız universitetə
qəbul olmaq hüququ verir);
* ali təhsil.
Müxtəlif
pillələrdə təhsilin təşkili və məzmunu,
30 ildən artıqdır ki, həyata keçirilən
islahatlarla müşayiət olunur. Aparılan islahatlar
təhsilin demokratikləşdirilməsini və onun inkişaf
etməkdə olan cəmiyyətin ehtiyaclarına yönəldilməsini
təmin edir. Fransada son illərin əsas təhsil
islahatları aşağıdakılardan ibarətdir:
* 3
yaşından 5 yaşınadək uşaqlar
üçün məktəbəqədər uşaq müəssisələri
şəbəkəsinin inkişafı;
* ibtidai məktəblərdən kolleclərə
keçid imtahanlarının ləğv edilməsi, təhsildən
geri qalan şagirdlər üçün adaptasiya siniflərinin
yaradılması;
* xüsusiləşdirilmiş və ibtidai məktəbdən
kollecə qədər qruplara bölünmə olmadan təhsilin
ümumi sütununun təşkili;
* təhsilin ödənişsiz olması
(şagirdlərin təhsil müddəti ərzində
lazımi vəsaitlərlə təmin olunması, məktəbə
gediş haqlarının ödənilməsi);
* yeni fənlərin tədris proqramına daxil
edilməsi: (informatika, vətəndaş cəmiyyətinin əsasları
və digər).
Məktəbəqədər təhsil
Məktəbəqədər uşaq müəssisələri
- "ana məktəbləri" 3 yaşından (boş yer
olduqda 2 yaşından) 6 yaşınadək uşaqları qəbul
edir. Fransada məktəbəqədər
təhsil icbari olmasa da, faktiki olaraq 3-6 yaşında olan
bütün uşaqlar (99,5 faiz) uşaq
müəssisələrinə gedirlər.
"Ana məktəbləri"ni çox vaxt fransız təhsil sisteminin ən
böyük uğuru hesab edirlər. Məktəbəqədər
təhsil müəssisələrində siniflər, tədris
prosesi yaxşı təşkil edilib, uşaqların hərtərəfli
inkişafı üçün lazım olan bütün amillər
nəzərə alınıb. Uşaqlar
müvafiq tədris materialları əsasında öyrədilir,
bir çox faydalı bilikləri mənimsəyir və
ünsiyyət vərdişlərinə yiyələnirlər.
Bu məktəblərdə uşaqlar üç yaş
qrupuna bölünür. Birincisi, 3 yaşından (bəzən 2
yaşından) 4 yaşınadək uşaqların
oynadıqları və danışmaq vərdişlərinə
yiyələndikləri qrupdur. İkincisi,
4 yaşından 5 yaşınadək uşaqların yapma, rəsm
və digər praktik vərdişlər, eləcə də
şifahi ünsiyyət vərdişlərinə yiyələndikləri
qrupdur. Üçüncü böyük
qrup isə 5 yaşından 6 yaşınadək
uşaqları əhatə edir. Burada
uşaqlar oxu, yazı və hesablama vərdişlərinə
yiyələnirlər.
Orta təhsil
Fransada qəbul
edilmiş orta təhsil sistemi özlüyündə
üç qrupa bölünür:
* ibtidai məktəb (5 illik təhsil);
* kollec (4 il);
* lisey (3 il).
Adətən bu təhsil müəssisələri
bir-birindən ayrı yerləşirlər. İbtidai məktəb və kollec məcburi
xarakter daşıyır.
İbtidai
məktəb 6 yaşdan 11 yaşadək (əgər
uşağın təhsillə bağlı problemi yoxdursa)
davam edir və aşağıdakı pillələrə
bölünür:
* hazırlıq kursu (CP);
* ibtidai kurs 1-ci il (CE1);
* ibtidai kurs 2-ci il (CE2);
* orta kurs 1-ci il (CM1);
* orta kurs 2-ci il
(CM2).
İbtidai
məktəbdə dərslər (saat 9-dan 12-dək və saat
14-dən 17-dək) həftədə dörd gün (27 saat) davam edir. Çərşənbə günü, şənbə
günü nahardan sonra və bazar günü uşaqlar istirahət
edirlər. Bu günlər ərzində uşaqlar
maraqlarına uyğun olaraq müxtəlif idman və bədii
dərnəklərdə məşğul ola
bilərlər.
Fransada ibtidai məktəbdə oxuyan şagirdlərə
evə tapşırıq verilmir. İbtidai təhsil
dövründə sinifdə bütün fənləri bir
müəllim tədris edir.
İbtidai təhsil almış bütün şagirdlər
kolleclərdə oxuya bilərlər. Kollecdə təhsil, hər biri 2 il olmaqla iki dövrə bölünür:
* müşahidə dövrü;
* istiqamətləndirici dövr.
Müşahidə dövrünə VI və V siniflər
daxildir. (Fransada siniflərin sıralanması əks istiqamətdə
aparılır-VI, V, IV, III). Bu dövrdə
tədris prosesi orta təhsilin baza elementlərini təqdim etməklə,
ibtidai təhsili tamamlayır. Bütün
uşaqlar kollecə daxil olur, bərabər tədris
proqramı üzrə dərs keçir və mütləq
şəkildə müəyyən olunmuş xarici dillərdən
birini öyrənirlər.
İstiqamətləndirici dövrə ümumi təhsilin
IV və III sinifləri, eləcə də texniki təmayüllü
kolleclərin IV və III sinifləri daxildir. Bu mərhələdə
uşaqlar ikinci xarici dili öyrənməyə başlayır
və əlavə olaraq latın, yunan və
ya digər dilləri seçə bilirlər. III
sinfin sonunda şagirdlər imtahan verir və kolleci bitirmələri
haqda şəhadətnamə alırlar.
Bir sıra kolleclərdə xüsusi dərs rejimi
mövcuddur. Kollecdə təhsil aldıqları müddət ərzində
idman və ya incəsənətin bir növü ilə
intensiv şəkildə məşğul olmaq istəyən
şagirdlər üçün
uyğunlaşdırılmış dərs cədvəli
üzrə siniflər təşkil edilir (təmayüllü
kolleclər kimi). Xarici dilin dərindən
öyrənildiyi, bir neçə fənnin xarici dildə tədris
edildiyi beynəlxalq kolleclər və ya Avropa kollecləri də
fəaliyyət göstərir.
Kollecin III sinfindən sonra şagirdlər təhsillərini
ya peşə (2 illik), ya da ümumtəhsil liseylərində
(3 illik) davam etdirə bilərlər.
Ümumtəhsil
liseyi 3 il ərzində bakalavriat diplomu almaq
üçün buraxılış imtahanına
hazırlayır. Liseydəki siniflər
"ikinci», "birinci" sinif və "Terminal"
adlanır. Birinci sinif bakalavriat dərəcəsinin
müxtəlif növlərinə aparan çoxlu sayda istiqamətlərə
- filyerlərə malikdir. Birinci sinifdən
sonra şagirdlər fransız dilindən verdikləri sınaq
imtahanında əldə etdikləri qiymətlər bakalavriat
dərəcəsi imtahanında nəzərə
alınır. "Terminal", yaxud liseyin
sonuncu sinfi bakalavriat imtahanının verilməsi ilə
başa çatır.
Fransızların
qısaca "Bak" adlandırdıqları orta təhsil
haqqında bu diplom böyük əhəmiyyətə malikdir
(Azərbaycanda verilən ali təhsilin
bakalavr diplomundan fərqlənir). Bu diplom məzunlara
imtahansız universitetə qəbul olmaq imkanı verir.
Peşə təhsili
Qeyd etdiyimiz kimi, kolleci bitirdikdən sonra şagirdlər
təhsillərini 2 illik peşə liseylərində də
davam etdirə bilərlər.
"LEP"
Peşə liseyləri (Azərbaycandakı texniki peşə
məktəblərinə oxşar tədris ocaqları) 2 il ərzində şagirdləri peşəkar
diploma hazırlayır.
Müəyyən peşəyə yiyələnmiş
şagirdlərə "CAP" - peşəkar
hazırlıq şəhadətnaməsi verilir. Mehmanxana təsərrüfatı,
nəqliyyat və digər bu kimi sahələr üzrə
ixtisaslara yiyələnmiş şagirdlər isə
"BEP" - ümumi peşə təhsili şəhadətnaməsi
alırlar.
Ali təhsil
Fransanın
ali təhsil sistemi olduqca çevik və rəngarəngdir.
Təhsil müəssisələri bir-birindən
əhəmiyyətli dərəcədə fərqlənirlər.
Dövlət tərəfindən qəbul edilmiş müvafiq
sənədlərə baxmayaraq, hər bir universitetin və ali məktəbin bir çox özünəməxsus
xüsusiyyəti var.
Fransada təxminən
85 dövlət universiteti və ya Universitet Mərkəzi
(buraya universitetlərlə yanaşı, institutlar-birprofil
üzrə ali təhsil verən təhsil
müəssisələri də daxildir), çoxsaylı ali məktəblər
(çoxfənli peşə hazırlığı
üçün), elmi-tədqiqat laboratoriyaları və tədqiqat
mərkəzləri mövcuddur.
Dövlət
universitetləri nüfuzuna görə daha yüksək qiymətləndirilir
və hər hansı özəl ali təhsil
ocaqları ilə müqayisədə bir sıra
üstünlüklərə malikdir. Birincisi,
universitetin tədris planları milli təhsil nazirliyi tərəfindən
tənzimlənir və standartlaşdırılır. İkincisi, dövlət universitetlərində dərs
deməyə yalnız dissertasiya müdafiə etmiş və
çoxmərhələli müsabiqəni keçmiş
müəllimlər buraxılır. Təhsili
başa çatdırdıqdan sonra universitetlər dövlət
diplomları, ya da özlərinin daxili diplomlarını verirlər.
Universitetlərin nəzdində müxtəlif növ
institutlar fəaliyyət göstərir. Bu sıraya müxtəlif
profilli orta texniki personal hazırlayan və təxminən bizim
texnikumlara uyğun gələn qısamüddətli Universitet
Texnoloji İnstitutları (IUT), müəyyən dar çərçivəli
ixtisas üzrə magistratura səviyyəsində mütəxəssislər
hazırlayan Universitet Peşəkar İnstitutları (IUP)
daxildir. Fransada orta və ali təhsil
arasında kəskin hədd mövcud deyil.
Belə
ki, orta texniki təhsil ali təhsil
üçün pillə rolunu oynayır.
Hazırda
Fransada "Üçüncü Minilliyin Universiteti" (U3M)
adlanan yeni ali təhsilin inkişafı
planı tətbiq edilir. Sözügedən plan ali
təhsil üçün prioritetləri müəyyən
edir və inkişafın əsas istiqamətlərini göstərir.
Bu istiqamətdə qarşıya qoyulmuş əsas hədəflər:
* ali təhsil müəssisələri
arasında əməkdaşlığın şəbəkə
sistemində təşkili;
* ali təhsil müəssisələrinin əməkdaşlığa
açıqlığının və beynəlxalq mobilliyin
dəstəklənməsi;
* yeni informasiya və kommunikasiya
texnologiyalarının inkişafı;
* elmi tədqiqatların səmərəliliyinin
artırılması.
Universitetlər
Fransada universitetlər fakültələrə, Tədris-tədqiqat
şöbələrinə (UFR) və filyerlərə, yəni
ixtisas istiqamətlərinə bölünür. Avropanın hər
yerində olduğu kimi, hazırda Fransada da vahid üçsəviyyəli
universitet proqramında lisans, master, doktorluq (LMD) tətbiq
edilir. Lisans Azərbaycandakı bakalavr dərəcəsinə
uyğundur və 3 illik təhsilin yekununda verilir.
Təhsilin ilk üçillik pilləsi lisans (Licence - L1,
L2, L3) diplomunun alınması ilə başa çatır. Lisansın müxtəlif növləri
mövcuddur : mono və ya plüri fənlər
üzrə, ümumi, tətbiqi və peşəkar - L3 Pros
(professional və ya peşəkar lisans). Lisans
pilləsi 180 kreditlə (hər biri 30 kredit olmaqla 6 semestr) qiymətləndirilir.
Kreditlər tələbənin biliyinin Avropa qiymətini
təmin edir. Bütün Avropa ölkələrinin
universitet diplomları kimi, Fransa universitetlərinin
diplomları da UE-dən (Unites dTEnseignement), yəni Avropa
kreditləri sistemində hər birinin öz dəyəri olan
fənlər blokundan ibarətdir.
Lisansın
müxtəlif istiqamətləri mövcuddur:
* iqtisadi və sosial idarəetmə;
* hüquq və siyasi elmlər;
* bədii və mədəniyyət sektoru;
* filologiya və dillər;
* humanitar və sosial elmlər;
* təbii və dəqiq elmlər və
texnologiyalar;
* idman və fiziki fəaliyyət texnikası;
* mühəndislik texnologiyaları;
* ilahiyyat.
Lisans diplomları arasında professional və ya peşəkar
diplomunu (Licence Pros) xüsusi qeyd etmək lazımdır. Birillik lisans peşəkar təhsili
alan tələbələr həm nəzəri,
həm praktiki məşğələlər, eləcə də
müəssisədə 12 həftədən 16 həftəyədək
davam edən iş təcrübəsini keçir. Bu peşəkar diplom bank sektoru, mühəndis-tikinti,
sənaye, elektronika, turizm və mehmanxana işindən
tutmuş kənd təsərrüfatı sektoruna qədər
1000-dən çox müxtəlif ixtisası təklif edir.
Adətən məhdud yerlər verilən Lisans
Pros diplomuna müsabiqə böyük olur.
Lisans Pros diplomu hazırlığında əcnəbi tələbələr
üçün də yerlər nəzərdə tutulur. Yəni, fransız dilini
mükəmməl bilən və müxtəlif ali təhsil ocaqlarında təhsil alan, yaxud da
ali məktəbi bitirmiş əcnəbi tələbələr
öz sənədlərini birbaşa Lisans Prosun 3-cü kursuna
təqdim edə bilərlər. Licence diplomunu aldıqdan sonra
arzu etdikləri təqdirdə əcnəbilər Master səviyyəsində
də təhsillərini davam etdirə bilər.
Onu da qeyd
edək ki, sığorta, maliyyə, bank işi, metal və taxta
konstruksiyaların inşası, mexanika, elektrik enerjisi,
elektronika sektoru, mülki tikinti, avtomobillərin təmiri
istiqamətlərində Lisans Pros diplomu almaq istəyənlər
daha çoxdur.
İkiillik
master dövründə məzuna iki müstəqil diplom
verilir: Master 1 (M1) və Master 2 (M2). Burada da
seçim etmək imkanı vardır. Elmlə məşğul
olmaq istəyənlər elmi tədqiqatlar üzrə
master diplomu (Master Recherche), istehsalatda çalışmaq
arzusunda olanlar isə peşəkar master diplomu (Master
Professional) alırlar. Master səviyyəsi 120 kreditlə (hər biri 30
kredit olmaqla 4 semestr) qiymətləndirilir. Ümumilikdə,
beşillik "Licence" və "Master" pillələri
300 kreditlə qiymətləndirilir.
Sonuncu üçillik pillə- doctorat doktorluq
dissertasiyasının müdafiəsi ilə başa
çatır.
Doctorat pilləsində təhsil alan namizədlər
əvvəlki təhsil sənədləri və gələcək
elmi işin mövzusu təklif olunan məktub əsasında
müsahibə yolu ilə seçilir.
Bu pillə seçilmiş ixtisasın dərindən
öyrənilməsini təklif edir. Mövzusunu proqrama daxil etməzdən
əvvəl namizədlərdən müstəqil elmi iş
aparılması tələb olunur. Bu mərhələni
uğurla bitirənlərə doctorat diplomu verilir.
Əcnəbi
tələbələr də təhsil səviyyələrindən
asılı olaraq birbaşa Licence 3 və ya Licence 2, Licence 1,
Master 1, Master 2 üçün sənədlərini təqdim
edə bilərlər. Fransanın dövlət universitetləri
müvafiq komissiyalar vasitəsilə ali təhsilin
bu pillələrində oxumaq istəyənlərin sənədlərinə
baxaraq müstəqil qərar verirlər. Bu
baxımdan vahid meyar mövcud deyil.
Fransa ali təhsilində ən çətin mərhələ
birinci iki il-L1 və L2 hesab olunur. Belə ki, ilk
iki ildə əsasən nəzəri fənlərə
üstünlük verilir. Bu zaman fənn
biliklərini qiymətləndirməklə yanaşı, həm
də dilə, universitet metodologiyasına yiyələnməyi
tələb edən yazılı və şifahi imtahanlar
keçirilir.
Əcnəbi
tələbələrin Fransa universitetlərinə qəbulu
üç əsas prinsipə əsaslanır:
* əcnəbi və fransız tələbələrin
hüquqlarının bərabərliyi;
* əcnəbi abituriyentlər arasında bərabərlik;
* tələbələrin qəbulu üzrə
son sözü demək hüququnu özündə saxlayan
universitetlərin və ali məktəblərin tələblərinə
riayət edilməsi.
Fransada bir sıra universitetlər müxtəlif səviyyələrdə
ingilis dilində də təhsil proqramları təklif edirlər.
Fransada
tibb ixtisasları üzrə ali təhsil
almaq özünəməxsus fərqləri ilə
seçilir. Digər ixtisaslara nisbətən
tibb ixtisasları üzrə təhsil daha uzun müddət
davam edir. 6 ildən 8 ilədək çəkən
tibb təhsilində tələbələr
qarşısında daha mürəkkəb tələblər
qoyulur. Məsələn, olduqca ciddi seçim
imtahanından keçməyən tələbələr
ikinci kursda təhsil ala bilmir, müəyyən qədər
yaxşı qiymət toplamayanlar müsabiqədən
keçmir və ya imtahandan kəsilənlərə yalnız
bir dəfə
birinci kursda təkrar təhsil almaq imkanı verilir.
Həkim-terapevt
diplomunu tələbələr 8 illik (bunun bir ili
təcrübəyə sərf olunur), stomatoloq və əczaçı
diplomunu isə 6 illik təhsildən sonra alırlar. Tibbin hər
hansı sahəsi üzrə ixtisaslaşmaq üçün
ordinaturaya daha 4-5 il sərf etmək
lazımdır.
İctimai səhiyyənin Dövlət Məktəbində
əcnəbilər üçün də açıq olan
müxtəlif təhsil proqramları mövcuddur.
İxtisaslaşmış ali məktəblər
Fransada
universitetlərlə yanaşı, müxtəlif profilli ali məktəblər də (Grandes Ecoles)
mövcuddur. Bu məktəblərə
xüsusiləşdirilmiş hazırlıq kursları
(ikiillik təhsil) keçdikdən sonra, yaxud olduqca çətin
müsabiqələr nəticəsində qəbul olmaq
mümkündür. Bu ali məktəblər
özünəməxsusluğu ilə fərqlənir və
yüksək səviyyəli idarəetmə kadrlarının
hazırlanmasında onlar əhəmiyyətli rola malikdirlər.
Bu təhsil ocaqlarında yüksək səviyyəli
mütəxəssislər tərəfindən tədris
proqramları hazırlanır və dərs keçilir. Burada təhsil alan fransız tələbələr imtahanlara
buraxılmazdan əvvəl müəyyən illər ərzində
dövlət qulluğunda və dövlət müəssisələrində
çalışacaqlarına razılıq haqda iltizam
imzalamalıdırlar. Ali məktəbdə təhsil
aldıqları dövrdə tələbələr əməkhaqqı
alır və əməkdaş-təcrübəçi kimi
çalışırlar. Əcnəbi tələbələr
də Fransada işləmək və əməkhaqqı almaq
hüququ olmadan, könüllü dinləyicilər qismində
müsabiqədən keçməklə bu məktəblərə
qəbul ola bilərlər. Təbii ki,
söhbət ixtisasları ali məktəblərin
profilinə uyğun gələn yüksək
hazırlıqlı əcnəbi tələbələrdən
gedir.
Fransanın
nüfuzlu ali məktəbləri arasında ENA-Dövlət
İdarəetmə Məktəbi, HEC-Ali Kommersiya Məktəbi
(özəl), Ecole Normale Superieure-Ali Pedaqoji Məktəb
(müxtəlif profilli ən yüksək səviyyəli pedaqoji
və elmi kadrlar yetişdirir), Ecole Polytechnique-Ali Politexnik Məktəb
(dövlət qulluğunda texniki vəzifələr tutmaq
üçün yüksək səviyyəli hərbi kadrlar və
mühəndislər hazırlayır) və ENM-Ali Magistrlər
Məktəbi (dövlət qulluğunda çalışmaq
üçün hüquq və ədliyyə sahəsi üzrə
yüksək səviyyəli kadrlar yetişdirir) daha məşhurdur.
Ölkə üzrə təxminən 200 Ali
xüsusiləşdirilmiş Mühəndislik Məktəbi
mühəndis diplomu vermək hüququna malikdir. Adətən
bu məktəblərdə təhsil müddəti 5 il davam
edir və əksəriyyəti polivalent ümumi mühəndislik
diplomunun (Licence+Master) alınması ilə başa
çatır. İmtahan zamanı tələbələrdən
riyaziyyat və fizika üzrə olduqca mükəmməl biliklər
tələb olunur. Təhsilə iri sənaye müəssisələrində
təxminən 12 ay və ya xaricdə iş təcrübəsi
də daxildir. Mühəndislik məktəblərinə
xüsusiləşdirilmiş hazırlıq kurslarını
keçdikdən sonra və yaxud müsabiqələr yolu ilə
(müsabiqə böyükdür) qəbul olmaq
mümkündür. Fransada ali ixtisas məktəbləri
adətən müvafiq nazirliklərin nəzdində yerləşir
və müxtəlif sahələr üzrə ixtisaslı
kadrlar hazırlayır.
Universitetlərə
daxil olmaq üçün fransız tələbələrin
"Baccalaureat" diplomuna, yaxud universitetdə təhsili davam
etdirmək imkanı verən və orta təhsil məktəbini-liseyi
bitirdiklərini təsdiq edən "BAK" diplomuna malik olmaları
(Fransada lisey şagirdlərinin orta hesabla 70 faizi "BAK"
diplomu ala bilir) əsas şərtdir. Fransa universitetlərində
təhsil almaq istəyən əcnəbi tələbələr
isə fransız dilinə tərcümə edilmiş və
notarial qaydada təsdiq edilmiş aşağıdakı sənədləri
təqdim etməlidirlər:
* orta təhsil haqqında attestatın surəti;
* universitetə daxil olmaq üçün test
imtahanlarının nəticələri haqqında
çıxarışın surəti (xarici ölkələrdə
alınmış orta təhsil haqqında attestat imtahansız
universitetə qəbul olunmaq hüququ vermir);
* doğum haqqında şəhadətnamənin
surəti;
* zaçot kitabçasının surəti
(yaxud universitetdə keçilmiş fənləri göstərən
akademik arayış);
* məktub-əsaslandırma
* 3 zərf
(namizədin ünvanı göstərilməklə ikisi
kiçik formatda və biri böyük formatda) və 2 beynəlxalq
kupon-cavab;
* TCF
imtahanının (fransız dili üzrə test) cavabları.
Fransız
dili üzrə test əsas (şifahi
danışığın başa düşülməsi,
dilin quruluşu haqda bilgi və yazılı mətnlərin
başa düşülməsi) və iki əlavə imtahandan
(yazılı vərdişlər və şifahi vərdişlər)
ibarətdir. TCF imtahanının verilməsinin ən
əlverişli vaxtı yanvarın sonunda keçirilən
sessiya hesab olunur. Bu zaman imtahanlara
qatılanlar nəticələri martın əvvəlində
alacaqlar ki, bu da onlara sənədlərini hazırlamaq və
seçdikləri universitetlərə göndərmək
üçün əlavə vaxt qazanmaq imkanı verir.
Onu da qeyd
edək ki, əcnəbi tələbələr onların
fransız dili üzrə biliklərini təsdiq edən TCF
imtahanında ən azı 350 bal
toplamalıdırlar ki, universitetlərə sənəd verə
bilsinlər. TCF imtahanı üzrə nə qədər
yüksək bal toplanarsa, onların sənədlərinin
universitet tərəfindən qəbul edilməsi şansı
da bir o qədər artmış olur. Əcnəbi tələbələr
Fransanın nüfuzlu ali təhsil müəssisələrinə
qəbul olmaq, eləcə də dövlət təqaüdü
almaq istəyirlərsə, əsas imtahan üzrə
dördüncü və ya beşinci səviyyəyə
(400-500 baldan yuxarı) və əlavə sınaqlar üzrə
yaxşı qiymətlərə malik olmalıdırlar.
Birinci və
ikinci kurslara daxil olmaq üçün (L1,L2)
əcnəbi tələbələr sadəcə TCF
imtahanını deyil, eləcə də TCF-DAP
imtahanını verməlidirlər. TCF-DAP əsas
imtahandan əlavə, müvafiq cədvəlin yazılı
qaydada şərh edilməsi və verilən mövzu üzrə
inşa işindən ibarət olan yazılı imtahandır.
Bu gün Fransada təxminən 300000 əcnəbi tələbə
təhsil alır. Fransa Birləşmiş Ştatlardan və
Böyük Britaniyadan sonra dünyanın əcnəbi tələbələri
ən çox qəbul edən üçüncü ölkəsidir.
Bu cür uğurun səbəbi, sözsüz ki, ali təhsilin keyfiyyəti və ali məktəblərdə
təşəkkül tapmış sağlam mühitlə
bağlıdır.
Fransanın
dövlət universitetlərində ali təhsil
pulsuzdur, yəni burada təhsilə görə ödəniş
edilmir. Lakin hər təhsil ilinin əvvəlində
universitetə qeydiyyat haqqına görə ödəniş
etmək (səviyyə və ixtisasdan asılı olaraq məbləğ
150-900 avro arasında dəyişə bilər), eləcə də
məcburi illik tələbə sığortasına malik olmaq
lazımdır.
Fransanın dövlət universitetlərində təhsil
almaq istəyən əcnəbilərin illik xərci 6000-10000
avro (qalmaq, yemək, yol, dərs vəsaitləri
üçün xərc) arasında dəyişə bilər.
Özəl universitetlərdə isə illik təhsil
haqqı 3000-7000 avro civarındadır. Təhsil
müəssisəsindən asılı olaraq bəzən bu məbləğ
daha da arta bilər.
Hazırladı: Bəşarət MƏMMƏDOV
Azərbaycan müəllimi.- 2011.-
11 mart.- S.8.