Nəriman Həsənzadənin 80 yaşı qeyd edildi

 

Azərbaycan Dillər Universitetinin akt zalında xalq şairi, dramaturq Nəriman Həsənzadənin 80 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Millət vəkillərinin, tanınmış ictimai xadimlərin, ədəbiyyat nümayəndələrinin, professor-müəllim və tələbə heyətinin iştirak etdiyi mərasimi universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyeva açıq elan edərək böyük şairin yubileyinin ADU-da keçirilməsinin təsadüfi olmadığını bildirdi. Nəriman Həsənzadənin milli ruhda şeirlər yazdığını deyən F.Səfiyeva qeyd etdi ki, millilik odur ki, qlobal proseslərə vətəndaşlıq mövqeyi göstərilsin. Məhz bu amil yubilyarın şeirlərində öz əksini tapıb.

ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov rəhbərlik etdiyi universitetdə növbəti, amma qeyri-adi tədbirin keçirilməsindən məmnunluğunu dilə gətirdi. Görkəmli şairin, Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan Nəriman Həsənzadənin 80 illik yubileyini böyük ruh yüksəkliyi ilə qeyd etdiklərini bildirdi. Rektor S.Seyidov qeyd etdi ki, N.Həsənzadə ünsiyyət bacarığı ilə hamını öz ətrafına yığmağı bacaran şəxsiyyətdir. Çıxışının sonunda S.Seyidov "Nəriman Həsənzadə universitetimizin dostudur, biz bununla fəxr edirik. Arzu edirik ki, 100 illik yubileyinizi də burada qeyd edəsiniz" fikirlərini dilə gətirdi.

Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Elmira Mustafayeva şairin yaradıcılığı haqqında danışdı.

Professor Nizaməddin Şəmsizadə əvvəlcə böyük şairin yubileyini ADU-da təşkil etdiklərinə görə N.Həsənzadənin dostları adından rektor S.Seyidova təşəkkür etdi. O da, öz növbəsində, yubilyarı lirik şair adlandırdı. N.Həsənzadəni kütlənin yox, xalqın şairi kimi xarakterizə edən N.Şəmsizadə şairin Azərbaycan oxucusuna onun kimliyini çatdıran şeirlər yazdığını da diqqətə çatdırdı.

Yubiley mərasimində iştirak edənlərə öz təşəkkürünü bildirən Nəriman Həsənzadə yazdığı "Qaçaq Kərəm" şeirini oxudu.

Tədbirdə tələbələrin ifasında şairin şeirlərindən ibarət hazırlanan ədəbi kompozisiya da təqdim edildi, yeni çapdan çıxan "Nuru paşa" kitabından parçalar səsləndirildi. Eyni zamanda şairin ingilis, alman və rus dillərinə tərcümə edilmiş şeirləri də diqqətə çatdırıldı.

Yubiley mərasimi konsert proqramı ilə başa çatdı. 

 

 

Azərbaycan müəllimi.- 2011.- 11 mart.- S.6.