Fənn kurikulumlarının tətbiqi mövzusunda elmi-praktik konfrans

 

Martın 4-də Bakıdakı N.Həmzəyev adına 238 nömrəli orta məktəbdə   "Zamanın tələbi-fənn kurikulumlarının tətbiqi" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda  Kurikulum Mərkəzinin rəhbərliyi və bir qrup əməkdaşı, məktəb direktorları, müəllimlər,  beynəlxalq məsləhətçi Alex (Andru) Krisan və digər qonaqlar iştirak edirdilər.

Əvvəlcə tədbir iştirakçıları məktəbin akt zalında  təhsil ocağının əldə etdiyi uğurlar barədə hazırlanmış stendlə  tanış oldular. Direktor İlqar Talıbov  qonaqları pedoqoji kollektivlə tanış etdi və keçirilən "açıq dərs"lər barədə məlumat verdi.

Tədbirin proqramına uyğun olaraq "açıq dərs"lər dinlənildi. Tədbir iştirakçıları  qruplara bölünərək  məktəbin müəllimlərindən Güləbətin Tağıyevanın I "d" sinfində riyaziyyat fənnindən "Həndəsi fiqurların qruplaşdırılması",  Səkinə Zeynalovanın I  "a" sinfində rus dili fənnindən "Dikiye jivotnıye", Gülümnaz Hüseynovanın II "c" sinfində ana dilindən "Qarışqa", Səkinə İsmayılovanın II "d" sinfində həyat bilgisindən "Fəsillər" və Sevda Babayevanın IV "ç" sinfində musiqi fənnindən "Dünya xalqlarının musiqisi arasında keçilməz sərhədlər yoxdur"  dərslərində iştirak edərək müşahidələr apardılar.

Sonra dinlənilmiş dərslərin müzakirəsi keçirildi. Direktor  İlqar Talıbov kurikulumların tətbiqi sahəsindəki vəziyyətlə daha da yaxından tanış olmaq, müəllimlərin nə kimi problemlərlə üzləşdiklərini müəyyənləşdirmək üçün təhsil ocağında tez-tez "açıq dərs"lərin keçirildiyini dedi.

Müzakirədə çıxış edən tədbir iştirakçıları təşkil olunan dərslərin yüksək səviyyədə keçirilməsindən razı qaldıqlarını, bu işdə müəllimlərin böyük əməyi olduğunu diqqətə çatdırdılar.

Kurikulum Mərkəzinin direktoru, pedaqoji elmlər namizədi, dosent  Ənvər Abbasov dərslərin kurikulumun tələblərinə uyğun keçdiyini, müəllimlərin dərslərə geniş hazırlıq işləri apardıqlarını, müasir təlim metodlarından, resurslardan gen-bol və yerli-yerində istifadə etdiklərini vurğuladı.  

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2011.- 11 mart.- S.4.