Astara Pedaqoji
Kollecində valideynlər yığıncağı
Martın 5-də Astara Pedaqoji Kollecində
valideynlər yığıncağı keçirildi.
Bu, orta ixtisas məktəbləri
arasında ilk təşəbbüsdür ki,
müxtəlif şəhər və rayonlardan
olan valideynlər
kollecdə bir araya gəlir,
mövcud vəziyyəti
müzakirə edir və qarşıya
çıxan problemləri birgə həll edirlər.
Yığıncaq
başlamazdan əvvəl
valideynlər tədris korpusu
ilə tanış olmuş, kollecin "Tələbə şəhərciyini" gəzmiş
və fənn-tədris kabinetlərinə, kitabxanaya
baxmışlar. Kompüterlərlə təmin olunmuş fənn kabinetlərində olan valideynlər burada
övladları üçün yaradılmış şəraitdən
razılıqlarını bildirdilər. Şəhərciyin həyətində
tələbə yataqxanasında yaşayan
tələbələrin məişət
şəraiti ilə yaxından maraqlanan valideynlər hətta otaqda çay süfrəsinə dəvət
edildilər.
Sonra kollecin akt zalında
yığıncaq öz işinə başladı. Respublikanın
əksər guşələrindən gəlmiş 200-ə
yaxın valideyn kollecin direktoru, əməkdar müəllim, fəlsəfə
doktoru, dosent Əlihəsən Həmzəyevin "Valideynlərlə
əlaqənin möhkəmləndirilməsi bizim bütün
uğurlarımızın əsasıdır" mövzusunda
məruzə-təqdimatını dinlədi. Məruzə-təqdimatda
natiq ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan
Respublikasında təhsil sisteminin inkişafında misilsiz rolu
haqqında, ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində
apardığı böyük işlər barədə, eləcə
də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata
keçirilən layihələrin ölkə təhsilinin tərəqqisinə
müsbət təsiri haqqında valideynlərə geniş məlumat
verdi. Kollecin keçdiyi yol barədə danışan Ə.Həmzəyev
vurğuladı ki, kollecin rəhbərliyi valideynlərlə
sıx əlaqə saxlayır. Bildirildi ki, kollecə gələn
valideynlər öz övladlarının təhsili və
yaşayışı ilə maraqlandıqda razı
qalırlar.
Hörmətli təhsil naziri cənab
Misir Mərdanov təhsil müəssisələrində
valideynlərin məktəblə əlaqələrinin səmərəliliyinin
artırılmasına xüsusi diqqət verdiyini və bunun əhəmiyyətli
bir iş olduğunu daim vurğulayıb.
Təhsil naziri Misir Mərdanov 1999, 2002 və
2007-ci illərdə kollecdə olmuş və pedaqoji kollektivin
işinə yüksək qiymət vermişdir.
Məruzə-təqdimatda uğurlarla
yanaşı rast gəlinən nöqsanlardan,
çatışmazlıqlardan da danışıldı.
Çıxış edən valideynlərdən
Lənkərandan Hacı İlham Rzayev, Masallıdan Larisa Həşimova,
Astaradan Nəsrəddin Teymurov və başqaları xüsusilə
vurğuladılar ki, belə görüşlərin
keçirilməsinin böyük əhəmiyyəti
vardır. Qeyd edildi ki, məruzədə bizi narahat edən
bütün problemlərdən danışılıb və
biz valideynlər, kollec rəhbərliyi ilə
övladlarımızın gələcəyi
üçün birgə fəaliyyət göstərmişik,
bundan sonra da daha əməli fəaliyyət göstərəcəyik.
Belə tədbirlər valideynlərin və
ictimaiyyətin maarifləndirilməsi istiqamətində
ölkədə aparılan mühüm işlərin
davamıdır. Gələcəkdə də belə
yığıncaqların keçirilməsi qərara
alındı.
Sonda yığıncağı
yekunlaşdıran kollecin direktoru Əlihəsən Həmzəyev
valideynləri gənc nəslin tərbiyəsi və
onların intellektual səviyyəsinin yüksəldilməsi
istiqamətində pedaqoji kollektivlə daha sıx əlaqə
saxlamağa və bu prosesdə daha yaxından iştirak etməyə
çağırdı.
Azad ABDULLAYEV
Azərbaycan
müəllimi.- 2011.- 11 mart.- S.4.