YUNESKO alimlərimizin elmi işini yüksək qiymətləndirib

 

Son zamanlar nanotexnologiyalar elmin çox aktual sahəsinə çevrilib. Bu texnologiyalar maddəyə müxtəlif təsir metodları, yanaşmaları, atom və molekullar ilə əlaqəli olan bütün texniki prosesləri özündə cəmləşdirir. Nanotexnologiyanın tətbiq sahələri (ekologiya, tibb, kosmos, kibernetika, sənaye - xüsusilə neft sənayesi) həddən artıq çoxdur. Neft sahəsində nanotexnologiyanın tətbiqi ölkəmiz üçün çox əhəmiyyətlidir. Çünki Azərbaycan dünya bazarına xam neft ixrac edən iri təchizatçılardan biridir və neft sənayesi ölkə iqtisadiyyatının yüksəlişində başlıca yer tutur.

Sevindirici haldır ki, müəllifləri Azərbaycanın görkəmli alim və mütəxəssisləri Azad Mirzəcanzadə, Abel Məhərrəmov, Rövnəq Abdullayev, Xoşbəxt Yusifzadə, Eldar Şahbazov, Rəhman Qurbanov, Səbuhi Əhmədov, Məhəmmədəli Ramazanov, Şəbiyar Şəfiyev və Elçin Kazımov olduğu "Neft sənayesində nanotexnologiya (fundamental elmi araşdırma, ixtira və tətbiq)" adlı elmi iş YUNESKO (BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı) tərəfindən yüksək qiymətləndirilib. Elmi işə qurumun bu günlərdə işıq üzü görmüş "Nanoelm və nanotexnologiyalar ensiklopediyası"  kitabında 17 səhifəlik yer ayrılmışdır.  1000 səhifə həcmində hazırlanmış ensiklopediyanın baş redaktorları dünya şöhrətli alimlər - Sergey Kapitsa (Rusiya), Osama Avadelkərim (ABŞ) və Çunli Baydır (Çin). Kitabın mündəricatı elmi əsaslar,  nanotexnologiyalar, cihazlar və sistemlər, siyasət bölmələrindən ibarətdir. Azərbaycan alimlərinin elmi işi ensiklopediyanın "Nanotexnologiyalar" bölməsində yerləşdirilib.

Bakı Dövlət Universitetinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən birgə aparılmış araşdırmalar nəticəsində neft sənayesinin texnoloji proseslərində nanotəsir və nanomühitin tədqiqi əsasında texniki-texnoloji və iqtisadi göstəricilər ciddi surətdə yaxşılaşdırılmışdır. Metal nanohissəciklərin  əsasında yaradılmış yeni sistemin tətbiqi nəticəsində kiçik hasilatlı və yüksək dərəcədə sulaşmış quyularda neft hasilatının 2,0-2,5 dəfə artmasına nail olunmuşdur. Alim və mütəxəssislərimiz tərəfindən müəyyən edilmişdir ki, nanotexnologiyanın tətbiqi nəticəsində səthi gərilmə 70%-ə qədər, duz çökməsi 60%-ə qədər azalmış, asfalt-qətran-parafin çöküntülərinə qarşı mübarizədə effekt artmış, nəticədə sinergetik effekt hesabına məhsuldar laylarda neftin hərəkət etməsində sürət 50%-ə qədər yüksəlmişdir. Qazma texnologiyasında isə "gil qabığı-qazma aləti" kontaktında sürtünmə əmsalı kəskin azalmış, hidrofob səthinin islanması 25%-dən çox artmışdır.   

 

 

Pərvanə İBRAHİMOVA

 

Azərbaycan müəllimi.- 2011.- 11 mart.- S.2.