Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrinin direktorlarına

 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 19.8-ci maddəsinə görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müəyyən edilmiş qaydada qızıl və ya gümüş medalla təltif olunurlar.

"Təhsil haqqında" Qanunun həmin maddəsini əsas tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti 14 yanvar 2010-cu il tarixli, 8 nömrəli qərarla "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"nı təsdiq etmişdir. Nazirlər Kabinetinin bu qərarı Təhsil Nazirliyinin 27 yanvar 2010-cu il tarixli, 83 nömrəli əmri ilə elan olunmuş və qızıl (gümüş)  medalla təltif olunma barədə "Qayda" da əlavə  edilməklə "Azərbaycan müəllimi" qəzetinin 2010-cu il 29 yanvar tarixli nömrəsində dərc edilmişdir.

"Qayda"ya uyğun olaraq, tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin irəli sürülməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılıb müvafiq qərar qəbul edilir.

Medalla təltifə ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirməklə tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi, illik qiymətlərinin isə hamısı "əla" olan və bunlarla yanaşı, nümunəvi  davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib  mükafata layiq görülən şagirdlərin namizədliyi irəli sürülür.

Bildiririk ki, 2010-2011-ci dərs ilindən etibarən, təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanmış və müəyyən olunan "Qayda"da təsbit edilmiş şərtlərə cavab verən tam orta təhsil səviyyəsi məzunlarının  qızıl (gümüş) medalla təltifi həyata keçiriləcəkdir.

Bununla əlaqədar medalla təltifə namizəd şagirdlərin müəyyənləşdirilməsi üçün ümumtəhsil məktəblərinin rəhbərliyi ilə birlikdə müvafiq iş aparıb  obyektiv seçimi təmin etməklə həmin şagirdlərin  adlı siyahısını bu məktuba əlavə olunan forma üzrə 2011-ci il aprelin 15-dək Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinə təqdim etmək Sizə tapşırılır.

Nəzərə alınsın ki, Naxçıvan Muxtar Respublikasında tam orta təhsil səviyyəsi məzunlarının qızıl (gümüş) medalla təltifi ilə bağlı aidiyyəti məsələlər təsdiq edilmiş "Qayda"nın tələblərinə uyğun surətdə Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən müstəqil həyata keçiriləcəkdir.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

9 mart 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 11 mart.- S.2.