Alman Akademik Mübadilə Xidmətinin proqram rəhbəri ADU-da olub

 

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Qafqaz Mərkəzi Asiya ölkələri üzrə proqram rəhbəri Manja Hussner Azərbaycan Dillər Universitetinin alman dili fakültəsinin dekanı, dosent Ulduz Aslanova ilə görüşüb.  Görüşdə bir sıra maraq doğuran məsələlər, o cümlədən DAAD ilə əməkdaşlıq məsələləri müzakirə olunub.  Çalışdığı təşkilatın fəaliyyətindən danışan Manja Hussner bildirib ki, DAAD xaricdə alman universitetlərini təmsil edir 20 ildən artıqdır ki, fəaliyyət göstərir.  Təşkilatın müxtəlif ölkələrdə 14 nümayəndəliyinin olduğunu deyən proqram rəhbəri, bununla yanaşı  50-yə yaxın IC-Lektoratlıq ümumilikdə 400-dən artıq lektorun bütün dünya üzrə sıx əməkdaşlıq şəbəkəsi təşkil etdiyini sözlərinə əlavə edib. 

Azərbaycanda yerli lektoratlıq kimi 1997-ci ildə fəaliyyətə başlayan təşkilatın nümayəndəliyi 2004-cü ildən Bakı Məlumat Mərkəzinə çevrilib. Onun sözlərinə görə, təşkilat  dil kursu, təhsil, gənc aspirantlar elmi işçilər üçün, eləcə   elmi dərəcəli ali məktəb müəllimləri üçün tədqiqat təqaüdləri təklif edir.  İndiyədək Azərbaycanda təşkilatın maliyyələşdirdiyi  proqramlardan 70 nəfər yararlanıb.  Bununla yanaşı, Azərbaycan hökumətinin ayırdığı maliyyə vəsaiti hesabına 50 nəfər bu proqramlarda iştirak edib.  M.Hussner qeyd edib ki, DAAD əsasən tibb, təbiət, eləcə son iki ildə iqtisadiyyat elmləri istiqamətində aparılan tədqiqatlara üstünlük verir. 

Almaniyalı qonaq ADU ilə  alman universitetləri arasında qarşılıqlı əlaqələrin yaradılmasına yardım göstərəcəyini diqqətə çatdırıb. Proqram rəhbəri DAAD-ın bir sıra yeni proqramlar istiqamətində Azərbaycan universitetləri, xüsusən ADU ilə  əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Təşkilat tərəfindən  doktorluq işinin müdafiəsi üçün qısamüddətli təqaüd (1-3 ay), bakalavr və magistrlər üçün 3 aylıq yekun təqaüd proqramlarının həyata keçirildiyini söyləyib. Qonaq ADU müəllimlərinin elmi məqalələrinin ölkəsində çap edilməsində münbit şəraitin yaradılmasında imkanlarını əsirgəməyəcəyini önə çəkib.

Alman dili fakültəsinin dekanı Ulduz Aslanova isə ADU ilə Almaniya universitetləri arasında mövcud əməkdaşlıq proqramlarından danışıb. Dekan  universitetin koordinatoru olduğu TEMPUS layihəsi çərçivəsində Leypsiq Universiteti ilə sıx əlaqələrin qurulduğunu deyib. Eyni zamanda ADU Frayburq universiteti ilə də təcrübə mübadiləsi aparır.  U.Aslanova DAAD ilə təklif olunan yeni təqaüd proqramları çərçivəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını və bunun təşkilatla əlaqələrin möhkəmlənməsində zəruri olduğunu vurğulayıb. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 18 mart.- S.11.