Rusiyanın təhsil sistemi
Rusiya Federasiyası
Ərazisi: 17075400
kv.km.
Əhalisi: 141903979 nəfər
Paytaxtı: Moskva şəhəri
Dövlət dili: Rus dili
Pul vahidi: Rubl
Təhsil sistemi
Rusiya Federasiyası
Müstəqil Dövlətlər
Birliyində (MDB) təmsil
olunan ən böyük dövlətdir.
Keçmiş SSRİ-nin
varisi olan Rusiya Boloniya prosesinə ilk qoşulan ölkələrdəndir. Son 10 ildə təhsil sisteminin yenidən qurulması üçün
ölkədə ciddi
təhsil islahatları
aparılıb.
Rusiya Federasiyasında mövcud olan dövlət, özəl,
bələdiyyə təhsil
müəssisələri fəaliyyətlərini
hökumət tərəfindən
təsdiq olunmuş nümunəvi əsasnamələrə
uyğun qururlar. Rusiyanın təhsil sistemi aşağıdakı
təhsil səviyyələrinə
bölünür:
* məktəbəqədər
təhsil;
* ümumi təhsil:
- ibtidai ümumi təhsil;
- əsas ümumi təhsil;
- orta ümumi
təhsil;
* orta peşə
təhsili:
- ixtisaslı fəhlələrin hazırlığı;
- orta səviyyəli
mütəxəssislərin
hazırlığı;
* ali təhsil:
- bakalavriat;
- magistratura (mütəxəssis hazırlığı);
- elmi-pedaqoji kadrların hazırlığı.
Məktəbəqədər təhsil
Rusiyanın məktəbəqədər
təhsilində uşaqların
sağlamlığının qorunması kimi kifayət qədər
geniş kompleks vəzifələr yerinə yetirilir və ailələrlə
qarşılıqlı səylər əsasında
uşaqlara mənəvi dəyərlər aşılanır,
onların hərtərəfli və harmonik inkişafı
üçün zəruri şərait yaradılır. Məktəbəqədər
təhsil müəssisələrinə təlim-tərbiyə
prosesinin prioritet istiqamətlərinin, təhsil
proqramlarının seçimində sərbəstlik verilib. Bu
da, öz növbəsində, məktəbəqədər təhsildə rəngarəngliyə
səbəb olur.
Ölkədə fəaliyyət göstərən məktəbəqədər
təhsil müəssisələri bir sıra cəhətlərinə
görə bir-birindən fərqlənirlər. Bu baxımdan
uşaqların bir və ya bir neçə prioritet istiqamətdə
(intellekt, bədii-estetik, fiziki və s.) inkişafını nəzərdə
tutan uşaq bağçaları, əsasən fiziki və
psixi cəhətdən qüsurlu uşaqların təlim-tərbiyəsi
ilə məşğul olan uşaq bağçaları,
sanitar-gigiyenik, profilaktik və digər
sağlamlaşdırıcı proseduraların həyata
keçirildiyi uşaq bağçaları, universal uşaq
bağçaları (onların tərkibinə müxtəlif
səviyyəli ümuminkişaf, bərpa və
sağlamlaşdırıcı qruplar daxildir) və uşaq
inkişaf mərkəzlərinin - bütün uşaqların
sağlamlığını, fiziki və psixoloji
inkişafını nəzərdə tutan uşaq bağçalarının adını
çəkə bilərik.
Onlardan əlavə,
Rusiyada körpələr evləri də fəaliyyət
göstərir. Lakin son 10 il ərzində körpələr
evlərinin sayı nəzərəçarpacaq dərəcədə
azalıb. Bu, müxtəlif iqtisadi və digər amillərlə əlaqədardır.
Ölkədə məktəbəqədər təhsil müəssisələrinə
3-6, körpələr evlərinə isə 1-3 yaşlı
uşaqlar qəbul olunur. Nadir hallarda isə 2 aydan 1 yaşa qədər
olan uşaqlar da körpələr evlərinə verilə bilər.
Məktəbəqədər təhsil müəssisələri dövlət,
bələdiyyələr və müxtəlif idarələr
tərəfindən maliyyələşir. Son zamanlar özəl
məktəbəqədər təhsil müəssisələri
də fəaliyyətə başlayır ki, onlar da ölkə
üzrə cəmi 8 faiz təşkil
edir.
Rusiyada uşaqların yalnız 59 faizi
uşaq bağçalarına gedir. 20 faiz uşaq isə
bağçaya getmək üçün növbə gözləyir.
Bir sıra valideynlər isə hələ də
uşaqlarını bağçalara vermək barədə
düşünmürlər. Bu baxımdan dövlətin 3
yaşa qədər uşaqlar üçün effektiv təlim
proqramları qəbul etməsinin vacibliyi önə çəkilir.
Ümumi orta təhsil
Ümumi orta təhsilin ilk mərhələsi
olan ibtidai təhsildə uşaqlar ətraf mühit, ünsiyyət
vərdişləri, tətbiqi tapşırıqların həlli
barədə ilkin biliklərə yiyələnirlər. Bu mərhələnin
uşaqların şəxsiyyət kimi formalaşmasına və
inkişafına göstərdiyi təsirə görə ibtidai
təhsil dövlət və cəmiyyət
üçün olduqca
əhəmiyyətlidir.
Rusiyada icbari
ibtidai ümumi təhsil hamı üçün əlçatan
hesab olunur. İbtidai məktəblərdə uşaqların
təlim-tərbiyəsinə 6 yaşdan (uşağın
sağlamlığı ilə əlaqədar ciddi səbəb
olarsa, 8 yaşdan gec olmayaraq) başlanılır.
İbtidai məktəblərdə rus dili,
oxu, xarici dil, riyaziyyat, ətraf mühit, təsviri incəsənət,
musiqi, texnologiya, fiziki mədəniyyət fənlərinin tədrisi
icbari xarakter daşıyır. Fənlərin tədrisi
üçün ibtidai məktəbdə müvafiq şəraitin
yaradılmasına xüsusi diqqət yetirilir. Proqram üzrə
xarici dil II sinifdən tədris olunur. Texnologiya fənninin
"Kompüterdə iş təcrübəsi" (informasiya
texnologiyalarından istifadə) bölməsinin tədrisinə
III sinifdən başlanılır. Rus dili və ədəbiyyat
fənni isə federal təhsil proqramında iki variantda təqdim
olunur: rus dilində tədris aparılan məktəblər və
qeyri-rusdilli təhsil müəssisələri (digər
xalqların doğma dillərində tədris
aparılan məktəblər)
üçün.
İbtidai məktəb
federal təhsil sisteminin qarşısında duran aşağıdakı
əsas məqsədlərə
nail olunmasını təmin
etməlidir:
- məktəblinin şəxsiyyətinin
inkişafı, onun yaradıcılıq qabiliyyətinin,
öyrənmək marağının, arzusunun və oxumaq
bacarığının formalaşdırılması və
inkişaf etdirilməsi;
- mənəvi və estetik hisslərin tərbiyə
olunması, özünə və ətraf mühitə
qarşı emosional müsbət münasibətin
formalaşması;
- biliklər sisteminin, bacarıq və vərdişlərin,
fəaliyyətin müxtəlif növlərinin həyata keçirilməsi
təcrübəsinin mənimsənilməsi;
- uşaqların fiziki
və psixi sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi;
- uşaqların individuallığının
qorunması və dəstəklənməsi.
Ümumi orta
təhsil Rusiya təhsil sistemində əsas yerlərdən
birini tutur. Orta təhsil müəssisələri
sırasına aiddir:
- orta ümumtəhsil
məktəbləri;
- ayrı-ayrı fənlərin dərindən
öyrənilməsini həyata keçirən xüsusi məktəblər;
- gimnaziyalar;
- liseylər;
- axşam məktəbləri;
- internat tipli təhsil müəssisələri;
- fiziki və psixi qüsurlu uşaqlar üçün
xüsusi məktəblər;
- məktəbdənkənar
təhsil müəssisələri (uşaq musiqi məktəbləri,
incəsənət məktəbləri, xor və xoreoqrafiya
studiyaları, folklor ansamblları, uşaq-yeniyetmə idman məktəbləri,
gənc texniklər stansiyaları, istirahət
mərkəzləri və
s.).
Adətən ümumtəhsil müəssisələrinə
uşaqlar 6 və ya 7 yaşında daxil olur, 17 və ya 18
yaşda orta məktəbi bitirirlər. Ümumi orta təhsilin
standart məktəb proqramı IX və ya XI sinfə qədər
nəzərdə tutulur. Dərslər sentyabrın 1-də
başlayır və mayın sonunda başa çatır. Tədris
ilinin bölünməsinin iki əsas üsulu var:
- tədris ili 4 rübə
bölünür və hər rübün sonunda (yay,
payız, qış və yaz)
tətillər verilir;
- tədris ili 3 rübə
bölünür və rüblər birhəftəlik tətillə
başa çatır. Bu zaman hər rüb
5 bloka bölünür.
Hər rübün
sonunda bütün fənlər üzrə yekun qiymətləndirmə
aparılır. Hər ilin sonunda isə şagirdlərin illik
qiymətləri müəyyən olunur. Bəzən
rüblüklərlə yanaşı, yarımilliyin nəticələri
üzrə də qiymətləndirmə aparılır. Pis
oxuyan, illik qeyri-kafi qiymətlər almış şagirdlər sinifdə saxlanıla bilər.
XI sinifdə, eləcə də IX sinfin
sonunda şagirdlər bir sıra fənlər üzrə
imtahanlar verirlər. Bu imtahanların və illik qiymətlərin
əsasında attestat qiymətləri müəyyənləşdirilir.
İmtahanlar keçirilməmiş fənlər üzrə
isə rüblərə əsasən
çıxarılmış illik qiymətlər attestata yazılır.
IX sinfə qədər
oxumaq icbari, X və XI siniflər üzrə təhsil isə
könüllüdür. XI sinfi bitirən şagird tam orta təhsil
barədə attestat, IX sinfi uğurla başa vuran şagird isə
əsas ümumi təhsil haqda
şəhadətnamə alır.
IX sinfin məzunu təhsilini
orta ixtisas (texnikum, kollec, bir sıra tibbi, pedaqoji və digər
orta ixtisas məktəbləri) və peşə təhsili
müəssisələrində (orta peşə texniki, peşə
texniki məktəblərində) davam etdirə bilərlər.
Ali məktəbə daxil olmaq üçün tam orta təhsil
barədə attestat və yaxud peşə texniki məktəbinin,
texnikumun diplomu tələb olunur.
Məktəblərin əksəriyyəti 6 günlük iş həftəsi
əsasında fəaliyyət göstərir. Hər gün
4-7 dərs keçilir. Dərslər 45 dəqiqə davam edir.
Həmçinin dərslərin həftədə 5 gün
keçilməsi də mümkündür. Bu zaman dərslərin
sayı 9-a qədər artırıla, dərs saatı isə
45 dəqiqədən 35 dəqiqəyə qədər
azaldıla bilər. Şagirdlər məktəbdə dərslərdən
əlavə ev tapşırıqlarını da yerinə
yetirirlər. Müəllimlərin qərarına uyğun
olaraq aşağı siniflərin şagirdləri
üçün ev tapşırıqları
verilməyə bilər.
Rusiyada ixtisaslaşmış
orta məktəblərə və ya ayrı-ayrı
ixtisaslaşmış siniflərə də təsadüf
olunur. Bu halda bəzi fənlərin (xarici dil, fizika-riyaziyyat,
kimya, mühəndislik, biologiya və s.) daha dərindən tədrisi
təşkil olunur. İxtisas fənləri üzrə dərslər
ənənəvi məşğələlərdən əlavə
dərs yükü ilə fərqlənir.
Son vaxtlar Rusiyada
günərzi məktəb şəbəkəsi də
inkişaf edir. Bu məktəblərdə uşaqlar nəinki
ümumi təhsil alır, onlarla böyük həcmdə dərsdənxaric
işlər aparılır, dərnəklər, bölmələr
və uşaqların əlavə təhsili üzrə digər
birliklər də fəaliyyət göstərir.
Uşaqların əlavə təhsilini təmin edən məktəbdənkənar
müəssisələrdə musiqi, bədii, idman və digər
istiqamətlər üzrə məşğələlər
keçirilir. Bu məktəblərin fəaliyyəti
uşaqlarda yaradıcılıq potensialının
inkişafına təkan verir, onların ixtisas və gələcək
həyat yolunu müəyyənləşdirmələrinə
kömək edir.
Orta peşə təhsili
Rusiya Federasiyasında peşə təhsilinə
xüsusi önəm verilir. Ölkədə 280-dən
artıq ixtisas üzrə praktik-mütəxəssislərin
hazırlanması həyata
keçirilir.
Peşə təhsili
iki əsas tədris proqramı üzrə aparılır: baza
səviyyəsi və yüksək səviyyə. Baza səviyyəsini
mənimsəyən məzuna L-texnik dərəcəsi verilir.
Təhsil müddəti bir il çox olan yüksək səviyyəli
peşə təhsili baza səviyyəsinə nisbətən
daha dərin və geniş hazırlığı nəzərdə
tutur. Peşə hazırlığını dərinləşdirən
məzuna L-baş texnik
dərəcəsi verilir.
Hazırda Rusiyada
iqtisadiyyat və sosial sahələrdə 21,6 milyon peşə
təhsilli mütəxəssis çalışır. Bu isə
məşğul əhalinin ümumi sayının
34 faizinə bərabərdir.
Orta peşə
təhsili müəssisələrində əyani, əyani-qiyabi
(axşam), qiyabi oxumaq mümkündür. Peşə təhsili
müəssisələrinə əsas ümum təhsil
(ümumtəhsil məktəbinin IX sinfindən) və ya orta təhsil
(ümumtəhsil məktəbinin XI sinfindən) məktəblərinin
məzunları daxil ola bilərlər. Orta peşə təhsilinin
müddəti əyani hazırlığın profilindən
asılı olaraq 2-3 il arasında dəyişir. Əyani-qiyabi
və qiyabi peşə təhsili isə bir il artıqdır.
IX sinif məzunları orta peşə təhsilinə yiyələnmək
üçün tam orta (XI sinif) təhsilli gənclərlə
müqayisədə bir il
artıq oxuyurlar.
Orta peşə
təhsili müəssisələrinin 2 növü mövcuddur:
- Baza səviyyəsində
orta peşə təhsilinin əsas peşə təhsili proqramlarını reallaşdıran
texnikumlar;
- Baza və yüksək
baza səviyyəli orta peşə təhsili proqramlarını
həyata keçirən
kolleclər.
Bəzən orta
peşə təhsili proqramları ali məktəblərdə
də tədris olunur. Müvafiq profilli peşə təhsili
almış şəxslər qısa gücləndirilmiş
proqramlar üzrə ali peşə təhsilinə yiyələnə
bilərlər.
Rusiyada 25-dən
artıq federal nazirlik və idarənin nəzdində orta
peşə məktəblərinin bölmələri də fəaliyyət
göstərir.
Ali təhsil
Ənənəvi olaraq Rusiyada ali təhsil
iki pilləyə bölünür: bakalavriat və magistratura.
Ali təhsil proqramlarının normativ müddətləri aşağıdakı
kimidir:
- bakalavr dərəcəsi
almaq üçün təhsilin əyani forması üzrə
bakalavriat proqramı - 4 il;
- mütəxəssis
dərəcəsi almaq üçün əyani forma üzrə mütəxəssis
hazırlığı proqramı - 5 ildən
az olmamaqla;
- təhsilin əyani forması üzrə
magistr dərəcəsi almaq üçün magistr proqramı - 2 il;
- elmi pedaqoji kadrların
aspiranturaya (adyunktura)
hazırlığı proqramı - 3 ildən artıq olmamaqla.
Ali təhsilin tədris proqramını
uğurla mənimsəmiş və yekun attestasiyadan
keçmiş şəxslərə müvafiq qaydada ali təhsil
təsnifatları (akademik dərəcələr) verilir.
Bakalavriat proqramını mənimsəyənlərə -
bakalavr, mütəxəssis hazırlığı
proqramını başa vuranlara mütəxəssis,
magistratura proqramını mənimsəyənlərə
magistr, elmi pedaqoji kadrların aspirantura (adyunktura)
hazırlıq proqramını keçənlərə ali məktəb
müəllimi və ya tədqiqatçı, dissertasiya
müdafiə etmiş şəxslərə isə elmlər namizədi diplomu verilir.
Rusiya hökuməti
son illər ali təhsilin inkişaf etdirilməsinə xidmət
edən müvafiq dəstək proqramlarının maliyyələşdirilməsi
üzrə bir sıra qərarlar qəbul edib. Bu proqramlar
çərçivəsində ayrılmış vəsaitlər
istedadlı uşaqların dəstəklənməsinə,
elmi-tədqiqat institutları yanında distant məktəblərin
və federal universitetlərdə istedadlı gənclərin
inkişafı mərkəzlərinin yaradılmasına sərf
olunur. Bundan əlavə, federal universitetlərin maddi-texniki
bazasının yaxşılaşdırılması məsələləri
də diqqət mərkəzində saxlanılır.
2010-cu ildə ali təhsil
müəssisələrində innovativ infrastrukturun dəstəklənməsi
məqsədilə dövlət proqramı qəbul olunub. Bu
proqram ali məktəblərdə innovativ mühitin formalaşmasını,
təhsil ocaqları ilə sənaye müəssisələri
arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsini nəzərdə tutur.
Xarici ölkələrin
tanınmış mütəxəssislərinin Rusiyaya dəvət
olunması ali məktəblərə dövlət dəstəyinin
bariz nümunəsidir. 2010-cu ildə Rusiya hökuməti
"Aparıcı alimlərin Rusiya ali təhsilinə cəlb
olunması tədbirləri barədə" qərar qəbul
edib. Qərara müvafiq olaraq dövlət büdcəsindən
bu tədbirlər üçün 2010-cu ildə 3 milyard rubl,
2011-ci ildə 5 milyard rubl, 2012-ci ildə isə 4 milyard rubl
ayrılması nəzərdə tutulub. Ayrılmış
qrantlar müsabiqə əsasında hər bir elmi-tədqiqat
işinə görə 150 milyon rubl həcmində müəyyənləşdirilib.
Rusiya hökuməti yanında fəaliyyət göstərən
qrantlar üzrə Şura bu vəsaitlərin ayrılması
barədə yekun qərar verir və dövlət dəstəyi
göstəriləcək elmi-tədqiqat sahələrinin
adlarını da müəyyən edir. Dövlət dəstəyi
göstərilən elmi-tədqiqat sahələri
sırasına astronomiya və astrofizika, atom energetikası və
nüvə texnologiyası, biologiya, biotexnologiya, hesablama
maşınları və informasiya texnologiyaları, riyaziyyat,
maşınqayırma, tibbi elmlər və texnologiya, kosmik tədqiqatlar
və texnologiyalar, mexanika və idarəetmə prosesləri,
nanotexnologiya, Yer haqqında elm, materiallar haqqında elm,
psixologiya, koqnitiv araşdırmalar, radioelektronika, tikinti və
arxitektura, fizika, kimya, ekologiya, iqtisadiyyat, beynəlxalq tədqiqatlar,
sosiologiya, energetika və digər istiqamətlərə
aid tədqiqatlar daxildir.
Keyfiyyətin aşağı
olması Rusiya ali təhsilinin başlıca problemlərindəndir.
Gənclərin 80 faizdən çoxunun ali təhsil
almasına baxmayaraq, ölkədə mütəxəssis
çatışmazlığı hiss edilir, savadlı
hüquqşünaslar, iqtisadçıları və digər mütəxəssislər çatışmır.
Ali təhsildəki digər
problemin isə orta təhsildən irəli gəldiyinə dair
fikirlər səsləndirilir. Artıq Rusiyada orta təhsil
müddətinin 12 ilə qaldırılması barədə
müzakirələr aparılır. Bildirilir ki, universitetlərin
birinci kurs tələbələrinə hələ orta məktəblərdə
öyrənməli olduqları biliklər tədris olunur.
Eləcə də
məktəbəqədər təhsilə diqqətin artırılması,
uşaqların bağçalara cəlb olunma faizinin yüksəldilməsi
məsələləri ətrafında müzakirələr
aparılır.
Universitetlər
Rusiyada həm dövlət və həm də
özəl ali təhsil müəssisələri mövcuddur.
Ali məktəblərin filialları və müxtəlif
regionlarda nümayəndəlikləri də fəaliyyət
göstərir. Hər bir ali təhsil müəssisəsi
muxtariyyət hüququna
malikdir.
Ali məktəblər
müvafiq qaydalara uyğun olaraq akkreditasiyadan (akkreditasiya ali məktəbə
bir qayda olaraq attestasiyadan sonra verilir) keçməlidirlər.
Ali təhsil müddəti, bir qayda olaraq, 4 ildən 6 ilə
kimi davam edir. Ali təhsil əyani, axşam (əyani-qiyabi) və
qiyabi formada həyata keçirilir.
Rusiya Federasiyasında
ali təhsil müəssisələrinin aşağıdakı
növləri mövcuddur:
Federal universitetlər
federal dairələrin ərazilərində
fəaliyyət göstərən aparıcı ali təhsil
müəssisələri, elm və təhsil mərkəzləridir.
Artıq Rusiyada 14-ə qədər federal universitet fəaliyyət
göstərir.
Universitetlər müxtəlif sahələri
əhatə edən zəngin tədris proqramlarına malik
çoxprofilli təhsil müəssisələridir.
Universitetlər unikal elm-təhsil kompleksi kimi xüsusi
hüquqi statusa malikdirlər.
Universitetlər arasında yüksək nüfuza malik, Rusiya cəmiyyətinin
inkişafında xüsusi əhəmiyyət kəsb edən
iki ali təhsil müəssisəsinin - Moskva Dövlət Universiteti
və Sankt-Peterburq Dövlət Universitetinin adlarını
xüsusi olaraq qeyd etmək lazımdır.
Rusiyanın aparıcı
və ən böyük ali məktəbi,
milli elm və mədəniyyət mərkəzi olan Moskva
Dövlət Universitetinin (MDU) tərkibində 9 elmi-tədqiqat
institutu fəaliyyət göstərir. MDU-da 40 fakültə və
300-dən artıq kafedra var. Universitetdə 31 mindən
artıq tələbə və 7 minə yaxın aspirant təhsil
alır. Fakültə və elmi-tədqiqat mərkəzlərində
4 mindən artıq professor və müəllim, 5 minə
yaxın elmi işçi çalışır. Universitetin sərəncamında
ümumi sahəsi 1 milyon kvadratmetr olan 600-dən artıq bina və
tikili var. MDU yalnız Moskvada 205,7 hektar ərazini əhatə
edir. 1997-ci ildə MDU-nun Sevastopolda (Ukrayna), 2000-ci ildə
Astanada (Qazaxıstan), 2006-cı ildə Daşkənddə
(Özbəkistan), 2009-cu ildə Bakıda, həmin ildə isə
Düşənbədə (Tacikistan) filialları
açılıb.
MDU-nun elmi kitabxanası ölkənin
ən zəngin kitabxanası hesab olunur. Burada müxtəlif
sahələrə aid həm rus, həm də xarici dillərdə
əksər ədəbiyyatlar cəmləşib. MDU-nun nəzdində
1963-cü ildən ixtisaslaşmış elm-tədris mərkəzi-internat-məktəb
fəaliyyət göstərir. Bu məktəb ölkənin ən
perspektivli təhsil müəssisələrindən biri hesab
olunur.
"World Reputation Rankings" jurnalının dünya universitetlərinin reytinq cədvəlində
Rusiya ali məktəblərindən yalnız Moskva Dövlət
Universiteti yer alıb. Jurnalın 2010-cu il üzrə tərtib
etdiyi reytinq cədvəlində MDU 33-cü yerdə qərarlaşıb.
1724-cü ildə əsası qoyulmuş
Sankt-Peterburq Dövlət Universiteti Rusiya ali təhsil müəssisələrinin
flaqmanı hesab olunur. Universitet 286 illik fəaliyyəti ərzində
ali təhsil sahəsində zəngin ənənələri
ilə tanınıb, Rusiya elminin, təhsilinin
inkişafına layiqli töhfələr verib. Hazırda
universitetdə 32000-dən çox tələbə 20
fakültədə 323-dən çox ixtisasa yiyələnir.
Sankt-Peterburq Dövlət Universitetində
çalışanların ümumi sayı 14000 nəfərdən
çoxdur. Təhsil ocağının professor-müəllim
heyəti içərisində tanınmış akademiklər,
elm adamları da az deyil. Kifayət qədər
tanınmış məzunları olan universitetdə
V.İ.Lenin, V.V.Putin, D.A.Medvedev və başqa məşhurlar
da təhsil alıb.
Beynəlxalq əməkdaşlıq
Vahid Avropa təhsil məkanına
inteqrasiya Rusiyanın milli təhsil sistemi qarşısında
bir sıra vacib vəzifələr qoyub. Rusiya təhsil
sisteminin modernləşdirilməsi və onun rəqabət
qabiliyyətinin gücləndirilməsinə nail olmaq
üçün təhsil sahəsində beynəlxalq əməkdaşlığın
genişləndirilməsinə xüsusi əhəmiyyət
verir. 2003-cü ildə Boloniya prosesinə qoşulan Rusiya
Avropa vahid təhsil məkanının bərabərhüquqlu
üzvünə çevrilib.
Hazırda ölkənin
təhsil müəssisələri
beynəlxalq əməkdaşlıq
çərçivəsində 70-dən artıq proqram və
layihənin reallaşdırılmasında iştirak edir.
Rusiya təhsil sisteminin modernləşdirilməsinə xidmət
edən layihələr sırasında TASİS texniki dəstək
proqramı və universitetlərarası TEMPUS-TASİS
proqramları (Avropa Komissiyası), orta və peşə
təhsili sahəsində Rusiya-Böyük Britaniya əməkdaşlıq
proqramı (Britaniya Şurası), Rusiya-Niderland əməkdaşlıq
proqramı (KROSS bürosu), Avropa Şurası ilə əməkdaşlıq
üzrə işçi proqramının adını çəkmək
olar. Rusiya həmçinin YUNESKO, YUNİSEF, Avropa
Şurası, Baltik Dənizi Dövlətləri
Şurası, Barents-Avroarktika Şurası, ATES Forumu, Niderland,
Fransa, Avstriya, Finlandiya və digər ölkələrlə təhsil
sahəsində beynəlxalq əməkdaşlığının
genişləndirilməsini nəzərdə tutur.
Son illər Rusiya universitetləri
ABŞ, Avropa, Asiya, Latın Amerikası ölkələrinin
aparıcı elm və təhsil mərkəzləri ilə fəal
əməkdaşlıq əlaqələri qurur, birgə təhsil
proqramları reallaşdırılır. İlbəil xarici
ölkələrin ali məktəblərinə
təhsil almağa gedən rusiyalı gənclərin
sayında artım müşahidə olunur. Əsasən,
Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Avstraliya, ABŞ
universitetlərində təhsil almağa üstünlük
verən rusiyalı gənclər bir sıra prioritet ixtisaslara
yiyələnir, ölkənin ixtisaslı mütəxəssislərə
olan ehtiyacını ödəyirlər.
Rusiya universitetlərində
təhsil alan və ya öz təhsil səviyyələrini
təkmilləşdirən əcnəbilərin sayı da
durmadan artmaqdadır. Hazırda Rusiya ali məktəblərində
80 mindən artıq əcnəbi tələbə oxuyur ki,
onların da 57,2 min nəfəri Müstəqil Dövlətlər
Birliyi ölkələrindəndir.
Onu da
qeyd edək ki,
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində, eləcə
də dövlət xətti ilə Rusiya universitetlərində
300-ə yaxın azərbaycanlı tələbə təhsil
alır. Azərbaycanın ali məktəblərində isə
220-dən artıq rusiyalı gənc təhsilini davam etdirir.
Hazırladılar:
Bəşarət MƏMMƏDOV,
Oruc MUSTAFAYEV
Yazının hazırlanmasında Rusiya
Federasiyası Elm və Təhsil Nazirliyinin rəsmi
materiallarından istifadə olunub.
Azərbaycan müəllimi.-
2011.- 18 mart.- S.13.