Təhsil Nazirliyində görüş

 

Mayın 10-da təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerlə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonağı səmimi salamlayaraq onu Təhsil Nazirliyində görməsindən məmnunluq duyduğunu ifadə edib. Azərbaycanla Almaniya arasında mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini bildirən nazir iki ölkənin təhsil sahəsi üzrə səmərəli əlaqələrinin qurulmasında Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerin gördüyü işlərin əhəmiyyətini xüsusi qeyd edib. Təhsil naziri Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə  yaradılmış uğurlu əməkdaşlıqdan söz açıb, bu layihənin Azərbaycan və Almaniya tərəfindən dəstəkləndiyini qeyd edib. Nazir bildirib ki, bu günədək 70-dən çox azərbaycanlı gənc məhz bu proqram çərçivəsində Almaniya universitetlərində təhsil alıb.

Almaniya ilə peşə təhsili sahəsində əməkdaşlığın yaradılması baxımından artıq ilkin addımların atıldığını vurğulayan nazir bununla bağlı namizədlərin seçilməsi, onların qeyd olunan ölkəyə göndərilməsi məqsədilə dil kurslarında təhsil alması barədə qonağa məlumat verib. Misir Mərdanov bu günlərdə bir qrup peşə təhsili mütəxəssisinin Almaniyanın Baden-Vürttenberq Torpağının peşə təhsili sistemi ilə yaxından tanış olması məqsədilə bu ölkədə səfərdə olduqları və qazandıqları təcrübə haqqında danışıb.

Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdəki əlaqələrdən bəhs edən qonaq, xüsusilə təhsil sahəsində əməkdaşlığın səmərəliliyinin daha da artırılması məqsədilə peşə təhsili üzrə ən çox ehtiyac duyulan istiqamətlərdə kadrların hazırlanması, Azərbaycanda dual peşə təhsili sisteminin yaradılması təklifi ilə çıxış edib. Almaniya tərəfinin həyata keçiriləcək işlərdə daim dəstək göstərməyə hazır olduğunu vurğulayan qonaq dual peşə təhsili sisteminin üstünlüklərini sadalayıb.

Təhsil naziri Misir Mərdanov Almaniyada peşə təhsili sisteminin inkişaf etdiyini qeyd edərək bu ölkənin təcrübəsindən bəhrələnməyin əhəmiyyətini nəzərə çatdırıb. Ölkə Prezidentinin son zamanlar aqrar sahəyə xüsusi diqqətlə yanaşdığını vurğulayan nazir bu gün ölkəmizdə kadrların daha çox kənd təsərrüfatı, tikinti sahələri üzrə təkmilləşdirilməsinin zəruriliyini bildirib, habelə bu istiqamətdə müvafiq qurumlarla birgə iş aparılmasının əhəmiyyətini qeyd edib. Nazir həmçinin dual peşə təhsili sisteminin Azərbaycanda tətbiq olunması istiqamətində təkliflər irəli sürüb və ötən tədris ilində istifadəyə verilən İsmayıllı Peşə Təhsili Mərkəzinin yaradılmasında Avropa Komissiyası ilə birgə görülmüş işləri diqqətə çatdırıb.

Görüşdə almaniyalı peşə təhsili üzrə bir qrup mütəxəssisin bu ilin yayında Azərbaycana səfəri, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün əhəmiyyətli olan "Almaniyada kənd təsərrüfatının əsasları" adlı iki kitabın Azərbaycan dilinə tərcümə edilməsi, dual peşə təhsili mərkəzinin yaradılması üzrə layihənin hazırlanması və bununla bağlı digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  

 

 Azərbaycan müəllimi.- 2011.- 13 may.- S.3.