Dəyərli dərs vəsaiti

 

"Mən bütün ömrümü, həyatımı şeirə, sənətə, ədəbiyyata, onun tədqiqinə və təbliğinə həsr etmişəm. Hərdən mənə elə gəlir ki, ədəbiyyat mənim Leylimdi, mən isə onun Məcnunu" - bu sözlər görkəmli Azərbaycan şairi, tanınmış ədəbiyyatşünas, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğluya məxsusdur və onun yenicə çapdan çıxan "Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" (ADPU nəşriyyatı, 2010) kitabının üz qabığında verilməsinin özü də simvolik xarakter daşıyır. Əllidən artıq kitabın müəllifi olan, əsərləri orta məktəb dərsliklərinə düşən Rafiq müəllim ömrünün qırx ildən çoxunu balalarımızın təlim-tərbiyəsinə həsr etmişdir. O, ümumtəhsil məktəblərinin birinci sinifləri üçün yazılmış "Ana dili" dərsliyinin aparıcı müəlliflərindən biridir. Uzun illərdən bəri Sumqayıt Dövlət Universitetində, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində mühazirələr oxuyan Rafiq Yusifoğlu ali məktəb tələbələri üçün də bir neçə dəyərli dərslik və dərs vəsaiti yazıb nəşr etdirmiş, həmin fənlərdən əhatəli  tədris proqramları da hazırlamışdır. Uzun illərdir ki, ali məktəb tələbələri onun qələminin məhsulu olan "Ədəbiyyatşünaslığın əsasları", "Müasir ədəbi proses və ədəbi tənqid", "Uşaq ədəbiyyatı" kitablarından faydalı, dəyərli vəsait kimi bəhrələnirlər.

Bu yaxınlarda Rafiq Yusifoğlunun uzunmüddətli tədqiqatının bəhrəsi olan "Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" adlı sanballı elmi monoqrafiyası çap olunmuşdur. Bu monoqrafiya Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyat" bölməsinin qərarı və Azərbaycan Respublikası təhsil nazirinin 4 iyun 2010-cu il tarixli 730 nömrəli əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.

Kitabın elmi redaktoru akademik Bəkir Nəbiyev, rəyçiləri isə AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli, filologiya elmləri doktorları professor Məhərrəm Qasımlı, professor Vaqif Arzumanlı və professor Ramazan Məmmədovdur.

486 səhifəlik bu monoqrafiyada XX əsrdə yazılmış Azərbaycan poemalarının məziyyət və nöqsanlarından elmi şəkildə söhbət açılır. Müəllif ədəbi nümunələrə, nəzəri ədəbiyyata və ədəbi tənqid materiallarına istinadən öz fikir və mülahizələrini söyləyir. Tədqiqatın yeni milli metodologiyanın prinsiplərinə uyğun şəkildə aparılması onun elmi dəyərini daha da artırır, sovet dövrü ədəbiyyatını yeni dövrün tələblərinə uyğun şəkildə, obyektiv meyarlarla qiymətləndirməyə imkan yaradır.

Monoqrafiyanın nəzəri səviyyəsi çox yüksəkdir. Burada poemanın inkişaf meyillərindən, janr xüsusiyyətlərindən, struktur və tipologiyasından söhbət açılır. İkinci fəsildə zaman və qəhrəman, üçüncü fəsildə isə konflikt və xarakter problemi tədqiqat predmeti seçilir. Bu fəsillərin müvafiq bölmələrində ədəbi prosesdə ənənə və novatorluqdan, müəllif və zaman fenomenindən, daxili münaqişədən, yeni xarakter axtarışlarından bəhs edilir. Üçüncü fəsil mühüm sənətkarlıq komponentlərindən bədii portretə, peyzaja, bədii detala, bədii təsvir və ifadə vasitələrinə həsr olunub. Müəllif poemalardan seçdiyi zəngin poetik faktlara istinadən öz fikir və mülahizələrini əsaslandırmağa çalışır və buna müvəffəq olur. Dördüncü fəsildə isə poemaların vəzn və qafiyə sistemi tədqiqat obyekti seçilir.

Ümumiyyətlə götürsək, Rafiq Yusifoğlunun "Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" adlı monoqrafiyası çox dəyərli, elmi arqumentləri inandırıcı, bədii faktlarla zəngin bir dərs vəsaitidir. Ümid edirik ki, bu monoqrafiyadan müəllim və tələbələr yetərincə bəhrələnə biləcəklər.

 

 

Günel ALMAZ

 

Azərbaycan müəllimi.- 2011.- 20 may.- S.22.