Uşaq-Gənclər Futbol Məktəbinin açılış mərasimi

 

Mayın 19-da "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları  Uşaq-Gənclər Futbol Məktəbinin  açılış mərasimi keçirildi.

Mərasimdə təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın  və Dövlət Neft Şirkətinin prezidenti,  millət vəkili Rövnəq Abdullayev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev,  təhsil nazirinin müavini Elmar Qasımov  və digər rəsmi şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov futbol məktəbinin istifadəyə verilməsi münasibəti ilə məktəb kollektivini təbrik etdi. Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Elmar Qasımov AFFA ilə Təhsil Nazirliyinin birgə yaratdıqları idman məktəbinin ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunduğunu diqqətə çatdırdı.  Sonra təhsil naziri Misir Mərdanov idman məktəbinin istifadəyə verilməsi ilə bağlı iştirakçıları təbrik etdi. Bildirdi ki, belə yüksək səviyyədə olan məktəbin yaradılması  Azərbaycanın idman həyatında mühüm bir hadisədir.  Misir Mərdanov ölkə  Prezidenti cənab İlham Əliyevin respublikanın bütün sahələrində olduğu kimi, idmana da  böyük diqqət və qayğı göstərdiyini bildirdi.  Qeyd etdi ki, məhz bunun nəticəsində idmançılarımız dünya arenalarında  idmanın müxtəlif növləri üzrə böyük uğurlar qazanaraq üçrəngli bayrağımızı zirvələrə qaldırır, Dövlət himnimizi səsləndirirlər. Biz onlarla fəxr edirik.

Misir Mərdanov idman məktəbinin Azərbaycan futbolunda önəmli rol oynayacağına və burada peşəkar idmançıların yetişəcəyinə ümidvar olduğunu diqqətə çatdırdı.

Tədbirdə çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev  idman məktəbinin, meydançanın yeniyetmələr və uşaqlar üçün böyük hədiyyə olduğunu vurğuladılar. Ölkə başçısı tərəfindən idmançılar üçün yüksək şərait yaradıldığını diqqətə çatdırdılar. 

Sonra qonaqlar idman məktəbində yaradılan şəraitlə yaxından tanış oldular.

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2011.- 20 may.- S.4.