Nurməhəmməd bəy Ədilxan oğlu Şahsuvarov

 

Nurməhəmməd bəy Ədilxan oğlu Şahsuvarov 1883-cü ildə Zəngəzur qəzasının (indiki Laçın rayonunun) Minkənd kəndində anadan olub. İbtidai təhsilini kənd məktəbində başa vurmuş Nurməhəmməd bəy Şahsuvarov 1899-1903-cü illərdə Qori Müəllimlər Seminariyasında oxuyub. Bir müddət Gəncədə rus dili müəllimi işlədikdən sonra 1912-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutunu bitirib. Həmin il Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub və ali məktəbi eksternat yolu ilə 1915-ci ildə bitirib. Dağıstan Vilayəti Xalq Maarifi İdarəsi üzrə Teymurxanşura (indiki Buynaksk) şəhərinə inspektor təyin edilib.

 

1917-ci ildə Rusiyada fevral burjua inqilabı zamanı bitərəf Nurməhəmməd bəy Şahsuvarov siyasi hadisələrdə yaxından iştirak edib. 1918-ci ilin yayında Şimali Qafqazda yaşayan xalqların milli azadlıq hərəkatı nəticəsində yaradılan Dağlı Respublikasının  xalq  maarifi  naziri  təyin  olunub.

1919-cu il iyunun əvvəlində Bakıya gələn Nurməhəmməd bəy Şahsuvarov Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının sədri, 4-cü Hökumət Kabinetində xalq maarifi və dini etiqad nazirinin müavini vəzifəsini icra etməyə başlayıb. O, Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlərin həyata keçirilməsində böyük əmək sərf edib. Azərbaycanın ilk ali məktəbi olan Bakı Dövlət Universitetinin təşkilində Nurməhəmməd bəy Şahsuvarov xüsusi xidmət göstərib.

"İttihad" partiyasının üzvü Nurməhəmməd bəy Şahsuvarov Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin 2-ci Hökumət Kabinetində xalq maarifi və dini etiqad naziri təyin olunub, 25 gün sonra - martın 30-da bütün kabinet ilə birlikdə istefa verib.

1920-ci il aprelin 27-də baş verən hadisələrdən sonra Nurməhəmməd bəy Şahsuvarov Azərbaycan SSR xalq maarifi komissarının müavini təyin olunub. O, həmin dövrlərdə Bakıda pedaqoji və Səmədağa Ağamalıoğlu adına torpaq və geodeziya texnikumlarında rus dilindən dərs deyib. Sonralar Bakı Dövlət Universitetində rus dili kafedrasının müdiri, Azərbaycan Neft və Kimya İnstitutunda isə rus dili müəllimi işləyib.

Keçmiş Sovetlər Birliyində 1930-cu illərdə tüğyan edən repressiya dalğası ondan da yan keçməyib. 1940-cı ildə qondarma ittihamlarla həbs olunan və Krasnodar diyarına sürgünə göndərilən Nurməhəmməd bəy Şahsuvarov orada da öz ixtisası üzrə dərs deyib. Üç il sonra - 1943-cü ildə sürgündən Bakıya qayıdıb, Azərbaycan Tibb İnstitutunda rus dili kafedrasının müdiri və müəllimi işləyib. Azərbaycanda rus dili sahəsində bir mütəxəssis kimi məşhur olub.

Nurməhəmməd bəy Şahsuvarov Feona Kuzmişina adlı xanımla ailə həyatı qurub, bu izdivacdan Cahangir adlı oğlu dünyaya gəlib. Cahangir bəy Şahsuvarov Moskvada yaşayıb, ali təhsil alıb, Moskva Yerin Fizikası İnstitutunda çalışıb, fizika-riyaziyyat elmləri doktoru olub. Onu da xatırladaq ki, Nurməhəmməd bəyin təmsil olunduğu Şahsuvarlılar nəslindən çoxsaylı alimlər çıxıb. Onun qardaşı Mürsəl bəy Azərbaycan Xalq Cümhuriyyətinin xaricə təhsil almağa göndərdiyi 100 azərbaycanlı tələbədən biri olub.

Öz dövrünün tanınmış şəxsiyyətlərindən biri olan Nurməhəmməd bəy Şahsuvarov 1958-ci il avqustun 11-də Bakıda vəfat edib.

  

 

 Azərbaycan müəllimi.- 2011.- 27 may.- S.12.