Həyatını kosmosa həsr etmiş azərbaycanlı
general
Sosialist
Əməyi Qəhrəmanı, Dövlət
mükafatları laureatı, general-leytenant
Kərim Kərimov bütün həyatını
sovet kosmonavtikasına, kosmosa
və raket texnikasına həsr etmişdi. Sovet kosmik elmini azərbaycanlı
general Kərim Kərimovsuz təsəvvür
etmək çox çətindir. 50 il ərzində sovet kosmik aparatlarının və raket
texnikasının yaradılması ilə məşğul olmuş Kərim Kərimov bu
sahənin pionerlərindən hesab olunur. Kərim Kərimovun raket
texnikası sahəsində işləri hələ "soyuq müharibə" dönəmində Amerika tərəfdə də ciddi
maraq doğururdu. General Dövlət Komissiyasının sədri
kimi öz həyatında
Yuri Qaqarinin kosmosu fəthi, Makarovun
faciəli ölümü kimi
hadisələri yaşamışdı... Həyatının son
günlərinə qədər sovet və
Rusiya kosmik gəmilərinin
uçuşları ilə bağlı ən problemli
məsələlər onun yaxından
iştirakı ilə həll olunub. O, öz əməyinin
bəhrəsini görməyi sevərdi. Bütövlükdə
isə onun bütün
həyatı işə tabe idi. Generalın
sonadək Vətənə sədaqət nümunəsi olan həyatı olduqca
gözəl və təəccüb doğuracaq
dərəcədə maraqlıdır.
Bakıdan Baykonura
uzanan yol
Kərim
Kərimov 1917-ci il
noyabrın 14-də Bakıda neftçi-texnoloq
Abbasəli Kərimovun ailəsində dünyaya
göz açıb. Onun
atası Sankt-Peterburq Texnologiya
İnstitutunu bitirərək Bakıya dönüb və Sürəyya xanımla ailə
qurub. Yüksək ixtisaslı
neftçi-mühəndis olan Abbasəli
tezliklə öz karyerasında irəliləyib.
Onun xanımı, Bakıdakı elitar gimnaziyanın məzunu isə ev qayğıları ilə əhatə olunub. Ailədə 3 oğlan
uşağı doğulub - Kərim, Süleyman və Mustafa. Lakin tezliklə bədbəxtlik baş verib. 1925-ci ildə
Sürəyya xanım qəfil xəstəlik keçirib
və tez bir vaxtda dünyasını dəyişib. Abbasəli
ikinci dəfə evlənməyib və
uşaqların tərbiyəsi ilə məşğul olub. Ona bu
işdə mərhum xanımının valideynləri də kömək ediblər. Bəlkə
də ailədə hökm sürən ümumi xeyirxah münasibət və bir çox cəhətdən
qarşılıqlı anlaşma və
qarşılıqlı yardım gənc Kərimin xarakterini müəyyən
etmişdi. O, artıq
yuxarı siniflərdən işləməyə
başlamışdı. Hələ 4-cü sinifdə oxuyarkən
o dövrdə həddən artıq sirli və maraqlı hesab olunan radiotexnika ilə maraqlanır, çoxsaylı
kitablar oxuyur, radioqəbuledicilər
yaradır və hətta zavod istehsalı olan radio avadanlıqlarını təmir edirdi. Məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna
qəbul olunur. Oxumaqla
yanaşı, K.Kərimov ailəsini dolandırmaq üçün həm də işləyirdi.
Birinci kursda
ailə qurmuş, 1937-ci ildə doğulmuş
qızına mərhum anası Sürəyyanın
adını qoymuşdu.
Sonra isə... Uzun
illər K.Kərimovun başı üzərində qalın məxfilik
pərdəsi asılıb... Müharibə başlayan
zaman bir
çoxları kimi o da ön cəbhəyə
can atıb, lakin onu cəbhəyə yaxın buraxmayıblar. O
dövr üçün
K.Kərimovun seçdiyi ixtisas
olduqca nadir və
qapalı idi.
1941-ci
ildə kiçik qardaşı,
müharibəyə könüllü
yollanmış Süleyman həlak olub. Digər
qardaşı Mustafa isə döyüş yollarında itkin
düşüb.
Əfsanəvi general
1942-ci
ildə ali məktəbi bitirən K.Kərimov
döyüşən orduya yox, artilleriya
akademiyasına göndərilir.
K.Kərimov sonuncu kursa
qəbul olunur. Bir il sonra akademiyanın rəhbərliyi kursantların
təhsil müddətini bir il uzadır. 1943-cü ildə K.Kərimov
minaların istehsalı üzrə diplom işini "əla" qiymətlərlə
müdafiə edir.Və texnik-leytenant
rütbəsində o, Baş
İdarənin sərəncamına göndərilir. Məhz
burada müharibənin taleyini
həll etmiş
məşhur "katyuşa"lar istehsal olunurdu.
Qeyd olunmalıdır ki,
"katyuşa" istehsalı heç də asan başa gəlməmişdi.
"Katyuşa"ların vaxtından əvvəl
partlayışlar törətməsi onun
kütləvi istehsalına başlanmasına imkan
vermirdi. Bu problemin həlli çoxlu
qurbanlar hesabına başa
gəlmişdi. Lakin Kərim Kərimov və onun əməkdaşlarının
gərgin əməyi nəticəsində bu
problem həll olunmuş,
almanların Şərqə doğru irəliləməsinin
qarşısı alınmışdı. Bir
fakt da qeyd
olunmalıdır ki, "katyuşa" istehsalına Lavrenti
Beriyanın idarəsi nəzarət edirdi.
K.Kərimovun bu sahədə xidmətləri
onunla nəticələnmişdi ki, müharibə qurtaran kimi onun növbədənkənar
hərbi rütbəsi artırılmış və "Qızıl ulduz" ordeni ilə təltif
olunmuşdu. Bundan əlavə,
sovet hərb sənayesi üçün
perspektiv vəd edən K.Kərimov
müharibədən dərhal sonra
SSRİ Müdafiə Nazirliyinin mərkəzi
aparatına göndərilmişdi. Onun
bioqrafiyasında əsaslı dönüşün
başlanğıcı 1946-cı ildə qoyulub. Stalinin göstərişi
ilə K.Kərimov bir qrup
mütəxəssislə alman raket texnikasını öyrənmək üçün Almaniyaya
- Nordxauzen şəhərinə ezam olunub. K.Kərimov burada "Fau-2" ballistik
raketlər üzərində işləyib. Müharibədən
sonra dağıdılmış alman raket
texnikasının qalıqları
SSRİ-yə gətirilib və
burada yoxlanılıb. Lakin
Almaniyanın hərbi arsenalında olan raket texnikasını tədqiq etmək üçün xüsusi
vasitələr tələb olunurdu. Məhz
bu məqamda Kərim Kərimovun
uşaqlıqdan maraq göstərdiyi sahə
- radiotexnika köməyə gəldi. Heç 30 yaşı belə tamam olmayan, lakin SSRİ
Müdafiə Nazirliyinin ən məsuliyyətli
şöbələrindən birinin rəisi
olan K.Kərimov tabeliyində olan mütəxəssislərlə birlikdə
o zaman üçün
unikal radioteleölçü
- "Don" sistemini
yaratdı. Bu sistem uzun illər sovet raket texnikasına müvəffəqiyyətlə
xidmət etmişdir.
Və tezliklə K.Kərimovun zəhməti sovet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, o, 1950-ci ildə
Stalin mükafatına layiq görülüb.
1960-cı ilin sentyabrında K.Kərimov Raket Qoşunları Baş
İdarəsinin rəisi təyin olunub.
60-cı illərin ortalarına kimi o, qitələrarası ballistik
raketlərin yaradılması üzərində isləyir,
günlərlə vaxtını strateji təyinatlı
raketlərin sınaq poliqonunda keçirirdi. Tezliklə general K.Kərimov strateji təyinatlı
raket qüvvələrində ən
aparıcı fiqura çevrilib.
General "Zenit" kəşfiyyat
peyklərinin buraxılmasına şəxsən nəzarət
edib. "Zenit" raket-kosmik kompleksinin tətbiqinə
görə K.Kərimov Lenin
mükafatına layiq görülüb.
Daha sonra ona kosmos sahəsində
işləməyi təklif
edirlər. "Bu təkliflə az qala xətrimə dəydilər.
Yüksəkməxfi qitələrarası raketlərlə məşğul
olurdum və birdən mənə
tanış olmayan kosmos
barədə təklif aldım"-deyə general
sonralar xatırlayırdı. Lakin bir qədər sonra K.Kərimov kosmosun fəthində
ilk pionerlərdən biri
olmasına görə taleyinə minnətdarlıq edirdi. 1964-cü ildə yenicə
yaradılmış kosmik vasitələrin
Mərkəzi İdarəsinə, 1965-ci ildən isə raket və kosmik
texnikanın yaradılması ilə məşğul olan SSRİ Maşınqayırma Nazirliyi Baş Kosmik İdarəyə rəhbərlik edib. Bu vəzifədə
fəaliyyətini davam etdirməklə
yanaşı, K.Kərimov pilotlu uçuşların həyata
keçirilməsi üzrə Dövlət Komissiyasının
sədri təyin olunub və bu vəzifədə fasiləsiz olaraq tam 25 il
çalışıb. 1975-ci ildə "Soyuz-Apollon"
Sovet-Amerika birgə gəmisinin uçuşunu hazırlayıb.
1979-cu ildə pilotlu orbital
stansiyanın uğurlu
uçuşlarını təşkil etdiyinə görə
Dövlət mükafatı alıb, 1987-ci ildə "Mir" çoxmodullu orbital
stansiyanın yaradılmasına görə ona Sosialist Əməyi Qəhrəmanı
adı verilib. 1991-ci ildə 74
yaşında K.Kərimov istefaya
çıxıb, lakin son
günlərinə qədər uçuşların həyata
keçirilməsi üzrə Dövlət
Komissiyasının elmi məsləhətçisi
işləyib. General
həftədə 2-3-dəfə mərkəzə baş çəkər, orbital
stansiyada baş verənlərlə
bağlı məlumatları qəbul edib,
onları təhlil və sistemləşdirər, əməkdaşlarına
dəyərli tövsiyələrini verərdi.
K.Kərimovun
fəaliyyətində planetlərarası stansiyalar,
Mars, Venera və
kometaların öyrənilməsi kimi xüsusi layihələr də var. Bütün bunlar sovet
kosmonavtikasının 50 illik tarixini əks etdirir və
bütün bu layihələr
Kərim Kərimovla sıx bağlıdır.
"Yoldaş
Dövlət Komissiyasının Sədri!"
On illər ərzində general-leytenant Kərim Kərimovu bu cür
adlandırıblar.
"Uçuşa
icazə verirəm". Bu əmri verən
şəxsin çiyinlərinə
son dərəcə ağır məsuliyyət
yükü düşürdü.
Yalnız və yalnız o, son qərar qəbul edirdi.
Onun iki kəlmə sözü onlarla, yüz minlərlə insanın üzunillik zəhmətinə yekun
vurur. İnsan
düşüncəsinin taleyi,
ağlasığmaz maddı xərclər və hətta insan həyatı
məhz ondan asılı idi.
Baxmayaraq ki, o, kino-televiziya
ekranlarının qəhrəmanı idi, onu çox az adam tanıyırdı.
Onu yalnız arxa plandan çəkməyə icazə verirdilər.
Onun səsini
isə yalnız məşhur Levitanın səsi ilə
müqayisə etmək olardı. Sovet
dövründə Baykonurdan kosmonavtların üçüşundan
hazırlanan bütün birbaşa
yayımlarda bir azdan kosmosa yollanacaq gəmi heyətinə
üz tutan, lakin üzü
görünməyən bu general
"Sizə uğurlu uçuş
proqramı həyata keçirməyi və sağ-salamat doğma Yerə
qayıtmağı arzulayıram" deyirdi.
Bu səsin sahibi Kərim
Kərimov uzun 25 il ərzində
fasiləsiz olaraq kosmik,
planetlərarası və pilotlu uçuşlar üzrə xüsusi
Dövlət Komissiyasının sədri vəzifəsində
çalışıb.
Həyatda
olduqca səmimi olan general Kərimovu
"gizli oyunlar" çox üzürdü. Onlardan biri Aya ilk
pilotlu proqram üzrə
uçuşun təşkili ilə
bağlıdır. O, bu layihənin həyata
keçirilməsinə uzun illər bilik, enerji, var-qüvvəsini
sərf etmişdi. K.Kərimovun layihəsi
uğurlu sonluğunu
gözləyirdi. Lakin... Bu
barədə K.Kərimov sonralar öz xatirələrində bildirirdi:
-1961-ci
ildə mənim rəhbərlik
etdiyim Maşınqayırma Nazirliyinin Baş İdarəsi
qarşısında olduqca mürəkkəb
və böyükhəcmli vəzifə qoyulmuşdu.
Başlıca vəzifə Günəş sistemi
planetinə və Aya avtomat
və pilot
göndərmək idi. O vaxt Sergey Korolyovun rəhbərlik etdiyi
konstruktor bürosu digər
sifarişlərdən azad olunmuşdu
və yalnız raket və kosmik
tədqiqatlar üçün gəmilərin
yaradılması ilə məşğul olurdu. Ay və planetlərin öyrənilməsi üçün ağırlığı 2 min ton olan güclü N-1 raketinin
yaradılmasına çalışırdıq. Lakin Nikita Xruşşov
kosmik tədqiqatlar üçün
nəzərdə tutulmuş vəsaitləri
digər istiqamətlərə xərclədi. Nəticədə
bu layihə baş
tutmadı...
50 il
dövlət sirri altında
Əfsanəvi
şəxsiyyət, sovet kosmik
proqramlarının əsas yaradıcılarından biri, general Kərim Kərimovun
bütün həyatı kosmosla
bağlı olub. 1966-cı ildən 1991-ci
ilə kimi Baykonurdan
kosmonavtların uçuşlarına şəxsən xeyir-dua vermiş və
onları qarşılamışdır. Kosmonavtlar
məhz ona tapşırıqların yerinə
yetirilməsi barədə məruzə etmişlər, lakin televiziya verilişlərində,
kinoxronikalarda biz onun üzünü
görməmişdik. Yalnız 1987-ci ildən sonra
Moskvada nəşr olunan
"Pravda" və "Sovetskaya
Rossiya" qəzetləri general
K.Kərimovun şəxsiyyəti barədə ictimaiyyətə
açıqlama vermişdi. Kərim Kərimov özü
məxfilik şəraitində fəaliyyətini belə şərh
etmişdi: "Özümü
çox pis hiss edirdim. Mən hətta
məşğul olduğum işin adını belə söyləyə
bilməzdim. Lap gülünc
idi. Makinaçı mətni
yığırdı, mətndəki "reaktiv"
sözünü isə buraxırdı, bu sözü sonradan qələmlə mətnə daxil edirdilər. Çox vaxt lazım olan sənədi
əldə etmək üçün nə
qədər səy göstərmək tələb olunurdu! Mən hətta bu
barədə sakitliklə də danışa bilmirəm. Əminəm
ki, bizim məxfilik sistemimiz texnika sahəsində
ABŞ-dan geridə
qalmağımızın əsas faktorlarından biri idi" ("Novaya qazeta").
Kərim
Kərimovun işləri okeanın o
tayında - Amerikada da
diqqətlə izlənilirdi. Generalın əməyinin bəhrəsi
olan "Mir"
stansiyası istifadəyə verildikdən sonra
Amerika mətbuatı yazırdı ki, ruslar
amerikalıları 10 il qabaqladılar və
indi kosmosa nəzarət
edirlər.
Kərim
Kərimovun haqqında "Novıye izvestiya"
qəzeti 12 aprel 2005-ci il
sayında yazırdı: "Azərbaycanlı general Kərim Kərimovun adı tam 25 il ərzində mətbuat
üçün qapalı idi,
onu üzdən yalnız keçmiş
SSRİ-nin rəhbərliyi
tanıyırdı. Bu insanın fəaliyyəti
Amerikanın NASA kosmik agentliyinin
də diqqət mərkəzində idi,
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi K.Kərimovla
əlaqə qurmağa uğursuz
cəhdlər edirdi".
Kərim Kərimovun sevincli anları
Kərim
Kərimovun həyatında bir çox xoşbəxt və sevincli
anlar olub. Bunlar təkcə kosmosla
bağlı olmayıb. General Kərimov zahirən, ola bilsin, olduqca az diqqət cəlb edirdi, lakin çox səmərəli ictimai
iş aparırdı. O, istedadlı azərbaycanlı
gənclərin Rusiyanın ali məktəblərində
təhsil almalarına, Azərbaycanda kosmik
elmin yaradılmasına kömək edirdi, azərbaycanlıların Rusiyadakı
"Azerros" federal
milli-mədəni muxtariyyətinin fəal
iştirakçısı idi.
...K.Kərimov
öz arxivindəki şəkillərə
baxmağı sevərdi. Bu şəkillər
arasında onun üçün
ən qiymətlisi generalın xeyir-duası ilə kosmosu ilk dəfə fəth
etmiş Yuri Qaqarindən
aldığı "kosmosun
atasına" yazılı avtoqrafdır.
2001-ci
ildə Rusiya prezidenti
Vladimir Putin Rusiya
kosmonavtikasının inkişafındakı şəxsi xidmətlərinə
görə Kərim Kərimovu "Vətən
qarşısında xidmətlərinə görə"
4-cü dərəcəli ordenlə təltif edib.
Adı sovet və dünya
kosmonavtika tarixində şanlı iz buraxmış, hər bir
azərbaycanlının fəxr etdiyi general Kərim Kərimov 2003-cü il martın 29-da vəfat edib. Moskvada azərbaycanlıların da təhsil
aldığı 157 nömrəli orta ümumtəhsil məktəbinə
əfsanəvi generalın adı verilib.
Hazırladı: Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2011.- 4 noyabr.- S.6.