Lids Universiteti
Yerləşir:
Böyük Britaniya,
İngiltərə, Lids şəhəri
Yaranma tarixi: 1831-ci il
Tipi:
Dövlət
İşçi heyəti: 7645 nəfər
Tələbələrin ümumi
sayı: 33002 nəfər
İllik tədqiqat gəlirləri: 119
milyon funt-sterlinq
Rəsmi saytı: www.leeds.ac.uk
Lids Universiteti (University of Leeds) İngiltərənin Qərbi Yorkşir vilayətinin
Lids şəhərində yerləşir və Böyük
Britaniyanın ən nüfuzlu təhsil ocaqlarından biridir.
Universitet tələbə sayının çoxluğuna
görə ölkənin ikinci ən böyük ali məktəbidir.
Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Lids Universiteti 100 ən yaxşı ali məktəb
arasında 99-cu yerdə olub. "Times Higher Education World
University Rankings"in 2010-cu il üzrə dünyanın ən
nüfuzlu universitetləri arasında apardığı
araşdırmaya əsasən, Lids Universiteti 168-ci, "QS
World University Rankings"in açıqlamasına görə
isə 85-ci yerdə qərarlaşıb. "QS World University
Rankings"in 2011-2012-ci tədris ili
üçün açıqladığı reytinq cədvəlində
Lids Universiteti 93-cü, "Times Higher Education World University
Rankings"in cədvəlində isə 133-cü yerdə
dayanır.
Lids
Universiteti Rassell, Avropa Universitetləri, Birlik Ölkələri
Universitetləri assosiasiyalarının, Beynəlxalq Universitetlər,
Santander şəbəkələrinin, Ağ
Qızılgül Universitet Konsorsiumunun üzvüdür.
Tarixi
1831-ci
ildə Lids şəhərində fəaliyyət göstərən
5 tibb müəssisəsinin ehtiyaclarını ödəmək
məqsədilə şəhərdə Lids Tibb Məktəbi
yaradılır. Bu məktəbdən başqa həmin dövrdə
Yorkşir Dəqiq Elmlər Kolleci də fəaliyyət
göstərirdi. 1851-ci ildən
başlayaraq Yorkşir Dəqiq Elmlər Kolleci Mançester
şəhərində yerləşən Ouens Kolleci modelinə
uyğun olaraq dünyəvi təhsilə üstünlük
verir. Bu kollec Almaniyanın texniki kolleclərinə
müraciət edir, onların elmi nailiyyətlərindən
proqressiv və praqmatik nümunə kimi istifadə edir. Yorkşir Dəqiq Elmlər Kollecində eksperimental
fizika, riyaziyyat, geologiya, dağ-mədən sənayesi, kimya və
biologiya, sonradan isə mühəndislik və toxuculuq
texnologiyası sahələri tədris edilir. Kollecdə klassika, müasir ədəbiyyat və
tarix ixtisasları tədris edildikdən sonra təhsil müəssisəsinin
adı dəyişdirilərək Yorkşir Kolleci olur. 1874-cü ildə Yorkşir Kolleci və Lids Tibb Məktəbi
birləşdirilir, burada orta təbəqənin və ticarətçilərin
övladları təhsil alır. 1887-ci ildə
Yorkşir Kolleci Lids Tibb Məktəbi ilə birgə Viktoriya
Universitetinin tərkibinə qatılır. Həmin dövrdə Viktoriya Universitetinin tələbələri
London Universiteti tərəfindən elmi dərəcələrlə
təltif olunurdu.
Yorkşir
Kolleci və Lids Tibb Məktəbində qızların təhsil
almasına heç vaxt qadağa qoyulmayıb. Kollecə qəbul edilən ilk qız tələbə
Müasir ədəbiyyat və pedaqogika fakültəsində
təhsil alan Lilias Enni Klark olur. 1903-cü ildə əldə olunmuş Kral Nizamnaməsinə
əsasən ilk olaraq Liverpul Universiteti Viktoriya Universitetinin tərkibindən
çıxaraq müstəqil fəaliyyət göstərməyə
başlayır. Bir il sonra kral VII Edvardın
imzaladığı Nizamnamə ilə Lids Kolleci də
Viktoriya Universitetinin tərkibində deyil, müstəqil Lids Universiteti kimi fəaliyyət
göstərir. 2004-cü ilədək Viktoriya
Universiteti Viktoriya Mançester Universiteti kimi tanınır.
2004-cü il
oktyabrın 22-də
Böyük Britaniya
kraliçası II Yelizavetanın fərmanına əsasən
Viktoriya Mançester Universiteti və Mançester Elm və
Texnologiya İnstitutu rəsmən birləşdirilərək
Mançester Universiteti adı altında fəaliyyətlərini
davam etdirirlər.
Büdcəsi və təhsil haqqı
2009-2010-cu
tədris ilində Lids Universitetinin tədqiqat gəlirləri
119 milyon funt-sterlinq olub.
2011-2012-ci tədris
ilində Lids Universitetində bakalavr səviyyəsində təhsil
haqqı 10500-25000, magistratura səviyyəsində 11000-15000,
doktorantura səviyyəsində isə 11500-20000 funt-sterlinq təşkil
edir.
Lids
Universitetində bir tədris ilində tələbəyə təhsil
haqqını çıxmaq şərti ilə 10000
funt-sterlinqə qədər vəsait lazım gəlir. Bu məbləğə
yataqxana, qidalanma, daxili nəqliyyat, kitab, dəftərxana ləvazimatları,
avadanlıq və digər lazımi əşyalar daxildir.
Tələbənin seçdiyi həyat tərzindən
asılı olaraq sərf olunan vəsait dəyişə də
bilər.
Universitet bu gün
Lids
Universiteti Lids şəhərində ümumilikdə 498 hektar
(1230 akr) ərazini əhatə edir. Universitetin əsas kampusu Lids şəhərinin
mərkəzindən 1,6 km şimalda yerləşir
və 40 hektar ərazidən ibarətdir. Kampus əsasən
qotik, art deko, brutalist və postmodern üslublarda inşa
edilmiş binalardan ibarətdir. Kampusun əsas
girişi Parkinson binasının
yaxınlığındakı Vudhaus Leyndir. Kampusda yerləşən
möhtəşəm binalardan universitetin Parkinson, Biznes Məktəbi,
Qret Holl, Rocer Stivens və s. tikililərini qeyd etmək
mümkündür. Lids Universitetinin kampusu
müxtəlif üslublarda inşa edilmiş binalarla
yanaşı yaşıllığı ilə də diqqəti
cəlb edir. Yaşıl parklar, təbii ot
örtüyü universitetə gələnlərin
gözünü oxşayır və tələbələrin
istirahət etdiyi əsas yerlərdəndir.
Lids
Universitetində dekanlar tərəfindən idarə olunan, 560
bakalavr, 300 magistr
və doktorluq kursları təklif edən 9 fakültə fəaliyyət
göstərir.
İncəsənət fakültəsinə İngilis Dili, Tarix, Humanitar Elmlər,
Müasir Dillər və Mədəniyyətlər məktəbləri,
Müstəmləkə və Müstəmləkədən
Sonrakı Tədqiqatlar, Lids Humanitar Tədqiqatlar və Orta Əsrlər Tədqiqatları
institutları daxildir.
Biologiya fakültəsi bakalavrlar üçün ayrı, magistr
və doktorantlar üçün isə digər Biologiya Elmləri
məktəblərindən, Membran və Sistem Biologiyası,
Molekulyar və Hüceyrə Biologiyası, İnteqrativ və
Korporativ Biologiya institutlarından ibarətdir.
Biznes fakültəsində Mühasibat və Maliyyə,
İqtisadiyyat, Beynəlxalq Biznes, Menecment, Marketinq, Fəaliyyət
və İşgüzar Əlaqələr məktəbləri
fəaliyyət göstərir.
Təhsil, sosial elmlər və hüquq fakültəsinə
Pedaqogika, Hüquq, Siyasi və Beynəlxalq Tədqiqatlar,
Sosiologiya və Sosial Siyasət məktəbləri aiddir.
Mühəndislik fakültəsinə Vətəndaş Quruculuğu, Hesablama,
Elektronika və Elektrik Mühəndisliyi,
Maşınqayırma, Proses, Ekoloji və Material Mühəndisliyi
məktəbləri daxildir.
Ətraf mühit fakültəsi nəzdində Yer və Ətraf Mühit,
Coğrafiya məktəbləri, Nəqliyyat Tədqiqatları
İnstitutu fəaliyyət göstərir.
Riyaziyyat və fizika elmləri fakültəsində
Kimya, Qida Elmləri və Düzgün Qidalanma, Riyaziyyat,
Fizika, Astronomiya məktəbləri fəaliyyət göstərir.
Tibb və sağlamlıq elmləri
fakültəsi Səhiyyə,
Tibb məktəblərindən, Lids Stomatologiya, Genetika,
Sağlamlıq və Terapiya, Sağlamlıq Elmləri, Tibbi Təhsil,
Molekulyar Tibb, Psixologiya Elmləri
institutlarından ibarətdir. Universitetin Tibb Məktəbi
Avropanın ən nüfüzlu təhsil ocaqlarından biridir.
2010-2011-ci illərdə bu məktəb "The
Guardian" dərgisi tərəfindən ölkənin 11 ən
yaxşı tibb məktəbindən biri kimi dəyərləndirilib.
İfaçılıq, təsviri incəsənət
və kommunikasiya fakültəsi Kommunikasiya Tədqiqatları, Dizayn,
İncəsənət, İncəsənətin Tarixi və Mədəniyyətşünaslıq,
Musiqi, İfaçılıq və Mədəniyyət məktəblərinə
bölünüb.
Lids
Universitetinin kitabxanası 3 milyona yaxın kitab, 26000-dən
çox çap olunmuş və elektron jurnal, 850 verilənlər
bazası, 6000 elektron kitab və digər materiallara sahiblik edərək
ölkənin ən böyük kitabxanaları
sırasındadır. Universitetin Brazerton
kitabxanasında incəsənət, sosial elmlər və
hüquq sahələrini əhatə edən kitablar
toplanıb. Tibb, stomatologiya və səhiyyə
sahələrinə aid kitablar Uorsli binasında yerləşən
Sağlamlıq Elmləri kitabxanasında, dəqiq elmlər,
mühəndislik sahələrinə aid kitablar isə Edvard
Boyl kitabxanasında saxlanılır. Eyni
zamanda universitet kitabxanası XV əsrdən XX əsrədək
tarixi əhatə edən xüsusi kolleksiyaya, Amadeus
Motsartın və Lüdviq van Bethovenin musiqi əsərlərinə,
Şekspirin 1623-cü ildə nəşr edilmiş əsərlərinə
və digər kolleksiyalara sahiblik edir.
Lids
Universitetində Universitet Məhkəməsi, Şurası və
Senatı fəaliyyət göstərir. Universitetin hazırkı
kansleri cənab Melvin Braq, vitse-kansleri isə professor Maykl
Arturdur. 7645 nəfər əməkdaşı olan Lids
Universiteti ölkənin ən çox işçi qüvvəsinə
malik ali məktəblərindən biridir. Universitetdə çalışanlar arasında 97
millətin nümayəndəsi vardır.
Lids
Universitetində ümumilikdə 33002 nəfər tələbə
təhsil alır. Onların
25000 nəfəri
bakalavr, 8000 nəfəri isə magistr və doktorantlardır. Tələbələrin 29015 nəfəri əyani,
3987 nəfəri isə qiyabi təhsil alır. Universitetdə dünyanın 142 ölkəsindən
minlərlə əcnəbi tələbə oxuyur.
Lids
Universitetinin Tələbə Təşkilatı ölkənin
ən böyük tələbə birliyindən biridir. 3000-dən çox klub, cəmiyyət
və birlikdən ibarət olan universitetin Tələbə Təşkilatı
tələbələrin asudə vaxtlarının təşkili,
onların yataqxana və işlə təmin olunması məsələlərinə
nəzarət edir.
Universitetdə
yerli, əcnəbi tələbələri, tədqiqatçıları,
əməkdaşları yerləşdirə biləcək
yataqxanalar fəaliyyət göstərir. Yataqxanaların 4-ü (Moris
Holl, Henri Prays, Ellersli Holl və Liddon Holl) kampus daxilində,
digər yataqxanalar isə kampusdan kənarda fəaliyyət
göstərir. Bu yataqxanalar Karr Mils, Klarens Dok, Ceyms Beyli
Park, Leodis, Lupton, Montaqu Barton, Nort Hill Kart, Opal 3, Oksli, Sentinel,
Tenneri, Şimmin və Sent Marksdır. Lids
Universitetinə qəbul olunan bütün birinci kurs tələbələrinə
yataqxanada otaqla təmin olunmaları haqqında zəmanət
verilir. Yataqxanada otaqla təmin oluna bilməyən
tələbələr özəl şirkətlərin təklif
etdiyi yataqxanalardan da yararlana bilərlər.
Lids
Universiteti təlim və tədqiqat sahəsində
qazandığı nailiyyətləri bölüşmək
üçün dünyanın bir sıra ali
təhsil müəssisələri ilə əməkdaşlıq
edir. Avropanın bir çox ali məktəbi kimi Lids
Universiteti də Erasmus Mundus proqramında iştirak edir, tələbə
mübadiləsi proqramını həyata keçirir və qlobal tədqiqatlar
aparmaqla dünyanın diqqətini özünə cəlb
edir.
Universitetin məşhur məzunları
Bekele
Geleta Monqolustanın
sabiq prezidenti
Cek Strou Böyük Britaniyanın sabiq dövlət
katibi
Mark
Biford BBC-nin baş direktorunun müavini
Nikolas
Uitçel
BBC-nin xəbərlər üzrə
müxbiri
Uilyam Henri
Breq fizika
üzrə Nobel mükafatı laureatı
Corc
Porter tibb və fiziologiya üzrə Nobel
mükafatı laureatı
Pyers
Sellers NASA-nın
astronavtı
Kris Payn amerikalı Hollivud aktyoru
Hazırladı:
Lamiyə ƏLİYEVA
Azərbaycan
müəllimi.- 2011.- 11 noyabr.- S.8-9.