Əməyimə verilən yüksək qiymət

 

Azərbaycan müəllimləri öz peşə bayramlarını 1993-cü ildən qeyd edirlər. Bu bayram bir müəllim kimi mənə də əzizdir və mən də minlərlə həmkarım kimi hər il onun gəlişi ilə sevinirəm. Lakin builki bayramı yəqin ki, ömrüm boyu ən xoş gün kimi xatırlayacağam. Çünki bu il peşə bayramımız ərəfəsində bir qrup müəllimlə birlikdə mən də möhtərəm Prezidentimizin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşəm. Sevincimin həddi-hüdudu yoxdur. Bu sevinci mənə bəxş edən Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.

Mən Nailə Nemət qızı Bağırova 1957-ci il avqustun 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 1964-cü ildə Bakı şəhəri Yasamal rayonunda yerləşən 158 nömrəli orta məktəbi "yaxşı" və "əla" qiymətlərlə bitirmiş, 1976-cı ildə Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinə daxil olmuşam.  Universiteti bitirdiyim 1981-ci ildən 1991-ci ilədək 1 nömrəli fizika-riyaziyyat təmayüllü məktəbdə, 1991-ci ildən isə Bakı şəhərindəki 27 nömrəli orta məktəbdə ingilis dili müəllimi işləyirəm. Bir müəllim kimi hər bir şagirdin dili mükəmməl öyrənməsi üçün özümün bilik və bacarığımı əsirgəmirəm. Şagirdlərim indi dünyanın müxtəlif ölkələrində Azərbaycanı ləyaqətlə təmsil edirlər.

Məlumat üçün bildirim ki, xarici dillərin tədrisi sahəsində aparılan islahatlar nəticəsində 2005-ci ildə Azərbaycan Respublikasında ilk dəfə olaraq ingilis dilinin ümumtəhsil məktəblərinin bütün siniflərində tədrisi məsələsi gündəmə gəldi və bu fənn ibtidai siniflərin tədris planına daxil edildi, milli "İngilis dili" dərslikləri yazıldı. Bu dərsliklərin yazılmasında mənim də xidmətlərim var. Belə ki, mən professor Natiq Yusifovla birlikdə ibtidai siniflər üçün (I, II, III və IV) dərsliklər və iş dəftərləri hazırlamışıq. Bu dərsliklər və dərs vəsaitləri Təhsil Nazirliyinin Elmi-Metodik Şurası tərəfindən yüksək qiymətləndirilmişdir.

Təhsil Nazirliyi dərslik nəşri sahəsində apardığı islahatlar nəticəsində 2008-ci ildə Milli Kurikulum əsasında yeni dərslik komplektlərinin (dərslik, müəllim üçün vəsait və şagirdlər üçün iş dəftəri) hazırlanması məqsədilə ikimərhələli tender elan etdi. Mən Natiq Yusifovla birlikdə "KÖVSƏR" nəşriyyatında I siniflər üçün "İngilis dili" komplektini hazırlayıb tender komissiyasına təqdim etdim. Nəticədə, dərsliklər Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən yüksək qiymətləndirilərək nəşr edildi.

2008-ci ildə Təhsil Nazirliyinin keçirdiyi "Ən yaxşı müəllim" müsabiqəsində iştirak edərək qalib gəlmişəm və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 5000 manat birdəfəlik pul mükafatı almışam.

2008-ci ildə Təhsil Nazirliyi sistemində "İngilis dili"nin intensiv tədrisi ilə əlaqədar 7 pilot məktəbində başlanmış kurslarda mən də fəal iştirak etmiş və sertifikatlar almışam.

2011-ci ilin iyul ayında (8-dən 20-dək) Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Kiprdə Doğu Akdeniz Universitetində keçirilmiş "Kurikulum, texnologiya və metodologiya" kursunda iştirak etmişəm və sertifikat almışam.

Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının üzvüyəm. 15-dən artıq dərsliyin, dərs vəsaitinin, müəllim üçün metodik vəsaitin müəllifi olmaqla yanaşı, həm də redaktoruyam. Mən aldığım "Əməkdar müəllim" adını da məhz çoxillik pedaqoji fəaliyyətimə, xüsusən də Milli Kurikulum əsasında hazırlanan dərsliklərin nəşrindəki fəal iştirakıma, Elmi-Metodiki Şuradakı fəal işimə verilən qiymət kimi dəyərləndirirəm.

 

 

Nailə BAĞIROVA

 

Azərbaycan müəllimi.- 2011.- 7 oktyabr.- S.10.