Təhsilin bəzi aktual problemləri ilə bağlı yerinə yetiriləcək tədqiqat mövzuları müzakirə olunub

 

 Oktyabrın 11-də Təhsil Nazirliyində  nazirliyin sifarişi əsasında Təhsil Problemləri İnstitutunda 2011-2012-ci tədris ilində yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş iclas keçirildi.

Təhsil Nazirliyinin şöbə müdirləri və Təhsil Problemləri İnstitutunun rəhbər işçilərinin iştirak etdiyi iclası təhsil naziri Misir Mərdanov açaraq təhsil sahəsində müxtəlif mövzular üzrə tədqiqatların aparılmasının zəruriliyini diqqətə çatdırdı.

Nazir məlumat verdi ki, bu zərurət, habelə Təhsil Nazirliyinin müvafiq şöbələrinin və Dünya Bankının təhsil üzrə beynəlxalq məsləhətçilərinin tövsiyələri nəzərə alınaraq Təhsil Problemləri İnstitutunda 2011-2012-ci tədris ilində tədqiqat aparılacaq mövzuların siyahısı hazırlanıb və nazirliyə təqdim olunmuşdur. İclas iştirakçılarına paylanan həmin siyahıda aşağıdakı mövzular nəzərdə tutulmuşdur:

- Ümumi təhsildə şagird nailiyyətlərinin qiymətləndirilməsi (buraxılış imtahanları, ali və orta ixtisas təhsilinə qəbul imtahanları, milli qiymətləndirmə və TIMSS, PIRLS beynəlxalq qiymətləndirmə proqramları) nəticələrinin tədqiqi.

- İbtidai təhsildə bütün fənlərin bir müəllim tərəfindən tədrisi mümkünlüyünün tədqiqi.

- İbtidai siniflərdə fənn kurikulumlarının tətbiqi nəticələrinin tədqiqi.

- İcbari təhsilə uşaqların müsabiqə (test) əsasında qəbulu problemlərinin tədqiqi.

- Beşyaşlıların məktəb təliminə hazırlığının təşkili məsələlərinin tədqiqi.

- Azərbaycanın regionlarında qızların ümumi təhsilə cəlbində mövcud olan problemlərin tədqiqi.

Ümumi təhsil müəssisələrində təlim yükünün və onun nizamlanması yollarının tədqiqi.

- Ümumi təhsildə fənn kurikulumlarının, qiymətləndirmə standartlarının təkmilləşdirilməsi və onların "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları" əsasında tətbiqi məsələlərinin tədqiqi.

- Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010) çərçivəsində həyata keçirilmiş tədbirlərin nəticələrinin qiymətləndirilməsi.

- İlkin peşə-ixtisas təhsili sahəsində islahatlar və peşələr üzrə təhsil proqramlarının (kurikumlarının) hazırlanması və tətbiqi məsələlərinin tədqiqi.

- İlkin müəllim hazırlığı proqramlarının tədqiqi və yeniləşdirilməsi yolları.

Həmin mövzuları müzakirə etmək üçün yığışdıqlarını söyləyən nazir yığıncaq iştirakçılarına mövzularla bağlı öz fikirlərini bildirmələrini təklif etdi.

Öncə Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov söz alaraq müzakirənin təşkili üçün nazirə minnətdarlığını bildirdi və mövzular haqqında qısa məlumat verdi. Qeyd etdi ki, Təhsil Nazirliyinin sifarişi ilə aparılacaq tədqiqat mövzuları müəyyənləşdirilərkən əsasən tətbiqi xarakterli mövzulara üstünlük verilmişdir. Müəyyənləşdirilmiş mövzular institutun şöbələrində və ümumi yığıncağında müzakirə edildikdən sonra Təhsil Nazirliyinə təqdim olunmuşdur. Mövzuların əsasən ümumi təhsilin bəzi aktual problemlərini əhatə etdiyini deyən A.Mehrabov onların bir çoxunun institutun fəaliyyət planında öz əksini tapdığını, ayrı-ayrı mövzuların tədqiqi ilə bağlı konkret layihələrin hazırlandığını, həmin layihələrdə icraçılardan tutmuş icra müddətlərinədək bütün məsələlərin nəzərə alındığını bildirdi.

Sonra təklif olunan mövzular ətrafında müzakirələr aparıldı. Təhsil Nazirliyinin şöbə müdirləri Aydın Əhmədov, Fərzəli Qədirov, Namiq Məmmədov, Bayram Hüseynzadə və b. ayrı-ayrı mövzular haqqında öz fikir və mülahizələrini bildirdilər, təkliflər irəli sürdülər.

Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, elmi katibi Akif Abbasov, şöbə müdiri Elxan Bəylərov, TSİL-in əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov bəzi mövzularla bağlı sual və mübahisə doğuran məsələlərə aydınlıq gətirdilər, təhsil nazirinin və digər iştirakçıların suallarını cavablandırdılar.

Müzakirəni yekunlaşdıran təhsil naziri Misir Mərdanov müzakirəni faydalı saydığını, təqdim olunan mövzuların aktual olduğunu, lakin hazırda təhsil sahəsində aparılan işlərin heç də hamısını əhatə etmədiyini bildirdi və bu baxımdan tədqiqat aparılan mövzuların siyahısına hazırda ibtidai siniflərdə tətbiq olunan dərsliklərin, yeni təlim texnologiyalarının və İKT-nin tətbiqi ilə bağlı mövzuların daxil edilməsini, mövzuların müsabiqə əsasında yazılmasını təklif etdi.

İclasda təkliflər və əlavələr nəzərə alınmaqla tədqiqat mövzularına yenidən baxılması, hər mövzu üzrə tədqiqat aparan şəxslər müəyyənləşdirilməklə bir qədər geniş məzmunda plan hazırlanması, Təhsil Nazirliyində hər layihə rəhbərinin 15 dəqiqəlik təqdimatı dinlənildikdən sonra mövzuların və layihələrin təsdiq olunması qərara alındı.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2011.- 14 oktyabr.- S.4.