VI Respublika spartakiadasının açılışı olub

  

Oktyabrın 12-də Azərbaycan Dövlət  Bədən Tərbiyəsi və İdman Akademiyasının idman meydançasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin VI Respublika spartakiadasının açılış mərasimi keçirildi. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni  səsləndirildi. Sonra bildirildi ki,  iki ildən bir keçirilən spartakiadanın əsas məqsədi uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, uşaqların fiziki cəhətdən sağlam böyümələrinə və idman növləri ilə daimi məşğul olmalarına zəmin yaratmaq, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunu,  onların idman ustalıqlarını artırmaqdır.

Qeyd olundu ki, spartakiadada umumtəhsil və ilk peşə-ixtisas məktəblərinin şagirdləri 8 idman növü  (futbol, həndbol, basketbol, voleybol,  stolüstü tennis, atletika, yunan - Roma güləşi və boks) üzrə IV mərhələdə mübarizə aparmışlar. I mərhələdə - məktəbdaxili yarışlarda ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əksər şagirdləri iştirak etmişdir. II mərhələyə (rayon, şəhər mərhələsi) 880 komanda vəsiqə qazanmışdır. Rayon, şəhər yarışlarında 151 min şagird iştirak etmişdir ki, onlardan da 70 min nəfərini qızlar təşkil edib. III mərhələdə  zona yarışlarında II mərhələnin qalibi olmuş 58 komandanın tərkibində 5545 nəfər şagird iştirak etmişdir. Onlardan da 2 min 180 nəfəri qızlardır. Zona yarışları respublikamızın 10 şəhər və rayonunda keçirilmişdir. Finalda 35 şəhər və rayondan 75 komanda iştirak edir.

Sentyabrın 27-dən yarışların final mərhələsinin oyunlarına start verilmişdir. Yarışlara oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü günü yekun vurulacaq.

Tədbirdə Təhsil Nazirliyinin baş məsləhətçiləri  Arzu Qarayev, Elnur Əlizadə, Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru Niftalı Quliyev və digər qonaqlar çıxış edərək idmançıları təbrik etdilər. 

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2011.- 14 oktyabr.- S.7.