Acı taleli
uşaqlar
Həyatdan gileyli,
qayğıdan razıdırlar
Bu
günlər yolumuz Mərdəkan qəsəbəsində
yerləşən Oğlanlar üçün açıq
tipli xüsusi təlim-tərbiyə müəssisəsinə
düşmüşdü.
Öyrəndik ki, müəssisə
1965-ci ildən fəaliyyət göstərir. Hazırda müəssisədə
olan 20 uşağın təlim-tərbiyəsi ilə 12
müəllim və tərbiyəçi məşğul
olur. Təhsil 9 illikdir. Müəssisəyə əsasən
8-14 yaşlı uşaqlar qəbul edilir. Buraya
respublikamızın bütün regionlarından- yerli icra
hakimiyyətlərində fəaliyyət göstərən
yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə
komissiyanın qərarı ilə müraciət edilir.
Bu açıq tipli müəssisə profilaktik
müəssisə funksiyalarını yerinə yetirir və yetkinlik
yaşına çatmayanların daim qanunazidd davranışı, psixoloji
zorakılığın hər hansı formasına məruz
qalmış, təhsildən yayınan, valideynlərlə
ünsiyyətdə çətinlik çəkən,
xırda oğurluq etmiş,
siqaret çəkən, narkotikaya
qurşanan,
müəyyən
səbəblər üzündən evdən qaçıb
küçələrdə yatıb qalan,
dilənən və başqa uşaqlar cəlb edilir.
Müəssisədə
psixoloji-tibbi-pedaqoji komissiya
fəaliyyət göstərir. Komissiya
uşaqları hər 6 aydan bir müayinə edir. Müsbət dəyişiklikləri olan
uşaqlar Xəzər Rayon
İcra Hakimiyyətində fəaliyyət
göstərən yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyanın qərarına əsasən
evə buraxılır. Uşağın
müəssisədən buraxılmasına iki
ay qalmış müəssisənin
müdiriyyəti tərəfindən valideynlərə (qanuni nümayəndələrə), şagirdin yaşayış yeri
üzrə daxili işlər
orqanlarına və yerli komissiyaya
bu barədə məlumat verilir.
Müəssisədə
təhsil prosesi ümumi
təhsilin məzmunu üzrə dövlət təhsil
standartları əsasında Azərbaycan Respublikasının
Təhsil Nazirliyi tərəfindən təsdiq
edilmiş xüsusi proqramlarla təşkil edilir.
Burada əlavə təhsil proqramlarına
- idman, incəsənət, peşə məşğələlərinin
həyata keçirilməsi üçün
şərait yaradılır. Müəssisədən
buraxılan zaman şagirdlərə
onların təhsili haqqında müvafiq
sənədlər, təhsilini bitirmiş
şagirdlərə isə müəyyən edilmiş
formada arayış verilir.
Biz müəssisə
haqqında bu qısa məlumatları
öyrənəndən sonra burada çalışan müəllimlər,
tərbiyəçilər və
uşaqlarla görüşüb
söhbət etdik...
İki
qardaşın acı həyat hekayəti
Bizi qardaşlarla
müəssisənin rus dili
müəllimi və birinci qrupun tərbiyəçisi Sevda
Əhmədova tanış etdi. O əvvəlcə
bildirdi ki, rəhbərlik etdiyi
azyaşlılar qrupunda 10 uşaq
var. Onların hər biri
müxtəlif səbəblər üzündən bura düşüb. Demək
olar ki, əksəriyyəti
valideynlərinin günahı, laqeydliyi
üzündən buradadır. Bax, elə sizi tanış etmək istədiyim bu qardaşlar kimi. Qardaşlardan biri Məhəmməd Abbasov,
o biri isə Akif Nəsibovdur. Hər ikisi
"Əcəmi" metro stansiyası ətrafından
tutulub bizim müəssisəyə
gətirilib. Siz təsəvvür edin, bu uşaqların heç birinin doğum haqqında şəhadətnamələri
belə yox idi. Akifin yaşını müəyyən etmək
üçün ekspertlərə
müraciət etdik. Nəhayət, ona ötən il doğum haqqında
şəhadətnamə aldıq. Artıq onlar
üç ildən çoxdur
ki, buradadırlar. Yaxşısı budur bu uşaqlar
öz acı taleləri barədə
özləri danışsınlar...
Məhəmməd Abbasovun dediklərindən:
- Mən iki yaşında olanda atam Rəfail
bizi atıb gedib. Sonra anam
Rasim adlı bir kişi
ilə ailə qurub. Bu adam
narkoman və içki düşkünü
idi. Akif adlı qardaşım
dünyaya gəldi. Atalığım sayılan
bu kişi
bizim başımıza
olmazın müsibətlər
gətirməyə başladı.
O, hər gün anam Arzunu da,
bizi də döyüb-söyür, - "gedin pul qazanıb
gətirin" deyirdi. Evə pulsuz gələndə
isə məni də, Akifi də o ki, var
döyürdü. Artıq həyatımızdan
belə bezmişdik, bir daha evə
dönməmək qərarına
gəldik. Beləliklə, Akif də, mən
də küçələrdə,
parklarda ac-susuz, əzablı günlər
yaşayırdıq. Gecələr bizim kimi kolların
dibində, istirahət
parklarındakı oturacaqların
altında, hisli-paslı
iri boruların içində yatan itləri, pişikləri qovub onların yatdığı yerdə
yatırdıq. Çox vaxt
Akif gecələr qorxudan, soyuqdan məni bərk-bərk qucaqlayardı. Mən
də balaca qardaşım soyuqdan xəstələnməsin deyə
cırıq-sökük pencəyimi
əynimdən çıxarıb
ona bükərdim... Gündüzlər isə parkda
ata-anası ilə gəzən, oynayıb-şənlənən
uşaqlara həsrətlə
baxardım. Gözlərim yaşla dolardı. Təxminən 3-4 yaşlı
qardaşım göz
yaşımı görməsin
deyə ondan bir qədər uzaqlaşardım... Akifin bu
acı taleyi məni çox qəhərləndirir. Onu çox
istəyirəm. Atalarımız
ayrı olsa da, axı anamız
birdir... Biz "Əcəmi"
metrosu yaxınlığından
tutulub bura gətirilənə qədər
bax beləcə dözülməz anlar yaşamışıq. Bu tərbiyə
müəssisəsində bizə
sahib çıxan, şirin
həyat bəxş edən insanlara - başda Nadir müəllim
olmaqla, Nizami, Xəqani və Sevda müəllimlərimizə
təşəkkürümü bildirirəm. Bir də ona görə
ki, çox çətinliklə də
olsa atamı tapıb məni ona qovuşdurublar. İndi atam tez-tez yanıma gəlib mənə baş çəkir...
Akif Nəsibovun dediklərindən:
- Atam da,
anam da hər
gün məni dilənməyə getmədiyim
üçün
döyərdilər. Sonra
da anam mənim
qolumdan yapışib özü ilə "Əcəmi" metrosunun ərafında dayanan marşrut avtobuslarının
yanına aparardı. Avtobuslara çoxlu adam yığılan kimi məni də marşruta mindirər, "uşağım
ağır xəstədir
kömək edin",
- deyib dilənərdi.
Yığdığı pullara
da atamla özünə narkotik alardı. Mən isə bütün bunlara dözməyərək
evdən qaçmaq qərarına gəldim. Artıq 3 ildən çoxdur ki, bu müəssisədəyəm.
Bu müddət ərzində
anam tək bircə dəfə mənə "dəyməyə"
gəlib. Onun bu gəlişinin də əsas məqsədi məni apardıqdan sonra yenidən dilənməyə
məcbur etmək idi. Anamın bu niyyətini yaxşı bildiyimə görə nə qədər yalvardısa, onunla getmədim. Evdə məndən başqa Arif adında bir kiçik qardaşım da var. Yəqin ki, indi anam
onu da özü
ilə dilənməyə
aparır. İnanıram
ki, o qardaşım da bir gün
evdən qaçıb
bizim yanımıza gələcək. Burada bizə gündə 5 dəfə yemək, paltar verirlər. Müəssisədə keçirilən bir-birindən maraqlı tədbirlərdə
iştirak edirəm. Günlərim mənalı
keçir. Dərslərimi də pis oxumuram...
"Mənim üçün küçələrdə yatmaq daha xoş
idi"
Sonra bizi
buranın başqa bir
sakini - Kənan
Fətullayevlə müəssisənin rejim
xidməti üzrə direktor müavini Xəqani Mürsəlov tanış
etdi. Kənandan bura
necə düşdüyünü soruşduq. O dedi ki, şəhərin
mərkəzində evimiz var
idi. Atam həmin evi satıb Xəzər rayonu
ərazisindəki Şaşaxuna
bağları deyilən yerdən ev
aldı. Atam Türkandakı daş karxanasında işləyirdi. Biz də bütün günü onun yanında olurduq. Günlərin birində atam ikinci bir
arvad aldı. Əsl mərəkə də
bundan sonra
başlandı. Atam hər gün
araq içib sərxoş
olurdu. Anamı qəddarcasına döyürdü. Mən bütün
bunlara dözməyib evdən
qaçıb "Gənclik" metro stansiyası
yerləşən ərazidə uşaq əyləncə
qurğularının altında yatırdım.
Maşınların şüşələrini silir, təkərlərini qaraldır, bəzən
də maşınları yuyurdum.
Sürücülər də mənə 30-40 qəpik pul verirdilər. Həmin pulla
özümə şirin qoğallar
alıb yeyirdim. Sözün
doğrusu, mənim üçün küçələrdə yatmaq daha xoş
idi. Xeyli müddət
belə yaşadım. Bir gün
polislər məni tutub bu
müəssisəyə təhvil verdilər. Bura
mənim çox xoşuma
gəlirdi. Müəllimlərim də, tərbiyəçilər
də məndən razılıq edirdi. Heç bir dəcəllik
eləmirdim. Bütün bunları nəzərə
alıb məni evə buraxdılar. Onda VI
sinifdə oxuyurdum. Həmin vaxt atam rəhmətə getdi. Çox keçmədi
ki, bu dəfə anam başqa kişi ilə evləndi. O kişi
də demək olar ki,
hər gün anamı döyürdü.
Mən də anamın bu vəziyyətinə
dözməyib yenə evdən qaçıb küçələrdə
yaşamaq fikrinə düşdüm.
Sonra fikrimi dəyişərək
Xəzər Rayon Polis
İdarəsinə getdim. Onlar
da bu müəssisənin
direktoru Nadir müəllimə
zəng edib xahiş
etdilər ki, məni bu
müəssisəyə qaytarsın.
Nadir müəllim çox
sağ olsun, özü mənim dalımca gəlib buraya gətirdi.
Elə bil o, mənə
yeni həyat bəxş etdi.
İndi düz 7 ildir ki, bu
müəssisədə həm təhsil alıram, həm də
bütün qayğılarla əhatə olunmuşam. Burada rəsm
çəkməklə də məşğul oluram. Mən həm anamı, həm də böyük qardaşım Orxanı çox istəyirəm...
"Mənə bu müəssisədə çalışan xeyirxah
insanlar sahib
çıxdı..."
Həmin
gün bu təlim-tərbiyə
müəssisəsində sonuncu
tanış olduğum Anar Kazımovun dediklərindən:
- Atam Nazim Moskvaya
getdikdən sonra orada bir rus qadını ilə
ailə qurub və mən 1995-ci ildə dünyaya gəlmişəm. Mənim 2
yaşım olanda anam
bizi atıb gedib. Sonra atam mənimlə birgə
Bakıya qayıdib. Əmircan qəsəbəsindəki 1
nömrəli yataqxanada məskunlaşmışıq.
Burada mənə bibim
Kəmalə baxıb. 1-ci sinifdən 5-ci sinfə kimi Bakının Suraxanı rayonundakı 87
nömrəli məktəbdə oxumuşam.
2008-ci ildə atam rəhmətə gedib. Bundan sonra
kimsəsiz qalmışam. Mənə baxan
olmayıb. Məktəbdə tay-tuşlarımla ayaqlaşa bilmirdim. Onlar kimi dolana,
geyinə bilmirdim. Az
qalmışdı ki, məktəbi
buraxıb küçələrə düşüm.
Nəhayət, Suraxanı Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət
göstərən yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyaya
müraciət etdim. Məni bu müəssisəyə göndərdilər.
İndi burada VIII
sinifdə oxuyuram. İdmanın boks və karate növləri
ilə məşğul oluram. Arzum gələcəkdə Cəmşid
Naxçıvanskı adına məktəbdə oxumaq və hərbiçi olmaqdır. Onu da deyim ki,
burada günlərim xoş
keçir, hər cür
qayğı ilə əhatə olunmuşam.
Yanıma isə gəlib-gedənim yoxdur.
Artıq 3 ildir ki, buradayam, bu 3 il ərzində bibim cəmi
bir-iki dəfə yanıma gəlib. Burada mənə sahib
çıxan insanların hamısına minnətdaram...
Müəssisədə
bu acı taleli uşaqlarla söhbətimizi
yekunlaşdırdıqdan sonra direktor müavini Nizami Əsgərov
onları da bildirdi ki, burada musiqi, rəsm, idman və başqa
dərnəklər fəaliyyət göstərir. Hazırda
bu təlim-tərbiyə müəssisəsi dövlət vəsaiti
hesabına yüksək səviyyədə təmir edilir.
Şagirdlərin əməyə və təhsilə
vicdanlı münasibətinə, nümunəvi
davranışına görə həvəsləndirici tədbirlər
müəyyən edilir, uşaqlara
yüksək qayğı və nəvaziş göstərilir. Müəssisənin müdiriyyəti
tərəfindən bütün fövqəladə hadisələr
haqqında dərhal daxili işlər orqanlarına, müəssisənin
yerləşdiyi ərazinin yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyasına, yerli təhsil orqanına,
habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə
məlumat verilir.
Nizami
müəllim müəssisədə tərbiyə alıb
buradan buraxılan uşaqların sonrakı taleləri barədə,
xüsusi ilə valideyn himayəsindən məhrum olan
uşaqların təhsil almaları, işlə, evlə təminatı
kimi həlli vacib olan məsələlərdən də
söhbət açdı...
Biz də
onlara xalqımızın balaları üçün göstərdikləri
bu xeyirxah, çətin və şərəfli işlərində
uğurlar dilədik.
Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2011.- 21 oktyabr.- S.17.