Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün distant təhsil

       

Bu tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqların məsafədən təhsilinin idarə olunmasına başlanılıb. "Elektron təlimləndirən sistemlər" adlı layihə əsasında həyata keçirilən bu işlərə Təhsil Nazirliyi tərəfindən seçilmiş 20 nömrəli məktəb-liseydə start verilib. Bu məqsədlə adıçəkilən məktəbdə Distant tədris mərkəzinin yaradılması "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq aparılır. Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə layihəni gerçəkləşdirən qurum isə "Nobel-T" MMC-dir. Şirkətin direktoru Salam Əliyevin sözlərinə görə, görülən işlər pilot olaraq həyata keçirilir.

"Əsas məqsəd məsafədən təhsilin inkişafı, layihəyə cəlb olunmuş xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təhsilalma imkanlarının yaxşılaşdırılmasıdır.  Onların kompüterelektron resurslardan istifadə bacarıqlarının artırılması, Azərbaycan təhsil şəbəkəsinə və İnternetə çıxış imkanlarının yaxşılaşdırılması da əsas istiqamətlərimizdəndir". Təşkilatın rəhbəri ötən ildən davam edən layihə çərçivəsində 30 şagird və 7 müəllimə ən yeni texnologiya proqram təminatları ilə təchiz olunmuş APL- İNC şirkətinin istehsalı olan noutbuklar təqdim edildiyinideyir: "Şagirdlərin evlərinə də İnternet xətti çəkilib və İKT avadanlıqları ilə təchiz olunub. Həmçinin şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə müəllimlər üçün ayrılan tədris məkanının yüksəksürətli fibro-optik İnternetİntranet bağlantılarla təchiz olunması işləri də aparılıb. Distant tədris mərkəzi İKT avadanlıqları ilə təchiz olunubfibro-optik İnternet xətti çəkilib.

S.Əliyev layihənin xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almasında yaranan çoxsaylı problemlərin həllinə yönəldiyini deyir. Belə ki, evdə normal və keyfiyyətli təhsil ala bilməyən bu şagirdlərin əksəriyyəti çölə müstəqil olaraq çıxa, kitabxanalardan yararlana bilmir. Evdə fərdi təhsil aldıqlarına görə öz yaşıdları ilə ünsiyyətdən uzaq olan bu uşaqların ən böyük problemlərindən biri də sağlamlıqları ilə əlaqədar psixoloji vəziyyətlərinin qeyri-stabil olmasıdır: "Layihənin həyata keçirilməsi üçün Bakı şəhəri Səbail rayonu 219 nömrəli məktəbi pilot məktəb, bu məktəbin 30 nəfər xüsusi qayğıya ehtiyacı olan şagirdlərdən təşkil olunmuş 9-cu sinfi pilot sinif və sinifdə dərs deyəcək yüksək elmi-pedaqoji təcrübəyə malik 28 nəfər müəllimlərdən ibarət pilot müəllimlər qrupu seçilib".

Təlim prosesinin "Elektron təlimləndirən sistemlər"dən istifadə etmə əsasında aparılmasının üstünlüklərinə də toxunan təşkilat rəhbəri deyir ki, bu qəbildən olan uşaqlar dövlətin və cəmiyyətin diqqətindən kənar qalmadıqlarını bir daha hiss edəcəklər: "Layihənin köməyi ilə şagirdlərin ən azı 20 faizinin sağlamlığında, psixoloji durumunda ciddi dəyişikliklərin əldə edilməsi də mümkündür. Uşaqların diqqətinə biliyin yeganə meyar olduğu da çatdırılır. Layihənin bir üstünlüyü də fərdi inkişafaözünü təkmilləşdirməyə nail olma imkanlarını artırmaqdır".

219 nömrəli evdə məktəbdə xüsusi qayğıya ehtiyacı olan şagirdlər təhsil alır və onlar evdə fərdi təhsil aldıqlarına görə öz yaşıdları ilə ünsiyyətdən uzaqdırlar. Bu layihə nəinki şagirdləri təlimləndirəcək, hətta öz yaşıdları ilə ünsiyyətdə olmağa şərait yaradacaqdır. Onlar kompüter texnologiyasından istifadə edərək müvafiq proqram və resursların köməyi ilə nəinki ölkə daxilində, hətta ölkə xaricində də özlərinə dost qazana biləcəklər.

Ümumiyyətlə, layihə xüsusi qayğıya ehtiyacı olan şagirdlərin beynəlxalq İnternet şəbəkəsi vasitəsi ilə cəmiyyətə inteqrasiya etməsinə səbəb olacaq. Bundan başqa, əgər şagird məlum səbəbdən dərsi mənimsəməzsə, onu təkrar dinləmək imkanı qazanacaq. Bu da şagirdlərin bütün fənlərdən bilik əldə etməsinə şərait yaradacaq.

Şagirdlər kompüter texnologiyaları vasitəsi ilə İnternetdən əlavə məlumatlar ala biləcək, evdən kənara çıxmadan kitabxanalardan  istifadə edəcək, qiyabi olaraq dünyanın flora və faunasını görəcək, tarixi abidələri və muzeyləri gəzə biləcəklər. Onlar kompüter texnologiyaları, proqram və resurslarından istifadə edərək keçilən dərs haqqında əlavə məlumatlar toplayıb, araşdırma aparacaq, müqayisə və nəticələr çıxaracaqlar.

Bu təlim-tədris prosesi xüsusi qayğıya ehtiyacı olan uşaqların bu vaxta qədər gizli qalmış bacarıq və qabiliyyətlərini də üzə çıxarmağa imkan verəcək. Ən əsası, şagirdlər bir-biri və müəllim ilə hər zaman ünsiyyətdə olacaq, keçilən mövzu haqqında müzakirə apara biləcəklər.

Fikrimizcə, bu layihədə olan belə bir təlim prosesinin reallaşdırılması xüsusi qayğıya ehtiyacı olan şagirdlərdə erkən yaşlarından müstəqil idrak fəallığının aşılanmasına, sərbəst düşünməyə, həmçinin yaradıcılıq təfəkkürünün  yaranması  və inkişafına səbəb ola bilər.

Təlim üsulu uşaqların elmə olan marağını daha da artıracaq, onlarda yaradıcılıq potensialının üzə çıxarılmasında, cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmasında  mühüm rol oynayacaqdır.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 201.- 21 oktyabr.- S.14.