"Gənc
istedadlar" liseyi
Fəxr edirəm ki, bizim Azərbaycanın
gözəl, göyçək, istedadlı balaları,
övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi
bu qədər gözəl təməl əsasında qurulur.
Siz bugünkü həyatınızla, təhsilinizlə,
öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın
gələcəyinin binasını qurursunuz, böyük
binanı qurursunuz.
Heydər
ƏLİYEV
Haqqında
Ümummilli
lider Heydər Əliyev gənclərin hərtərəfli, ahəngdar
inkişafında təhsilin imkanlarını yüksək qiymətləndirir,
millətin, müstəqil dövlətin təməli olan təhsilə
xüsusi qayğı göstərirdi. Heydər Əliyev
siyasi kursunun layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərdə
vətəndaşlıq mövqeyinin formalaşmasına,
xüsusi istedada malik olan gənclərin üzə
çıxarılmasına önəm verir. Bunun təsdiqidir
ki, 17 aprel 2006-cı il tarixdə ölkə Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə "Xüsusi
istedada malik olan şagirdlərin (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cu illər)" qəbul
edilmişdir. Bu proqrama uyğun olaraq, Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel Məhərrəmovun təşəbbüsü
və təhsil naziri Misir Mərdanovun müvafiq əmri ilə
2007-ci ildə BDU-nun nəzdində "Gənc istedadlar"
liseyi fəaliyyətə başladı.
Azərbaycan təhsilində
özünün xüsusi dəst-xətti ilə seçilən,
yaranmasından az müddət keçməsinə baxmayaraq
bir çox uğurlar əldə edən liseyin başlıca
vəzifəsi milli amallara xidmət edəcək gənc
istedadları üzə çıxarmaq, onların
inkişafına hərtərəfli
şərait yaratmaq, potensiallarını düzgün istiqamətləndirmək,
dərin biliyə, həmçinin yüksək mənəvi
keyfiyyətlərə malik gənclər yetişdirmək, Azərbaycan
Respublikasının
inkişafı naminə fədakarlıqla
çalışan ləyaqətli vətəndaş tərbiyə
etməkdən ibarətdir.
Liseydə təlim-tərbiyə
prosesinin ahəngdarlığını və səmərəliliyini
artırmağa, pedaqoji kollektivin normal fəaliyyətinə, müəllimlərin
yaradıcılıq, işgüzarlıq fəallığının
yüksəlməsinə nail olmaq məqsədilə təhsilin
idarəedilməsinin metodlarından düzgün istifadə
olunur.
İstedadlı
şagirdlər, onların inkişafı liseyin əsas tədqiqat
obyekti, ən başlıca məqsədidir. Onlar lisey tərəfindən
böyük qayğı və diqqətlə əhatə
olunur, hüquqları qorunur.
Maddi-texniki
baza
Lisey
BDU-nun balansında olan beşmərtəbəli binanın bir
hissəsində yerləşir. Liseydə geniş sinif
otaqları, fənn kabinetləri, informatika otağı, kimya
laboratoriyası, idman və akt zalları mövcuddur. Lisey
müasir avadanlıqlarla təchiz olunub. Bununla yanaşı,
liseyin zəngin kitabxanası və qiraət zalı müəllim
və şagirdlərin ixtiyarına verilib. Şagirdlərin
sağlam böyüməsi üçün nəzərdə
tutulan yeməkxana gigiyenik cəhətdən standartlara cavab
verir. Liseyin tərkibində tibb kabineti fəaliyyət göstərir
ki, bu da müəllim və şagirdlərin sağlamlığını təmin
etmək üçün nəzərdə tutulmuşdur. Liseydə ümummilli lider Heydər Əliyevin həyat
və fəaliyyətini əks etdirən fotoşəkillərdən
və kitablardan ibarət "Heydər Əliyev guşəsi"
yaradılmışdır ki, bu da ulu öndərin siyasi kursunu dərindən mənimsəməkdə
şagirdlərə kömək edir.
Tədris
və təlim-tərbiyənin təşkili
Lisey
birnövbəlidir. Burada tədris Azərbaycan və rus dillərində aparılır. Liseyin strukturu V-XI siniflərdən ibarətdir. Qiymətləndirmə 5 ballıq sistemlə aparılır. Tədris ili iki yarımilə bölünür. I və II yarımilin sonunda şagirdlər yekun imtahanı verirlər. Şagirdlərin liseyə qəbulu V sinifdən, test üsulu və müsabiqə yolu ilə həyata keçirilir. Liseyə qəbul BDU-nun rektoru, akademik A.Məhərrəmovun müvafiq əmri ilə yaradılmış qəbul komissiyası tərəfindən aparılır. Qəbul zamanı ayrı-ayrı fənlərdən imtahan suallarının hazırlanmasında BDU-nun müəllimləri yaxından iştirak edirlər.
Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi liseydaxili yoxlamalar, Təhsil Nazirliyinin və TQDK-nın sınaq imtahanları, həmçinin digər qurumların keçirdikləri bilik yarışları vasitəsilə həyata keçirilir. Lisey pedaqoji şurasının qərarı, valideynlərin razılığı ilə riyaziyyat, fizika və kimya fənlərindən şagirdlərin biliyi yazılı, digər fənlərdən isə şifahi yoxlamalar yolu ilə qiymətləndirilir. V, VI, VII siniflərdə şagirdlərin ifadə, yuxarı siniflərdə isə inşa yazılarına xüsusi diqqət yetirilir. Bu da onların təfəkkürünün, nitq mədəniyyətinin inkişafına və öz fikirlərini lazımi şəkildə ifadə etmələrinə kömək edir.
Dərslərdə müasir təlim metodlarından səmərəli istifadə edilməklə şagirdlərə bilikləri müstəqil əldə etmək öyrədilir. Şagird-müəllim münasibətləri qarşılıqlı hörmət və əməkdaşlıq zəminində qurulmuş liseydə təlimin tərbiyəedici funksiyasından geniş istifadə edilir.
Təlim-tərbiyə işinin səviyyəsini yüksəltmək, qabaqcıl pedaqoji təcrübənin nailiyyətlərini tətbiq etmək, iş planlarını müzakirə və təsdiq etmək, hesabatları dinləmək, kollegial rəhbərlik prinsipini həyata keçirmək üçün liseydə Pedaqoji Şura fəaliyyət göstərir. Tədris işinin bəzi məsələlərini operativ həll etmək məqsədilə lisey direktorunun yanındakı müşavirənin imkanlarından istifadə olunur. Fənlərin tədrisinin vəziyyəti müvafiq komissiya tərəfindən öyrənilir və liseyin Pedaqoji Şurasında müzakirə olunur. Təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması sahəsində işlər tədris planları və proqramlarının hazırlanması, pedaqoji kollektivlə, şagird və valideynlərlə, həmçinin ictimai qurumlarla iş istiqamətlərində aparılır.
Lisey
öz fəaliyyətində Azərbaycan Respublikası Təhsil
Nazirliyinin əmri ilə təsdiq edilmiş tədris planlarını
əsas götürməklə yanaşı, BDU-nun Elmi
Şurasının tövsiyələrini də nəzərə
alır, təhsil və tərbiyə haqqında müasir
pedaqogikanın son nailiyyətlərindən faydalanır. 2008-ci ildə lisey Pedaqoji
Şurasının iclasında rektor Abel Məhərrəmovun
tövsiyələrinə əsasən yeni tədris planı
hazırlanmış və bu tədris planı Təhsil
Nazirliyi tərəfindən təsdiq edilmişdir.
Şagirdlərin
vətənpərvərlik ruhunda tərbiyə olunması,
onların öz hüquq və vəzifələrini dərk
etmələri, liseyçilərdə ekoloji şüurun və
mədəniyyətin formalaşdırılması məqsədilə
müxtəlif tədbirlər keçirilir. Liseydə mütəmadi
olaraq əlamətdar və tarixi günlərə dair tədbirlər,
"açıq dərs"lər təşkil olunur.
2009-cu ilin
aprel ayında BDU-nun yaradılmasının 90 illik yubileyi
münasibətilə liseyin bazasında "Müasir şəraitdə
orta ümumtəhsil məktəblərində tədrisin
keyfiyyətini yüksəltmək yolları" mövzusunda
I Respublika elmi-praktik konfransı keçirilmişdir.
Konfransı keçirməkdə başlıca məqsəd
müasir dövrün xüsusiyyətləri, şərtləri
nəzərə alınmaq, qabaqcıl təcrübəni
öyrənmək və təcrübə mübadiləsi etməklə
orta ümumtəhsil
məktəblərində tədrisin keyfiyyətinin
yüksəldilməsinə təsir edən amilləri müəyyənləşdirməkdən
ibarət idi. Konfransda Bakı şəhərindən, eləcə
də
respublikamızın müxtəlif bölgələrindən
olan iştirakçıların 91 məruzəsi dinlənilmişdir.
Üç bölmədə (humanitar elmlər, təbiət
elmləri, riyaziyyat və informatika elmləri) aparılan
iclaslara BDU-nun
professorları rəhbərlik etmişlər. Yekun
iclasda iştirakçılar konfransın işini, konfransda irəli
sürülən təklifləri yüksək qiymətləndirmişlər.
Liseydə cari ilin noyabr ayında II Respublika
konfransının keçirilməsi nəzərdə tutulub.
Pedaqoji kollektiv
Liseyin fəaliyyətində
əsas aparıcı qüvvə müəllimlərdir. Liseydə 71 nəfər müəllim fəaliyyət
göstərir ki, onlardan 1 nəfəri - liseyin direktoru
Qasım Hüseynov elmlər doktoru, professor, 17 nəfər
elmlər namizədi, 2 nəfər respublikanın əməkdar
müəllimi, 18 nəfəri isə dissertantdır. Bununla
yanaşı, liseydə ali kateqoriyalı və
"Qabaqcıl təhsil işçisi" döş
nişanı ilə təltif olunmuş müəllimlər də
var. Liseyə müəllimlər müsabiqə yolu ilə
seçilir, əmək müqaviləsi ilə fəaliyyət
göstərirlər. Müsabiqədə orta və ali məktəblərin müəllimləri,
elmi tədqiqat institutlarının əməkdaşları
iştirak edirlər. Liseyə pedaqoji
işçilər təyin edilərkən onların elmi-nəzəri,
metodik hazırlığı, peşə ustalığı,
uşaqlarla işləmək qabiliyyəti, intizamı və məsuliyyəti
təkcə liseyin müdiriyyəti tərəfindən deyil,
BDU-nun müvafiq kafedraları və universitetin rəhbərliyi
tərəfindən də ciddi surətdə nəzərə
alınır. Müəllimlərin fəaliyyəti
liseyin Pedaqoji Şurası tərəfindən öyrənilib,
qiymətləndirilir.
Hazırda
müstəqillik yolu ilə zəfərlərlə irəliləyən
respublikamız üçün müxtəlif ixtisaslar üzrə
dərin biliyə malik, vətənpərvər, informasiya və
kommunikasiya texnologiyalarını mükəmməl bilib, onu tətbiq
etməyi bacaran mütəxəssislər tələb olunur. Belə mütəxəssislərin
biliyinin təməli isə ümumtəhsil məktəblərində
qoyulur.
2009-cu ildə
liseyin müəllimlərinin 1 dərs vəsaiti, 30 elmi və
elmi-metodiki məqaləsi, 23 tezisi, 2010-cu ildə isə 3 dərs
vəsaiti, 1 şeir kitabı, 32 məqaləsi, 25 tezisi
çap olunmuşdur. Liseyin müəllimlərindən
5 nəfəri Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının ekspertidir.
Liseyin
pedaqoji kollektivi tərəfindən ibtidai sinif şagirdləri
və fənn müəllimləri üçün tədris
proqramı və dərsliklər əsasında Azərbaycan və
rus dillərində vəsait hazırlanmışdır. Vəsaitdə ana dili,
riyaziyyat və ingilis dili fənləri üzrə 935 test
tapşırığı verilmişdir.Testlərin tərtibində
məntiq və düşüncə tələb edən
suallara üstünlük verilmişdir.
Lisey fəaliyyətə
başladığı ilk tədris ili ilə
müqayisədə müəllimlərin sayı 2 dəfə
artıb, onların arasında daha savadlı və təcrübəli
müəllimlər çoxluq təşkil edir.
Müəllimlərin
pedaqoji və psixoloji ədəbiyyatı müntəzəm
öyrənməklə onun nəticələrindən istifadə
etmələri, peşə-ixtisas səviyyələrini daim
yüksəltmələri, təlim-tərbiyə prosesini
istedadlı şagirdlərin hərtərəfli
inkişafının həllinə yönəltmələri həmişə diqqət
mərkəzindədir. Bununla belə, müəllimlər
təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə
yönəldilən və müasir tələblərə
cavab verən metodik məqalələrin sayının
artırılmasına çalışırlar.
Pedaqoji
kollektiv təlim-tərbiyə prosesinin bütün mərhələlərində-şagirdlərin
elmlərin əsaslarına yiyələnmələrində,
onlarda yüksək mənəvi-əxlaqi keyfiyyətlərin
tərbiyə edilməsində və s. valideynlərin köməyindən
istifadə edir.
BDU-lisey münasibətləri
Liseyi
digər təhsil müəssisələrindən fərqləndirən
əsas amillərdən biri də BDU-nun nəzdində fəaliyyət
göstərməsidir. Respublikamızın qədim və nüfuzlu universiteti
ilə birgə fəaliyyəti liseyə əlavə
üstünlüklər verir. Bu
baxımdan təlim-tərbiyə prosesini inkişaf etdirmək
və təkmilləşdirmək, müəllimlərin
peşə ustalığını yüksəltmək sahəsində
BDU-nun rəhbərliyinin, müvafiq kafedraların
professor-müəllim heyətinin diqqət və
qayğısını xüsusi qeyd etmək lazımdır.
Lisey BDU-nun professor-müəllim heyətinin
pedaqoji təcrübəsindən məharətlə istifadə
edir. Belə ki, BDU-nun professor-müəllimləri
müxtəlif vaxtlarda liseydə nümunəvi dərslər
keçirlər. BDU-nun rektoru, akademik Abel Məhərrəmov
2008-ci il yanvar ayının
29-da X sinifdə
"Üzvi birləşmələrdə kimyəvi rabitələrin elektron təbiəti" mövzusunda nümunə dərsi keçmişdir. Akademik A.Məhərrəmovun
qoyduğu bu ənənə bu gün də universitet müəllimləri
tərəfindən davam etdirilir. Belə dərslər
şagirdlərin yaradıcı təfəkkürü və
müstəqilliyinin inkişafında xüsusi əhəmiyyət
kəsb edir. BDU-nun müvafiq
kafedralarının əməkdaşları mütəmadi
olaraq dərslərdə iştirak edir, müəllimlərə
elmi-metodiki məsləhətlər verir, şagirdlərin
bilik səviyyələrinin yoxlanılmasında yaxından
iştirak edirlər.
Rektor Abel Məhərrəmovun
göstərişinə əsasən liseyin istedadlı
şagirdlərindən 33 nəfəri, onların meyil və
maraqları nəzərə alınmaqla, yaradıcı
potensiallarının daha da inkişaf etdirilməsi məqsədilə
müxtəlif fənlər
üzrə BDU-nun professor-müəllim heyəti tərəfindən
nəzarətdə saxlanılır. Bu
baxımdan "Sabahın alimləri" devizi altında elmin
sirlərini öyrənən şagirdlərin cari tədris
ilində elmi-praktiki konfranslarının keçirilməsi nəzərdə
tutulub.
Qeyd
olunanlarla yanaşı, liseydə şagirdlərin siyasi,
ekoloji mədəniyyətinin formalaşdırılması, vətənpərvərlik,
əxlaqi və estetik tərbiyəsinin təşkili, onlara mənəvi-iradi
keyfiyyətlərin aşılanması məqsədi ilə
keçirilən tədbirlərdə BDU-nun müəllimləri
yaxından iştirak edirlər.
BDU-nun tələbələri
də liseylə sıx əlaqə saxlayırlar. Artıq dördüncü tədris
ilidir ki, müvafiq fakültələrin tələbələri pedaqoji təcrübəni liseydə
keçirlər. Liseyin müəllimləri tələbələrə
diqqət və qayğı ilə yanaşır, onlara metodiki
məsləhətlər verir, müasir təlim
metodlarını izah edirlər. Bir qayda olaraq, pedaqoji təcrübələr
başa çatdıqdan sonra BDU-nun müvafiq fakültə
dekanları və kafedra
müdirlərinin, pedaqoji təcrübə rəhbərlərinin,
metodistlərin və lisey müəllimlərinin
iştirakı ilə yekun konfransı keçirilir, pedaqoji təcrübənin
nəticələri təhlil olunur.
Təhsil sahəsində
tərəflərin əlaqələrinin inkişafı və möhkəmləndirilməsində,
qabaqcıl təcrübənin öyrənilməsində
maraqlarını nəzərə alaraq 2007-ci ilin dekabrında
XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
ilə, 2008-ci ildə isə "Bağça-məktəb-lisey"
kompleksi ilə BDU arasında əməkdaşlıq barədə
müqavilə imzalanmışdır. Müqavilələrə
əsasən təhsil işçilərinin peşəkarlıq
səviyyəsi və hazırlığının daha da
yüksəldilməsi üzrə ikitərəfli konfrans və
seminarların, təcrübi məşğələlərin
və digər bu kimi tədbirlərin təşkili və həyata
keçirilməsi, təhsil sahəsinə aid məlumatların
mübadiləsi aparılır. Şagirdlərin
bilik və dünyagörüşlərinin
artırılması məqsədilə qeyd olunan tədris
müəssisələri ilə müxtəlif fənlərdən
nümunəvi dərslər, bilik yarışları və
müxtəlif mövzuları əhatə edən konfranslar
keçirilir.
Qazanılan uğurlar
Yaranmasından
qısa müddət keçməsinə baxmayaraq, "Gənc
istedadlar" liseyi qazandığı uğurlar və əldə
etdiyi yüksək nəticələrə görə ictimaiyyət
arasında böyük nüfuza malikdir. Bu nailiyyətlərin əsası tədris
müəssisəsinin
Azərbaycanın ən qabaqcıl ali təhsil
müəssisələrindən olan BDU-nun nəzdində fəaliyyət
göstərməsi, onun imkanlarından geniş istifadə etməsi və lisey kollektivinin öz işinə məsuliyyətlə
yanaşmasıdır.
Liseydə təhsil
alan hər bir gəncin başlıca məqsədi
orta məktəbi bitirdikdən sonra seçdiyi ixtisas üzrə
ali məktəbə qəbul olmaqdır. Hazırda liseyi bitirən
məzunlar respublikamızın və xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində
təhsil alırlar.
2009-cu ildə
liseyi 24 nəfər bitirmiş və hər biri ali məktəbə daxil olmuşdur. Onlardan 4 nəfəri
600-dən, 12 nəfəri isə 500-dən çox bal toplamışdır. 2010-cu ildə liseyi
bitirən 18 nəfərdən 5-i 600-dən, 7 nəfəri isə
500-dən çox bal toplamışdır. 2011-ci ilin nəticələrinə
gəldikdə isə liseyi bu il 19 şagird bitirmiş, onlardan
7 nəfəri 600-dən, 12 nəfəri isə 500-dən
çox bal toplayaraq respublikamızın və xarici ölkələrin
nüfuzlu ali məktəblərinə daxil olub. Ümumiyyətlə
3 il ərzində liseyi bitirən 61 məzundan 16 nəfər
600-dən, 21 nəfəri isə 500-dən çox bal
toplayıb. Məzunlardan Rəcəb Rəcəbov
və Orxan Həsənli Prezident təqaüdünə layiq
görülmüşdür. Hazırda
liseyin məzunlarından 22 nəfəri BDU-da təhsillərini
davam etdirir.
TQDK-nın
açıqladığı statistik məlumata görə
2010-cu ildə lisey orta bala və müxtəlif fənlər
üzrə cavabların faizinə görə respublikada ən
yüksək nəticə göstərmişdir.
Pedaqoji
kollektiv elmi-pedaqoji nailiyyətləri, yeni təlim metodları
və texnologiyalarını öyrənib tədris prosesində tətbiq etməyə
çalışır. Tədris prosesində şagirdlərin
bilik və bacarıq səviyyəsinin daha da artması
üçün test yoxlamaları və olimpiadaların, inşa yazı
müsabiqələrinin, əlavə məşğələlərin
təşkilinə, mühüm tarixi gün və əlamətdar
hadisələrin qeyd olunmasında şagirdlərin fəal
iştirakına xüsusi diqqət yetirilir. Bütün
bunların nəticəsidir ki, liseyin şagirdləri respublika
fənn olimpiadalarında, müxtəlif bilik və idman
yarışlarında bir sıra uğurlar qazanmışlar.
Şagirdlərdən
Elvin Eyvazlı 2009-cu ildə tarix fənni, 2011-ci ildə Orxan
Həsənli fizika fənni, Sona Quluzadə isə kimya fənni
üzrə keçirilən respublika fənn
olimpiadalarının qalibləri olmuşlar. Bununla yanaşı, Rəcəb
Rəcəbov respublika fənn olimpiadasında riyaziyyat fənni
üzrə 2008-ci ildə III, 2009-cu ildə isə II yerə,
Aytac Bayramlı isə 2011-ci ildə kimya fənni üzrə
III yerə layiq görülmüşlər.
Şagirdlər
beynəlxalq müsabiqə və yarışlarda da liseyi
şərəflə təmsil edirlər. Belə
ki, 2011-ci ildə Bakıda keçirilmiş "Ətraf
Mühitin Mühafizəsi" Beynəlxalq Layihə
Olimpiadasında şagirdlərdən Fidan Qurbanova və Nicat
İsazadənin təqdim etdikləri iş III yerə layiq
görülmüşdür. 2011-ci ilin may ayında Türkiyənin
İstanbul şəhərində keçirilən 20-ci Beynəlxalq
Tədqiqatlar Layihələri sərgisində liseyin
şagirdləri Aygül Həsənli və Teymur İsazadənin
təqdim etdikləri layihə "orijinal və elmi yeniliyi
olan layihə" kimi fərqləndirildi və kuboka layiq
görüldü.
Ümummilli lider Heydər Əliyevin
anadan olmasının ildönümü münasibətilə
2008 və 2009-cu illərdə Müasir Təhsil Kompleksində
35 komandanın iştirakı ilə keçirilmiş intellekt
yarışlarında liseyin şagirdləri I, XXI əsr Beynəlxalq
Təhsil və İnnovasiya Mərkəzi tədris müəssisəsində
2008-2010-cu illərdə keçirilmiş intellekt
yarışlarında isə I-III yerləri tutmuşlar.
"Araz"
kurslarının təşkil etdiyi məktəblilərarası
ənənəvi bilik yarışlarında şagirdlərin əksəriyyəti yüksək nəticələr
göstərmiş, Bakı məktəbləri arasında
lisey III yerə layiq görülmüşdür.
Liseyin
şagirdləri idman yarışlarında da uğurla
çıxış edirdlər. Pərizad Quliyeva idmanın
akrobatika növü üzrə Azərbaycan çempionudur.
Aqil Pirverdiyev isə 2010-cu ildə Yunanıstanda şahmat
üzrə gənclər arasında keçirilən Avropa
çempionatının qalibi olmuşdur. Liseyin X-XI sinif şagirdlərindən
ibarət komandası 2011-ci ildə Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsinin təşkilatçılığı
ilə keçirilən güllə
atıcılığı yarışında I yeri
tutmuşdur.
Liseyin
pedaqoji kollektivi fəaliyyətlərini daha da genişləndirməyi
və Azərbaycan Respublikasına layiqli vətəndaş
yetişdirməyi qarşısına məqsəd qoyur və
bunun üçün var gücü ilə
çalışır.
*
Liseyin müəllimlərindən 1 nəfəri elmlər doktoru, 17 nəfəri elmlər
namizədi, 2 nəfəri respublikanın əməkdar müəllimi,
18 nəfəri isə dissertantdır.
*
Liseyi bitirən 61 məzunun hər biri tələbə
adını qazanıb. Onlardan 16 nəfəri 600-dən çox bal toplayıb.
* Liseyin məzunlarından Rəcəb Rəcəbov
və Orxan Həsənli Prezident təqaüdçüsüdür.
* TQDK-nın açıqladığı
statistik məlumata görə, 2010-cu ildə lisey orta bala və
müxtəlif fənlər üzrə düzgün
cavabların faizinə görə respublikada ən yüksək
nəticə göstərmişdir.
* Liseyin şagirdləri Elvin Eyvazlı
2009-cu ildə tarix, Orxan Həsənli 2011-ci ildə fizika, Sona
Quluzadə isə kimya fənni üzrə keçirilən
respublika fənn olimpiadalarının qalibləri olmuşlar.
* Liseyin şagirdlərindən Fidan
Qurbanova və Nicat İsazadənin "Ətraf Mühitin
Mühafizəsi" Beynəlxalq Layihə Olimpiadasında təqdim
etdikləri iş III yerə layiq
görülmüşdür.
* Liseyin şagirdi Pərizad Quliyeva
idmanın akrobatika növü üzrə Azərbaycan
çempionudur.
* Liseyin şagirdi Aqil Pirverdiyev şahmat
üzrə gənclər arasında keçirilən Avropa
çempionatının qalibi olmuşdur.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2011.- 28
oktyabr.- S.4-5.