Azərbaycanın sosial-iqtisadi inkişaf
strategiyası və təhsilə dövlət
qayğısı müstəqilliyimizin 20 ilində
Müstəqilliyin ilk illərində Azərbaycanda
mövcud olan sosial-iqtisadi vəziyyət
Hər bir
ölkənin davamlı və sürətli inkişafı
onun müstəqil və azad olması ilə səciyyələnir.
Ölkəmiz müstəqilliyinə qovuşduğu tarixdən
indiyədək keçən dövr, yəni son 20 il ərzində
çox böyük və şərəfli yol
keçmiş, hərtərəfli inkişaf yoluna qədəm
qoymuşdur. Lakin müstəqilliyinin ilk illərində Azərbaycan
çoxlu sayda iqtisadi, siyasi, sosial və digər problemlərlə
üzləşmişdir. Belə ki, müstəqilliyin ilk illəri
olan keçən əsrin 90-cı illərinin əvvəllərində
ölkəmizdə sosial-iqtisadi xaos, qeyri-sabit siyasi vəziyyət
üstünlük təşkil edirdi. Digər tərəfdən
isə həmin dövrdə ölkədə yaranmış vəziyyətdən
sui-istifadə edən mənfur qonşu Ermənistan Azərbaycana
qarşı işğalçı siyasətini daha da
genişləndirirdi.Həmin dövrlərdə mövcud olan
bu və ya digər problemlər hətta ölkəmizin
suverenliyini təhlükə altına almışdı. O illərdə
yaranmış vəziyyətlə bağlı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunmuş rəsmi qəbulda
öz çıxışında demişdir: "...Müstəqilliyimizin
ilk illərində ölkədə xoşagəlməz meyillərin
mövcud olduğu, anarxiya, xaos,
özbaşınalığın hökm sürdüyü
bir dövrdə müstəqilliyimiz yenə də təhlükə
altına düşmüşdü. Biz o illəri
yaxşı xatırlayırıq və demək olar ki,
1991-1993-cü illərdə ölkə idarəolunmaz vəziyyətdə
idi. Total böhran hökm sürürdü - həm iqtisadi sahədə,
həm siyasi böhran, hərbi böhran. Ermənistanın Azərbaycana
qarşı işğalçı siyasəti nəticəsində
torpaqlarımız əldən gedirdi. 1992-ci ilin mayında
Şuşa və Laçının, 1993-cü ilin aprelində
Kəlbəcərin işğalı nəticəsində demək
olar ki, Dağlıq Qarabağ ilə Ermənistan arasında
bir bağlantı əldə edilmişdir. Yəni gənc
ölkə üçün çox təhlükəli illər,
təhlükəli anlar, çox böyük sınaq
idi...".
Müstəqilliyimizin ilk illərində bütün sahələrdə
qeyri-sabit və xaotik vəziyyətlə, problemlərlə
üzləşən xalqımız öz xilas yolunu, son
ümidini müdrik siyasətçi
Heydər Əliyevdə görürdü və məhz
xalqın təkidi ilə həmin dövrdə ümummilli
liderimiz Heydər Əliyevin hakimiyyətə
qayıdışından
sonra ölkədə hökm sürən gərgin və
xaotik vəziyyətin qarşısı alındı.
Beləliklə, dünya siyasətində
xüsusi çəkiyə malik, dahi siyasətçi Heydər Əliyev xalqın təkidi
ilə ölkədə yaranmış çətin vəziyyətdə
taleyüklü və məsuliyyətli vəzifəni
öz üzərinə
götürərək müstəqil Azərbaycanın
sosial-iqtisadi inkişaf konsepsiyasının əsaslarını müəyyənləşdirdi və onun hüquqi
bazasının təmin edilməsi istiqamətində
mühüm addımlar atmağa başladı. Bundan əlavə,
ölkədə liberal bazar iqtisadiyyatının bərqərar
olmasını təmin edəcək hüquqi baza
yaradıldı, bununla bağlı bir sıra mütərəqqi
qanunlar və digər normativ-hüquqi sənədlər qəbul
edildi. Nəticədə ölkəmizdə müxtəlif
mülkiyyət formalarına əsaslanan iqtisadi sistemə və
bazar iqtisadiyyatına keçidin və gələcəkdə
dünya iqtisadiyyatına inteqrasiyanın təməli qoyuldu.
Bundan sonra Heydər Əliyevin rəhbərliyi
ilə 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin
imzalanması ilə Azərbaycanda neft strategiyasının əsası
qoyuldu və Azərbaycan inkişaf etmiş dünya ölkələrinin
investisiya qoyuluşu baxımından diqqətini çəkməyə
başladı.
Eyni
zamanda ölkənin maliyyə, pul-kredit, vergi, qiymət və
gömrük sahələrində köklü islahatlara
başlanıldı, dövlətin idarəetmə, nəzarət
və tənzimləmə funksiyaları təkmilləşdirildi,
1995-ci ildən başlayaraq
inflyasiya minimuma endirildi.
Beləliklə, dahi şəxsiyyət,
uzaqgörən siyasətçi Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən strategiya nəticəsində
müstəqilliyimizin ilk illərində ölkəmizdə
bütün sahələrdə mövcud olan tənəzzülün
qarşısı qısa müddət ərzində
böyük uğurla alındı və 1995-ci ildən
müstəqil Azərbaycanın tarixində yeni dinamik
inkişaf mərhələsi başlandı.
Dinamik
inkişaf mərhələsi
Ümummilli liderimiz Heydər Əliyevin
apardığı uğurlu siyasət və gərgin əməyi nəticəsində
Azərbaycan neftinin dünya bazarlarına
çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə
Bakı-Supsa ixrac neft kəmərləri istismara verildi,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin
inşası ilə bağlı saziş imzalandı və beləliklə,
Azərbaycan təbii sərvəti
olan neftin ixracından əldə etdiyi daxilolmalar hesabına
büdcə gəlirlərinin artımına nail olmağa
başladı. Bundan sonra ümummilli liderimiz Heydər Əliyevin
1999-cu ildə imzaladığı Fərmana əsasən neft
satışından daxil olan vəsaitlərin səmərəli
idarə edilməsi, həmin vəsaitlərin
prioritet sahələrin inkişafına və sosial-iqtisadi
baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin
həyata keçirilməsinə yönəldilməsini təmin
etmək üçün Dövlət Neft Fondu
yaradıldı. Beləliklə, neft-qaz sektorunun
inkişafı ölkəmizin iqtisadiyyatının digər sahələrinin tərəqqisində
mühüm rol oynadı,
düzgün və son dərəcə dəqiqliklə
düşünülmüş iqtisadi siyasət nəticəsində
makro-iqtisadi sabitliyə nail olundu və hazırda şahidi
olduğumuz dayanıqlı və
davamlı iqtisadi artımın əsası qoyularaq iqtisadiyyatın bütün sahələrində islahatlara, həmçinin qeyri-neft sektorunun inkişaf etdirilməsinə
başlanıldı, əhalinin həyat və
yaşayış səviyyəsinin
yaxşılaşdırılması istiqamətində
mühüm addımlar atıldı və ölkədə əlverişli
biznes və investisiya mühitinin formalaşması nəticəsində daxili və xarici investisiyaların cəlb
edilməsinə təkan verildi.
1995-ci ildən başlayaraq
müstəqillik tarixində dinamik iqtisadi inkişaf mərhələsinə
qədəm qoyan ölkəmizdə 1995-2003-cü illər ərzində
ümumi daxili məhsul 90%, büdcə gəlirləri 3 dəfə,
orta aylıq real əməkhaqqı 5,6 dəfə
artmış, inflyasiyanın səviyyəsi 2-3%-dək
endirilmişdir. Bu dövrdə ölkə
iqtisadiyyatına yönəldilən bütün
investisiyaların həcmi 20 milyard dollara
çatmışdır.
Ümumilikdə 1993-2003-cü
illərdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən
həyata keçirilən inkişaf strategiyası nəticəsində
görülən bütün işlər müstəqil Azərbaycanın
tarixinə bütün sahələrdə milli dirçəliş,
tərəqqi dövrü kimi daxil olmuşdur. Bununla əlaqədar ölkə
başçısı İlham Əliyev demişdir:
"1993-2003-cü illər ölkəmizdə sabitlik və
inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz
o illərdə dövlətçiliyin əsasları qoyuldu,
Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil
dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin
ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin
əsas ideoloji şüarı azərbaycançılıq məfkurəsidir.
Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar
bu gün Azərbaycan xalqına yol göstərir. Məhz o
illərdə bazar iqtisadiyyatı prinsiplərinə müraciətimiz
öz konkret nəticəsini verməyə
başlamışdır. Bu gün Azərbaycan iqtisadiyyatı
tam bazar iqtisadiyyatı prinsipləri əsasında idarə
olunur. Ancaq 1993-cü ildə bu seçim o qədər də
dəqiq deyildi. Yəni ki, bu seçimi etmək
üçün heç bir əsas yox idi. Çünki o
vaxt Azərbaycanda nə bazar iqtisadiyyatı meyilləri var idi,
nə də ki, planlı iqtisadiyyatın qalıqları
qalmışdı. Bütün iqtisadiyyat
dağılmışdı, sənaye istehsalı iflic vəziyyətində
idi. Neft istehsalı kəskin şəkildə
aşağı düşmüşdü. Yəni yeni strateji
seçimləri etmək üçün böyük peşəkarlığa,
müdrikliyə, dünyagörüşünə malik olmaq
lazım idi. Azərbaycan xalqının xoşbəxtliyi ondan
ibarətdir ki, ölkəmiz üçün ən çətin,
həlledici anlarda ulu öndər Heydər Əliyev Azərbaycanın
rəhbərliyinə gəlmiş və ölkəmizi bu
ağır vəziyyətdən çıxara
bilmişdir".
İnkişafın
yeni mərhələsi
Böyük fərəh hissi ilə
qeyd etməliyik ki, əsası vaxtilə ümummilli liderimiz
Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf
strategiyası bu siyasətin layiqli davamçısı
möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən
böyük uğurla davam etdirilərək daha da təkmilləşdirilmiş,
ölkədə iqtisadi, siyasi sabitlik daha möhkəmləndirilmiş
və Azərbaycan inkişaf dinamikasına görə
dünyada qabaqcıl ölkələr sırasına
çıxmışdır.
Ölkəmizdə uğurla həyata
keçirilən milli neft strategiyası nəticəsində
neft gəlirlərinin ilbəil artması Dövlət Neft
Fondunda toplanan vəsaitlərin səmərəli idarə
olunması və istifadəsinə ciddi zərurət
yaratmış və bununla əlaqədar olaraq ölkə
başçısının 27 sentyabr 2004-cü il tarixli, 128
nömrəli Fərmanına əsasən 2005-2025-ci illəri
əhatə edən "Neft və qaz gəlirlərinin idarə
olunması üzrə uzunmüddətli Strategiya" təsdiq
edilmişdir. Qeyd olunan strategiyaya əsasən
neft və qaz gəlirləri
makroiqtisadi sabitliyin qorunub saxlanılması əsasında
iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və
orta sahibkarlığın inkişafına, infrastruktur sahələrin
genişmiqyaslı inkişafına, yoxsulluğun azaldılması
üzrə tədbirlərin həyata keçirilməsi və
digər sosial problemlərin həllinə,
iqtisadiyyatın intellektual və texnoloji bazasının səviyyəsinin
yüksəldilməsinin stimullaşdırılmasına,
"insan kapitalı"nın inkişafına (yüksək
ixtisaslı kadrların hazırlanmasına (o cümlədən
xarici ölkələrdə), kadrların peşəkarlıq
səviyyəsinin artırılmasına, ölkənin
müdafiə qabiliyyətinin gücləndirilməsinə və
məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılmasına yönəldilir.
Ölkə
başçısı cənab İlham Əliyev tərəfindən
davamlı və dinamik inkişaf strategiyasına uyğun
uğurla həyata keçirilən siyasət nəticəsində
ölkəmizdə siyasi və iqtisadi sabitlik daha da möhkəmləndirilmiş,
qeyri-neft sektoru inkişaf etdirilmiş, regionların
sosial-iqtisadi inkişafı istiqamətində ciddi addımlar
atılmış, irimiqyaslı infrastruktur
layihələri gerçəkləşdirilmiş, daha
çevik və etibarlı
maliyyə-kredit, bank, vergi, gömrük sistemi təmin
olunmuş, milli valyutanın sabitliyi artmış,
sahibkarlığın inkişafına dövlətin dəstəyi
gücləndirilmiş və əhalinin sosial rifahı ilbəil
yaxşılaşdırılmışdır.
Ölkəmizdə
hazırda iqtisadiyyatın bütün sahələri üzrə
strateji məqsədlərin reallaşdırılması həmin
sahələr üzrə ugurla həyata keçirilən
müvafiq dövlət proqramlarının icrası ilə təmin
olunur. Belə ki, ölkə
başçısının müvafiq fərman və sərəncamları
ilə "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı",
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı", "Azərbaycan
Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə
Dövlət Proqramı", "2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"
və hər bir sahəni əhatə etməklə xeyli sayda
digər inkişaf proqramları təsdiq edilmişdir ki, bu
gün həmin proqramlar qarşıya qoyulan konkret məqsədləri
təmin etməklə böyük uğurla davam etdirilir.
Əlbəttə,
iqtisadi sferada ölkə rəhbərliyi tərəfindən
həyata keçirilən son dərəcə dəqiqliklə
düşünülmüş siyasətin nəticəsidir
ki, əksər dünya ölkələrində mənfi təsirləri
hələ də davam edən qlobal maliyyə böhranı Azərbaycan
iqtisadiyyatı üçün demək olar
ki, təsirsiz
ötüşmüş və böhran dövründə
iqtisadi inkişaf tempini qoruyub saxlaya bilən, son illərdə
ümumi daxili məhsulun əhəmiyyətli həcmdə
artımını təmin edən, əhalisinin maddi gəlirlərinin
artımına və beləliklə də ümumi rifah
halının yüksəlməsinə nail olmuş ölkələrdən biri olan Azərbaycan
Respublikası hazırda iqtisadi inkişaf tempinə görə
dünyada qabaqcıl ölkələrin
sırasındadır. Bu da ölkəmizdə iqtisadi sahədə
həyata keçirilən siyasətin kifayət qədər
praqmatik olması və reallıqlara əsaslanması, ən
xırda detallarına qədər uzaqgörənliklə
düşünülməsi ilə səciyyələnir.
Ölkəmizin
sosial-iqtisadi sferada əldə etdiyi uğurlar, bu istiqamətdə
həyata keçirilən siyasət, onun mahiyyəti və əldə
olunan nəticələr beynəlxalq miqyasda nüfuzlu təşkilatlar
tərəfindən də vaxtaşırı olaraq müsbət
şəkildə qiymətləndirilir. Belə
ki, həmin təşkilatların dərc etdirdiyi müvafiq
hesabatlarda Azərbaycanın bir sıra mühüm göstəricilər,
indekslər üzrə MDB ölkələri arasında birinci
yeri təmin etməklə ilbəil daha üstün mövqelərə
yüksəldiyi açıqlanır.
Müstəqilliyinin 20 ili ərzində
Azərbaycan böyük və şərəfli yol keçərək
iqtisadiyyatın bütün sahələrində, həmçinin təhsil, səhiyyə, mədəniyyət,
turizm, kənd təsərrüfatı, ekologiya, energetika,
elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı,
yolların, məktəblərin və
digər infrastruktur layihələrin inşası, yenidən
qurulması, sənaye istehsalı, qeyri-neft sektoru, enerji və ərzaq
təhlükəsizliyinin təmin edilməsi, sahibkarlığın inkişaf
etdirilməsi üçün əlverişli biznes
mühitinin yaradılması, istehsal proseslərində yeni
texnologiyaların tətbiqi, idmanın inkişafı, əhalinin
bütün təbəqələrinin
sosial rifah halının yaxşılaşdırılması,
ölkənin hərbi qüdrətinin yüksəldilməsi,
milli təhlükəsizliyin təmin olunması, əhalinin
asayişinin qorunması, maliyyə, bank, vergi, gömrük
sistemlərinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi
və s. bu kimi sahə və istiqamətlər üzrə
dünya səviyyəsində nəzərəçarpacaq dərəcədə
böyük uğurlara imza atmışdır. Bütün
bunlar isə təməli ümummilli liderimiz, ulu öndər
Heydər Əliyev tərəfindən qoyulan inkişaf
strategiyasının yeni inkişaf modeli üzrə möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsinə əyani sübutdur.
Təhsil
müstəqilliyin ilk illərində
Danılmaz
haldır ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə
mövcud olan qeyri-stabil vəziyyət digər sahələr
kimi təhsilə də öz mənfi
təsirini göstərmişdir.
Yalnız 1993-cü ildə
ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra ölkəmizdə təhsil sahəsində
tənəzzülün qarşısı alındı, milli təhsil
sisteminin bərpası istiqamətində əməli
addımların atılmasına başlanıldı və
dövlətin təhsilə qayğısı təmin edildi.
Eyni zamanda respublikanın
sosial-iqtisadi, ictimai-siyasi və dövlət quruluşunda
baş verən köklü dəyişikliklər, həmçinin
təhsilin azad, demokratik və çoxşaxəli formada
qurulmasına yaranan tələbat həmin dövrlərdə
təhsil sahəsində islahatların həyata keçirilməsini zəruri edirdi. Məhz bu baxımdan 1998-ci ilin martında Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamına
əsasən təhsil naziri cənab Misir Mərdanovun sədrliyi
ilə "Azərbaycan Respublikasında təhsil sahəsində
islahatlar üzrə Dövlət Komissiyası"
yaradıldı. Qeyd olunan komissiya tərəfindən 1 il
müddətində "Azərbaycan
Respublikasının təhsil sahəsində islahat
Proqramı" hazırlandı və 1999-cu ilin iyun ayında
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı
ilə təsdiq olundu. İcrası 3 mərhələ üzrə
nəzərdə tutulan və hazırda da davam etməkdə
olan islahat proqramı çərçivəsində Dünya
Bankının texniki və maliyyə dəstəyi
ilə həyata keçirilən tədbirlər nəticəsində
ölkənin təhsil sisteminin strukturunda, idarə
olunmasında, maddi-texniki bazasında, tədris, elmi-metodiki və
informasiya təminatında, təlim və tərbiyənin məzmununda,
kadr hazırlığı və təminatında, təhsilin
iqtisadiyyatında çox əhəmiyyətli və
müsbət nəticələr əldə olunmuşdur.
Təhsildə
yeni inkişaf strategiyası, təhsil xərclərinin dinamikası və
təhsil sahəsi üzrə
dövlət proqramları
Əsası
ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulmuş təhsil strategiyasının əsas istiqamətləri
üzrə davamlı inkişaf dinamikası hazırda bu siyasətin
layiqli davamçısı möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsil
sahəsində mühüm məzmun islahatları həyata
keçirilir, genişmiqyaslı dövlət proqramları
icra olunur və yeni inkişaf strategiyaları müəyyənləşdirilir.
Əlbəttə
ki, elm və təhsil sahəsində
müvafiq strategiyalar üzrə aparılan islahatlar, icra edilən
dövlət proqramları ölkəmizin dinamik iqtisadi
inkişafı və geniş maliyyə imkanlarına
malik olması ilə sıx
bağlıdır.
Ümumilikdə
ölkəmizdə həyata keçirilən uğurlu
sosial-iqtisadi kurs nəticəsində son 20 il ərzində
dövlət büdcəsinin gəlirləri 74,5 min dəfə,
dövlət büdcəsinin xərcləri 82,9 min dəfə,
dövlət büdcəsində təhsil xərcləri isə
37,7 min dəfə artmışdır.
Son illərdə
təhsil sahəsində əldə olunan uğurlardan söz
açarkən bu istiqamətdə həyata keçirilən
dövlət proqramları xüsusi qeyd olunmalıdır.
Hazırda təhsil sahəsində ümumilikdə sayı
16-dan çox olan dövlət proqramları və xüsusi əhəmiyyətli
tədbirlər həyata keçirilir. Belə ki, təhsil sahəsi ölkədə
digər sahələrdən fərqli olaraq ən çox sayda dövlət proqramları ilə
əhatə olunan yeganə sahədir. Bu da bir daha ulu öndərimizin
sözləri ilə desək, millətimizin gələcəyi
olan təhsilə dövlətimizin son dərəcə diqqət
və qayğı ilə yanaşmasına bariz nümunədir.
Qeyd olunan dövlət proqramları və xüsusi əhəmiyyətli
tədbirlər hazırda çox böyük uğurla həyata
keçirilir, nəticədə ildən-ilə təhsilin məzmununda bütün səviyyələrdə
müsbət irəliləyişlər əldə edilir və
təhsil müəssisələrinin maddi-texniki bazası
möhkəmlənir.
Qeyd olunan
dövlət proqramlarının, həmçinin bir sıra
xüsusi əhəmiyyətli tədbirlərin adını və
bu məqsədlə ayrılan vəsaitlərin həcmini
aşağıdakı cədvəldən daha aydın görə
bilərik:
Təhsil sahəsində icra
edilən dövlət proqramları sayəsində
bütövlükdə təhsil infrastrukturunun və təhsilin
məzmununun yeniləşdirilməsi
istiqamətində mühüm nailiyyətlər əldə
edilmiş, təhsil müəssisələrinin maddi-texniki
bazası möhkəmləndirilmiş, məktəblərin
informasiya-kommunikasiya texnologiyaları ilə təminatının
əhatə dairəsi genişləndirilmiş, ali təhsildə
yeni maliyyələşmə mexanizminin tətbiqinə
başlanılmış və ölkəmizin təhsil
tarixində digər yeniliklərə imza
atılmışdır.
Təhsil
infrastrukturunun yeniləşdirilməsi məqsədilə dövlət büdcəsindən təhsilə ayrılan investisiya xərcləri
Təhsilə dövlətimizin
qayğısından söz açılarkən son illərdə
ölkəmizdə təhsil müəssisələrinin,
xüsusən ümumi təhsil müəssisələrinin
tikintisi, təmiri və bərpası, yenidən qurulması
ilə bağlı vüsət alan işlər xüsusi qeyd
olunmalıdır.Belə ki, son 8 il ərzində
ölkədə tikilən, təmir və bərpa olunan, yenidən
qurulan ümumi təhsil müəssisələrinin
sayı artıq 2000-i
ötmüşdür.
Əlbəttə ki, təhsil
müəssisələrinin tikintisi, təmiri və bərpası,
yenidən qurulması ölkədə uğurla həyata
keçirilən sosial-iqtisadi kurs nəticəsində dövlət
büdcəsinin gəlirlərinin artması fonunda təhsilə
daha çox investisiya xərclərinin yönəldilməsi ilə şərtlənir.
Eyni
zamanda ölkəmizdə sosial infrastrukturun, o cümlədən təhsil infrastrukturunun yeniləşdirilməsində Heydər Əliyev Fondunun xidmətləri xüsusi olaraq vurğulanmalıdır. Belə ki, son illərdə Fondun dəstəyi ilə 300-ə yaxın təhsil müəssisəsi tikilib istifadəyə verilmiş və müasir inventar və avadanlıqlarla təmin edilmişdir.
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xaricdə təhsil ölkənin təhsil siyasətinin prioritet sahəsi kimi daim diqqət mərkəzində olmuş, elm və təhsil sahələrində tədqiqatçıların, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almağa başlamışdır. Bu istiqamətdə
azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası mühüm əhəmiyyət kəsb edir. Bu proqram çərçivəsində 2015-ci ilədək 5000 gəncin xaricdə təhsili planlaşdırılır və hazırda bu proqram çərçivəsində 800-dən
çox
Azərbaycan vətəndaşı Avropa ölkələrinin əksəriyyətinin, habelə ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrin nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq imkanı əldə edə bilmişdir və artıq onların arasında məzun olmuş tələbələrimiz də vardır ki, həmin gənclərin əksəriyyəti ölkəmizin dövlət və özəl sektorunun müxtəlif qurumlarında çalışırlar.Həmçinin bu proqram çərçivəsində gənclərin xarici ölkələrdə təhsilləri ilə bağlı bütün xərclər Dövlət Neft Fondunun vəsaitləri, yəni neftdən əldə olunan gəlirlər hesabına maliyyələşdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin "Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" və ümummilli liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin "Neft kapitalının insan kapitalına çevrilməsi bizim əsas prioritetimizdir" kəlamlarının təsdiqinə
bariz
nümunədir.
Müstəqil
ölkəmizin təhsil tarixində baş verən
mühüm hadisələrdən biri də uzunmüddətli
müzakirələrdən sonra "Təhsil haqqında"
Qanunun qəbul edilməsi olmuşdur. Qeyd olunan Qanunun tətbiqi ilə əlaqədar
ölkəmizdə təhsilin bütün pillələri
üzrə demək olar ki, bütün normativ-hüquqi sənədlər
yenilənmiş, müasir standartlara uyğun və beynəlxalq
tələblərə cavab verən hüquqi baza
formalaşdırılmışdır.
Hazırda
ölkə rəhbərliyinin növbəti illər
üçün qarşıya qoyduğu əsas hədəf
Azərbaycanın gələcəkdə bütün sahələrdə,
o cümlədən təhsil sahəsində dünyanın ən
inkişaf etmiş ölkələri sırasına
çıxarılmasıdır.Bununla bağlı hazırda
ölkəmizdə növbəti onilliklər üzrə yeni
strategiyalar müəyyənləşdirilir. Bu baxımdan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin "2011-2021-ci illərdə
Azərbaycan təhsilinin inkişafı üzrə Milli
Strategiya"nın hazırlanması ilə bağlı 11
iyul 2011-ci il tarixli Sərəncamı informasiya cəmiyyətinin
təşəkkülü və biliklərə əsaslanan
iqtisadiyyata keçid şəraitində yeni təhsil modelinin
qurulması nöqteyi-nəzərindən ölkəmizin ictimai-siyasi və
sosial həyatında
mühüm və əhəmiyyətli hadisədir.
Ümumilikdə
müstəqilliyinin ilk 20 ilində Azərbaycanın nail
olduğu sosial-iqtisadi inkişaf tempi və əldə etdiyi
mühüm uğurlar ulu öndər Heydər Əliyevin
banisi olduğu müstəqil ölkəmizin hazırda ölkə
başçısı möhtərəm Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən mükəmməl
inkişaf strategiyası nəticəsində daha böyük
uğurlara imza atacağını inamla deməyə əsas
verir.
Şahrza ƏLİYEV,
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin İqtisadiyyat şöbəsinin
müdiri,
iqtisad elmləri üzrə fəlsəfə
doktoru
Azərbaycan müəllimi.-
2011.- 28 oktyabr.- S.8-9.